“Dəniz köçü” – insanla təbiətin əbədi harmoniyası haqqında himn

 

İnsan – təbiət münasibətlərindən, insanla digər canlılar arasında görünən və görünməyən əlaqələrdən, habelə, bu əlaqələrin qarşılıqlı harmoniyasından bəhs edən əsərlərin uzun bir tarixi vardır. Elə Azərbaycan ədəbiyyatında bunun az da olsa, bir sıra dəyərli örnəklərini yada salmaq olar...

Təbiətdəki canlıların “dilini”, “psixologiyasını” bilmək, təsvir etmək isə elə də asan iş deyil...

Firuz Mustafanın “Dəniz köçü” povest-pritçası çap olunduqdan sonra rus dilinə tərcümə edilərək (tərcüməçilər İ.İsmayılova, D.Gərəkməzli), 2006-cı ildə əvvəlcə hissə-hissə “Zerkalo” qəzetində, sonrakı illərdə isə rus, ingilis və fransız dillərində nəşr olunmuşdur. Əsər habelə ərəb transkripsiyası ilə işıq üzü görmüşdür. 2099-cu ildə Rusiyanın məşhur “proza. ru” ədəbi saytında yerləşdiriləndən sonra isə müəllifin ünvanına dünyanın müxtəlif ölkələrindən çoxlu sayda məktublar gəlməyə başlayır.

Firuz Mustafanın nəsrində (bu cəhəti onun bütün yaradıcılığına aid etmək olar) yığcamlıq, sözə qənaət başlıca meyardır. Hər hansı bir obraz, hadisə elə təsvir olunur ki, hər bir detal, epizod xarakterin, hadisənin mahiyyətinin açılmasını şərtləndirir...

Dostluq və məhəbbət haqqında olan bu dəyərli əsərin ideyası illərin sınağından çıxmış belə bir fikrin təsdiqidir: şərdən şər, xeyirdən xeyir törəyir; bütün canlılar təbiətin bir hissəsidir, bütövlükdə onlar harmoniya təşkil edir, onların yaşaması, sağ qalması da özlərindən, necə “yola getmələrindən” asılıdır...

Həm də yazıçı müxtəlif növdən olan bu canlıların öz aralarındakı dostluğun və insanın onlara etdiyi yaxşılığın heç vaxt unudulmadığını hamıya örnək göstərir...

Tuqay bir vaxt balığa (Yaqut), qartala (Ayqut), alabaşa (Qayut) etdiyi yaxşılığın əvəzini görür. Balığı dənizçilərin əlindən alıb xilas edir, qartal yaralı olanda evə gətirir, anası ilə onu sağaldır, küçüyü də sahibi dəfələrlə meşədə azdırmaq istəyir, bu xəbəri eşidən Tuqay onu evə gətirir və saxlayır.

Əvvəldə qeyd etdiyim kimi, əsərdəki mühüm ideyalardan biri təbiətin özündəki harmoniya, müvazinət saxlamaq, “dostluq”, “yola getmək”, anlaşmaq ideyasıdır. İtlə quşun, yaxud balığın dostluğu da mümkündür, ancaq bunlar arasında ünsiyyət yaradan, onları dost edən, birləşdirən məhz insandır...

Povestin əsasını təşkil edən hadisə yaşlı adamlarla (balıqçılarla) balıq ovuna gedən Tuqayın bir gün ərzində başına gələnlərdir.

Dənizdə qopan fırtına nəticəsində dalğa yaşlı balıqçını suya salır, sonra onun cəsədini dalğalar sahilə atır... Tuqayın işini çətinləşdirən bir də odur ki, yaşlı balıqçını dalğa dənizə atarkən avarın biri də balıqçı ilə birlikdə dalğaların qoynuna düşür...

Müəyyən vaxtdan sonra dəniz sakitləşir, ancaq Tuqay üçün gözlənilməz təhlükə yaranır – qayığa (Tuqaya) akula hücum edir. Dəniz vəhşisinin insanlara aqressiv münasibətini Tuqay yaxşı anlayır...

Povestin əsas hissəsi Tuqayla akulanın ölüm-dirim savaşına, dostlarının Tuqayı tapmaq üçün uzun bir yol qət etmələrinə, Ana ilə Şəhlanın dəniz sahilinə gəlib Tuqayı axtarmalarına həsr olunur...

