Görkəmli heykəltəraş Ömər Eldarovun yaradıcılıq dühası

 

Böyük əraziləri əhatə edən Azərbaycan adlı məmləkətin təsviri sənəti neçə min illər bundan əvvəl ulu babalarımızın yaratdığı Qobustan qayalıqlarında həkk edilmiş misilsiz qaynaqlara gedib çıxır. XXI əsrin reallığı, müasir insan təfəkkürü ilə yanaşılmasına rəğmən xüsusi incəliklə və özünəməxsus bacarıqla yaradılmış bu sənət nümunələrinin əsl – ağlabatan mahiyyəti insanları düşündürməkdədir. Bu düşündürücülük prinsipləri minilliklərlə yaradılmış incəsənətimizin müasir mərhələsində məxsusi sənət yolu ilə seçilən xalq rəssamı Ömər Eldarovun da yaradıcılığından yan keçmir.

Tanışlıq üçün qeyd deyək ki, Ömər Həsən oğlu Eldarov 1927-ci ildə Azərbaycanın qədim şəhərlərindən olan Dərbənddə dünyaya göz açıb. Sənətə xüsusi həvəsi onu Rəssamlıq Texnikumunun heykəltəraşlıq şöbəsinə gətirib çıxarır. Gələcəyin istedadlı sənət ustası burada sənətin ilkin incəliklərinə yiyələnir. Sonra Ö.Eldarov sənət sahəsində biliklərini artırmaq üçün Sankt – Peterburq şəhərinə yollanır, orada istedadlı sənət ustalarından dərs alır və professional heykəltəraş kimi Bakıya dönür. Onun sənət uğurları artıq tələbəlik dövründən özünü büruzə verməyə başlamışdır. Və bu xüsusiyyəti görüb onu təqdir edənlər də var idi, gənc heykəltəraşın arxasınca göz qırpanlar da. Necə ki, bütün dövrlərdə olduğu kimi.

Ö.Eldarov irsini müşahidə edərkən sənətkarın yaradıcılıq dühasının hüdudsuzluğunu, bədii təxəyyülünün bənzərsizliyini, ideyalarının bəşəriliyini, obrazlarının düşündürücülüyünü, dolğunluğunu, kamilliyinis. incə məqamları xüsusilə qeyd etmək olar.

Ö.Eldarov heykəltəraşlığın dəzgah və monumental eləcə də memorial abidələr sahəsində bir – birindən maraqlı sənət nümunələri yaradıb. Onun yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların mahiranə plastik həllini, daxili psixoloji xüsusiyyətlərin ustalıqla açılmasını, surətlərin fərdi xaakterik hərəkətlərini, kompozisiyanın bitkinliyini və tamlığını və digər cəhətləri müşahidə və qeyd etmək olar.

Təsviri sənətin dəzgah heykəltəraşlığında yaradılmış əsərlər əsasən muzeydə və ya qalereyada, bir sözlə qapalı məkanda nümayiş üçün nəzərdə tutulur. Ö.Eldarovun bu janrda yaratdığı əsərlərinə misal olaraq “Səadət” kompozisiyası (tunc, 1956), “Xalq rəssamı Səttar Bəhlulzadənin portreti” (iki variantda)- I variant (ağac, 1965), II variant (ağac, 1968), “Zamanın dörd rəngi” kompozisiyası (ağac, 1973), “Dirijor Niyazinin portreti” (ağac 1984), “Elegiyaakademik Zərifə Əliyevanın heykəli (mərmər, 1997), “XX əsr” (tunc, 2000), “Zehnin yuxusu” heykəlin eskizi (plastilin, 2003), “Çılpaq qadın” (gips, 2004) və digər əsərlərini göstərmək olar. Heykəltəraşın yuxarıda sadalanan əsərlərinin hər birinə yüksək sənət xüsusiyyətləri xasdır və dərin fəlsəfi mahiyyət etibarilə tamaşaçıların diqqətini cəlb edir.

