“Azərbaycanla Polşa arasında ilk
növbədə yaxşı siyasi əlaqələrin
olması çox vacibdir”
MİXAİL LABENDA: “ƏKS HALDA
TİCARƏT MÜBADİLƏSİ, İQTİSADİ ƏMƏKDAŞLIQ
VƏ DİGƏR SAHƏLƏRDƏ UĞURLU ƏMƏKDAŞLIQ
QURMAQ ÇƏTİNDİR”
Müsahibimiz
Polşanın Azərbaycandakı səfiri Mixail Labendadır.
– Cənab
səfir, Azərbaycanla Polşa arasında münasibətlərin
hazırkı səviyyəsinin necə qiymətləndirirsiniz?
– Əvvəlcə
qeyd edim ki, Polşa Azərbaycanın müstəqilliyini
1991-ci il dekabrın 27-də tanıyıb. Münasibətlərimizdə
hər hansı bir problem yoxdur. Polyaklar Azərbaycanın
inkişafı və burada olan dözümlülüyə
sözün yaxşı mənasında təəccüblənirlər.
Prezidentlərimiz müntəzəm olaraq
qarşılıqlı səfərlər həyata
keçirirlər. Onlar həmçinin çoxtərəfli
görüşlərdə, beynəlxalq təşkilatlar
çərçivəsində də görüşür,
müzakirələr aparırlar.
– Rəsmi
Varşava üçün Azərbaycanla əməkdaşlıqda
hansı sahələr prioritet təşkil edir?
–
Hesab edirəm ki, ilk növbədə yaxşı siyasi əlaqələrin
olması çox vacibdir. Əks halda ticarət mübadiləsi,
iqtisadi əməkdaşlıq və digər sahələrdə
uğurlu əməkdaşlıq qurmaq çətindir. Eyni
zamanda, Polşa və Azərbaycanın dövlət idarələri
arasında müxtəlif sahələrdə intensiv əməkdaşlığı
inkişaf etdirməyə çalışırıq.
Polşa Azərbaycanın ikitərəfli əlaqələr və çoxtərəfli proqram formatında olduğu kimi, institusional müasirləşdirilməsi prosesinə də fəal şəkildə qoşulur. Əlbəttə ki, mədəniyyət sahəsindəki əməkdaşlıq vacib rol oynayır. Tərəfimizdən təşkil olunan çoxsaylı tədbirlər xüsusilə fəallığımızın göstəricisidir.
– Polşa “Şərq Tərəfdaşlığı” proqramının təşəbbüsçülərindən olaraq bu proqramın gedişatından razıdırmı?
– Hal-hazırda Avropa İttifaqının sədri olaraq “Şərq Tərəfdaşlığı” Polşanın əsas prioritetlərdən biridir. Cari ilin sentyabrın 29-30-da Varşavada təşkil olunan “Şərq Tərəfdaşlığı”nın ikinci zirvə görüşü Avropa İttifaqının xarici siyasətinin Şərqə yönəlmiş əhəmiyyətli hadisəsi kimi qəbul etmək olar.
Brüssel diqqətinin bir sıra digər məsələlərdə – iqtisadi böhran, avro ilə bağlı vəziyyət, Şimali Afrikada hadisələrin inkişafı və s. cəmləşdirməsinə baxmayaraq, zirvənin sonunda ən yaxın müddətdə “Şərq Tərəfdaşlığı”na üzv ölkələrlə Avropa İttifaqı arasında əlaqələrinin formasını müəyyən edən, aydın məqsədli proqramı qəbul olunan bəyannaməyə əlavə etmək mümkün oldu. Zirvə görüşündə bu proqrama üzv olan bütün şərq ölkələrini simvolik olaraq “Şərqi Avropa” adlandırılmasından əlavə, digər konkret bəyanatlar da qəbul olunmuşdu.
Bunlar xüsusən, Aİ ilə Ukrayna arasında Assosiativ Müqaviləsi ilə bağlı danışıqların sona çatdırılmasının perspektivi, həmçinin, Gürcüstan və Moldova ilə dərinləşmiş və kompleksli azad ticarət zonaları (DCTFA) mövzusunda danışıqların başlanmasıdır. Bundan başqa, bəyannamənin çox əhəmiyyətli elementi “uzunmüddətli məqsəd” kimi deyil, aydın şəkildə təyin olunan meyarlar formasında vizasız rejiminə keçid əsaslarının formalaşmasıdır. Həmçinin zirvə “Şərq Tərəfdaşlığı” ölkələrinin daha güclü iştiraklarının mükafatlandırılmasına imkan yaradan “more for more” prinsipini təsdiq etdi.
Bir sıra sahələrdə əməkdaşlıq dairələri və vasitələri təyin olunmuşdur. Bunların arasında: qanunvericilik (ŞT-ın Parlament Assambleyası – Euronest), iqtisadi əməkdaşlıq (ŞT-nın Biznes Forumu), muxtariyyət (ŞT-ın Regional və Yerli Hakimiyyət Konfransı), insanlar arasında əlaqələr (təhsil proqramları, həmçinin gənclər, tələbələr və alimlər üçün mübadilə), vətəndaş cəmiyyəti (Demokratiya naminə Avropa Fondu – European Endowment for Democracy, Vətəndaş Cəmiyyətinin İnkişafının Müdafiə Vasitəsi – Civil Society Facility) var.
–Bəs Aİ-nin sədri kimi daha çox hansı məsələlər sizin üçün prioritet təşkil edir?
– Polşa bizim fikrimizcə vacib olan müəyyən sayda məsələləri müzakirə etmək istəyərdi. Lakin Aİ-nin işlərində ən vacibi proqram davamlılığını qoruyub saxlamaq və uzunmüddətli tapşırıqları yerinə yetirməkdir.
Bu tendensiyanın gücləndirməsi məqsədi ilə Lissabon Müqaviləsi Aİ-də “Trio” anlayışını tətbiq etdi. Bu “Trio” üç ardıcıl Sədrliklərdən ibarətdir və Sədrlikləri faktiki olaraq qəbul edəcəkləri zamandan çox əvvəl öz proqramlarını müzakirə edir və razılaşdırırlar. Misal üçün Polşa Sədrliyi “trio” çərçivəsində Danimarka və Kipr üçlüyündə birinci olacaqdır.
Polşanın sədrliyinin şüarı Təhlükəsiz, Açıq və inkişaf edən Avropadır. Biz iqtisadi inkişafın stimullaşdırılması istiqamətində fəaliyyət göstərmək istəyərdik.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 22 noyabr.- S.4.