Misir Mərdanov:
“Son illər Azərbaycanda ümumi təhsil sahəsində əhəmiyyətli
irəliləyişlər baş verib”
Ümumi
təhsil sahəsi Azərbaycanın Konstitusiyası, “Təhsil
haqqında” qanun, müvafiq fərman, qərar və sərəncamlar,
Təhsil Nazirliyinin əsasnaməsi və digər normativ sənədlərə
uyğun olaraq fəaliyyət göstərir. Təhsilin idarə
olunmasının demokratikləşdirilməsi, təhsil
şöbələrinin (idarələrinin) və təlim-tərbiyə
müəssisələrinin müstəqilliyinin,
yaradıcılıq fəallığının, təşəbbüskarlığının
və məsuliyyətinin yüksəldilməsi ümumi təhsilin
əsas inkişaf prioritetlərini müəyyən edir. Eləcə
də psixoloji xidmətin, sosial-pedaqoji himayənin təşkili,
qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və
yayılması, istedadlı uşaqların, şagirdlərin
aşkar olunması, inkişaf etdirilməsi, pedaqoji əməkdaşlıq
ideyalarının, pedaqogika, psixologiya elmlərinin nailiyyətlərinin,
yenilikçi müəllim, tərbiyəçilərin, təlim-tərbiyə
müəssisələri rəhbərlərinin, təhsil
orqanları işçilərinin qabaqcıl iş
metodlarının tətbiqi, nazirliyin müvafiq struktur bölmələri
ilə birlikdə təlim-tərbiyə müəssisələrinin
tədris-maddi bazasının möhkəmləndirilməsi
daim diqqət mərkəzində saxlanılır. Şagirdlərin
təlim-tərbiyə səviyyəsini yüksəltmək, tədris
planları və proqramlarının yerinə yetirilməsi, tədris-maddi
bazadan məqsədyönlü istifadə edilməsi, məktəblərin,
internat məktəb və uşaq evlərinin rəhbərlərinin,
müəllimlərin, tərbiyəçilərin
yaradıcılıq fəaliyyətinin təmin edilməsi,
mövcud nöqsanların aradan qaldırılması orta
ümumtəhsil sisteminin qarşısında duran ən
mühüm vəzifələrdəndir.
Təhsil
naziri Misir Mərdanov deyir ki, ümumtəhsil məktəblərində
Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız,
alman, talış, avar, ləzgi, ivrit, saxur, xınalıq, udin
və kürd dilləri müstəqil bir fənn kimi tədris
olunur. Son illərdə icbari ümumi təhsilin həyata
keçirilməsində, yeni tipli tədris müəssisələrinin
yaradılmasında, işləyən gənclərin təhsilə
cəlb edilməsində, məktəbyaşlı
uşaqların təhsillə əhatə olunması
üçün təxirəsalınmaz tədbirlərin həyata
keçirilməsində, təhsil sahəsi üzrə sosial-iqtisadi
inkişaf planlarının, islahatla bağlı müvafiq
proqramların hazırlanmasında ardıcıl addımlar
atılır. Ölkədə beynəlxalq təcrübəyə
uyğun olaraq inklüziv təhsilin pilot layihələri həyata
keçirilir. Təhsil sahəsində çalışanlar
üçün seminarların, müşavirələrin,
konfransların təşkili, digər nazirliklər, idarə,
beynəlxalq humanitar və yerli ictimai təşkilatlarla
müvafiq istiqamətlər üzrə əlaqələrin
inkişaf etdirilməsi ümumtəhsil sahəsinin dinamik
inkişafını təmin edir. TSİL cərcivəsində
“Kurikulum islahatı” alt-komponenti üzrə icra planında nəzərdə
tutulan tədbirlərin yerinə yetirilməsi, xüsusi
istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı, Azərbaycanda
dovlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (De-institusionalizasiya)
və alternativ qayğı uzrə Dövlət
Proqramlarının icrası istiqamətində Fəaliyyət
Planlarının reallaşdırılması, mərkəzləşdirilmiş
imtahanların kecirilməsi ilə bağlı qarşıya
qoyulan vəzifələrin icrası, ali məktəblərə
tələbə qəbulunun nəticələrilə əlaqədar
vəziyyətin təhlil edilib müvafiq təkliflərin
hazırlanması və digər bu kimi məsələlərə
xüsusi diqqət yetirilir. Yeni fənn kurikulumlarının tətbiqi
ilə əlaqədar müvafiq işlər
görülür. İstedadlı şagirdlərin aşkara
çıxarılmasında əhəmiyyətli rol oynayan fənn
olimpiadalarının təşkili ilə bağlı işlər
yüksək səviyyədə yerinə yetirilir, 5 fənn
(riyaziyyat, fizika, kimya, biologiya və informatika) uzrə kecirilən
Dünya olimpiadalarında ölkəmizin komandalarının
iştirakının təmin edilməsi məqsədilə
müvafiq tədbirlər həyata keçirilir. Hər
prezidentin “Ən yaxşı ümumtəhsil məktəbi və
ən yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında” sərəncamına uyğun olaraq
keçirilən müsabiqə ümumilikdə orta ümumtəhsil
sisteminin inkişafına təkan verir, tədris
ocaqlarının və müəllimlərin fəaliyyətinə
əlavə stimul yaradır.