Mahir tişə ustası Ö.Eldarov Azərbaycanın dahi rəssamı Səttar Bəhlulzadənin iki variantda işləmiş olduğu obrazını zərgər dəqiqliyi ilə bədii təxəyyülündən süzərək adi ağac üzərində əsrarəngiz sənət əsəri yaradıb. Obrazın plastik həlli olduqca sərrast işlənilib. S.Bəhlulzadə şəxsiyyəti və dühası yaradılan hər iki əsərdə sənətin bədii dili ilə ustalıqla ifadə olunub.

Ömər Eldarov sənətinin şah əsərlərindən hesab etdiyimiz “Zamanın dörd rəngi” adlı kompozisiya olduqca dərin fəlsəfi-psixoloji mənaya malik, qüvvətli bədii təsir gücü olan sənət əsəridir. Milli İncəsənət Muzeyinin nadir sənət incilərlərindən olan bu əsərdə qüdrətli tişə ustası bir-birindən fərqli dörd qadın surətində ilin dörd fəslinin fəlsəfi mahiyyətini göstərməyə çalışıb və uğurla məqsədinə nail ola bilib. Eyni zamanda heykətəraş həmçinin insanın ömür fəlsəfəsinin zamanın dörd fəslindən ibarət olduğu fikrini isbat edib. Belə ki, Ö.Eldarov hələ qədim Şərq fəlsəfəsində özünün geniş təzahürünü tapmış “doğuluş” “bu dünya”, “ölüm” və “ölümdən sonrakı həyat” fəlsəfəsinin təsviri formasını yüksək sənət metodu ilə qadın obrazlarında əks etdirə bilib. Ö.Eldarov dühasının məhsulu olan “Zamanın dörd rəngi” adlı kompozisiyanın qarşısından sakitliklə keçmək, əsər önündə dayanıb düşünməməmək mümkünsüzdür.

Ö.Eldarov sənətkarlığı və ustalığı həmdə onun ölkəmizlə yanaşı, müxtəlif ölkələrin şəhərlərində ucaldılmış monumental heykəllərdə öz əksini tapıb. Onun monumental heykəltəraşlıq işlərinə nümunə olaraq X.Natəvanın (tunc, qranit, 1960, Bakı), M.Füzulinin (tunc, qaranit, 1963, Bakı) S.Ayinin (tunc, qranit, 1978, Büşənbə, Tacikstan), İ.Sinanın (tunc, qranit, 1980, Düşənbə, Tacikstan), Ulu öndər H.Əliyevin (tunc, qranit, 1987, Naxçıvan), H.Cavidin (tunc, 1993,Bakı) və başqa görkəmli şəxsiyyətlərin abidələrini göstərmək olar. Bu abidələrin hər biri ayrı-ayrılıqda geniş bəhs edilməyə layiq incəsənət nümunələridir. Lakin, biz burada bəzi nümunələrin bədii xüsusiyyətlərindən və təsvir vasitələrindən bəhs etməyi lazım bilirik.

Bakı şəhərinin mərkəzi hisəsində yerləşən X.Natəvanın duyğulubir qədər də qəmli obrazı dairəvi postament üzərində olduqca cəlbedici görünür. İctimai xadim, şairə və zərf ana məziyyətlərini Ö.Eldarov yaratmış olduğu obrazda ümumiləşdirməyə müvəffəq olmuşdur və abidə X.Natəvanın tam olaraq ictimai və bəii yaradıcılıq aləmini, eyni zamanda xarakterik cizgilərini özündə cəmləmiş möhtəşəm sənət əsəridir.

Azərbaycanın görkəmli filosof-şairi M.Füzulinin Akademik Milli Dram Teatrının qarşısında ucaldılmış abidəsi Xalq Rəssamı Tokay Məmmədovla Ömər Eldarovun birgə bədii təxəyyülünun məhsuludur. Möhtəşəm teatrın fonunda hündür postament üzərində şərq geyimində təsvir edilmiş filosof-şair M.Füzulinin düşündürücü surəti ilk andaca tamaşaçını özünün sehrli aləminə qərq edir. Surətin sağ əlini çənəsinə söykəmiş, sol əlində kitab tutansağ ayağını bir qədər irəliyə doğru təsvir edilməsi ilə obrazın dnamikliyi daha da qüvvətləndirib.

