Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbələri Beynəlxalq
müsabiqədə “Qran-pri”
mükafatına layiq görülüb
9-12
noyabr 2011-ci il tarixdə Qazaxıstanın Almata şəhərində
Beynəlxalq tələbə tamaşaları festivalı
keçirilib. Festivala dəvət almış ADMİU-nun tələbələri
bu beynəlxalq tədbirə məsuliyyətlə
hazırlaşmağa başlamışdılar.
Çünki festivalın məsuliyyətini hələ tələbələrimiz
2010-cu ildə Tbilisidə keçirilən festivalda hiss
etmiş, onlara göstərilən qonaqpərvərlik və
tamaşaçı alqışını indiyə qədər
xatirələrdən silinməmişdi. Bir də axı
universitetimizin beynəlxalq müsabiqələrdə
iştirak təcrübəsi hələ 1989-1990-ci illərə
gedib çıxırdı. O zaman SSRİ bədaye ali məktəbləri
arasında keçirilən V. Yaxantov adına bədii qiraət
müsabiqəsi tarixi yaddaşlarda yaşayırdı.
Hal-hazırda universitetimizdə dərs deyən dosent Kəmalə
Mehdiyeva, Xalidə Həsənova bu müsabiqənin qalibləri
olmuşdular.
Qazaxıstana
uçuşdan qabaq ADMİU-nun rektoru professor Timuçin Əfəndiyev
tələbələrilə görüşündə bu ənənəni
yada salmış, bu gün dünyanın 30 ölkəsinin
qabaqcıl sənət ali məktəbləri ilə
universitetimiz arasında bağlanmış müqavilələri
xatırlayaraq artıq ali məktəbimizin beynəlxalq aləmdə
yüksək nüfuza malik olmasını və əsas olaraq
universitetimizin 90 illiyi qarşısında daha böyük məsuliyyət
daşıdığımızı yada salaraq layiqli yer tutmaq
üçün öz xeyir-duasını vermişdi.
Almatıda
çox böyük qonaqpərvərliklə
qarşılandıq. Hər addımda ölkəmizin
dünya dövlətləri arasında hörmətindən,
ictimai-siyasi, mədəni sahələrdə
qazandığımız nailiyyətlərə görə
dövlətimizə və xalqımıza olan böyük rəğbətin
şahidi olduq. Festivalın açılışı təntənəli
surətdə T.Jurqanov adına Qazaxıstan Milli İncəsənət
Akademiyasında şəkildə keçirildi.
Festival Qazaxıstanın xalq artisti professor, teatr təhsilinin banilərindən olan rejissor Askar Tokmanovun adını daşıyırdı.
İncəsənət Akademiyasının tədris
teatrında tamaşaların
nümayişi üçün
hər şərait yaradılmış, səhnə
və tamaşaçı
zalı müasir avadanlıqlarla təchiz edilmiş hər bir tamaşa üçün bədii,
musiqi tərtibatı təmin edilmişdi.
Noyabrın 10-u festivalın açılışından
bir neçə saat əvvəl kütləvi informasiya vasitələri üçün
mətbuat konfransı
keçirildi. Bu mətbuat
konfransında universitetin
müasir həyatı
və keçdiyi tarixi yol, yaradıcılıq
prosesi və respublikamızın mədəni
həyatında tutduğu
yüksək mövqe
haqqında məlumat verdik.
Mən qeyd etdim ki,
rektor professor Timuçin
Əfəndiyevin gərgin
əməyi və uzun müddətli rektorluq təcrübəsi
sayəsində universitet
beynəlxalq aləmdə
nüfuzlu ali
məktəbə çevrilib,
müasir cəmiyyətin
tələbinə uyğun
olaraq yeni ixtisas və ixtisaslaşmalar yaradılıb.
Bunun nəticəsidir ki, hal-hazırda universitetdə
incəsənətin bütün
sahələrini əhatə
edən 40-a yaxın ixtisas və ixtisaslaşmalar üzrə
peşəkar kadrlar hazırlanır. Yaradıcılıq palitrası baxımından
rəngarəng olan bu ixtisasların universitetimizdə olması
onların bir-birilə
qarşılıqlı əlaqəsini
və qarşılıqlı
təsirini zənginləşdirir,
yaradıcılıq iqlimi
yaradır. Belə bir
şərait isə istedad səviyyələri
müxtəlif olan gənclərə qabiliyyət
və bacarıqlarını
inkişaf etdirmək üçün münbit
şərait yaradır.