M.Mərdanovun
sözlərinə görə, ümumi təhsilin insanın
formalaşmasında müstəsna əhəmiyyəti var. O
da sirr deyil ki, ümumi təhsil yeganə təhsil pilləsidir
ki, bütün insanlar buradan keçməli olur, gələcək
həyatını və fəaliyyətini müəyyənləşdirir:
“Bu mənada, hesab edirəm ki, son 10 ildə Azərbaycanda
aparılan təhsil islahatlarının daha çox ümumi təhsil
pilləsini əhatə etməsi heç də təsadüfi
deyildir. Son illər Azərbaycanda ümumi təhsil sahəsində
əhəmiyyətli irəliləyişlər baş
vermiş, məktəb infrastrukturu əsaslı şəkildə
təkmilləşdirilmiş, məzmun yeniləşdirilmiş,
yeni nəsil dərsliklər hazırlanıb tətbiq
edilmiş, yeni qiymətləndirmə sisteminə
keçilmiş, İKT-nin ümumi təhsilə geniş
inteqrasiyası baş tutmuşdur və sair. Onu da vurğulamaq
lazımdır ki, Azərbaycanda ümumi təhsil sahəsində
əldə edilən nailiyyətlər nəinki MDB məkanında,
demək olar ki, regionda və dünyada qəbul olunmuşdur və
təhsil ekspertləri tərəfindən geniş müzakirə
edilməkdədir. Təsadüfi deyildir ki, Dünya
Bankının 2010-cu ildə yaydığı hesabatda qeyd
olunub ki, “Azərbaycan təhsil sistemi əhəmiyyətli
nailiyyətlər əldə etmişdir”. Əlbəttə,
bu yüksək nailiyyətlərə kölgə salmadan,
ümumi təhsil sistemində mövcud olan bir sıra problemlərə
öz münasibətimi bildirmək istəyirəm. İlk
növbədə məktəb şəbəkəsinin
rasionallaşdırılması barədə. Hazırda Azərbaycanda
4525 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Onlardan
368-i ibtidai (I-IV siniflər), 869-u ümumi orta (I-IX siniflər),
3288-i tam orta (I-XI siniflər) məktəblərdir. Nailiyyət
kimi qeyd olunmalıdır ki, böyük və ya kiçik
olmasından asılı olmayaraq, hazırda ölkəmizin hər
bir yaşayış məntəqəsində məktəb fəaliyyət
göstərir. Lakin Təhsil Nazirliyi tərəfindən
aparılmış təhlillər göstərir ki, 1336 məktəbdə
şagirdlərin sayı 100 nəfərdən
aşağıdır. Belə ki, 315
ibtidai məktəbdə şagirdlərin sayı 30-dək, 38
məktəbdə 50-dək, 9 məktəbdə isə 100-dəkdir.
