Yol ROMANI (6-cı hissə)
VI hissə
(Əvvəli ötən şənbə
nömrələrində)
HAŞİYƏ
... Bir
neçə il əvvəl çox qəzəbli, əsəbi
bir məktub aldım. Məktub çox yazırlar mənə
– nəsə məzmun, məna kəsb eləyənləri də
olur, haqlı-haqsız tənqidlər də olur.
Razılaşdığım və razılaşmadığım.
Mən hər zaman sözümün arxasındayam, əsaslandıra
da bilərəm. Məktubların böyük əksəriyyətini
oxuyan kimi unuduram, silirəm həm səhifəmdən, həm
də yaddaşımdan (yaddaşımı da təmizləmək
belə asan olsaydı nə yaxşı olardı. Bir düymə,
“sil” əmri və rahat, aram ruh). Amma həm səhifəmdə,
həm də yadımda qalanları da var. Hətta çox bəyəndiyim
məktubları bir qovluqda arxivləşdirdim də bir vaxtlar,
təsadüfən silinməsin deyə. Giriş çox
uzandı deyəsən – nəsə həmin qəzəbli məktub
yadımda qaldı. İndiyə qədər də sözbəsöz
xatırlayıram. Dəfələrlə oxudum çünki.
Oxudum və
təşəkkür məktubu yazdım cavabında. Məsələ
burasındadı ki, məktubun müəllifi Avropadakı
diplomatik missiyalardan birində nə isə bir işlə məşğul
olurdu. Diplomatik missiyalarda isə (xüsusən Avropada) adətən
önəmli isimlərin cocuqları çalışır və
onlar da hər nə dil bilsələr də bizim dilimizi bilmirlər.
Yəni fikir verdiniz yəqin “öz dillərini” demədim,
“bizim dilimizi” dedim. Bu adamların öz dilləri var təbii,
amma bizim dilimizdə danışa bilmirlər, daha doğrusu,
lazım bilmirlər. Amma bu qəzəbli məktub o qədər
gözəl, rəvan, səlis dildə
yazılmışdı ki, cəlb elədi məni, həm də
yaxşı mənada təəccübləndirdi. Bizim dili belə
biləsən və Avropada çalışasan? Və bir
neçə gün sonra təsadüfən (bəlkə də
yox) Avropada baş vermiş bir hadisəylə bağlı
hansısa TV kanalında onun şərhinə də qulaq
asdım. Təmiz dil, dəqiq ifadə tərzi... Belə
anladım ki, yəqin hər missiyada belə tək-tük
insanlar var, onlar bütün yükü çiyinlərində
çəkirlər, işi görən də lazımdı,
ya yox? Və böyük ehtimalla bu adam onu əhatə edən
“qaquliklərin” əlindən o qədər bezib ki,
yazılarımın tonu ona acıqlı görünüb, o
da hirsini mənim üstümə tökmüşdü.
Alınmadım, əksinə, ona cavabımda soruşdum ki, belə
hissləri, duyğuları, millət heysiyyəti olan insan necə
olub ki, bu sistemin içinə düşə bilib? Sakitləşdirdi
deyəsən məktubum onu,
sonra yazmadı... Həmin o sistem ki, var – guya qapalı sistem
sayılır, amma qapalı olmağı özlərinin
boş-bekar veyillənməklərini ört-basdır eləməkdən
ötrüdü. Tam səmimi deyim – həmin o sistemin
başında duran nazir ki var, onu hökumətimizin
bütün nazirlərindən çox sevirəm.
Bayılıram ona. Belə hesab edirəm ki, dövlətimiz
yaranıb-formalaşandan gəlib-getmiş baş
diplomatların içində ən parlaq simadı. Zövq
alıram onu dinləyəndə, çünki heç nə
başa düşmürəm. Anlamayanda rahat olur da insan, dincəlir.
Odur ki, hardasa onun çıxışını görəndə
mütləq izləyirəm, bilirəm ki, əylənəcəm...
