Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ustad ifaları

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin çoxsaylı professor-müəllim heyəti hər tədris ilində özlərinin elmi-tədqiqat və yaradıcılıq-ifa işlərini ortaya qoyur. Bu, artıq ənənə halını alıb. Elmi Şuranın son toplantısında ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Maral Manafova verdiyi hesabatda 2011-ci ildə professor-müəllim heyətinin araya-ərsəyə gətirdiyi elmi-tədqiqat işlərinin qənaətbəxş olduğundan danışmışdır. Qeyd olunmuşdur ki, bu il üçün planlaşdırılan 112 elmi- tədqiqat işinin 9-u dərslik, 12-si dərs vəsaiti, 79-u elmi-tədqiqat işi olub. Hesabat dövründə “Səhnə danışığı” kafedrası üzrə dosent Əzizağa Quliyevin “Səhnə danışığı”, Muzeyşünaslıq kafedrası üzrə fəlsəfə doktoru, dosent Apdin Əlizadə və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elfira Qurbanovanın “Muzeylərdə elmi-tədqiqat işinin təşkili və metodikası”, “İqtisadiyyat və informatika” kafedrası üzrə iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Məleykə Həsənova və iqtisadiyyat üzrə fəlsəfə doktoru Ağamirzə İsfəndiyarovun birgə tərtib etdikləri “Mədəniyyət və incəsənət sahələrinin menecmenti”, “Musiqişünaslıq” kafedrası üzrə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nailə Kərimovanın “Azərbaycan teatr musiqisinin təşəkkülü və inkişaf mərhələləri” adlı dərsliklər nəşr olunub və oxucu kütləsinə təqdim olunub. Planda nəzərdə tutulmuş 79 elmi-tədqiqat işinin 76-sı təhvil verilib. Oxucu rəylərinə əsasən demək olar ki, professor-müəllim heyətinin aparmış olduğu araşdırmalar müasir tələblər səviyyəsində qurulub və günümüzün bir sıra vacib məsələlərini özündə əks etdirir.

Digər sənət ocaqlarından fərqli olaraq ADMİU-da sənətin müxtəlif sahələrini təmsil edən sənətkarlar-rəssamlar, heykəltəraşlar, muğam ustaları, xalçaçılar, modelyerlər, rəqqaslar cəmləşib və onlar öz bilik və bacarıqlarını dərs dedikləri tələbələrlə bölüşürlər. Bu proses zamanı həm universitetin Elmi Şura və Bədii Şura üzvləri müəllim həmkarlarının yaradıcılıq-ifa işlərinin yerinə yetirilməsini müşahidə edir həm də tələbələr dərs aldıqları ustad sənətkarların fərdi qabiliyyətlərinin bilavasitə şahidi olurlar.

2010-2011-ci tədris ilində ADMİU-nun 17 kafedrasının planlaşdırdığı yaradıcılıq-ifa işlərinə 101 müəllim cəlb olunmuşdu. Onların arasında Əməkdar incəsənət xadimləri , Xalq artistləri, Əməkdar və Xalq rəssamı vardı. Hər il olduğu kimi bu tədris ilində də Bədii Şura hər bir yaradıcılıq –ifa işiylə fərdi qaydada tanış olmuş və onların baxış-müzakirəyə çıxmasına rəvac vermişdir. Müəllimlərin yaradıcılıq-ifa işləriylə çıxış etməsi isə bir növ universitetdə bayram kimi qeyd edilir. Məsələn, “Rejissor sənəti” fakültəsinin təhvil verdiyi yaradıcılıq-ifa işlərinin ümumi səviyyəsi hamını razı saldı. “Teatr rejissorluğu” kafedrasının müdiri Sevda Teymurovanın hazırladığı Marsel BerkyeninOğru” adlı tamaşası, Yaqut Mehdiyevanın quruluş verdiyi Çexovun “Ayı” tamaşası, “Televiziya rejissorukafedrasının müdiri Tariyel Vəliyevin “Universitetin həyatı” adlı videokollajı, “Muğam sənəti” kafedrasının professoru, Xalq artisti Mələkxanım Əyyubovanın, Xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Əməkdar artistlər Simarə İmanova və Bəsti Sevdiyevanın ifa etdikləri “Şur”, “Zabul-segah”, “Mahur-hindi”, “Simayi-şəms”, “Rahab”, müəllimlərdən Zakir Əliyevin oxuduğu “Mirzə Hüseyn segahı” yüksək peşəkarlığıyla ürəkləri fəth elədi.

“Rəssamlıq” fakültəsi müəllimlərinin təqdim etdikləri rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət nümunələri də tamaşaçılar tərəfindən yüksək dəyərləndirildi. “Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, Dünya Rəssamlıq Akademiyasının akademiki Arif Əzizin “Timuçin Əfəndiyevin portreti”, fakültə dekanı, dosent Sevda Sadıxbəyovanın “Qürub” mənzərəsi, Xalq rəssamı Ağaəli İbrahimovunRahib Hüseynov”, Xanım Məmmədovanın “Musa Musayev”, Fəxrəddin Qəhrəmanlının “Aslan Aslanov” portretləri ən mötəbər sərgi salonlarında göstərilməyə layiq sənət əsərləridir. Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın “Şərq-Qərb idealları” adlı foto kollajında təqdim olunan geyim kolleksiyası klassikmüasir üslubun uğurlu vəhdəti kimi yüksək qiymətə layiq görüldü.

Təqdim olunan son elmi-tədqiqat və yaradıcılıq-ifa işləriylə ADMİU-nun professor-müəllim heyəti qüvvətli yaradıcılıq potensialına malik olduqlarını bir daha sübut etdilər.

 

 

İntiqam Mehdizadə

 

525-ci qəzet.- 2011.- 24 noyabr.- S.7.