Gənc
yazıçı Zərdüşt Şəfinin “Başqa adamlar”
kitabının təqdimatı olub
Ötən
gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”
klubunda gənc yazıçı Zərdüşt Şəfinin
“Başqa adamlar” adlı hekayələr toplusunun təqdimat mərasimi
keçirilib. Azərbaycan Yazıçılar Birliyi və “Təhsil”
nəşriyyatının birgə layihəsi olan “Müəllifin
ilk kitabı” seriyasından ilk nəşr kimi işıq
üzü görmüş “Başqa adamlar” kitabına gənc
yazıçının “Başqa adamlar”, “Başqa zamanlar”,
“Günlərin bir günü” bölmələri altında
silsilə hekayələri, bir essesi və bir
qısametrajlı film ssenarisi daxil edilib. Kitabdakı hekayələrdə
əsasən insan faktoru ön plana çəkilir, hər bir
insanın qəlbinin dərinliyindəki xüsusiyyətlər,
xarakterlər açılır, insanı
başqalaşdıran, onu digərlərindən fərqləndirən
amillər qabardılaraq göz önünə gətirilir.
Kitaba
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid ön söz yazıb, nəşrin
redaktoru Mustafa Çəmənli, rəssamı Gündüz
Ağayevdir.
Təqdimat
mərasimini Rəşad Məcid açaraq, AYB ilə Mədəniyyət
və Turizm Nazirliyinin birgə layihəsi olan Gənc Ədiblər
Məktəbinin məşğələlərinin, dəyərli
qələm sahiblərinin gənc ədiblərlə
görüşlərinin, keçirilən ustad dərslərinin
onların bir yazar kimi yetişməsində əhəmiyyətli
rol oynadığını qeyd edib. O, Zərdüşt Şəfinin
bu Məktəbin ən fəal və istedadlı üzvlərindən
biri kimi hər zaman diqqət mərkəzində olduğunu
vurğulayıb: “Məktəb üzvlərindən 10-a qədər
gənc var ki mən onların gələcəkdə Azərbaycan
ədəbiyyatının inkişafında əhəmiyyətli
rol oynayacaqlarına əminəm. Bizim gənc yazarlarla
bağlı işlərimiz davam edir və həyata
keçirdiyimiz bu yeni nəşr layihəsinin ilk məhsulu
olan, Zərdüşt Şəfinin “Başqa adamlar” kitabı
diqqətəlayiq kitabdır. Mən Zərdüştün ədəbi
istedadına şübhə etmirəm, əminəm ki, onun bu
kitabda toplanmış hekayələrini oxuyanlar bəyənəcəklər
və Azərbaycanın yaradıcı gəncliyinin gələcəyinə
inamla yanaşacaqlar”. Çıxışının sonunda Rəşad
Məcid “Təhsil” nəşriyyatının rəhbəri Bəhruz
Axundova və onun irəli sürdüyü bu yeni təklifi dəstəklədikləri
üçün Azərbaycan Yazıçılar Birliyinin sədri,
xalq yazıçısı Anara, qurumun katibliyinə öz təşəkkürünü
bildirib.
Sonra
söz kitabın redaktoru Mustafa Çəmənliyə
verilib: “Zərdüştün bəzi hekayələri məni
müsbət mənada çox təəccübləndirdi.
Xüsusilə də onun “Qarışqa-adam” hekayəsinin məni
heyrətləndirdiyini gizlətmirəm”. Bəhruz Axundovun bu təşəbbüsünü
və bu yöndə fəaliyyətini
alqışladığını, gənclərə
qayğını ürəkdən dəstəklədiyini
bildirən M.Çəmənli Z.Şəfini təbrik edib, gənc
yazıçıya yeni uğurlar arzulayıb.
Professor
Cahangir Məmmədli öz çıxışında bədii
əsərin ilk cümləsindən gələn təəssüratın
onu heç vaxt aldatmadığını, Z.Şəfinin
yaradıcılığı ilə bağlı da belə bir
müsbət qənaətdə olduğunu vurğulayıb. Zərdüşt
Şəfinin bir müddət əvvəl “525-ci qəzet” də
dərc edilən “Sonuncu çiçək dükanı” hekayəsinin
onu dərindən təsirləndirdiyini qeyd edən professor bu
barədə deyib: “Bədii əsərin, xüsusilə də
nəsrin mənim üçün
yazıldığını ilk sətirlərdən müəyyən
edirəm. Əgər ilk sətirlər məni əsəri
oxumağa çağırırsa, bu əsər mənimdi,
yox çağırmırsa, mən o əsərdən sonra
bir sətir də oxumuram. Zərdüştün “Sonuncu
çiçək dükanı” hekayəsinin ilk sətirlərini
oxuyanda gördüm ki, o, yazıçıdır. Mən Zərdüştə
təşəkkür edirəm ki, o bu cür sanballı, dəyərli
əsərlər qələm alır”.