Və mən
bildiyimə görə, “qaquliklər” və bizimkilər
arasında gözlə görünməyən sərhədlər
də var. Və həm də onu da bilirəm, bizimkilər bu
sahədə ögeydilər (çox yerdə olduğu kimi).
İndi
fikirləşirəm ki, bir neçə səfir var ki,
onları şəxsən tanıyıram (hətta səfir
olmamışdan öncə, bəzilərini isə lap gənclik
illərindən) bax, onlar həqiqətən cəmiyyətdə
nüfuz sahibidilər. Dövləti təmsil edən
simaların dövləti və milləti sevməsi şərtdi.
Başqa cür mümkün deyil – yoxsa çoxları kimi illərlə
Avropalarda vaxt keçirirlər, bizneslərini qururlar, sonra da
heç bura qayıtmırlar...
Qayıtmaq...
Qız, çıx haşiyədən, qayıt geriyə –
gözləyirlər səni Baş konsulun otağında...
BAŞ KONSUL
... Otaqda
cavanca bir oğlan oturub. Qalxıb qarşılayır bizi,
boy-buxunlu, qaraşın, yaraşıqlı oğlandı.
İlk təəssüratım çaşdırır bir az
məni, gizlətməyəcəm. Belə ağır,
çətin, strateji bölgədə necə baş
çıxardır – deyə düşünürəm. Deyəsən
gözlənilməz qonaqların təşrifi onu da
sıxır. Amma o yerdə ki, sayın millət vəkili var –
orda ünsiyyət problem ola bilməz, dil-dil ötəcək.
Yavaş-yavaş söhbət alınır. Sayın Baş
konsul da açılışır. Bizimkilərdəndi – mətbuatımızı
izləyir, ədəbiyyatımızdan xəbəri var. Əvvəl
Təbrizdə işləyib – ora da ağır bölgə.
Universitetdə yaranmış problemi anladırlar ona, mütləq
dəstəyi lazımdı, hərə bir az
danışır. O da diqqətlə dinləyir, səhər
məzuniyyətə gedəcəyini deyir, amma təcili bununla
ilgilənəcəyini söyləyir. Hər şeydən
danışırıq və bu əsnada hiss edirəm ki,
gözlərimin böyüməyinə səbəb olan gəncliyi
yavaş-yavaş yaş senzini dəyişir. Nəsillər
arasında ziddiyyət hər zaman olub, olacaq da. Mən bu
azardan heç əziyyət çəkməmişəm
heç vaxt. Amma önyarqıdan qurtula bilməmişəm də...
Çünki təcrübə məsələsi də var
axı... Amma Ayxan Süleymanov fikrimi dəyişir –
Qarsdakı Baş konsulumuzun adı-soyadı belədi. (Sonradan
noyabr ayında İstanbulda da görüşdük. Qeyri-rəsmi
şəraitdə. Burda da İstanbuldakı Baş konsulumuz Həsən
Zeynalovun qonağı idik. Şən, deyən-gülən
oğlandı. Susub, dinlədiyim anlarda hər ikisini
müşahidə edirəm. Nəsillər arasında
bağlar qırılmasın gərək, millətin
yaxşı oğlanlara ehtiyacı var).
Söz-sözü
çəkir, söhbət davam edir, nahar vaxtı gəlib,
ötüb belə. Həə, Qarsda problemlərdən biri də
budu bax. Qonaqların hansı məkanda ağırlanması.
Lüks yoxdu çünki. Hər halda cənab konsul bizi yeməyə
dəvət edir, həm də üzrxahlıq edir. Bizə
uyğun bilməsələr də, olanı budu (sonradan Qars
haqqında veb-səhifələrdə bir az
araşdırdım. Orda yazılanlardan belə
çıxırdı ki, gündüzlər hüznlü
görünən bu şəhərin əslində çox səs-küylü
gecə həyatı var. Təsəvvür edirəm,
İstanbulda, Laləlidə istismar müddəti bitəndən
sonra buralara göndərilən qadınlarımız necə
şənlik yaradırlar).
