“Bu dünyada
insanın aşiq kimi xatırlanması qədər gözəl
nə ola bilər?!”
İSGƏNDƏR PALA İLƏ
DİVAN ƏDƏBİYYATI VƏ EŞQ HAQQINDA SÖHBƏT
Söhbətləşdi: Birol
BİÇER; Azərbaycan türkcəsinə
uyğunlaşdırdı: Seyfəddin HÜSEYNLİ
– Necə
bilirsiniz, divan ədəbiyyatı və mədəniyyətimizin
keçmişi bugünün insanlarını
doğrudanmı maraqlandırır?
– Bu, bir rüzgardır. Bunun bir qolu divan ədəbiyyatı, başqa bir qolu tarix, digəri də klassik incəsənət və mədəni dəyərlər üzərindən əsir. Tarix və onunla bağlı hər şey indiki dövrün insanlarının önündə bir problem kimi dayanmaqdadır. Bu problem insanların öz kökləri, keçmişləri, mədəni sərvətlərilə birgə gələcəyə gedərkən tarixə söykənmələri zərurətini ortaya qoyur. Heç şübhəsiz, divan poeziyası Osmanlı dövrünün mədəni məntiqini, ictimai həyatını, din və dil mənzərəsini, duyğular aləmini əks etdirir. Atalarımız poeziyanı nəsrdən önəmli saydıqları üçün əksər mətləbləri şeirlə ifadə ediblər. Buna görə də məhz divan ədəbiyyatı tarixlə bağlı xronoloji bilgiləri daha da dolğunlaşdırıb, onlara maraqlı rəng və biçim verib. Bu baxımdan, divan ədəbiyyatı həm də bizim insanın özünü tanımasına yol açır. Bugünə qədər divan poeziyasının bəlli bir diktəylə arxa plana keçirildiyini nəzərə alsaq, indiki dövrün insanının yenidən divan ədəbiyyatına üz tutmasına çox təbii baxıram. İki səbəbi var bunun: birincisi, öz keçmişini öyrənmək məqsədilə bu sahəyə baş vuran insanlar divan ədəbiyyatında gülümsər bir sima ilə, poeziyanın ağlasığmaz gözəlliyi ilə qarşılaşırlar. İkincisi də, qarşısına bu məqsədi qoyanlar mütləq bunun bir yolunun da divan şeirindən keçdiyi qənaətinə gəlirlər. Mən 30 ildir ki, “Divan poeziyası saatı” aparıram, insanlara divan şeirindən söz açıram. Bu 30 ildə gəlib çıxdığımız nöqtə qətiyyən əhəmiyyətsiz sayıla bilməz. 30 il əvvəl cəmi 5-6 nəfər qatılırdısa o “saatlar”a, 80-ci illərin ortalarında 15-20 nəfər oldu, 90-cı illərdə isə artıq yüzlərlə insan vardı. Divan poeziyası, mənim müşahidə edə bildiyim qədərilə, dövrümüzün insanlarını təsirləndirə bilir. Fakültələrin sayı artdıqca bu sahə təhsildə daha çox yer tutmağa başlayıb. Bugün divan şeiri üstünü kül-torpaq örtmüş qiymətli incini xatırladır. Sanki manqalın içərisində köz var, amma sönük görünür: üzərindəki küllər sovrulub gedən kimi o közün qızılı rəngi və hərarəti yenidən üzə çıxır. Divan poeziyası da belədir.
– Ümumilikdə, insanların anlamadıqları, ağız büzdükləri bir sənət idi divan ədəbiyyatı. Onu necə sevdirə bildiniz?
