“Ermənistanın ağlı başında olsa,işğal etdiyi torpaqlardan çəkilər”

 

TÜRKİYƏ PARLAMENTİNİN XARİCİ ƏLAQƏLƏR KOMİSSİYASININ SƏDRİ: “HAZIRKI DURUM DAVAM ETDİKCƏ SÜRİX PROTOKOLLARINI GÜNDƏLİYƏ SALMAYACAĞAM, HÖKUMƏTİMİZLƏ DƏ BU MÖVZUDA HƏMFİKİRİK” .

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Volkan Bozkırın APA-ya müsahibəsi

 

– Türkiyə Böyük Millət Məclisi və Azərbaycan Milli Məclisi arasındakı münasibətlərinin hazırkı səviyyəsi sizi qane edirmi?

– Türkiyə ilə Azərbaycan həqiqətən də bir millət, iki dövlətdir. Hazırkı dövlət başçılarımız və bundan əvvəlki prezidentlərimiz arasında da münasibətlər həmişə yaxın, isti, dost kimi, dünyada görünməyən səviyyədə olub. Təbii ki, parlamentlərarası münasibətlərin də sadaladığım kimi yaxın olması çox təbiidir. Türkiyədə bir müddət əvvəl parlament seçkiləri keçirildi, parlament rəhbəri, komissiya sədrləri seçildi. Biz parlamentin Xarici Əlaqələr Komissiyası olaraq ilk münasibətlərimizi Azərbaycanla qurmağı zəruri bildik. Milli Məclisin sədri Türkiyəyə səfər etdi, biz bundan çox şad olduq. Öz növbəmizdə biz də ilk səfərimizi Azərbaycana etdik. Yeni seçilən millət vəkilləri olaraq həm bir-birimizlə tanış olduq, həm də gələcək addımlarımızı, komissiyalararası münasibətlərimizi müzakirə etdik. Gələcəkdə iki parlament olaraq bizi çox önəmli vəzifələr gözlədiyini düşünürük.

– Bakıda jurnalistlərə verdiyiniz ilk açıqlamada Türkiyə ilə Ermənistan arasında imzalanmış Sürix protokollarının Türkiyə parlamentində müzakirəyə çıxarılmayacağını bildirdiniz. Bu, əslində hökumətin mövqeyidir, yoxsa TBMM-in bununla bağlı bir qərarı var?

– Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın problemi deyil, Türkiyənin də problemidir. Bu məsələnin həll olunması – işğal altındakı Azərbaycan torpaqlarının geriyə qaytarılması və bu torpaqlardan zorla çıxarılmış qaçqınların öz yurd-yuvalarına qayıtması bizim də məsələmizdir, həll olunmayana qədər bizim də problemimizdir. Başqa sözlə, bu problem həll olunmadan, işğal altındakı torpaqlar Azərbaycanın arzu etdiyi şəkildə həll olunmadan Türkiyə Ermənistanla sərhədini açmayacaq.

Sürix protokollarının imzalanması əslində Türkiyənin “Azərbaycanın məlum probleminə bir həll tapılırmı”, “bölgədə yenidən sülh bərpa oluna bilərmi” kimi axtarışlar içərisində baş tutdu. Ancaq gördüyünüz kimi, Ermənistanla bağlı başladığımız cəhdlərin irəliləmə imkanlarının olmadığını da bütün dünyaya göstərmiş olduq. Ermənistanın xoş niyyət göstərməyəcəyi bir anda isbatlandı, sübut olundu. Bunun həm Türkiyəyə, həm Azərbaycana faydası oldu. Hazırkı mərhələdə Sürix protokolları TBMM Xarici Əlaqələr Komissiyasındadır. Lakin Xarici Əlaqələr Komissiyasının sədri kimi mənim hər hansı mövzunu gündəliyə daxil etmək, ya da etməmək səlahiyyətim var. Mən də bir daha bəyan edirəm ki, Xarici Əlaqələr Komissiyasının sədri olaraq Sürix protokollarını gündəliyə daxil etməyəcəyəm. Amma hazırkı durum dəyişərsə, Azərbaycanla Ermənistan arasında problem həll olunarsa və Azərbaycan məmnun qalarsa, Sürix protokollarının bu münasibətlərə fayda verəcəyi dəqiqləşərsə, o zaman protokollar təkrar gözdən keçirilə bilər. İstənilən halda, Azərbaycanın istəmədiyi bir şeyi Türkiyənin etməsi mümkün deyil. Türkiyədə bütün komissiya üzvləri, müxtəlif partiyaların nümayəndələri hamısı bu məsələdə həmfikirdir. Hökumətimizlə də bu mövzuda həmfikirik. Bir sözlə, hazırkı durum davam etdikcə, Sürix protokollarını gündəliyə salmayacağam.

– Türkiyə-Ermənistan münasibətləri barədə danışmağınızı istərdik. İki ölkə arasında diplomatik münasibətlər yoxdur. Bəs ümumilikdə hansısa münasibətlər varmı? O mənada ki, hazırda Ermənistanın xeyli vətəndaşı Türkiyədə pul qazanır, aviareyslər gerçəkləşdirilir və s. Bunları iki ölkə arasında münasibət saymaq olarmı?

