Sənətkarlıq paytaxtı – İsmayıllı

 

İSMAYILLININ İCRA BAŞÇISI NİZAMİ ƏLƏKBƏROV: “DÖVLƏT BAŞÇISI CƏNAB İLHAM ƏLİYEVİN DİQQƏTİ SAYƏSİNDƏ İSMAYILLI SON ZAMANLAR XEYLİ MÜASİRLƏŞİB”

 

Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı və “Turizm ili” çərçivəsində 2011-ci il üçün İsmayılı, Şabran və Lənkəran şəhərlərini müntəzəm olaraq, “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, “Azərbaycanın Əfsanələr Paytaxtı” və “Azərbaycanın Folklor Paytaxtı” elan edib. Məhz buna görə də Nazirliyin təşkilatçılığı ilə media nümayəndələrinin adıçəkilən rayonlara infoturları təşkil edilir.

İlk infotur noyabrın 22-də “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuş İsmayıllı şəhərinə təşkil olunub. Ölkənin aparıcı KİV nümayəndələrinin qatıldığı infotur çərçivəsində iştirakçılar rayon ərazisində yerləşən tarixi yerlərlə tanış olublar.

İlk olaraq bildirək ki, respublikamızın dilbər guşələrindən və turizm üçün əlverişli zonalardan biri olan İsmayıllı inzibati rayon kimi 1931-ci il noyabr ayında təşkil edilib. Demək olar ki, Azərbaycan təbiətinə xas olan bütün xüsusiyyətlər bu gözəl məkanda toplanıb. Rayon ərazisinin zəngin tarixi keçmişi var. Burada olan tarixi abidələr və keçmişimizə aid tapılan çoxsaylı maddi-mədəniyyət nümunələri İsmayıllının Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Rayonun sahəsi 2074 km², əhalisi isə 81 min nəfərə yaxındır. Bir şəhər (İsmayıllı), iki şəhər tipli qəsəbədən (Lahıc və Basqal) ibarət rayonun 108 kəndi var. İsmayılı 14 yanvar 1967-ci ildə şəhər statusu alıb.

 

Gənc istedadlar məkanı – Heydər Əliyev Mərkəzi

 

Səfər çərçivəsində ilk olaraq İsmayıllıda yerləşən Heydər Əliyev Mərkəzi ziyarət olunub. Qeyd edək ki, Heydər Əliyev Mərkəzi 2009-cu ilin oktyabr ayında istifadəyə verilib. Burada müxtəlif dərnəklər, eləcə də rəsm, şahmat, aviamodel dərnəkləri, elektron kitabxana, eləcə də müxtəlif kurslar fəaliyyət göstərir. Jurnalistlərə ilk olaraq Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillər, videorolik nümayiş edilib. Burada H.Əliyevlə bağlı ən müxtəlif kitablar, müxtəlif sənədlər öz əksini tapıb. Mərkəzdə bununla yanaşı Heydər Əliyev irsini araşdırma mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən komputer kursları rayon gənclərinə, tələbələrə, şagirdlərə kompüter biliklərini təmənnasız tədris edir. Kursu bitirənlərə Heydər Əliyev Mərkəzi adından diplomlar təqdim edilir. Burada təşkil edilən rəsm və digər dərnəklərdə isə iştirakçılara bütün şərait yaradılaraq, gənc istedadların formalaşmasına yardım edilir. Mərkəzdə yerləşən kitabxanada 5000-dən artıq kitab var. Bununla yanaşı, mərkəzdə elektron kitabxana fəaliyyət göstərir ki, buradan da dünya kitabxanasına çıxış mövcuddur. Qeyd edək ki, mərkəzdə 36 dildə ümummilli lider barəsində yazılmış kitablar saxlanılır.   