89 ümumi orta məktəbdə şagirdlərin
sayı 30-dək, 154 məktəbdə 50-dək, 325 məktəbdə
100-dəkdir. Eyni zamanda 9 tam orta məktəbdə
şagirdlərin sayı 30-dək, 74 məktəbdə 50-dək,
323 məktəbdə 100-dəkdir. Bölgələr
üzrə problemi araşdırarkən məlum olmuşdur
ki, Laçın rayonunda 103, Kəlbəcər rayonunda 81,
Ağdam və Lerik rayonlarında 70, Quba rayonunda 68, Xaçmaz
rayonunda 52, Cəlilabad, İsmayıllı, Ağsu, Qusar
rayonlarında 41-45, Daşkəsən, Şamaxı,
Yardımlı, Gədəbəy, Fizuli rayonlarında 31-38,
Goranboy, Qax, Şəki, Şabran, Tovuz, Göygöl,
Neftçala rayonlarında 20-29 belə məktəb
mövcuddur ki, onlarda şagirdlərin sayı kifayət qədər
deyildir. Ölkə üzrə 77 ibtidai məktəbdə
şagirdlərin sayı 10 nəfərdən
aşağıdır, 21 məktəbdə isə hətta
5-dən azdır. Aparılan təhlillər göstərir
ki, 18 ümumi orta məktəbin şagirdlərinin sayı 20
nəfərdən azdır, onlardan 7-də isə təhsilalanların
sayı 10 nəfərdən azdır. Eyni zamanda
9 tam orta məktəbdə şagirdlərin sayı 30 nəfərdən
aşağıdır. Hətta onların
içərisində 19-25 nəfər şagirdi olan məktəblər
də mövcuddur. 74 tam orta məktəbdə
isə şagirdlərin sayı 50 nəfərədəkdir.
Aparılan təhlillər bununla bağlı
olan daha bir problemi aşkara çıxarıb. Məlum olub ki, şəhərlər və məcburi
köçkün rayonları istisna olmaqla, 222
yaşayış məntəqəsində iki və daha
çox məktəb fəaliyyət göstərir. Bir sıra yaşayış məntəqələrində
buna ehtiyac olsa da, bəzi kəndlərdə müxtəlif
vaxtlarda ehtiyac olmadan sayca ikinci, üçüncü,
dördüncü məktəblər
yaradılmışdır və azsaylı şagird kontingenti
ilə fəaliyyət göstərir. Azsaylı
şagird kontingenti olan məktəblərin ən böyük
problemi pedaqoji kadr təminatı ilə bağlıdır.
Belə məktəblərdə sinif komplektləri və
bununla əlaqədar dərs saatları xeyli az
olduğundan onları ixtisaslı müəllimlərlə təmin
etmək qeyri-mümkün olur və əksər hallarda
ayrı-ayrı fənlər qeyri-ixtisaslı müəllimlər
tərəfindən tədris edilir. Bu səbəbdən
də həmin məktəblərdə keyfiyyəti təmin
etmək həllolunmaz bir problemə çevrilir. Qeyd edim ki, bu problem məni daim
düşündürürdü. Bu məqsədlə
beynəlxalq təcrübənin öyrənilməsi qərarına
gəldik. Həm bir sıra postsovet ölkələrində,
həm də inkişaf etmiş ölkələrdə bu sahədə
təcrübəni öyrəndik. Məlum
oldu ki, həmin ölkələrdə məktəb
şagirdin yanına deyil, şagird məktəbin yanına
aparılır. Lakin daşınma məsələsi
yüksək səviyyədə həll olunur. Mövcud
problemlərin həlli məqsədilə Təhsil Nazirliyi tərəfindən
beynəlxalq təcrübə əsasında pilot olaraq Ucar
rayonu üçün rasionallaşdırma planı hazırlanıb.
Azərbaycanda məktəb şəbəkəsinin
rasionallaşdırılması tədbirləri
dayandırılmayıb. Rasionallaşdırma
tədbirlərinin həyata keçirilməsi istənilən
səviyyədə deyil. Buna baxmayaraq,
hazırda belə tədbirlər davam etdirilir.
Rasionallaşdırma ilə bağlı növbəti il ərzində hansı tədbirlərin
keçiriləcəyi hələ bəlli deyil. Bütün bunların hamısı yeni hazırlanan
10 illik Təhsil Strategiyası ilə bağlıdır.
Orada bütün məsələlər qeyd ediləcək.