...
Kiçik şəhərdi Qars. Olduğum azacıq müddətdə
indi keçib getdiyimiz bu sokakları bir neçə dəfə
görmüşəm.
““Güzəl
Karsımızı nasıl buldunuz” – deyə sordu daha sonra
sunuçu. Bu bir kararsızlıqdan sonra “çok güzəl,
çok fakir, çok kederli”- dedi KA. Arkalardan iki imam hatib
ögrençisi buna güldülər. “Fakir senin ruhun”-diye
bağırdı bir başkası. “Buraya neden geldiyini” –
söylesin diye bağırdı biri. “Gəldim, çünki
çok mutsuzdum”- dedi KA. “Burada daha mutluyum””.
Bir də qəribə
bir hissiyyat olur içimdə, bütün gəzdiyim yad şəhərlərdə
üzüaşağı gedib də, dənizlə
qarşılaşacağımı güman edirəm. Bax, indi
də bilirəm Qarsda dəniz yoxdu, amma yenə ani olaraq
küçənin sonunda günəşin
şüalarıyla bərq vuran dalğalar gəlir
gözümün önünə...
Yox, indi
gözümün önündəki ikiqatlı binadı. Burda
nahar edəcəyik. Birinci qatdakı dükanların
içindən keçib, ikinci mərtəbəyə
qalxırıq. Bu mərtəbəyə baxanda heç fiikrləşməzsən
ki, yuxarıda lokanta var. Baxınıram ətrafa, deyəsən
axşamlar burda musiqi-filan da olur, hər bir halda səliqəli
məkandı. Görürəm, sayın millət vəkili
narahatdı, üzümə baxır, gözlərimlə “hər
şey yaxşıdı” deyirəm. Zatən atmosfer xoşdu,
ümumi ovqat xoşdu. Söhbətlər süfrə
arxasında da davam edir, hələ üstəlik
sıxıntıları, sərhədləri ortadan
qaldıracaq amillər də var axı. Söz nədən
düşür, bilmirəm, amma kitabdan, elmdən
danışırıq. Ayxan bəy özünün təhsil
illərini, biz özümüzünkünü
xatırlayırıq. Və arada Vurğun Əyyubun Baş
konsuldan hansı ildə oxuduğunu sorması nəzərimdən
qaçmır. Kimsə də fərqində olmur amma.
Sualın niyə verildiyini anlayıram əlbət.
Balığı çoxdan atmısan dəryaya, sayın əski
bakan! Xaliq də bildiyini bilir...
Vidalaşırıq,
sayın Baş konsul nə problemimiz olsa ona müraciət etməyimizi
rica edir, biz də təşəkkür edirik təbii. Nə
problem ola bilər ki? (Nahaq belə fikirləşdim amma,
yarınki günün axşamı çox ciddi bir sorun
yaşayacağıq). Qayıdırq universitetə, Hacalı
Nəcəfoğlu rektor yerində olsa onunla da
görüşdürmək istəyir bizi. Yolu gedə-gedə
yamyaşıl küçələr birdən-birə
gözümdə bəyaza dönüşür və mən
buranı qarın içində təsəvvür etməyə
çalışıram... Çalışıram... Amma
Nobel ödülçüsünün təsviri mənim xəyallarıma
mane olur.
“Dalları
kar tutmuş iğde ve çınar ağaclarının
altından hızlı-hızlı ilerlerken pencerelerinden
dışarıya soba boruları çıkan eski ve
yıpranmış rus binalarına odun depolarıyla elektrik
trafosu arasında yükselen binyıllıq boş ermeni
kilsesinin içine yağan kara, buz tutmuş Kars
çayının üzerindeki beş yüz yıllık taş
köprüden her geçene havlayan kabadayı köpeklere, kar
altında iyice boş və terk edilmiş gözüken
Kaleiçi Mahallesinin küçük gecekondularından
tüten incecik dumanlara bakıb öylesinə kederlendi ki,
gözlerində yaşlar birikdi. Sanki burası her kesin
unutduğu bir yerdi. Və kar sessizce dünyanın sonuna
yağıyordu...”