 

“Dövlət başçısının diqqəti sayəsində İsmayıllı daha da inkişaf edib”

 

Daha sonra Mərkəzdə rayonun icra başçısı Nizami Ələkbərovla görüş keçirilib. N.Ələkbərov dövlət başçısı İlham Əliyevin İsmayıllıya böyük diqqət ayırdığını bildirib. O, bu diqqət nəticəsində İsmayıllının xeyli inkişaf etdiyini qeyd edib: “Həqiqətən də, dövlət başçısı cənab İlham Əliyevin diqqəti sayəsində İsmayıllı son zamanlar xeyli müasirləşib. “Sənətkarlıq paytaxtı” çərçivəsində İsmayıllıda xeyli işlər, tədbirlər görülüb. Biz də İcra Hakimiyyəti olaraq bu işləri həyata keçirmək üçün əlimizdən gələni əsirgəmirik. Lahıc qəsəbəsində buranın tarixi memarlıq üslubuna xas olmayan tikililər var idi, biz bunların qarşısını aldıq. Və oradakı bütün yeni tikililəri qəsəbənin memarlıq üslubuna uyğunlaşdırdıq. Bütün bunlarla yanaşı İsmayıllı etnik baxımdan da müxtəlifdir. Burada müxtəlif xalqların nümayəndələri bərabər səviyyədə, başqa sözlə desəm, bir ailə şəklində yaşayırlar. Fikrimcə, bu tolerantlığın mühüm nümunələrindən birdir. Digər mədəniyyət mərkəzimiz olan Basqal qəsəbəsində min illər yaşı olan ənənəvi sənətkarlıq geriləməkdə idi, ancaq biz dövlət başçımızın sərəncamı ilə bunun qarşısını aldıq və qəsəbənin tarixi dəyərlərini özünə qaytardıq”.

Hər il İsmayıllıya çoxsaylı turistlərin gəldiyini diqqətə çatdıran icra başçısı yeni otellərin, istirahət mərkəzlərinin tikildiyini dilə gətirib. O, ötən il ərzində Lahıca 30, ümumilikdə İsmayıllıya isə 60 mindən artıq turistin təşrif buyurduğunu vurğulayıb. N.Ələkbərov gələn il turistlərin sayını daha da artırmaq məqsədilə müxtəlif sahələrdə iş apardıqlarını deyib. Rayonun sənətkarlıq nümunələrini respublikada keçirilən sərgilərdə nümayiş etdirdiklərini də qeyd edən icra başçısı bunların böyük əhəmiyyətinin olduğunu söyləyib: “Bütün bunlar turizm baxımından çox əhəmiyyətlidir. Çünki turistlər Lahıca, Basqala, bizim sənətkarlıq nümunələrimizə həddindən artıq maraq göstərirlər. Artıq sənətkarlıq nümunələrimiz xaricdə də nümayiş edilir. Bu yaxınlarda Vyana şəhərində bir sənətkarımızın hazırladığı məhsullar nümayiş olunub. Bütün bunlar Azərbaycanın, ümumiyyətlə bütün mədəniyyətimizin tanıdılmasında mühüm rol oynayır. Hesab edirəm ki. Lahıc qəsəbəsinə avtomobil yolunun çəkilməsi bura turist axınının daha da artıracaq. Biz bundan sonra da rayonun tarixi sənətkarlıq nümunələrinin yaşaması üçün əlimizdən gələni edəcəyik”.

Sonra Heydər Əliyev adına Mədəniyyət Evi ilə tanışlıq olub. Burada İsmayıllı aşıqlarının iştirakı ilə konsert proqramı nümayiş edilib.

Bundan sonra media nümayəndələri Heydər Əliyev parkı ilə tanış olublar. 2009-cu ildə yenidən qurulan parkda Yaponiyanın ölkəmizdəki səfirliyinin inşa etdirdiyi dostluq bağı da salınıb.

 

Eramızdan əvvəl III-I əsrlərə aid kərə yağı

 

Daha sonra media nümayəndələri Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. 1981-ci ildən fəaliyyət göstərən muzeydə 2700-dən artıq eksponat qorunub saxlanılır. Muzeyin direktoru İkram İsmayılovun sözlərinə görə, bu eksponatların əksəriyyəti eradan əvvələ aid tarixi mədəniyyət nümunələridir. Diyarşünaslıq muzeyində bir-birindən qədim tarixə malik olan eksponatlar yer alıb. Burada eramızdan əvvəlki dövrə aid gil qablar, süzgəclər, müxtəlif məişət əşyaları, fincanlar, əczaçılıqda istifadə edilən qablar, qadın bəzəyi, kəlağayılar, bilərziklər, eləcə də toxa, xış tipli kotan və başqa eksponatlar nümayiş olunur. Muzeydə saxlanılan nadir tapıntılardan biri isə eramızdan əvvəl III-I əsrlərə aid kərə yağıdır. Bu tapıntı bir neçə il qabaq Mollaisaqlı kəndində tapılıb.