 ... İlk baxışda adama elə gəlir ki, Tuqayın akula ilə ölüm-dirim savaşında hovuzda saxlanılan kiçik bir balıq, yaxud qartal, ya alabaş nə edə bilər? Yazıçı akula ilə döyüşü çox sənətkarlıqla təsvir edir və bu döyüş povestin maraqlı səhifələridir: xüsusən, qartalın akula ilə döyüşü...

Kiçik balıq həlləedici anda əsas “işlərdən” birini görür: akulanın gözlərini “çıxarır”...

İnsanlığı hədələyən, onun varlığı üçün təhlükə törədən hər hansı bir “kənar gücə” qarşı ən kiçik canlı da əsas “işlərdən” birini görə bilər – təki bu canlılar arasında birlik, dostluq olsun...

İnsanın ən ümidsiz, çətin anlarında elə bir səbəb tapılır ki, o səbəbə görə insan özündə güc tapıb mübarizə aparmaq zorunda qalır. Tuqay üçün bu səbəb – Anası və Şəhladır...

... İnsanın bəzi hadisələr qarşısında çarəsizliyi, gücsüzlüyü üzücüdür: ölüm, sağalmaz xəstəlik, dağıdıcı – fəlakətli təbiət hadisələri... Dəniz, okean qarşısındakı gücsüzlük də belə hadisələrdəndir. Dənizin, okeanın (bəzən də səhranın) böyüklüyü, intəhasızlığı qarşısında (hərçənd ki, daxili dənizlərin dəqiq, kənar və adalararası dənizlərin və okeanların da şərti sərhədləri var) insan vahimələnir, çarəsiz görünür...

Erotika, vulqar leksikon və naturalizm həvəskarlarının ədəbi zövqlərinin yenidən formalaşması (və ya islahı) üçün dəyərli örnəklərdən biri də “Dəniz köçü” povest-pritçasıdır. Ana ilə Şəhla, Şəhla ilə Tuqayın münasibətləri o qədər gözəl təsvir olunub ki, bu, həqiqətən də klassikadır: “Üz-gözünü qara şala bərk-bərk bürümüş qaraltı gəlib yetişəndə ana onu gözlərindən tanıdı: bu, Şəhla idi!..

Ana qeyri-ixtiyari qışqırdı:

– Şəhla...

– Ana!

Qız həmişə “xala” – deyə müraciət etdiyi qadını, ilk dəfə idi ki, “ana” deyə çağırırdı.

Onlar bir-birinin üstünə atılıb qucaqlaşdılar. Sonra hər ikisi əl-ələ tutub hönkürdü: sanki qoşa simdə həzin-kövrək bir musiqi səslənirdi, bu, gözlənilməz sevinc və kədərin yaratdığı sirli bir ovqat idi.

Ana qızı çox da sorğu-suala tutmadı. Şəhlanın onun arxasınca gəlməsini bir yandan əsəbiləşsə , o biri yandan fərəhlənmişdi. Deməli, qız ananı sevirdi! Deməli, Şəhla Tuqayın yolunda hər bir çətinliyə sinə gərməyə hazır idi! Deməli, Şəhla anaya Tuqaya layiq bir qız idi...”

Digər bir yaddaqalan epizod Tuqayın ölümdən qurtarıb “dostları” ilə sahilə çıxması, Anası Şəhla ilə görüşdüyü epizoddur.

Tarixi mövzuda yazılmış əsər heç tarix deyil, elmi bədii təfəkkürün qarışığının məhsuludur, ancaq bu əsərlərdə tarix-faktlar, hadisələr, səbəb nəticələr... təhrif oluna bilməz.

...Firuz Mustafanın bütün qəhrəmanlari canlı, cevik, “ağıllıdır”.

Dəniz canavarı da “dərk” edir ki, onun əsas rəqibi insandır, ilk növbədə onu sıradan çıxarmaq lazımdır.

Bəzən müəyyən məqamlar olur ki, insan şüuru dərhal bir çıxış yolu tapa bilmir: o zaman ancaq özünüqorumaq haqqında fikirləşirsən, bəzən heç özünü qorumaq haqqında da fikirləşməyə macal olmur: onda, adi vaxtlarda əhəmiyyətsiz görünən canlıların da gücü kara gəlir...

Akula ilə Tuqayın “dostlarının” döyüş səhnələri o qədər təbii, inandırıcılıqla təsvir olunur ki, sanki yazıçı bu döyüşlərin şahidi, yaxud iştirakçısıdır...