Pəncərədən
vuran günəşli hava yadıma saldığım mənzərəni
tam olmağa qoymur. Amma Qarsın gecələri sərin olur, bəlkə
həmin vaxt cəhd etsəm...
Fənn-ədəbiyyat
fakültəsinin həyətində enirik arabadan, yenə
qalxırıq yuxarı, rektor yoxdu deyəsən yerində və
amma dekan bizi otağına dəvət edir və gün ərzində
müxtəlif odalarda getmiş söhbətlər burda da davam
edir.
lll
Təəssüratların
çoxluğundanmı, eyni mövzuların gün ərzində
dəfələrlə təkrar olunması nədənindənmi
ya nə, yorğunam elə bil. Qonaq evinə dönəndə
azacıq dincəlib, axşam yenidən görüşmək üzərə ayrılırıq...
lll
...
Görünür hər şeyi izah etmək mümkün
deyil. İnsanları bir-birinə cəzb edən, ya da
uzaqlaşdıran, itələyən səbəbləri dərk
etmək mümkün deyil. Bəzən illər boyu hər
gün, hər gün görüşdüyümüz birisi
ilə ayrılanda həyatımızda heç kayıb
olmadığını anlayırıq. Bəzən də əksinə,
lap qısa sürəli ani bir görüş hafizəndə
kök salır... Sirrləri dərindədi
görünür, ya da heç içimizdə deyil...
Yuxarılardadı yəqin...
Kimya dərsi
yadıma düşür, hər elementin valenti, bu valentlərin
daha hansı elementlərin valentləri ilə reaksiyaya girə
bilməsi, atom yükləri... Biz də kimyayıq da,
qeyri-üzvi maddələrdən təşkil olunmuşuq.
Kimin atom yükü nə qədərdi, elektronlarının
sayı çoxdumu, başqasından nə qədərini
alıb, qaytara bilir? Mürəkkəb düsturlu reaksiyalara səbəb
nədir? Mendeleyev bunu izah etməyib – sadəcə
dövrü sistemi qurub gedib, bulunmayan elementlərin yerin
boş qoyub, özündən sonra kəşf olunanları da
var, cədvəldə öz yerini gözləyənləri də...
Nə vaxtsa...öz valentlərinə uyğun elementlərlə
görüşəcəklər... Deyəsən, hər
şeyi maddiləşdirdim, daha doğrusu, maddələşdirdim.
Belə asanmı hər şeyi anlamaq?
... İndi
bu gözəl, sərin axşamda kişilər Mendeleyevin daha
bir kəşfindən yararlanıb da, yorğunluqlarını
çıxarmağa çalışırlar. Türkiyədə
bu içkiyə Vodka deyirlər, elə Mendeleyev də Vodka
deyib. Biz niyə adını dəyişmişik? Bəlkə
bizdə belə adda başqa içki olub? Olub-olmayıb,
bilmirəm, bildiyim odur ki, sevmirəm bu içkini.
Elektronlarımız, ya da valentlərimiz uyğun gəlmir.
Şərab, viski daha məqbuldu. Bir də ki, insanın kefini
qaldırmaq hər hansı kimyəvi maddənin qüdrətinə
inanmıram son vaxtlar. Daxili kimya önəmlidi.
Öz
düşüncələrimlə əlləşirəm,
arada masa arxası söhbətlərə də qulaq
asıram, kimin daha çox şeir bilməsi mübahisəsi
də var üstəlik. Görəsən bizə şeir gəldiyi
anlarda daxilimizdə hansı maddələr daha
üsünlükdə olur? Üzvi, ya qeyri-üzvi? Amma mən
bilən, şeir daha çox fizikadı – Cazibə qanunu.
