Yevda Abramov: “İran uran vasitəsilə
İsraili yer
üzündən silmək istəyir”
MÜSAHİBİMİZ
MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI KOMİTƏSİNİN
SƏDR MÜAVİNİ, YƏHUDİ ƏSİLLİ
MİLLƏT VƏKİLİ YEVDA ABRAMOVDUR
–
Yevda Sasunoviç, son günlər yenidən İran-İsrail
münasibətlərində gərginlik müşahidə
olunur. İngiltərə mediası artıq İsrailin
İrana hücum planını açıqlayıb və dəqiq
tarix də göstərib. Bir neçə gün öncə
isə İranda hərbi anbarda baş vermiş
partlayışda bir general və 30-dan çox əsgər həlak
oldu ki, bunu da İsrailin xüsusi xidmət orqanı olan
“MOSSAD” tərəfindən törədildiyi bildirilir. Hətta,
“MOSSAD”-ın rəsmi şəxsləri də bu xəbəri
təsdiq ediblər. Belə olan halda, bölgədə
İranla İsrail arasında diplomatik savaş hərbi
savaşa çevrilə bilərmi?
– Mənə elə gəlir ki, 2012-ci il İran-İsrail münasibətlərində diplomatik savaş ili olacaq. Düzdür, dünyada əksər dövlətlər İran-İsrail münasibətlərinə diqqəti artırırlar. Bu gün bir nömrəli məsələ Yaxın Şərqdə bu iki dövlətin özünü necə aparmasından asılı olacaq. Bu, təbiidir. Çünki Əhmədinejat çoxdan bu işə hazırlaşır. İsrail dövləti də Yaxın Şərqdə öz mövqeyini qoruyub saxlamaq üçün ona adekvat cavab verəcək. Amma ümumiyyətlə, 2012-ci il dünyada katakalizmlər ilidir, seçkilər ilidir. Bu baxımdan, mən İsrailin ikinci bir addım atmasına inanmıram. Lakin siyasi hadisələr üçün belə proqnozlar vermək düzgün deyil. Ola bilər ki, seçkilərdən az sonra İsrail radikal addımlara əl atsın. Birmənalı şəkildə deyə bilərəm ki, İranın uran üzərində işləməsi yalnız bir şeyə xidmət edir – İsraili yer üzündən silmək. Əhmədinejat həmişə deyir ki, İran xalqı, İran dövləti uranı dinc məqsədlər üçün hazırlayıb əldə edir. Lakin bu yüz faizlik yalandır. Çünki hələ İranda Rza şah Pəhləvinin dövründə bu məsələlərə hazırlıq gedirdi. Hələ o vaxtlar İranın belə bir silaha malik olması üçün ABŞ və Sovet İttifaqı sanki yarışa girmişdilər. Onlara baxıb Avropanın bir sıra ölkələri – Almaniya və Fransa da İrana yardım edirdi. Bununla bağlı layihə də var idi və şah bunun üçün xəzinədən vəsait də ayırmışdı. Amma bu gün molla rejimi dövründə görülən bütün tədbirlərin hamısı İsrailə qarşı yönəlib. Dünyada illuziya yaradacaq belə bir dilemma var; guya Yaxın Şərqdə sülhün olmamasının baiskarı İsraildir. Bunu nəinki bizdə, Avropa da da hiss edirlər. Çünki Avropada nəsə bir iş düz gəlməyəndə, bunun əsas səbəbini yəhudilərdə görürlər. Çünki bundan asan variant yoxdur. Ayrı-ayrı dövlət başçıları, hökumət nümayəndələri, hətta bəzi xarici işlər nazirləri ölkələrinin uğursuzluqlarını yəhudilərin adı ilə bağlayırlar. Hətta, çar Nikolayın devrilməsini, Rusiyada inqilabın olmasını belə yəhudilərlə əlaqələndiriblər. Bu gün ABŞ-da prezidentliyə şansı olan namizədin uğur qazanmamasının səbəbini Amerika yəhudisində görürlər. Ona görə İsraili yer üzündən silmək istəyirlər.
– Demək istəyirsiniz ki, İsrailə qarşı başqa dövlətlər də İran kimi aqressiya nümayiş etdirir?
– Bəli. İsrailə qarşı təkcə İran deyil, onun ətrafında peyk dövlətlər var ki, onlar da eyni mövqedədir. İsrail çox çətin durumdadır. Biz bilirik ki, həmişə İsrailin arxasında Amerika dayanıb. Mən bunu inkar etmirəm. Amma elə prinsipial məsələlər var ki, İsrail buna tarix boyu təkbaşına cavab verib. 2012-ci ildə də İsrail belə bir situasiyaya düşə bilər.
