“Azərbaycan nağılları” ingilis dilində

 

İçərişəhərdə Art Qarden Sərgi Salonunda “Azərbaycan nağılları” (“Azerbaijan fairy tales”) kitabının və kitaba əlavə olunmuş eyniadlı diskin təqdimat mərasimi gerçəkləşib. Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, şair Çingiz Əlioğlu kitab haqqında ətraflı məlumat verib: “Təqdim olunan kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin “Nümunə” nəşriyyatında nəfis şəkildə, yüksək poliqrafik keyfiyyətdə ingilis dilində nəşr olunub. Kitabın layihə müəllifi Leyla Əfəndiyeva, illüstrasiyaların müəllifi isə xalq rəssamı Arif Hüseynovdur. Kitab xalqımızın milli-mənəvi dəyərləri, bədii-estetik xüsusiyyətlərini əks etdirən şifahi xalq ədəbiyyatının gözəl nümunələrindən olan nağıllarımızın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında əhəmiyyətli rola malikdir”.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev nağıllarımızın özəllikləri, ölkə prezidentinin ədəbiyyatımıza olan diqqət-qayğısını diqqətə çatdırıb: “Uşaqlıqdan nənələrimizdən eşitdiyimiz maraqlı nağıllar adıçəkilən kitabda yer alıb. Pozitiv ruhlu, koloritli nağıllarımızı oxuyan hər bir əcnəbi dilimizin incəliyini, gözəlliyini duya biləcək. “Azərbaycan nağılları”nın ingilis dilində nəşri ölkə prezidentinin bu sahəyə göstərdiyi xüsusi qayğı və diqqətin göstəricisidir. Kitabdan və audiodiskdən ingilis dilini öyrənənlər də bəhrələnə bilərlər. Kitabın birinci hissəsi çapdan çıxıb və bu sahədə işlər davam edir, layihə çərçivəsində bu tip kitabların işıq üzü görəcəyi nəzərdə tutulur”.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev kitabı yüksək qiymətləndirərək, nağıllara çəkilmiş illüstrasiyaların peşəkar rəssamın fırçasından çıxdığını diqqətə çatdırıb.

Xalq rəssamı Arif Hüseynov kitabda yer alan 30 Azərbaycan nağılına 40 illüstrasiya çəkdiyini qeyd edib. Son zamanlar Azərbaycan folklorunu əsərlərində tərənnüm etdirən rəssamın sözlərinə görə, bu onun yaradıcılığında yeni bir addımdır: “Azərbaycanda ilk dəfədir ki, belə bir layihə həyata keçirilir. Bu, poliqrafiya kitab sahəsində böyük uğurdur. Yüksək peşəkarlıqla hazırlanmış “Azərbaycan nağılları” (“Azerbaijan fairy tales”) kitabı bu gün ölkəmizdə kitab çapının hansı səviyyədə olduğunu bu daha əks etdirir. Kitabda əməyi keçən, dəstəyi olan hər kəsə təşəkkür edirəm”.

Sonda layihənin rəhbəri Leyla Əfəndiyeva kitabın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Kitab üzərində işləyən insanların peşəkarlığından danışan L.Əfəndiyevanın sözlərinə görə, kitabın dizaynı, tərtibatı olduqca maraqlıdır: “Belə ki, təmiz dəridən hazırlanan kitabın üz qabığı milli ornamentlərlə bəzədilib. Qədim nəşri xatırladan kitabın dizaynı “Əfəndi” dizayn studiyasına məxsusdur. Onun sözlərinə görə, kitab yenicə işıq üzü görsə də, Frankfurtİstanbulda keçirilən kitab sərgilərində nümayiş olunub. Kitabın daha bir özəlliyi ondan ibarətdir ki, kitabda yer alan nağıllar sonda yerləşdirilən audiodiskdə toplanıb. Bu, ingilis dilini yeni öyrənənlər üçün olduqca əlverişli vəsaitdir. Onu da qeyd edim ki, audiodiskdə nağıllar Celia Davies (İngiltərə) tərəfindən səsləndirilib. Nağılların tərcüməçiləri isə Yen Pert və Səadət İbrahimovadır”.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, kitab satılmayacaq, xarici ölkə səfirliklərinə, diplomatik korpuslara hədiyyə ediləcək.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 29 noyabr.- S.7.