Vergilər Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” mövzusunda konfrans keçirilib

 

Vergilər Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə” mövzusunda konfrans keçirilib. Konfransda Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin, Ombudsman Aparatının, “Şəffaflıq Azərbaycan” təşkilatının, Konstitusiya Arasdırmaları Fondunun, Korrupsiyaya Qarşı Mübarizə Fondunun, audit şirkətlərinin və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Günay Cəfərli, Daxili təhlükəsizlik baş idarəsinin rəisi Tariyel Quliyev, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov, Vergi Apelyasiya Şurası katibliyinin rəisi Aysu Məmmədova, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəis müavini Zöhrab Ömərov, Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı”nın icrası, vətəndaş müraciətlərinə baxılması, vergi ödəyicilərinin şikayətlərinin məhkəməyə qədər araşdırılması üçün Vergi Apelyasiya Şurasının fəaliyyəti, vergi orqanlarında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində son illərdə görülən işlərdən danışıb. Bildirilib ki, Vergilər Nazirliyi vergi xidmətinin müasir beynəlxalq standartlara uyğunlaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmət sahəsində elektron xidmətlərin genişləndirilməsi üçün islahatlar aparıb. Korrupsiyaya qarşı mübarizənin ən səmərəli yolu kimi bütün sahələrdə şəffaflıq mexanizmlərinin tətbiqinin vacibliyi, hökumət quruculuğu istiqamətində atılan addımların davam etdirilməsi zərurəti vurğulanıb. Son illər ərzində vergi xidmətinin texnoloji baxımdan ciddi modernizə olunduğu və bunun vergi orqanlarının fəaliyyətində şəffaflığının artırılmasına əvəzsiz töhvə verdiyi qeyd olunub. Aparılan islahatlar nəticəsində bu gün vergi subyektlərinin qeydiyyatı, vergi hesabatlarının tərtib edilməsi və ötürülməsi, vergi orqanları ilə əlaqələr əsasən elektron vasitələrlə aparılır ki, bu da fəaliyyətin şəffalığının təmin olunmasına və vergi ödəyicilərinin vergi orqanı əməkdaşları ilə ünsiyyətini minimuma endirməyə imkan verir. Konfransda çıxış edən Konstitusiya Arasdırmaları Fondunun rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Ernst & Young” şirkətinin nümayəndəsi Arzu Hacıyeva son illər Vergilər Nazirliyi tərəfindən müzakirə olunan məsələ ilə bağlı ciddi islahatlar aparıldığını və diqqətəlayiq nəticələr əldə olunduğunu vurğulayaraq, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə sahəsində ictimai qurumlarla vergi orqanları arasında əməkdaşlıq məsələləri, bu münasibətlərin daimi dialoq və institusional əməkdaşlıq formatında daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

                  

 

Günay FƏRHADQIZI

 

525-ci qəzet.- 2011.- 26 noyabr.- S.13.