– Bu, uzun bir proses oldu. Mən onu kiməsə sevdirmək üçün çıxmamışdım bu yola. Məqsədim bu deyildi. Ancaq ağlıma belə bir fikir gəlmişdi ki, mən başa düşdüyüm üçün gözəl sayıram, sevirəm bunu, yəqin ki, başqaları da anlasalar, sevə bilərlər. Divan ədəbiyyatının gözəlliyini çatdırmaq üçün müxtəlif cəhdlər göstərdim, yeri gəldikcə söhbətlər apardım, məqalə, hekayə, roman yazdım. Müzikldən belə, bir çox vasitəyə əl atdım. Yəni mən əsən rüzgarın qabağına düşdüm, onun gücüylə yelkənləri daha geniş açmağı bacardım. Düşünürəm ki, bu sahədə az iş görməmişəm. Mən özüm üçün bir cəhəti aydınlaşdırdım ki, insanlar əylənməyi öyrənməkdən üstün tutduqlarına görə onları əyləndirərək maarifləndirmək lazımdır. Beləliklə, işə kino, müzikl, teatr elementləri də əlavə edildi və bu yolla insanların diqqətini çəkmək mümkün oldu. Yəni, ilk növbədə, “bu dövrün insanına nəyi hansı yolla daha asan öyrətmək mümkündür” sualına cavab tapdım. Bir ara hekayələr dəbdəydi, sonra tarixi romanlar mərhələsi gəldi. İndi isə divan ədəbiyyatından qaynaqlanan ssenarilər zamanıdır. Məncə, bu mövzuda serial mətnləri yazılmasının əsl vaxtıdır indi. Bu mövzunu insanlara seriallarla, iri afişalarla çatdırmaq gərəkdir. Füzulidən, Qalibdən, Nədimdən bəzi şeirləri bu şəkildə gündəmə yeritmək lazımdır.
– Günün tələbinə uyğun təqdimat seçilməlidir demək istəyirsiniz, eləmi?
– Televiziyalardan mənə bu mövzuda proqram təklifləri gələndə baxırdım ki, hamı çəkilişlərin Süleymaniyyə Kitabxanasında, Divan Ədəbiyyatı Muzeyində aparlımasını məsləhət görür. Mən razı olmadım. Burdan belə məna çıxacaqdı ki, guya divan poeziyası ancaq tarixə aiddir, muzeylikdir. Halbuki divan ədəbiyyatı bugünə, bugünün insanına da çox söz deyə bilər. Ona görə də, yeri gəlsə, belə verilişləri Laylada çəkmək lazımdır. Qoy insanlar görsünlər ki, Ak Mərkəzin dəbdəbəsi fonunda da divan poeziyasından danışmaq mümkündür. Mən divan ədəbiyyatını insanlara çatdırarkən bu cür üsullardan istifadə elədim. Gördüm ki, divan şeirinə bələd olmağa başlayan hər kəs onu sevir. Yəni bizdə əsas əngəl – tanıtma, təqdimat problemidir. Bir inciyə toxunmağı, onu əlinə götürüb baxmağı hər kəs istəyər, təki siz onun üstündəki külü, tozu üfürüb təmizləyin.
– Divan
poeziyası şəxsən Sizə nə verir? Daha çox hansı şairlər yaxındır Sizə?
–
Çox şair var ki, onları artıq özümə dost
bilirəm. Yəni çox yaxınam onlara.
Hansınınsa bir şeirini oxumağa
başlayan kimi ardının necə gələcəyini yəqin
edə bilirəm. Elə bil, yazarkən
başlarının üstündəymişəm. Yazanın nə ilə nəfəs
aldığını, necə yaşadığını,
hansı dünyanın insanı, hansı düşüncənin
sahibi olduğunu öyrəndikcə şeirin qapıları
adamın üzünə açılır. Divan şeiri uzun bir yol keçib gəlib. Bu göy qübbəsinin altında deyilməmiş
söz qalmayıb. Əslində hər kəs
o birinin dediyini deyir. Amma biri təpədən,
o birisi dəniz sahilindən baxaraq seyr edir dünyanı, biri
Günəş doğarkən, digəri aylı bir gecədə
qoşur öz şeirini. Belə baxanda, hər
kəsin nə deyəcəyi bəllidir. Məsələn,
qəzəl yazacaqsa, qadından, eşqdən, şərabdan,
gözəllikdən bəhs edəcək. Ancaq Nədimdə qəzəl şuxanə, Bakidə
rindanə, Nabidə həkimanədirsə, Füzulidə daha
duyğulu, daha lirikdir, Nəfinin qəzəlinə isə qəhrəmanlıq
ruhu hakimdir. Bunlar həmin şairlərin
şəxsi xarakterinin əsasında dayanan cəhətlərdir.