Strategiyanın bu günlərdə qəbul
olunacağını gözləyirik. Rasionallaşdırma
tədbirlərinin birdən-birə bütün ölkə
üzrə həyata keçiriləcəyinə
inanmadığını da qeyd edib. Nazirin dediyinə
görə, rasionallaşdırma tədbirlərinin həyata
keçirilməsi üçün Ucar, İsmayıllı
rayonları və Şirvan şəhəri pilot ərazilər
kimi seçilib. Rasionallaşdırma tədbirləri gələn
il bu pilot şəhər və rayonlarda
davam etdirilsə, yaxşı olar. Onun nəticələri qiymətləndirildikdən
sonra isə bu prosesi davam etdirmək olar: “Təhsil Sektorunun
İnkişafı Layihəsi (2003-2008-ci illər) çərçivəsində
məktəb şəbəkəsinin rasionallaşdırılmasına
2005-ci ildən 3 pilot rayonunda başlanıb. Bununla əlaqədar
beynəlxalq məsləhətçi şirkətinin və
milli məsləhətçilərin dəstəyi ilə hər
bir pilot rayonu üçün rasionallaşdırma planları
hazırlanıb və təsdiq olunub”. Nazir vurğulayıb
ki, rasionallaşdırma planları həmin rayonlarda
aparılan təhlillərə, monitorinq, qiymətləndirmələrə
əsaslanaraq kiçik və səmərəsiz məktəblərin
bağlanmasını, bağlanacaq məktəblərin
şagirdlərinin digər böyük məktəblərə
avtobuslarla daşınmasını, təmirə ehtiyacı
olan məktəblərin təmirini, bir sıra kadr
resurslarının ixtisarı nəticəsində şagird –
müəllim nisbətinin yüksəldilməsini, nəticədə
məktəb şəbəkəsinin səmərələşdirilməsini
əhatə edib: “Lakin qeyd olunan bu planlar bir sıra obyektiv səbəblərə
görə tam şəkildə deyil, məhdud şəkildə
həyata keçirilib. Bunun əsas səbəblərindən
biri isə bağlanacaq kiçik məktəblərin
şagirdlərinin digər böyük məktəblərə
daşınması üçün nəqliyyat vasitələrinin
alınmasının qeyri-mümkünlüyü, yol
infrastrukturunun əlverişsizliyi ilə bağlı olub.
Lakin təhlillər göstərir ki, nəinki
pilot rayonlarında, ümumilikdə ölkə ərazisində
məktəb şəbəkəsinin
rasionallaşdırılmasına ciddi ehtiyac vardır.
Belə ki, hazırda Azərbaycanda 1300-dən çox məktəbin,
bütövlükdə məktəblərin 30,6
faizinin şagird kontingentinin sayı 100 nəfərdən
azdır. Şagirdlərin sayı az olan həmin
məktəblərlə bağlı rasionallaşdırma
planının hazırlanması və həyata keçirilməsi
zəruri məsələlərdəndir”.
Nazir
bildirib ki, ümumi təhsil sistemində ixtisasartırma ilə
bağlı müəyyən problemlər mövcuddur: “Etiraf
edim ki, müəllimlərin bacarıqlarının
artırılmasında mühüm əhəmiyyət kəsb
edən ixtisasartırma təhsili üzrə beynəlxalq təşkilatlarla
birlikdə müəyyən işlər görsək də,
problemlərimiz daha ciddidir. Fasiləsiz təhsilin
mühüm tərkib hissəsi olan bu sahədə dünya təcrübəsinə
uyğun müasir model və mexanizmlər hazırlasaq da,
praktikada səmərəli tətbiq edə bilməmişik.
Təhlil göstərir ki, əlavə təhsil müəssisələrində
“öyrədənlər” özləri kifayət qədər
peşəkar və səriştəli deyildir, müəllimlərin
ehtiyacları lazımi səviyyədə qiymətləndirilmir,
mövcud ixtisasartırma proqramları müəllimlərin
ehtiyaclarını təmin etmir, fəal təlim
texnologiyalarının tətbiqinə diqqət yetirilmir,
ixtisasartırmanın nəticələrinə görə
müəllim fəaliyyəti stimullaşdırılmır. İxtisasartırma təhsili müəssisələrində
müəllimlərin ixtisasları üzrə lazımi bilik və
bacarıqlara yiyələnməməsi cəmiyyətdə həmin
təhsil müəssisələrinə inamın azalmasına
və haqlı narazılıqlara səbəb olur.
İxtisasartırma təhsilinə hər il
on minlərlə müəllim cəlb olunur, xeyli dövlət
vəsaiti sərf edilir, lakin bunun müqabilində müəllimlər
lazımi bacarıqlar əldə etmirlər, bu kursların
formal olduğunu bilərək, ümumiyyətlə,
ixtisasartırma tədbirlərinə həvəslə gəlmirlər.