Dediyiniz kimi, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, bizim orada səfirliyimiz yoxdur. Amma Türkiyədə çalışan Ermənistan vətəndaşları var. Lakin onu demək lazımdır ki, bizim problemimiz insanlarla deyil, bizim problemimiz dövlətlə, siyasətlədir. Başqa sözlə, biz hər zaman seçimimizi Azərbaycanın xeyrinə edirik. Türkiyədə çalışan Ermənistan vətəndaşlarının qazandıqları pulların bu ölkəni saxlayacaq, xilas edəcək qədər olmadığını hamımız bilirik. Bu, sadəcə bir qisim insanların yaşamlarını davam etdirməsi üçün olan bir şeydir. Yəqin ki, torpaqların işğalı bitəndən sonra Azərbaycan tərəfdən də məsələlərə başqa cür baxılacaq. Onsuz da Ermənistan tək buraxılsa, qərarları başqa olacaq. Bu ölkə bu gün iqtisadi baxımdan çökmüş durumdadır, əhalisinin sayı getdikcə azalır, ətrafı tamamilə qapalı vəziyyətdədir, qərarı özü verə bilmir. Belə bir vəziyyətdə ABŞ və Avropada yaşayan erməni diasporası fəqirlik içərisində yaşayan, yox olmağa doğru gedən Ermənistandakı soydaşlarını heç düşünmədən qərarları orada alıb, Ermənistanda həyata keçirirlər. Əgər Ermənistanın ağlı başında olsa, ilk atacağı addım Azərbaycana qarşı etdiyi bu haqsızlığı aradan qaldırmaq olar, işğal etdiyi torpaqlardan çəkilər, oradan məcburi şəkildə çıxarılmış azərbaycanlıların yerlərinə qayıtmasına imkan verər. Amma indi Ermənistanın əl-qolu bağlı vəziyyətdədir, təəssüf ki, bir müddət də belə davam edəcək. Biz hər kəsə dostluq əli uzatmaq istəyirik, bütün bölgədə sülh olmasını arzulayırıq. Bu məsələdə də bizim strateji ortağımız, dostumuz Azərbaycandır. Azərbaycansız bu bölgəyə nə sülh, nə rifah gələ bilər. Türkiyə və Azərbaycan birlikdə Qafqaza barış, sülh, rifah gətirəcək. Çox önəmli, vacib layihələr var. Bu layihələrdən biri gerçəkləşdirilib. Son imzalanan anlaşma ilə Azərbaycan Türkiyəyə 5 milyard dollar investisiya yatıracaq. Bu qədər pulu Avropada böhrandan batan ölkələrə versəniz, iqtisadi durumları düzələr. Allah nəzərdən saxlasın, Türkiyə ilə Azərbaycan böyüyür. Bu böyüklük Orta Asiyaya doğru yayılacaq. Ermənistanın da böyüyən Türkiyə və Azərbaycana baxıb günün birində hələ də səfalət içərisində yaşamağı qəbul etməyəcəyini, üzərinə düşən məsuliyyəti yerinə yetirəcəyini gözləyirik.

Bunu Ermənistandan hamımız gözləyirik, amma onlar məsuliyyətlərini dərk etmirlər, ya da etmək istəmirlər. TBMM-in komissiya sədri kimi necə düşünürsünüz, Azərbaycan hələ də səbr etməlidir, yoxsa Ermənistana torpaqları azad etmək üçün konkret vaxt verib müharibəyə başlamalıdır? Əgər Azərbaycan müharibəyə başlayarsa, Türkiyənin münasibəti necə olacaq?

– Mən ömrünün 38 ilini diplomatiyaya həsr etmiş bir adamam. Yəni mənim üçün müharibə yolverilməz bir olaydır. Biz heç bir vaxt müharibə istəmərik. Azərbaycan da müharibə istəməz, Türkiyə də istəməz. Bu qədər səbr edilib, Azərbaycan istəsəydi indiyə qədər torpaqlarını müharibə yolu ilə alardı. Amma ağıllı ölkələr müharibə əvəzinə, problemlərini sülh yolu ilə həll etməyə cəhd göstərirlər. Türkiyə və Azərbaycan ağıllı dövlətlərdir. Çünki müharibə xalqın rifahı üçün sərf olunacaq pulun, vəsaitin silaha sərf olunması deməkdir. Bu qədər böyük rifah əldə etmiş Azərbaycan və bu qədər güclü iqtisadi addımlar atmış Türkiyənin əvvəlcə qaynaqlarını xalqının rifahına xərcləməsi daha düzgün olar. BMT Təhlükəsizlik Şurasının üzvlüyünə seçilmiş Azərbaycanın bu üzvlüyə seçilərkən qazandığı bir etibar var. Azərbaycan ağıllı, etibarlı, güvənilən dövlət olduğu üçün BMT-nin Təhlükəsizlik Şurasına seçilib. Problemlərini müharibə yolu ilə həll edən bir ölkənin bu üzvlüyə seçilməsi çətin olar. Ona görə də biz əvvəlcə problemlərimizin sülh yolu ilə həllini axtaraq, sonrasına baxarıq...

 

 

525-ci qəzet.- 2011.- 23 noyabr.- S.5.