Bu şairlərdən ən çox Füzuli təsirləndirir
məni. Təbii ki, onun ardınca Şeyx
Qalib, Naili, Nişati gəlir, sonra da Nədim.
– Ənənəvi
qaydada – “hamısı eyni mövzuları qələmə
alıblar, ictimai motivlərə yaxın getməyib, mücərrədliyə
qaçıblar” şəklində tənqid olunur divan
şairləri...
– Divan
poeziyası bütövlükdə mücərrədliyi ifadə
edir. Amma onları bizə çatdırmaq
üçün konkret, real nümunələr verir. Divan şeirini könül maraqlandırır. Bununla belə, könüldəki halları izah etmək
üçün “görün quşlar necə cəh-cəh
vurur, gəmilər dənizdə nə cür yellənir...”
tipli, zahiri aləmə xas olan bənzətmələrə əl
atır. Bununla da təbiətdəki,
çiçəkdən böcəyə qədər, hər
şeyi bir araya gətirir ki, könüldə
yaşananları, oradakı duyğuları bizə
çatdıra bilsin. Əslində
şeirin mövzusu mücərrəd olmalıdır. İnsan –mücərrədliyi konkretliyindən daha əhəmiyyətli
olan bir varlıqdır. İnsan
qarnını doyuraraq adi bir ləzzət alır, ancaq onun qəlbi,
ruhu, beyni qidalananda bundan qat-qat üstün hisslər
yaşayır. Yemək ancaq bədənimizi
inkişaf etdirə bilər. Halbuki əsas
məqsəd ruhumuzu, könlümüzü, qəlbimizi
inkişaf etdirməkdir. Divan şeiri buna
çalışır. Hətta bu
mövzunun dərinliyi üzündən bəziləri “Divan
poeziyasında sosial motivlərə yer verilməyib” kimi
yanlış gümanlara düşüblər. Divan şairləri – zahiri dünyada gördüklərini
mənəvi aləmdə əks etdirmək üçün
davamlı cəhdlər göstərən yaradıcı
adamlardır.
– Eşq
mövzusuna keçmək istəyirəm, amma necə, haradan
başlayım, bilmirəm...
– Onda elə
birbaşa mətləbə keçək. Eşq,
bugünkü ümumi düşüncə tərzinə xas
olduğu kimi, cinsi amillə əlaqələndiriləsi bir
şey deyil. İndinin eşq
anlayışı iki insan arasındakı münasibəti
ehtiva edir. Halbuki eşq bundan çox-çox ali bir məfhumdur. Əflatunun təbirincə,
yalnız bir eşq var, amma onun təzahürü minlərlədir.
İnsanların sayı qədər müxtəlif
eşqdən və onun də fərqli dərəcələrindən
söz açmaq olar. İrfani, sufiyanə,
məcazi, bəşəri, əşyavi və başqa bu kimi
neçə növ eşqdən, onların da ayrı-ayrı
dərəcələrindən bəhs etmək
mümkündür. Bunların heç birində
bilavasitə iki adamın münasibətindən söhbət
getmir. Hamısı təktərəfli
münasibətə əsaslanır. Buna
görə də eşq – fərdi, təktərəfli
anlayışdır və “özgə, o biri”
anlayışını rədd edir. Eşq,
əslində ikinin bir olmasıdır. Bu, müsbət
bir enerji hesabına həmin “o biri”ni də
təsirləndirərək əhatə dairəsinə
çəkə bilməkdir. Mən divan
şeirinin nəzərdə tutduğu eşqin mahiyyətcə
daha dərin olduğu və bugünlə əlaqələndirilərsə,
insanlara daha çox təsir edə biləcəyi qənaətindəyəm.