 

“Hər qaranlıqda çırpınır bir nur

Hər həqiqətdə bir xəyal uyuyor”

 

-deyən böyük şairimiz H.Cavidin bənzərsiz abidəsi Milli Elmlər Akademiyasının qarşısındakı ətraf mühitlə son dərəcə ahəngdar səsləşir və ətraf aləmə ayrıca bir gözəllik bəxş edir. Sağ ayağı irəliyə doğru hərəkətdə və əlləri ilə fiziki mənini qucaqlamış romantik şairimizin dərin xəyallara dalmış çöhrəsi qəhrəmanlarının əhatəsində son dərəcə ifadəli təsvir edilib. Bu heykəltəraşlıq əsəri dünya heykəltəraşlıq məktəbinin nadir inciləri ilə müqayisə edilməyə layiq əsərlərdəndir.

Ö.Eldarov həmçinin istedadlı memorial abidələr müəllifi kimi tanınır. Bunlara misal olaraq birinci Fəxri Xiyabanda yerləşən Ü.Hacıbəylinin (tunc, qranit, 1956), S.Bəhlulzadənin (tunc, qranit, 1974), F.Əmirovun (mərmər, 1988), Niyazinin (mərmər, 1989), akademik Z.Əliyevanın (tunc, 1995), akademik Z.Bünyadovun (tunc, qranit, 2000), ulu öndər H.Əliyevin və başqalarının memorial abidələrini qeyd etmək olar.

Biz istər Ü.Hacıbəyli, istər S.Bəhlulzadə, istərsə də Niyazinin qəbirüstü abidələrinə nəzər yetirmiş olsaq biri – birinə bənzəməyən kompozisiya quruluşuna, başqa-başqa sənət adamlarının özünəməsus fərdi-xarakterik xüsusiyyətlərinə və ən əsası hər bir obrazın tamaşaçının qəlbinə yol tapa bilmək gücünə malik olduğunu görə bilərik. Sadalanan xüsusiyyətlər Ö.Eldarov sənətinin böyüklüyünün göstəricisidir.

Ulu öndər Heydər Əliyevlə Ö.Eldarovu möhkəm dostluq telləri bağlayırdı. Bəlkə də Ö.Eldaov yeganə sənətkar idi ki, ulu öndərin naturadan obrazını yaratmaq xoşbəxtliyinə nail olmuşdu. Ö.Eldarov H.Əliyevin bir neçə abidəsini yaradıb. Lakin biz bir obrazın üzərində xüsusilə dayanmaq istəyirik. Bu abidə H.Əiyevin Fəxri Xiyabanda yerləşən məzarı üzərindəki abidə-kompleksidir. İstedadlı tişə ustası yüksək məharətlə ulu öndərin dəqiq fərdi-psixoloji xarakteristikasını əks etdirən obrazını Azərbaycan Respublikasının xəritəsinin fonunda təsvir etməklə əsrarəngiz bir abidə-komleksin yaradılmasına nail olmuşdur. Abidə-kompleks özünün ətraf şəraitlə üzvi bağlılığı ilə ziyarətə gələnləri valeh edir.

Ö.Eldarov bu gün də yüksək sənət eşqi ilə yeni-yeni sənət inciləri yaradır və heç zaman yaradıcılıq axtarışlarından qalmır. Ö.Eldarov bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, uğurlu pedaqojiictimai fəaliyyətlə də məşğul olur. O, Milli Məclisin deputatı olmuş, hazırda 2002-ci ildə ulu öndər Heydər Əliyevin tarixi Sərəncamı ilə yaradılmış Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi nüfuzlu vəzifədə çalışır. Onun yetirdiyi tişə ustaları arasında fəxri adlara layiq görülənlər də az deyil. Ö.Eldarovun hərtərəfli fəaliyyəti dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilib.

Bəli, möhtəşəm əsərləri ilə incəsənətimizi zənginləşdirən akademik Ö.Eldarov öz yaradıcılıq dünyası ilə daim xalqın məhəbbətini qazanıb.

 

 

Əsəd Quliyev,

sənətşünas,

Rəssamlar İttifaqının üzvü

 

525-ci qəzet.- 2011.- 29 noyabr.- S.7.