Əlavə təhsilin əsas istiqamətlərindən
biri olan ixtisasartırma təhsilinin beynəlxalq təcrübəyə
uyğun təşkili sahəsində problemlərdən biri də
ixtisasartırma təhsili müəssisələri tərəfindən
təklif edilən proqramların bu təhsilə cəlb olunan
müəllimlərin ehtiyaclarına uyğun
hazırlanmaması, ümumiyyətlə, bu ehtiyacların dəqiq
müəyyənləşdirilməsi sahəsində
etibarlı mexanizmlərin işlənməməsi ilə
bağlıdır. Təhsilin məzmunu, xüsusilə
fənn kurikulumlarının tətbiqi, yeni pedaqoji
texnologiyaların, müasir təlim metodları və
strategiyalarının öyrənilməsi və tətbiqi
işinin təşkili, bu sahədə məktəb və
metodbirləşmə rəhbərlərinin, müəllimlərin
işinin istiqamətləndirilməsi, fənlərin tədrisi
metodikasının təkmilləşdirilməsi, yeni qiymətləndirmə
sisteminin tətbiqi ilə əlaqədar təlim
seminarlarının keçirilməsi, innovasiyaların
yayılması, yeni pedaqoji texnologiyalardan istifadəyə dair
tövsiyələrin hazırlanması məsələləri
əksər metodkabinetlərin fəaliyyət istiqamətinə
çevrilməyib. Əlbəttə, belə
bir vəziyyətdə müəllimlərin peşəkar
inkişafına bilavasitə xidmət etməli olan metodkabinetlərin
səmərəli fəaliyyətindən danışmaq
olarmı? Hesab edirəm ki, yox. Bu səbəbdən mövcud metodkabinetlərin
strukturunun təkmilləşdirilməsi, onların daha
çox resurs mərkəzlərinə çevrilməsi zəruri
məsələlərdəndir. Digər tərəfdən,
metodistlərin fəaliyyətinin təhlili, onların tərkibinin
səriştəli müəllimlər hesabına yeniləşdirilməsi
də xüsusi aktuallıq kəsb edir. Bu
sahədə ən ciddi problemlərdən biri də “öyrədən”lərin
hazırlıq səviyyəsinin müasir tələbləri
ödəməməsi ilə bağlıdır. Gələcəkdə diqqət yetirəcəyimiz əsas
məsələlərdən biri də məhz daha çox
sayda peşəkar və səriştəli “trener”lərin
hazırlanmasıdır. Daha bir maraqlı
məqamı diqqətinizə çatdırmaq istəyirəm.
2008-2009-cu dərs ilindən ümumtəhsil məktəblərinin
I siniflərində yeni fənn kurikulumlarının tətbiqinə
başlamışıq. Yeni kurikulum tətbiq
edilən siniflərdə işləyən 18 minədək
müəllim üçün treninqlər keçirmişik.
Ötən müddətdə aparılan
monitorinqlər göstərir ki, heç də bütün
müəllimlər həmin treninqlərdə lazımi
bacarıqlara yiyələnməmişlər. Bunun əsas səbəblərindən biri məhz
kifayət qədər peşəkar trenerlərin
olmamasıdır. Hazırda növbəti dərs ilində
I siniflərdə işləyəcək müəllimlər
üçün treninqlərin keçirilməsi sahəsində
iş aparırıq. Məni
düşündürən və narahat edən odur ki, treninq
materialları müəllim üçün zəruri olan məlumatları
özündə əks etdirsin, anlaşıqlı dildə
olsun və müəllimə elə formada təqdim edilsin ki,
o, praktikada qazandığı bacarıqları tətbiq edə
bilsin. Təsəvvür edin ki, müəllimlər
tam yeni məlumatları – fənn kurikulumlarının strukturu
və məzmunu, yeni təlim strategiyaları, təlimin
planlaşdırılması, yeni qiymətləndirmə
mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin
xüsusiyyətlərini mənimsəməli, həm də
praktik bacarıqlar əldə etməlidirlər. Bu səbəbdən hətta təklif etdim ki, mənim
iştirakımla trenerlərdən biri canlı bir treninq təşkil
etsin və biz qiymətləndirmə aparıb
aydınlaşdıraq ki, ölkəmizin ucqar bir kənd məktəbində
işləyən müəllim keçiriləcək treninqdən
lazımi bacarıqları əldə edə biləcəkmi.