Bugünün insanı üçün eşq
– qadın-kişi münasibətləridir. Bizdən 15 nəsil əvvəl yaşamış əcdadımız
isə eşqə kainatın əsası və sirr kimi
baxırdı. Onlar üçün
eşq – hər şeydən əvvəl mövcud olandı,
ilk kəlmənin – Kün (Ol) əmrinin kökündə də
eşq dayanırdı. Allah tanınmaq və
sevilmək üçün kainatın yaradılmasını
istəyib və buna zəmin hazırlayıb. Allah o gündən sonra yaratdığı hər
bir varlığa öz gözəlliyindən bir azca bəxş
edib. Sadəcə, bir göz
qırpımı qədərincə onun gözəlliyini
görə bilmişik. Biz həmin gözəlliyi
gördüyümüz anda o bizdən soruşub: “Ələstü
birəbbikim – Mən sizin Rəbbiniz deyiləmmi?”
Hamımız birağızdan: “Qalu bəla – Bəli, Rəbbimizsən”
– söyləmişik. Burda “bəla” kəlməsi
var. Eşqlə bəlanın bağlılığı o
andan başlayıb. Çünki eşq
ayrılıqla, sıxıntıyla artır, hicranla, həsrətlə
qidalanır, bunların sayəsində eşqə
çevrilir. Eşq həsrətsiz olmaz... Məcnunun, Fərhadın,
Kərəmin eşqi belədir. Keçmişdə bunu
şam və pərvanə arasındakı
bağlılıqla ifadə ediblər: pərvanə
şamın işığını görən kimi onun ətrafında
fırlanmağa başlayır. Füzuli bunu belə
izah edir ki, eşq odu məşuqdan aşiqə keçər,
şam özü yanmadan pərvanəni yandırmaz. Yəni sevilənin özündə bir işıq
olmalıdır ki, sevən də o işığa gəlsin.
Pərvanənin şamın başına
dolanaraq get-gedə ona yaxınlaşması, nəhayət,
alovu qucaqlamaq cəhdi eşqin ilk təması kimidir. Alova toxunanda qanadının ucu yanır, əzab
çəkir. Bu əzabın,
ağrının təsirilə bir anlıq geri çəkilsə
də, yanmağını çox tez unudur. Təkrar həmin
şövqlə qanadlarını açıb şamı
qucaqlayır və alova bürünür. Bu,
aşiqin eşq yolunda özünü fəda etdiyi andır.
Belə bir fədakarlıq iztirab və ələm
gətirdiyi qədər ləzzət də yaşadır.
Pərvanənin o anda duyduğu əzab həm də
onun üçün bir ləzzət mənbəyidir. “Dərdlərdən zövq alıram, Mən nəşəni
neynirəm” deyilən şərqi də bu duyğuların
ifadəsidir. Eşq ağrıyla,
gözyaşı və qəlb yanğısıyla artır,
böyüyür. Bu isə həsrətlə
düz mütənasibdir. Həsrət nə
qədər uzun çəksə, vüsal o qədər
şirin olar. Mən bəzən tələbələrimə
deyirəm ki, bir ara
telefonlarınızı bağlayın, sizi axtaran adam elə dərhal
tapmasın, bir az narahat olsun, darıxsın. Gerçək
eşqi bu yolla üzə çıxarmaq olar. Əgər bezikib axtarmayacaqsa, qoy getsin, ondan həqiqi
aşiq çıxmaz. Eşq hər nə
qədər fərdi, təktərəfli olsa da, onun odu təkcə
aşiqi yox, məşuqu da yandırır. Pərvanə alışanda şam yanıb ərimir
məgər? Şamın bağrına od
düşür, yandıqca da əriyərək
gözyaşı axıtmağa və daha çox yanmağa
başlayır. Su ilə od adi vaxtda
bir-birinin əleyhinədirsə, belə məqamda eşqin təsirindən
biri o birinin artmasına, güclənməsinə səbəb
olur. Yanğın artdıqca gözyaşı
çoxalır, gözyaşı axdıqca da yanğın
güclənir. Bu məqamda pərvanə
özünü şamın alovunda yox edir. Eynən, bəndənin
Allahda yox ola bilmək üçün vəhdət
halına yüksəlməsi kimi. Müqəddəs
hədislərin birində “Bəndəm mənə doğru
yeriyərək gəlsə, mən ona doğru qaçaraq gedərəm”
– deyilir Allahın adından. Kainatın
özü eşqdən ibarətdir. Eşq
gerçəkdir, qalan hər şey boş sözdür.