Nizami bunu Nyutondan neçə əsr əvvəl deyib:
Kainatda hər
şey cəzbə bağlıdır,
Filosoflar bunu
eşq adlandırır.
Kainat və
eşq... Bu nəyinsə açarı ola bilər, Qumral
gözlüm...
Qonaq evinə
qayıdanda Vurğun Əyyub baş ağrısından
şikayətçidi, Aqil Abbas çox rahatdı, İradə
Tuncay da daxili monoloqunu söyləyir hər zamankı kimi... Və
hər axşamkı kimi hərə öz odasına
qapanır...
Kainat və
eşq
üzərinə
gəzişmələr...
yaxud da fikir
məktubları...
...
Görürəm ki, çatışmır nəsə
romanımda. Qırmızı xətt yoxdu. Hər romanın
qırmızı xəttini çizən isə sevgidi, məhəbbətdi,
eşqdi. Sevgi olmayan romanlar oxunmur. Müəllif kimi bunu nəzərə
almalıyam mütləq... Bir də ki, “Roman”
sözünün özündə də həmin çalarlar
var axı... Amma mənim romanım da klassik roman
anlayışına da uyğun gələcək konumda deyil. Qəhrəmanlar
həddən artıq real, həddən artıq
tanınmış insanlardı.
Açıq-açığına belə mövzuya konu
olmaqdan imtina edəcəklər. Yaşlarını da bəhanə
edə bilərlər – amma bu bəhanə deyil. Bütün
böyük aşqlar 40-dan sonra yaşanır. Bu
statistikadı. Həm də fiziki-kimyəvi hadisədi. Orqanizm
və ruh içindəki həyat eşqini kayb etməmək
üçün böyük Eşq arayışına
çıxır. Hər şeyin ucuz qiymətə
alınıb-satıldığı bir ortamda fizioloji bədənsəl
çapqın ad çıxarmaq bir başqa, ruhsal eşq
yaşamaq bir başqa...
Orhan Pamuk
“Kar” romanında ictimai-siyasi hadisələrin fonunda Eşqi
qabardır. Və roman qazanır yalnız və yalnız. Aman
da, nə təsvirlər var burda...
“Canım,
Senin neyin var?” KA daha sonrakı yıllarda bu soruyu
soruşundakı yumşaklığı ve
tatlılığı binlerce dafa hatırlayacaqdı.
Akılındakı bütün endişeleri, terkedilme korkusunu
gözünün önünden keçirdiyi en korkunc sahneleri
İpeye tek-tek anlatdı. “Aşk acısından peşinen bu
kadar korkduğuna göre bir kadın sana çok acı
çekdirmiş olmalı”. “Bir az acı çekdim, amma senin
bana çektire bileceyin acı şimdiden korkutuyor... Sana
çok fena aşık oldum və acı çekiyorum- dedi
KA.” “Bu kadar çabuk alevlenen aşk aynı hızla söner,
korkma- dedi İpek”. İpek yarıkaranlıq koridorun
ucundakı nerdivenlerden enib kayb olana kadar KA onun arkasından
bakdı. Kapıyı kapayıb yatağının kenarına
oturur-oturmaz cebinden defteri çıkardı və temiz sayfaya
hemen “Çaresizlikler, Zorluklar” adını verdiyi bir şiiri
yazmağa başladı”.
Onun dediklərini
təkrar edəsi deyiləm. Mənim romanımın kəndi
özəllikləri var. Düşün, qız,
düşün... Təxəyyülünü zora sal bir az...
Yəqin yenə
xilas budu... Qulaqcıq və musiqi. Texnikanın yaddaşı və
mənim yaddaşım... Noutbukumun bəmbəyaz
çöhrəsinə baxıb da fikirlərimi bir yerə
yığmağa çalışıram. Nə qədər
fikir olar, hansı baytlarla ölçək? İnsan beynindəki
faylları, qovluqları hansı bilgisayarın yaddaşına
yükləmək olar? Dözməz vallah, alışıb
yanar... Elə bu baytları, yaddaşları, süni beyinləri
də bizim beynimiz yaradıb da. Eyni vaxtda bir neçə
tapşırıq verəndə yapa bilmir, çaşıb
qalır süni beyin. Amma mənim qulağım müsiqidə,
gözüm göydə alışıb-yanan ulduzlarda,
barmaqlarım klaviaturaların üzərində... Poçtuma
baxıram və birdən ağlıma qəribə bir fikir gəlir.