– Yaxın Şərqdə İsraili dəstəkləyən dövlətlərdən biri Türkiyə olub. Amma son vaxtlar İsrailin Türkiyəyə qarşı münasibəti buna adekvat deyildi...
– Tamamilə doğru deyirsiniz. 1948-ci ildən bəri həmişə Türkiyə İsraili dəstəkləyib. Baxmayaraq ki, o vaxt da Fələstin problemi üzdə idi, Yaxın Şərqdə bir sıra dövlətlərin, o cümlədən, Misirin İsraillə problemləri var idi. Bununla belə, Türkiyə İsraili yenə də dəstəkləyirdi. Neçə illərdir bu münasibətlərin pozulmasının bir sıra əsaslı səbəbləri var. Türkiyə Yaxın Şərqdə öz hegemonluğunu, ağsaqqal dövlət olmaq uğrunda mübarizə aparmaqla Avropa Birliyinə dirsək göstərməyə çalışır. Bu da Türkiyənin Avropa Birliyinə qəbul edilməməsinin acığına atılan bir addımdır. Türkiyə bununla həm də İslam Konfransı Təşkilatı dövlətlərinin simpatiyasını qazanmış oldu.
– Mümkün deyilmi ki, İsrail ətrafındakı düşmənlərinin sayını azaltmaq üçün həm Fələstin dövlətini tanısın, həm də Türkiyə ilə münasibətləri qaydaya salsın?
– Maraqlı sualdır. İsrail doğrudan da demokratik dövlətdir. Bəzən İsrail prezidenti ilə baş nazirin sözləri bir-birinə çəp gəlir. Biz bunu başqa dövlətlərdə görmürük. İsrail prezidenti Şimon Peres dəfələrlə deyib ki, əgər məni üzr istəməyim kifayətdirsə, mən İsrail xalqlarından, Türkiyədən üzr istəyim. O bununla bağlı Ərdoğana da müraciət edib. İsrail dostluq əlini Türkiyəyə uzadıb. Söhbət Fələstinə müstəqilliyin verilməsindən gedirsə, İsrail bundan imtina etmir. Söhbət başqa problemlərdən gedir. Əvvəlcə Fələstini tanımaq lazımdır. BMT-nin qərarı ilə İsrail və Fələstin dövləti yaradılanda onlar bir-birilərini tanımalı idilər. Amma qarşı tərəf İsraili dövlət kimi qəbul etmir. O zaman kiminlə danışıq aparmaq lazımdır? Fələstində hakimiyyət xalqın əlindən çıxıb terrorçuların əlinə keçəndən sonra İsrail dövləti “Hizbullah”, “Həmas” və başqa bu kimi təşkilatların nümayəndələri ilə oturub dövlət səviyyəsində danışıqlar apara bilməz. İsrail dövləti BMT-də bir daha bəyan etdi ki, biz danışıqların növbəti fazasına girməyə hazırıq. İsrailin keçmiş prezidenti Ehut Olmertin dövründə hazırlanmış “Yol xəritəsi”ndə redaktələr edilmişdi ki, hətta Qüdsdən də bir hissə ayırıb Fələstinə paytaxt vermək razılığına gəlinə bilərdi. Hər dəfə razılığa gəlib çatanda ortaya bir problem çıxır. Ya İran, ya da onu istəməyən digər dövlətlər buna maneçilik törədirlər. Elə Ermənistanın özü də İsrail-Fələstin münasibətinin qaydaya düşməsinə razı olmur. Ermənilərin “ASALA” terror təşkilatı orada hər hansı bir terror həyata keçirir və bununla da İsrail-Fələstin münasibətləri yenə vurulur. O zaman xalq da dövlətdən tələb edir ki, belə ölkə ilə danışıqlara getmək olmaz. Mən dəfələrlə azərbaycanlı qonaqlara Qəzza bölgəsini göstərmişəm. Fələstinlilərin yaşayış şəraiti ilə israillilərin yaşayış şəraiti arasında böyük fərq var. Fələstin millətinin özündə dövlətçiliyə meyl yoxdur. Onlar öyrəşiblər ki, BMT xətti ilə onlara havayı yardımlar verilsin. Onlar bu dolanışıqla razılaşırlar. Ona görə dövləti unudublar. Bunu görmək, hiss etmək lazımdır. Onlar bu ianələrə alışıblar və artıq işləmək istəmirlər.
Kamil
HƏMZƏOĞLU
525-ci
qəzet.- 2011.- 22 noyabr.- S.5.