İ.İsmayılov rayon ərazisində bir çox digər abidələrin olduğunu qeyd edib. O, Cavanşir, Girdiman, Qız qalasının və bir çox digər qalaların baxımsızlıq üzündən dağıldığını diqqətə çatdırıb.

Nəzərinizə çatdıraq ki, Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsi əsasında İsmayıllıda Xalq Yaradıcılığı Klubu yaradılıb. Layihə çərçivəsində Lənkəranla yanaşı, İsmayıllının klub mədəniyyət evlərinin mərkəzləşdirilməsi və profilləşməsi nəzərdə tutulur. Məhz KİV nümayəndələri pilot layihə əsasında görülən işlərlə tanış olublar. Etnik hapıtlılardan ibarət olan Hapıt Folklor Kollektivinin ifasında musiqi nömrələri dinlənilib.

Azərbaycanda yeganə kolxoz olan İvanovka kəndinə təşkil edilən səyahət çərçivəsində isə kənd mədəniyyət evində ruslardan ibarət İvanovka Folklor Kollektivinin ifaları nümayiş edilib.

 

Milli qadın baş örtüyü –kəlağayı

 

Daha sonra iştirakçılar Basqal Tarix Mədəniyyət Qoruğuna gedərək, burada fəaliyyət göstərən “Kəlağayı” ipək muzeyinin fəaliyyəti ilə tanış olublar. Media nümayəndələri burada kəlağayı hazırlanması prosesi ilə tanış olublar. Muzeydə diqqəti cəlb edən məqamlardan biri burada ipək ustalarının şəcərəsinin yer almasıdır. Muzeydə bir çox abidələrlə yanaşı, müxtəlif dövrlərə aid kəlağayılar, ipəklər nümayiş edilir. Bütün bunlarla yanaşı, muzeydə bir neçə yüz illik tarixi olan ipək istehsal edən makina da yer alıb. Habelə tarix boyu Basqal sənətkarlarının ticarətlə məşğul olduğu ölkələrin adları və ticarət dövriyyəsi də saxlanılır. Bütün bunlar böyük bir xəritədə yer alaraq muzeydə qorunur.

Kəlağayı sexi ilə tanışlıq da kifayət qədər maraqlı və yaddaqalan olub. Burada istehsal olunan hər bir kəlağayı yalnız əl əməyi sayəsində ərsəyə gəlir. Yəni Basqal kəlağayılarının istehsalı zamanı heç bir müasir texnikadan istifadə edilmir. İlk olaraq taxtalar döyülür, daha sonra onlar böyük qazanda qaynadılır və rənglənir.

Kəlağayı ustaları bu işin əhəmiyyətindən danışaraq, baş örtüyünə tələbatın bir o qədər də çox olmamasından şikayətləniblər. Hər il buraya çoxsaylı turistlərin gəldiyini xatırladan ipək ustaları onların kəlağayıya azərbaycanlılardan daha çox maraq göstərdiyini deyiblər. Bu sənətin son zamanlar tənəzzüldə olduğunu qeyd edən ipəkçilər, davamçılarının olmamasından və gənclərin bu sənətə marağının az olmasından gileyləniblər.