Əgər mən burda, Qarsda bu elektron vasitələrin
yardımından istifadə edə bilirəmsə... Cəmi 20 il əvvəl kimsənin yuxuda
görə bilməyəcəyi bir vaqeə... Bəlkə 100
il, yox, lap 50 il sonra insanlar o ulduzlardakı tay-tuşlarına
da məktub göndərə biləcəklər... Kim bilir...
Bəlkə fikirlərimizi fayllaşdırıb, heç bir
hərfdən, nöqtə-vergüldən istifadə etmədən
göndərə biləcəyik... Fikrimizdə tuturuq – bax belə:
Filan günəş sisteminin, filan qalaktikanın, filan planetin
filan ölkəsi, filan şəhərində... Fikir
işıqdan sürətlidi – min işıq ili ötədə
bir kimsə var... Sənin qəlbinlə göndərdiyin
siqnalları o da qəlbiylə qəbul edəcək. Dəqiq
ünvan – kimsə aldanmayacaq.
Neçə ulduz dumanlığından keçib gedəcək,
amma öz ünvanına varacaq... Fantaziyalarım xoşuma gəlir
– sonra, bəs sonra? Sonra – deyirəm özümə – Belə
olacaq. Fikir məktubu gedəcək...
Belə
olsunmu? – məsələn, yüz il sonra bir
qızcığaz istəklərinin aynasına baxır və
orda kədərli, iztirablı gözləriylə diqqətini
çəkən birini görür. Fikirləri ötürən
düyməyə basmayıb hələ...
Düşünür... Min işiıq ili ötədə...
Min işıq ili, nə olsun? Barmaqları titrəyə-titrəyə
düyməyə toxunur və həmin an istək aynasında
həmin gözləri görür – danışan gözləri:
– Sən gəldinmi?
– Mən... gəldim.
Məni tanıyırsan?..
– Gözləyirdim
səni...
– Gözləyirdin
ki, düyməyə mən toxunum?
– Çox
çəkincənəm, ... gülüm...
–
Gülüm... Nə tez?
– İstəmirsən
deməyim...
– Yox, de, istəyirəm...
– Gəldin,
odam işıqlandı, isindi...
– Oralar
soyuqdu? Sizin dünya Günəşdən uzaqdı?
– İnsan
azdı burda...
– Burda da
azdı, neçə milyard canlı var, insan azdı. Doğub
törəyirlər, artırlar, amma sevə bilmirlər. Məni
hardan tanıyırsan? Səfeh sual oldu... İstək
aynasında görmüşdün?
– Neçə
dəfə istəmişəm düyməyə toxunam...
– Niyə gəlmirdin?
Mən də səni gözləyirdim...
– Sən ...
məni? Hardan...
– Mən kim
olduğunu bilmədiyim Səni gözləyirdim... Bu qədər
vaxt... Vaxt... Bizi vaxtımız fərqlidi... Min işıq
ili... Sənin yanına gəlməyə ömrüm
çatmaz...
– Vaxt
nisbidi... Fərqinə vardınmı neçə illər
keçdi, biz tanışalı?
– İllər?...
Anlar keçdi...
– Bir aynadan
özünə bax – saçların bəmbəyaz.
–
Saçlarım? Mən çox gəncəm...
– Nə fərqi?
– Səninçin
fərqi yoxmu?
– Niyə
anlamırsan...
–
Anlayıram, hər şeyi anlayıram... Min işıq ili
ötədə... Və mən burda, istək aynasının
qarşısında yaşlandım... Burda...