Yazıçı
İlqar Fəhminin fikrincə, Zərdüşt Şəfizadə
yaradıcılığa ciddi və səbrlə yanaşan,
istedadlı qələm sahibidir: “Mən əminəm ki, o
doğru yolda addımlayır. Mən Anar müəllimə,
Fikrət müəllimə, Rəşad müəllimə və
digər dəyərli söz sahiblərinə də öz
minnətdarlığımı bildirirəm ki, gənc
yazarlardan öz qayğı və diqqətlərini əsirgəmirlər”.
Daha
sonra “525-ci qəzet”in redaktor müavini Seyfəddin Hüseynli
çıxış edib: “Hər zaman müəlliflə
redaktor, naşir arasında qəribə bir münasibət
olur. İlk vaxtlar, adətən, müəllif
çalışır ki, öz yazısı haqqında
redaktordan, naşirdən müsbət rəy alsın. Müəyyən
mərhələdən sonra isə redaktor istedadı,
yaradıcılığı ilə fərqlənən
hansısa müəllif haqqında vaxtilə dediyi müsbət
fikrə görə məmnunluq hissi keçirir. Həmin
müsbət rəyə başqalarının da şərik
olması redaktoru sevindirir. Zərdüşt mənim nəzərimdə
məhz belə müəlliflərdən biridir,
çünki indi baxıb görürəm ki, onun
yazıları barədə müsbət qənaətimi
bölüşənlər az deyil. Üstəlik, həmin
adamlar məndən xeyli təcrübəli, nüfuzlu və
daha yüksək ədəbi zövqə malik insanlardır.
Bu ilk kitabı məndə belə bir təəssürat
yaratdı ki, Zərdüştü bütün nəsildən
olan ədəbiyyatsevərlər həvəslə oxuyacaqlar,
onun istedadı, seçdiyi mövzular və
yaradıcılıq qabiliyyəti bunu deməyə əsas
verir”.
AYB-nin
katibi, ədəbiyyatşünas Arif Əmrahoğlu Zərdüştün
dəyişdirilməsi mümkün olmayan başqa insanlar
haqqında yazdığını və
yaradıcılığını bunun üzərində
qurduğunu, ciddi uğur qazandığını önə
çəkib. A.Əmrahoğlu müəllifin bir neçə
hekayəsini ətraflı təhlil edib və onun mülahizələri
böyük maraqla qarşılanıb.
Xalq
şairi, AYB-nin birinci katibi Fikrət Qoca da öz növbəsində
gənc yazarı təbrik edib, Gənc Ədiblər Məktəbinin
yaranmasında və bu cür istedadlı gənclərin ədəbi
mühitə gətirilməsində göstərdiyi xidmətə
görə Rəşad Məcidə təşəkkürünü
bildirib: “İstedadlı insanlar harda olsa, nə zaman olsa,
çiçək kimi açılıb üzə
çıxacaq. Amma onlara kömək etmək lazımdır.
Zərdüşt Şəfi də belə gənclərdəndir.
Rəşad Məcidə ona görə böyük təşəkkür
düşür ki, belə gəncləri vaxtında üzə
çıxarır və onlara köməklik göstərir”.
Çıxış
üçün söz verilən Zərdüşt Şəfi
kitabının nəşrinin həyata keçməsində,
bu tədbirin təşkilində zəhməti olanlara və mərasimə
qatılanlara minnətdarlıq edib: “Burada qələminə
hörmət bəslədiyim şəxslər mənim
ünvanıma çox gözəl sözlər söylədilər.
Mən onların hər birinə dərin minnətdarlığımı
bildirirəm. Əvvəllər mən bir evdə idim – öz
evimizdə. Bu kitab vasitəsilə mən yüz, bəlkə
də daha çox evdə qonaq olacam. Bunun üçün
çox şadam. Bu kitabın ərsəyə gəlməsində
əməyi olan hər kəsə, xüsusən “Təhsil” nəşriyyatının
rəhbəri Bəhruz Axundova, redaktorum, hörmətli
yazıçımız Mustafa Çəmənliyə, Rəşad
müəllimə ürəkdən təşəkkürümü
bildirirəm”.
Tədbirin
sonunda xalq yazıçısı Anar çıxış edərək
Zərdüşt Şəfini təbrik edib: “İnanıram
ki, onun bundan sonra çox kitabı işıq üzü
görəcək. Ancaq ilk kitabın sevinci təkrar olunmayacaq.
Mən bunu öz təcrübəmə əsaslanıb deyirəm.
Mənim ilk kitabım əlli il bundan öncə
çıxmışdı, həcmi də bu kitabın həcmindən
3-4 dəfə kiçik idi. İndi baxıram, bu kitab olduqca
sanballı bir nəşrdir. Buna görə də Bəhruz
Axundova çox sağ ol deyirəm. Mən Zərdüştün
iki hekayəsini oxudum və bu mənə kifayət etdi ki, onun
istedadlı bir yazıçı olduğu qənaətinə
gəlim”.
GÜNEL
525-ci qəzet.- 2011.- 24 noyabr.- S.7.