Bu, danılmaz bir faktdır ki, tarix boyu İsmayıllının Basqal kəndi kəlağayısı ilə məşhur olub. Orta əsrlərdən Basqalda hər evdə kəlağayı hazırlamaq üçün dəzgahlar qurulurmuş. Basqal kiçik kənd olsa da, qədim ticarət mərkəzi olub. Burada hamı uşaqdan böyüyə qədər bütün ailə kəlağayının hazırlanmasında iştirak edirdi. Biri toxuyur, biri boyayır, biri ipək sarıyırdı. Qeyd edək ki, Basqal kəlağayısı 1870-ci ildə Londondakı sərgidə gümüş medal qazanıb. İndinin özündə də bu kənddə nişan aparanda xonçaya ilk olaraq kəlağayı qoyurlar. Həqiqətən mili qadın baş örtüyü olan kəlağayının böyük anlamı var. Kəlağayı müxtəlif ölçüdə və müxtəlif rəngdə olur. Onlar kənarlarında (yeləni) və mərkəzində (xonça), adətən nabati və geometrik ornamentlərlə bəzədilir. Xalis ipəkdən toxunan və basmanaxış (isti batik) üsulu ilə hazırlanan kəlağayılar 100 illər boyu bütün ölkədə geniş işlənir. Keçmişdə gəlin və qızlar kəlağayıdan “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” kimi istifadə edirdilər. Müasir dövrdə kəlağayını çiyinə atılmış şal, eləcə də pareo və ya ponço və başqa vasitə kimi işlədirdilər. Ən dəyərli kəlağayılar 6 və ya 7 rəngli kəlağayılardır. Bu cür və digər növ unikal kəlağayılar Azərbaycanın şimal-qərbində – məhz elə bu ipək mərkəzində hazırlanır.

 

Tolerantlığın İsmayıllı örnəyi

 

İsmayıllı da olan zaman diqqəti daha çox özünə cəlb edən məqam ən müxtəlif xalqlardan ibarət olan əhalinin bərabər şəkildə yaşaması oldu. Bununla İsmayıllı təkcə bizim üçün deyil, eyni zamanda bütün dünya üçün tolerantlıq nümunəsi olduğunu isbatlayır. Sözün həqiqi mənasında müxtəlif xalqların nümayəndələri ailə şəkilində yaşayır. Bura həqiqətən çalışqan və mehriban insanların məskənidir. Onlar əsrlərdən bəridir bu torpaqda birgə yaşayır və yaradırlar.

 

Tarixi abidələrlə zəngin məkan

 

Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri hələ də qorunub-saxlanılmaqdadır. Rayonun ərazisində olan yurd yerlərindən tapılan daş alətlər, daş çapacaqlar, bıçaqlar, nizə ucluqları, ox ucluqları, məişət əşyaları bu ərazidə hələ daş dövründə insanların yaşadıqlarını sübut edir. Bu rayonda əhali ata-babaları kimi indi də sənətkarlıqla məşğul olurlar.

Rayon ərazisində Azərbaycan tarixi üçün böyük əhəmiyyəti olan tarixi abidələr kifayət qədərdir. Burada XI-XII əsrlər Lahıcda yerləşən Girdiman qalası, Sulut kəndində XII əsrə aid Fit dağı (Qırxotaq), Zeyvə kəndində XIX əsrə aid Türbə, həmçinin müxtəlif dövrlərə aid məscidlər var. Habelə Talıstan kəndində VI-VII əsrlərə aid Cavanşir qalası, Xanagah kəndində VIII əsrə aid Qız qalası, eləcə də Xan qalası (XVIII əsr), Qasımxan qalası (IX-XIV əsrlər. XVIII əsrdə Şamaxı xanı Mustafa xanın əmisi Qasım xan tərəfindən bərpa edildiyi üçün Qasımxan qalası adlanır), habelə eramızdan əvvəlki dövrlərə aid qədim yaşayış yerləri, qəbiristanlıqlar, abidələr müxtəlif tarixi yerlər var.

Qeyd edək ki, Girdiman qalası əsası VII əsrdə qoyulmuş qədim Qafqaz Albaniyasının Girdiman vilayətinin mərkəzinin – indiki Lahıc qəsəbəsinin olduğu güman edilir. Qala rayon mərkəzindən 37 km şərqdə Girdiman çayının sol sahilində yerləşir. Erkən orta əsrlərdə Girdiman vilayətinin, daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla bərabər, eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası olub.