Əslində, bu treninqlər ixtisasartırma təhsili
müəssisələrində bu müəssisələrin əməkdaşları
tərəfindən keçirilməlidir, lakin təəssüflər
olsun ki, həmin müəssisələrdə kifayət qədər
səriştəli və bu məsuliyyətli işi
çiyinlərində apara biləcək əməkdaşların
sayı çox azdır. İstər orta məktəb,
istərsə də ali məktəb müəllimləri
köhnə üsullarla işləməyi daha asan yol kimi
seçirlər, yeniliyə, yeni metodların tətbiqinə səy
göstərmirlər. Təhsil Nazirliyi 10 ildir ki, fəal-interaktiv
təlim metodlarının tətbiqi sahəsində iş
aparır. Beynəlxalq təşkilatlarla birlikdə
çoxlu layihələr həyata keçirmişik, minlərlə
müəllim hazırlamışıq. Lakin
narahatlıq doğuran haldır ki, hələ də fəal-interaktiv
təlim ixtisasartırma təhsili müəssisələrinin
fəaliyyətinin əsas istiqamətinə çevrilməyib,
bir sıra hallarda bu sahədə iş pərakəndə
formada aparılır. Təəssüf ki,
müasir dövrdə fəal təlim texnologiyalarının
keyfiyyətli təhsilin əsası olması hamı tərəfindən
dərk edilmir. Doğrudur, son illərdə
Azərbaycan Müəllimlər İnstitutu tərəfindən
əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində
müsbət addımlar atılıb, bir sıra məzmun dəyişiklikləri
edilib, proqramlar yeniləşdirilib, təlimlərin
keçirilməsi üçün lazımi infrastruktur
formalaşdırılıb. Ancaq hesab edirəm
ki, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu bu proseslərə daha fəal cəlb olunmalı,
təşəbbüskarlığı artırmalıdır.
İxtisasartırma təhsili müəssisələrində
“öyrədənlər”in tərkibinin keyfiyyətcə
yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər
həyata keçirilməlidir. Eyni zamanda ölkə təhsili
üçün belə həlledici məqamda müəllim
hazırlığı ilə məşğul olan ali məktəblərin seyrçi mövqe
tutması daha narahatedici haldır. Son illərdə yeni
kurikulumun tətbiqi ilə əlaqədar ümumitəhsil məktəblərində
bu istiqamətdə müəyyən addımlar atılsa da,
pedaqoji profilli ali məktəblərdə
elə bir iş görülməmişdir. On ildir ki, Təhsil
Nazirliyinin fəal təlim üzrə strategiyası həyata
keçirilir, ali məktəblərimizin
proqramlarında bununla əlaqədar dəyişikliklər
aparılmır, professor – müəllim heyətinin müasir təlim
strategiyaları haqqında məlumatı yoxdur. Sual yaranır:
onların hazırladıqları müəllimlər bu
bacarıqlara necə yiyələnməlidirlər? Hesab edirəm
ki, pedaqoji profilli ali təhsil müəssisələri
bu sahədəki fəaliyyətlərini təkmilləşdirməli,
təsirli tədbirlər görməlidirlər. Bu sahədə mövcud problemlərin aradan
qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən
“Fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığının konsepsiya və strategiyası” sənədi
hazırlandı və 2007-ci ildə Hökumət tərəfindən
təsdiq olundu. Bu sənəddə gələcək
üçün müəyyən etdiyimiz perspektivlər, əsasən,
təkmil normativ-hüquqi bazanın yaradılması, bu sistemdə
zəruri struktur dəyişikliklərinin aparılması,
yeni kurikulumların hazırlanıb təsdiq edilməsi,
müasir monitorinq və qiymətləndirmə sisteminin tətbiqi
öz əksini tapıb”.