Aşiq – gözəl bir addır. Bu
dünyada insanın aşiq kimi xatırlanmasından gözəl
nə ola bilər?!
– Eşq
haqqında həm keçmişdə, həm də yeni
dövrdə çox söz deyilib və deyilməkdədir. Onlardan hansı doğrudur, hansılar səmimi
deyilib, bunu necə ayırd eləyə bilərik? Əsl
aşiq kimdir və gerçək eşqi kim
yaşayır?
– Ədəbiyyatda əksini tapan eşqlərdən
hansının saxta olduğunu asanlıqla anlaya bilərsiniz. Eşqdən
bəhs edən romandakı, şeirdəki, hekayədəki eşqlə
bağlı ifadələrin və bu əsərlərin
müəlliflərinin dürüst, səmimi
olub-olmadığının meyarı
gözyaşıdır. Oxuduğunuz sizi
ağlada bilirsə, deməli, onu gözyaşları içərisində
yazıblar. Heç şübhəsiz,
dediklərini dərindən anlaya bilsəniz, Füzulinin əksər
şeirlərində öz başınıza gələnləri
gördüyünüz üçün
ağlayarsınız. Sizi Füzulinin beytlərimi
ağladır? Xeyr! Sizi ağladan o beytlərin
zehninizdə açdığı pəncərələrdən
gördüklərinizdir. Bu meyarı
bütün əsərlərə tətbiq edə bilərsiniz.
Qızılın əyarını müəyyən
etmək üçün məhək daşı olduğu
kimi, eşqin ifadəsi üçün də meyar
gözyaşıdır. Oxuduqca ciyərimizə od salan, içimizi sızıldadan sətirlər
onları yazan adamın da içinin yanmasından xəbər
verir. Könlünü açmayana könül
açmazlar. Hər kəsdə heyrət
doğuran möhtəşəm bir əsər yaratmaq olar.
Amma həmin əsər onu oxuyanları
ağladarmı? Yox. Fərq
də elə bundadır.
–
Bugünkü şairlərin yazdıqlarına nəzər
yetirəndə eşqin heç düz-əməlli təsvirini
də görmürük. Keçmişdə isə
eşqi çox fərqli səviyyələrdə tərənnüm
ediblər. İndi niyə alınmır
bu?
– Bu da
olacaq. Məsələn, ola bilsin, mən
Füzulinin nəvəsiyəm, siz isə Bakinin. Genlərimiz eynidir. Amma bizdə o
qədər geniş qavrama zəmini yoxdur. Belə məhdud zəminlə isə eşqi tam dərk
etmək olmaz. O zəmini Şərqə aid bilik və mədəniyyət
bazasına yiyələnməklə hazırlamaq olar. Zehnində
cəmi 500 kəlmə gəzdirən birinin 18 min kəlmədən
istifadə edən, Ərəbcəni, Fars dilini, Türkcəni
bu dillərdə şeir yaza biləcək qədər mükəmməl
bilən Füzulini başa düşməsi mümkün
deyil. Füzuli astronomiyaya, tibbə, tarixə,
dinə dair kitablar yazıb. Bu qədər
sistemli biliyə sahib bir adamı biz indi beynimizdəki 2 min kəlmənin
hesabına oxuyub anlamağa çalışırıq.