İsmayıllıda yerləşən ən mühüm abidələrdən biri də Cavanşir qalasıdır. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilən qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağca çayın sağ sahilində yerləşir. Əsas hissə və “içqala”dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla “içqala” dağın ən hündür yerində tikilib. Qalanın şimal qurtaracağında eni 2 m, uzunluğu isə 50 m olan divar çıxıntı var. Divar silindirvari bürclə tamamlanır. Müdafiə istehkamıdır. Qaladan təqribən 7 km məsafədə yerləşən “Qız qalası”na yeraltı yolun olması güman edilir. Qalanın həyətində heç yerdə tapılmayan nadir güllər və bəzək ağacları bitir. Qalanın qərb divarları sürüşmə nəticəsində uçub dağılıb. Sahəsi təqribən 2 ha-dır. Qalada diametri 8 m-ə çatan 6 bürc var. Qalaya getmək üçün Talıstan kəndinə qədər avtomobillə, kənddən qalaya qədər olan 4 km. məsafəni isə piyada və ya atla qət etmək lazımdır. Cavanşir qalasının tam sxemini ilk dəfə olaraq 1963-cü ildə coğrafiya elmləri doktoru, professor Ramazan Tarverdiyev bussol planaalma yolu ilə tərtib edib.

 

Azərbaycanın sənətkarlıq mərkəzi – Lahıc

 

Rayonun Lahıc qəsəbəsi bütün orta əsrlərboyu Azərbaycanın mühüm sənətkarlıq mərkəzi olub. Bu qəsəbədə 1980-cı ildə yaradılmış Tarix və Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq ərazisində 93 ədəd tikili tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22-i isə müxtəlif təyinatlı tikililərdir. Qoruğun ərazisi 80 hektardır. Lahıc – Bakı – Laqodexi şossesinin 163 km-dən şimali şərqə 27 km məsafədə yerləşir.

Demək olar ki, Lahıc ustalarının sənətkarlıq məhsulları Azərbaycanın sərhədlərindən çox uzaqlarda da tanınıb. Burada inkişaf etmiş sənətkarlıq sahələrinin önündə misgərlik durur. Bəlkə də dünyanın heç bir guşəsində misgərlik Lahıcdakı qədər inkişaf etməyib. Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən xam mis alaraq dəvə karvan ilə Lahıca yola salırdılar. Tarixən Lahıc sənətkarlarının hazırladıqları məhsulları almaq üçün tacirlər arasında güclü rəqabət olub. Hazırda Lahıcda tarixi sənətkarlıq nümunələrindən 8-10 sənət növü yaşayır. Xarici diyarlardan – Hələbdən, İstanbuldan, Avropa şəhərlərindən də Lahıca mis gətirilirdi.

Sənətkarlar aldıqları misi əridir, onu saflaşdırır, xüsusi qəliblərə tökürdülər. Misin yumşaq olması üçün ona müxtəlif qatqılar əlavə edirdilər. Misgərlik emalatxanaları sənətkarlıq baxımından mükəmməl idi. Orada sənətkarlıq məhsullarının hazırlanması üçün lazımi avadanlıqların, alətlərin keyfiyyəti ən yüksək səviyyədə idi. Alətlərin, demək olar ki, hamısı Lahıcda hazırlanırdı. Mis qabları qalayçılar qalayla ağardırdılar. Burada qalayçılıq da ayrıca peşə idi.

XVII-XVIII əsrlərdə mis qablara tələbat çox olduğundan onların qiyməti baha olub. Lakin XIX əsrdə fabrik-zavodlarda müxtəlif qabların istehsalı genişləndiyindən mis qablara tələbat azalıb, onların qiymətləri aşağı düşüb. Sonrakı dövrlərdə Lahıcda misgərlik tənəzzül etsə də, tamamilə sıradan çıxmadı. Burada həmin sənəti yaşadan sənətkarlar indi də hörmətə layiqdirlər. Lahıcda dəmirçilik də inkişaf etmiş sənət sahələrindən olub. Dəmirçilər əsasən təsərrüfat işləri ilə bağlı alətlər, iş heyvanları üçün nal, mıx hazırlayırdılar. Lahıc dəmirçilərinin hazırladığı alətlər öz keyfiyyəti ilə digər yerlərdə hazırlanan alətlərdən fərqlənirdi. Dəmirçilik sənəti də hazırda Lahıcda yaşadılır.

 

 

Aqil LƏTİFOV

 

525-ci qəzet.- 2011.- 25 noyabr.- S.6.