M.Mərdanovun dediyinə görə, müasir dövrdə
əlavə təhsil və peşəkarlıq səviyyəsinin
inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi
olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və
təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın
fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa
düşülür. Bu, bir tərəfdən müəllimin
yaradıcılıq potensialının inkişaf etdirilməsinə,
digər tərəfdən təhsilin və onun idarə edilməsinin
müasirləşdirilməsi məqsədilə pedaqoji
işçilərin və rəhbər pedaqoji kadrların
peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin
və peşəkarlıq səviyyəsinin müxtəlif
yollarla inkişaf etdirilməsinə xidmət edir. Əlavə təhsil və peşəkarlıq səviyyəsinin
inkişaf etdirilməsi pedaqoji kadrların, cəmiyyətin və
dövlətin təhsil tələbatlarının hərtərəfli
ödənilməsi məqsədilə peşə-ixtisas təhsilinə
əlavə olaraq təhsil proqramları və xidmətləri
vasitəsilə həyata keçirilir. Fasiləsiz
təhsilin hər bir mərhələsində əlavə təhsilin
əsas məqsədi şəxsiyyətin inkişafından,
intellektual və peşə baxımından onun fasiləsiz təkmilləşdirilməsindən
ibarətdir. Əlavə təhsil proqramlarına
ümumtəhsil, peşə-ixtisas və əlavə təhsil
müəssisələrində, dayaq məntəqələrində
və ümumiyyətlə, müvafiq lisenziyası olan digər
müəssisələrdə həyata keçirilən
müxtəlif yönümlü təhsil proqramları
daxildir: “Müasir dövrdə əlavə təhsilin
ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə,
yenidənhazırlanma, yaşlıların təhsili və s.
kimi istiqamətləri müəyyənləşdirilmişdir.
Əlbəttə, bu istiqamətlərin
hamısı barədə məlumat vermək çətin
olardı, onlardan yalnız bəzilərinə toxunmaq istəyirəm.
İxtisasartırma
təhsili dedikdə, pedaqoji kadrların və rəhbər
pedaqoji işçilərin öz peşə fəaliyyəti
dövründə mütəmadi olaraq peşəkarlıq səviyyəsini,
peşə ustalığını, elmi-nəzəri biliklərini
artırmaq məqsədi ilə şəxsi ehtiyac və tələbatlarına
uyğun gələn, o cümlədən yenilikləri və
dəyişiklikləri əks etdirən tədris plan və
proqramları üzrə təhsil almaları nəzərdə
tutulur. Stajkeçmə xüsusi
ayrılmış müəssisələrdə yüksək
ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri
biliklərin təcrübi bacarıq və vərdişlərlə
əlaqələndirilməsini nəzərdə tutur.
Peşə-ixtisas təhsili müəssisələri üzrə
pedaqoji heyətin ixtisasının artırılması
üçün nəzərdə tutulan tədris plan və
proqramlarına, lazım gəldikdə, stajkeçməyə
dair ayrıca blok əlavə olunur. Bununla
belə, nəzəri hazırlıq planlaşdırılmadan
da qabaqcıl texnika və texnologiya ilə tanış
olmaq məqsədilə elmi laboratoriya və emalatxanalarda
stajkeçmə tədbirləri təşkil edilə bilər.
Pedaqoji işçilərin stajkeçməsi
pedaqogika, psixologiya və metodika sahələri üzrə
bilik və bacarıqların artırılması ilə
tamamlanaraq, həmin kateqoriyadan olan müəllimlərin tam əlavə
təhsilini təmin edir. Stajkeçmə ikimərhələli
proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində
çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim
kimi kateqoriyalı işçilərin əlavə təhsilidir.