Məncə, sənətin gücü elə budur!..

Akula əbədi vətəninə, “etibarlı səngərinə” – dənizə düşür, ancaq gözləri tökülmüş akula quduzlaşsa da müqavimət zəifləyir. Son zərbəni isə alabaş endirir: o, iti dişlərini akulanın boğazına ilişdirib geri dartınır “bayaqdan hiddəti yerə-göyə sığmayan, qəzəblə fınxıran dəniz canavarı kəsik-kəsik xırıldayıb kürəyi üstə çevrildi...”

Düşmənin birindən qurtaran Tuqay üçün ciddi bir əngəl var: tək avazla ağır qayığı sahilə aparmaq olmaz: yenə Tuqayın dostları köməyə çatır – onlar sahilə çatıb o biri avarı da gətirirlər...

... Firuz Mustafanın povestində yuxu epizodları da var. Yuxu ya keçmişi xatırladır, ya da gələcəkdə olacaqlardan danışır. Şəhlanın yuxaları işıqlı gələcəkdən xəbər verir. Ana da sonuncu dəfə qayıqda mürgüləyəndə qəribə bir yuxu görür: nəhəng dənizin üstü ilə iki nəfər əl-ələ tutub qaçır – sahilə doğru. Ana da sahildə dayanıb. Ana heyrətlənir: onlar dənizin üstü ilə qaçsalar da suda batmırdılar. Ana yuxuda da dua edir: “Tanrım, özün kömək ol...” Ananın duası yenə eşidilir: suyun üstü ilə qaçanlar – Tuqay ilə Şəhla qaçaraq sahilə çıxırlar ananı qucaqlayıb öpməyə başlayırlar. Ana necə xoşbəxt idi... Yuxuda su görmək – aydınlıqdır...

 “Köç” dedikdə bir yerdən başqa yerə köçən adam qrupu, qafilə nəzərdə tutulur. Firuz Mustafanın povest-pritçasının adı da “Dəniz köçü”dür. Bu əsərdə, belə demək mümkünsə, müxtəlif məkanlarda (suda, Yerdə havada) yaşayan fərqli canlıların birgə köçü təsvir olunur...

Qayıq – Yer kürəsidir. Ana, Şəhla, Tuqay onun “dostları” qayığın – Yer planetinin sakinləridir. Bu qayığı – Yer planetini hər cür təhlükədən birgə qorumaqla, həmrəyliklə xilas etmək olar. Əslində dəniz , okean da, hava da (müəyyən sərhəddə qədər) Yer planetinin bir hissəsidir: unutmayaq ki, Yer planetində yarıdan çox “sahə” suyun – dünya okeanının payına düşür. Ümumilikdə götürəndə akula da dənizin, okeanın sakinidir. Bəs üçün akula insana digər canlılara düşmən kimi baxmalıdır?

Heç Yer planetində yaşayan “Yer üzünün əşrəfi” adlandırılan insanlar da yola getmir...

qədər ki, dünyadakı bütün canlılar bir-birinə düşmən gözüylə baxacaqlar, həmrəy olmayacaqlar dünyanı (Yer planetini) təhlükələrdən, fəlakətlərdən qorumaq mümkün olmayacaq.

Yaşamaq üçün bir yol var: yaxşılıq etmək həmrəy olmaq...

Dediyimiz kimi, əsərin əks-sədası geniş yayılmışdır. Heç təsadüfi deyildir ki, ötən müddət ərzində “Dəniz köçü” müxtəlif dillərdə səkkiz dəfə nəşr olunmuşdur.

Rus yazıçısı Marina Xovanskaya (Yeni Zelandiyadan) yazır: “Olduqca əsrarəngiz bir əhvalatdır. Çox böyük bir ləzzətlə oxudum hətta, bu povesti bir bir kino əsəri- triler kimi təsəvvür etdim. Əsərdəki fikirlər mənim dünya haqqındakı təsəvvürlərimlə üst-üstə düşür. (...) Mən bu sözləri tamamilə ciddi bir şəkildə deyirəm.

P.S. Bu dünyada bu əsrdə qələmə alınan səviyyədə müdrik xeyirxahlıqla dolu hekayətlər yoxdur.

Bizcə, düzgün obyektiv qiymətdir. Bu cür əsərlərin sayı ədəbiyyatımızda o qədər çox deyildir.

 

 

Sabir BƏŞİROV,

fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 25 noyabr.- S.7.