Bir fotoşəkilin tarixçəsi

 

Arxasında yazdığım tarixdən məlum olur ki, bu fotoşəkil 1982-ci il noyabr ayının 17-də çəkilib və o zaman mən Yazıçılar İttifaqının katibi vəzifəsində işləyirdim, Mirzə İbrahimov isə rəhmətlik İmran Qasımovun vəfatından sonra yenidən – səhv etmirəmsə, dördüncü dəfə İttifaqın sədri vəzifəsinə gəlmişdi.

Bu fotonun necə çəkildiyi mənim yadımda deyil və mən hərdən qeydlər apardığım dəftərçələri nəzərdən keçirdim ki, bəlkə, həmin tarixdə nəsə yazmışam. Maraqlısı da bu oldu ki, mən doğrudan da o tarixdə qısaca qeydlər etmişəm və o qeydlər də, görünür, elə bu fotoşəkilin tarixçəsidir.

Köhnə dəftərçəmdəki həmin qeydləri olduğu kimi köçürürəm, yalnız bir nəfərin “filankəs” deyərək, adını çəkmək istəmirəm, çünki çoxdan haqq dünyasındadır.

Düz 29 illik bir keçmişdə qalmış həmin qeydlər bunlardır:

“Bu gün İttifaqın katibliyində “Ulduz” jurnalının müzakirəsi idi, birdən qapı açıldı və filankəs çox əsəbi halda içəri girdi, ağzı köpüklənə-köpüklənə, gözləri də hədəqəsinin içində fırlana-fırlana:

– Mirzə müəllim!- dedi.- Mən Elçindən Mərkəzi Komitəyə şikayət məktubu yazmışam! İndi oxuyacağam! Sizbilin burda yazılmış həqiqəti! Katiblər də bilsin!

Mirzə müəllimin: “Sakit ol, filankəs yoldaş!”- deyə yumşaq şəkildə onu sakitləşdirmək cəhdlərinə baxmayaraq, o, kabinetin ortasında ayaq üstə durub, eləcə ağzı köpüklənə-köpüklənə əlində tutduğu məktubu tələm-tələsik oxumağa başladı.

Az qala on il bundan əvvəl bu adamın yazdığı romanı parodiya adlandırmışam, çünki doğrudan da parodiyadan başqa bir şey deyil, o vaxtdan bəri yorulmaq bilmədən, böyük bir əzmkarlıqla mənim haqqımda dalbadal danoslar yazır: Moskvaya, MK-ya, KQB-yə. Yenə də eyni sözlər idi: Elçinin atası kulak oğludur, özü qatı “antisovetçik”dir, əvvəllər yazılarını atası yazırdı, indi də ələ aldığı cavanlar onun üçün yazırlar, tayfaçılıqla məşquldur, başına xunveybinlərdən ibarət qorxunc bir dəstə yığıb, kinlidir, onu tərifləməyənlərdən qisas alır, ədəbiyyatımızın ürəyinə xəncər soxurs.

Cabir:

– Belə olmaz axı, Mirzə müəllim...- dedi.

Yusif:

– Bi-i-a-a-abırçılıqdır!..- dedi.

Mirzə müəllim eyni soyuqqanlılıqla onlara:

– Xahiş edirəm, sakit olasız.- dedi, sonra ayağa qalxıb:- Filankəs yoldaş, qurtardın?- soruşdu.

Filankəs :

– Bəli, qurtardım!- dedi.

Mən ayağa qalxanda Mirzə müəllim:

– Elçin, sən danışma! Mənim səndən şəxsi xahişimdir!- dedi, sonra üzünü çox sərt şəkildə filankəsə tutdu: – Deyirsən ki, Elçin sənə qarşı qərəzlidir, ancaq özün başdan-başa qərəzli yazı yazmısan! Səndən kin-küdurət saçır, başa düşürsən?! Belə işlərlə məşqul olma! Ayıbdır! qədər yazmaq olar?! Ora yazırsan, bura yazırsan! Bəs deyil?! İndi isə necə içəri girmisən, eləcə çıx otaqdan!- barmağı ilə qapını göstərdi.

Deyəsən, filankəs Mirzə müəllimdən belə sərtlik gözləmirdi, bir az şaşırdı, sonra mənə baxdı, mən özümü saxlaya bilməyib, bir-iki yağlı söz dedim. Filankəs:

– Gördüz?! Gördüz?!- deyə çığırıb, hirslə qapını çırparaq, kabinetdən çıxdı.

Doğrusu, mən özüm həmişə təmkinli olan, əsəbiləşməməyə çalışan Mirzə müəllimdən belə bir sətlik gözləmirdim.

İclas qurtarandan sonra İttifaqdan Mirzə müəllimlə bərabər çıxdıq yaxşı hava olduğu üçün evlərinə qədər söhbət edə-edə piyada getdik.

Ayrılanda həmişəki özünəməxsus təbəssümlə gülümsəyərək:

– Belə şeyləri ürəyinə salma...- dedi.

17 noyabr 1982.”

O zaman Mirzə müəllimin 71 yaşı var idi. Bugün isə 100 yaşı tamam olur.

İllər ötür, xatirələr isə qalır yaşayır.

21 noyabr 2011

 

 

ELÇİN

 

525-ci qəzet.- 2011.- 25 noyabr.- S.7.