Bu cür təhsil şəbəkəsinə ali
məktəblərin baza kafedraları, müvafiq
ixtisasartırma müəssisələri və fakültələri,
ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri,
təcrübə-sınaq stansiyaları aiddir. Kadrların təkmilləşdirilməsi
prosesi əlavə təhsildə gedən bir proses olmaqla, tədrisin
keyfiyyətinin yaxşılaşdırılması məqsədi
daşıyır və aşağıdakı proseslərin və
ya tədbirlərin vəhdətini özündə ehtiva edir:
– pedaqoji,
psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərsliklərdə,
eləcə də tədris plan və proqramlarında, təlim
və informasiya texnologiyalarında olan yeniliklərlə
operativ tanışlıq, öz həmkarları ilə təcrübə
mübadiləsi, distant ötürmə vasitəsilə yeni
materialların əldə olunması, bu istiqamətdə fikir
mübadilələrinin aparılması, aktual
mövzuların dinlənilməsi üçün sahə
üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə
dəvət olunması, problem mövzular ətrafında təhlillərin
təşkili, dərslərdə kollektiv iştirak, konkret
metodikanın aprobasiyası, nəticələrin təhlili,
kadr hazırlığı, əlavə təhsil sahəsində
tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik
və dərs vəsaitlərinə dair əsaslandırılmış
təkliflərin verilməsi, “öyrədənləri öyrədən”
statuslu müəllim və metodistlərlə diskussiyaların
keçirilməsi, daimi özünütəhsil. Təkmilləşdirmə
daha geniş anlayış olmaqla, əlavə təhsilin
yuxarıda göstərilən digər tərkib hissələrinə
təkanverici proses xarakteri daşıyır, özünütəhsil
formasında müəllim hazırlığının fasiləsizliyini
təmin edir. Pedaqoji kadrların mütəmadi
olaraq təkmilləşdirilməsi gələcək
ixtisasartırma və yenidənhazırlanma təhsilini
formalaşdırır, müəllimlərin ilkin
hazırlığı prosesində mövcud olan
çatışmazlıqların aradan
qaldırılmasını və onların
hazırlığının keyfiyyətcə yüksək səviyyədə
olmasını təmin edir.
Müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində treninqlər, təhsil müəssisəsi şəraitində treninqlər, kaskad modeli üzrə treninqlər, texnologiyalara əsaslanan treninqlər, distant təhsil, mentorluq, şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə, müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kənar keçirilən kurslar və treninqlər kimi modellər üzrə həyata keçirilir. İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq göstərir ki, dünyada bu sahədə fərqli mexanizmlər tətbiq olunur, ixtisasartırma təhsili modul-kredit sisteminə əsaslanaraq 3 moduldan ibarət təşkil olunur. Hər modul üzrə kreditin həcmi müəyyənləşdirilir. Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri, ikinci modul tədris metodikası və təlim strategiyalarını, üçüncü modul isə sərbəst modul adlanır və seçmə kursları, yəni müəllimin arzusuna uyğun təşkil ediləcək kursları əhatə edir. Xüsusi vurğulamaq lazımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl hər bir müəllimin bacarıqlarının ilkin diaqnostikası aparılır, treninq proqramları da qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılır. Sonda isə yekun monitorinq aparılır. Modullar üzrə zəruri kreditləri toplayan müəllimlər sertifikat alır, bu sertifikatlarda kursun adı, müəllimin əldə etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əməyinin stimullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisasartırma təhsilinin statusunu yüksəldir və ona marağı artırır. Burada bir əhəmiyyətli cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri və ictimaiyyət müəllimlərə verilən sertifikatlara inanır və onu qəbul edirlər. Çünki bu sənədi almamışdan əvvəl kursun, treninqin monitorinqi aparılır, həm “öyrədən”lərin, həm də “öyrənən”lərin fəaliyyəti dəqiq qiymətləndirilir. Eyni zamanda bu monitorinq və qiymətləndirmə mexanizmi işinin daha da təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına imkan verir.Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliyyələşdirilməsi də bizdə olduğundan tam fərqlidir. Azərbaycanda ixtisasartırma təhsili üçün vəsait əsasən bu təhsili həyata keçirən müəssisələrə verilir. Yəni həmin müəssisənin təqdim etdiyi xidmətin səviyyəsindən asılı olmayaraq, büdcə vəsaiti ixtisasartırma təhsili müəssisəsinə yönəldilir”. Təhsil naziri deyir ki, dünya təcrübəsində isə belə təhsil müəssisələri vəsaiti özləri qazanırlar, yəni öz proqramlarını elan edirlər, bu proqramlar akreditasiyadan keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin seçimi əsasında kurslar təşkil edilir və ixtisasartırma üçün nəzərdə tutulmuş vəsait həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin təklif etdiyi proqramlar müəllimlər tərəfindən seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə bilmir. Bir fərq də ondan ibarətdir ki, ölkəmizdə ixtisasartırma təhsili yalnız dövlət təhsil müəssisələrində həyata keçirilir, beynəlxalq təcrübədə isə dövlət müəssisələri ilə yanaşı, bu fəaliyyətlə daha çox özəl qurumlar, QHT-lər məşğul olurlar ki, bu da rəqabət mühitinin formalaşmasına gətirib çıxarır.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2011.- 26 noyabr.- S.10.