– Neyləyək
başqa bir şəhərimiz yox...
– 100 il əvvəl
gəlib bu şeir bizə. Sizin dünyada şeir
oxuyurlarmı? Biz unutduq amma... Şeirdən
danışaqmı?
–
Ağrı, acı, həsrət, sevda... Nə desəm
olmayacaq... Bütün şeirlərdə nə var ki...
Bezdim... Yoruldum... Neynirdin məni...
– Zəhləm
gedən böyük sözlərin
Orbitindən
çıxa bilmədim nəsə
Həsrət
– elə həsrətdi biləcəyin.
Düzünü
deyimmi sənə
İçimdəki
həsrət dirəndi
Cocuq
anasından bacı-qardaş
İstəyər
ha, bax elə
Həsrət
ver mənə, dedi.
Təkəm,
tənhayam – dedi.
Qırmadım,
düyünlədim
Könlümdəki
neçə arzu... ilməni
Yoxsa neynirdim
səni?
Düzünü
deyimmi sənə
Bir nəğməm
vardı –
Əks-sədasın
istəyirdim
Heç bitməsin
– istəyirdim
Titrək,
kövrək səsimə
Qatacaqdın
səsini
Yoxsa neynirdim
səni?
Köz olub
öləziyən,
Qor olub
alışmaq istəyən
Sevincim
vardı –körükləyəcək,
Külünü
dağıdıb, lap gözlərimi
Acışdıracaq
rüzgarını istəyirdim,
Nəfəsini...
Yoxsa neynirdim səni?
Bu şeir də yüz il əvvəl
gəlib bizə...
– Kimindi bu...
– Unutdum...
– Dəli
qız, bu dəliliklərin olmasa, səndən bir şey
qalmaz.
– Bəs səndən?
Sən dəli deyilsən? Bu ikili dəlilikdi.
– Mən tez
aşiq oluram, gec unuduram. Özümü tanıyıram, mən
də belə dəliyəm...
– Bu nədi?
Ani çarpma, fırtına, sevgi, eşq?
–
Özünü yorma... Sən sevilməkçin yaranmısan,
aşiq ola bilməzsən...
– Bir romanda
oxumuşdum... Qadın ilk anda olmasa belə, ilk on dəqiqədə
bir erkəyin kim olduğunu, ən azından kəndisi
için nə anlama gələbiləcəyini, onu sevib-sevməyəcəyini
dərindən sezər. Bu sezdiyini tam anlayıb bilməsi
üçün bir az vaxt gərəkir. Bu vaxt keçərkən
erkəyin yapacağı fazla bir şey yok.
– Hə,
doğru. Romanda yazılmasa da bilirik bunları... Nə
romandı o?
– Adı
“Kar” idi. Müəllifin unutdum. Yüz il əvvəlki
romandı... Mən... gedim?..
– Getməsən
olmazmı?
– Gələcəm
yenə. Burda səhər açılır...
– Yenə
vaxtı unutdun, neçə-neçə səhərlər
açıldı biz burda olalı...
lll
... Yüz
il, min il sonra yaşayacaq qəhrəmanlarımın
arasında yaşananlar məni həyəcanlandırır.
Burda dayan, Qumral gözlüm... Yetər, bu da sənin üçün
romanın qırmızı xətti.
Kəndini qapdırma şu yıldızlara,
burcuna
yüksələninə heç bakmıyorlar.
Sırlarını
vermişsin həp aynalara,
güzəlmişsin
– çirkinmişsin tac takmıyorlar...
... Ulduzlar
artıq görünməz olur. Dan yerini kipriyimlə
qapatdım... Yaxşı ki şeir var, yaxşı ki
şairlər var...
Ey ulduzum, biz
axı
Arzular
çevrəsincə
İzbəiz
gediriksə
Üzbəüz
gəllik necə?..
(Ardı var)
İradə TUNCAY
525-ci qəzet.- 2011.-
26 noyabr.- S.14.