Ancaq ondabirini anlaya bilirik. Dünyaya ali bir səviyyədən baxan Füzulinin
yaşadığı, ifadə etdiyi eşqlə müqayisədə,
bugünkü adamın təsəvvüründəki eşq
onqat zəif təsir bağışlayır. Kim
bilir, bəlkə Füzuli hansısa şeirində
astronomiyaya aid elə bir ifadəyə yer verib ki,
astronomiyanı bilmədiyimiz üçün o ifadə bizə
qaranlıq qalır? Bu barədə
heç düşünmürük. Ən
pisi odur ki, indi biz 1534-cü ildə 18 min kəlməylə
danışan adamın dediklərini anlamayacaq səviyyədəyik.
Bu, inkişaf deyil, geriləmədir. Bəzən tələbələrim gileylənirlər
ki, müəllim, nə olardı Füzuli bizim başa
düşəcəyimiz dildə yazsaydı?! XVI
yüzillikdə yaşamış adam
haqqında “bizim başa düşəcəyimiz dildə
yazsaydı” demək qədər mənasız iş
olarmı?
Düşünürəm ki, bəlkə də biz o əvvəlki
eşq anlayışına qayıda bilsək, heç bir dərdimiz
qalmaz. Özünün yazdığına görə,
İbn Xəldun eşqin nə olduğunu öyrənmək
istəyilə ta İspaniyanın ən ucqar guşələrinə
qədər gedib. Bir gün oralarda
rastlaşdığı bir qadından soruşub: “Xanım,
sizlərdə eşq nədir?” Qadın cavab verib: “Eşq
üz-üzə oturmaq, göz-gözə baxmaq,
düşünməkdir”. İbn Xəldun deyib ki, bəs,
toxunmaq, sığallamaq, öpmək... Xanım
qaşlarını çataraq dillənib: “Ağa, bu sənin
dediklərin uşaq istəyən iki nəfərin görəcəyi
işdir, belə də eşq olarmı?!” Biz
eşqin heç də “uşaq istəyən iki nəfərin
münasibəti” olmadığını dərk etsək,
özümüz üçün xilas yolu taparıq. O
zaman eşqin bəzən ictimai sistem, bəzən kainatdakı
hərəkət, bəzən də bizi
yaradılışımızın ilkin qayəsinə
doğru aparan bir qüvvə olduğunu anlaya bilərik. Biz buna qadirik, çünki əcdadımız məhz
belə bir mədəniyyət yaradaraq, onu bizə
ötürüb. Füzuli deyir: “Məndə Məcnundan
füzun aşiqlik istedadı var...” Deməli,
eşq həm də istedad məsələsidir, qabiliyyətdir.
Hamıda var bu istedad, ancaq hər kəsdə fərqli
dərəcədədir. Bu qabiliyyəti
inkişaf etdirib eşqin hərarətini qoruyanlar daha bəxtiyar
həyat sürərlər. Məhdud zəmində,
içərisindəki aşiqlik istedadını kəşf
etmədən, yüksəltmədən yaşayanların isə
ömrü hədərdir. Keçmişə
qayıtmadan, ancaq keçmişdəki ən gözəl cəhətləri
götürərək, müasir dövrdə də eşqin
təntənəsinə nail ola bilərik.
Mədəniyyətlərin, sivilizasiyaların
toqquşduğu bu dövrdə eşqin diqqət mərkəzinə
çəkilməsi zərurətdir. Belə
bir eşq anlayışı ilə çox şeyi dəyişdirmək
olar.
525-ci qəzet.- 2011.-
26 noyabr.- S.28-29.