Göstərəcəyimiz tamaşanı nümunə
gətirərək bu
səhnə əsərinin
ədəbi materialının,
musiqi və bədii tərtibatının
tələbələr tərəfindən
hazırlandığını qeyd etdim. Ali məktəbimiz haqqında bu məlumatlar böyük maraq doğurdu.
Festivalın münsiflər heyətinə
Əməkdar incəsənət
xadimi, Qazaxıstan dövlət mükafatı
laureatı, professor, teatrşünas
Sıqay Amirbəy Topabayuli rəhbərlik edirdi.
Tələbələrimizin çıxışı noyabrın
10-u Astana Mədəniyyət Teatr institutunun tələbələrinin çıxışından
sonra başladı. Tələbələrin çıxısı alqışla
qarşılansa da, tamaşaçı reaksiyası
müəyyən nöqsanları
da görüb öz münasibətini göstərməkdən çəkinmirdi.
Hiss olunurdu ki, həm münsiflər heyəti, həm də tamaşaçılar
çıxışa obyektiv
və tələbkarlıqla
yanaşırlar. Tamaşanın gedişi zalda obyektiv əks-səda doğururdu. Mən də
münsiflər heyətinin
tərkibində həyəcan
keçirir, tələbələrimizin
çıxışlarını səbirsizliklə gözləyirdim.
Beləliklə, tələbələrimizin çıxışını
elan etdilər. Dönüb zala
baxanda gördüm ki, hətta tamaşaçılardan ayaq
üstə olanların
sayı oturanların sayından xeyli artıqdır. Bu maraq məni çox sevindirdi.
Əsər müxtəlif mövzuları
əhatə edən,
7 etüddən ibarət
bütöv bir tamaşa idi. Müstəqil olan hər bir hissə
bir-birilə bədii təsvir və ifadə vasitələri, improvizə, plastika, ritm və aktyorların
hissetmə həssaslığı
ilə bağlanırdı.
Tamaşa
başlanarkən işıq
və səs effektlərindən istifadə
olunaraq hər bir obrazın xarakterinə uyğun donmuş hərəkətdə
işıqlanır və
tamaşaçı marağını
özünə cəlb
edirdi.
Hər bir hissə sürəkli alqışlarla
qarşılanırdı. Tamaşanın
bu uğurunda kursun bədii rəhbəri dosent Vidadi Həsənovun bu səhnə əsərində rejissor obrazı yaratmasının
rolu böyük idi.
Cəmi
10 tələbənin yaratdığı
tamaşanın təsir
gücü universitetimizdə
gedən yaradıcılıq
və tədris prosesinin nə dərəcədə yüksək
olduğunu tamaşaçıların
və münsiflər
heyətinin kəsilmək
bilməyən alqışlarında
təsdiqini tapırdı.
7 hissənin hər biri üçün hadisələrə uyğun
musiqi tapılmışdı.
Hər bir hissənin mövzusu, xarakteri ifa dinamikası,
hətta janrı da müxtəlif idi. Göstərilən etüdlərdə məzmunla
quruluş və formanın həlli səviyyəsi, ifaçılıq
məharəti yüksək
idi .
Aktyorlar
səsləndirilən musiqi
parçasını melodiya
və plastik hərəkətlər vasitəsilə
nümayiş etdirdilər.
Bəzi səhnələrdə
isə aktyor tamaşaçı ilə
səssiz dialoqa girir, keçirdiyi həyəcan və düşüncələrini tamaşaçılara
təqdim edə bilirdi.
40 dəqiqəlik tamaşa bitdikdən sonra tamaşaçı zalı
uzun müddət alqışlara qərq oldu və bu
alqışlar qələbəmizdən
soraq verirdi. Səhəri günü kollektivimiz səhnəyə
dəvət olundu və münsiflər heyətinin qərarını
oxuyan Sıqay Amirbəy Topabayuli tərəfindən “Qran –pri” mükafatının qalibi elan edildik.
Bu qələbə tələbələrin,
onlara dərs deyən müəllimlərin,
ümumilikdə Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin qələbəsi
idi.
Rafiq Sadıqov ,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin tədris və
tərbiyə işləri üzrə
prorektoru,
professor
525-ci qəzet.- 2011.- 22 noyabr.-S.7.