Türkiyə, mən
sənin nəyini sevdim?!.
“İllər-düşüncələr”
dəftərindən
Bu
xatirələr-düşüncələr mənə
çox əzizdir, həmişə xatırlayıram, hərdən
yaxın adamlara danışıram və elə epizodlar yada
düşür – danışanda maraqla dinlənilsə də
çox vaxt aparır.Ona görə bundan sonra
danışmamaq üçün yazmaq qərarına gəldim.Maraqlanan
sağ olsun, – oxusun.Maraqlanmayan sağ olsun, – oxumasın.Və
Tanrı hər ikisindən razı olsun.
1986-cı
ilin mart ayıydı. Azərbaycan SSR Dövlət Mətbuat
Komitəsinin sədri Nazim İbrahimov mənə bildirdi ki,
Ankaraya getməyə hazırlaşın – 24 aprel Uşaq Ədəbiyyatı
bayramında Sovetlər Birliyini təmsil edəcəksiniz.
Gözlənilməz
şad xəbər idi.
O
vaxtlar mövcud qadağalar rejiminin iki qardaş millətə
çox “həssas münasibəti sayəsində” Azərbaycan
ziyalıları Türkiyəyə rəsmi tədbirlərə
demək olar, ya dəvət almırdılar, ya da göndərilən
dəvətlər Moskvada gizlədilirdi.
Səfər
üçün lazım olan sənədləri (anket, iş
yerindən xasiyyətnamə, tərcümeyi-hal və s.)
hazırlayıb təqdim etdim və bundan sonra da
unutmayacağım heyrətamiz bir məlumat məni çox
düşündürdü: daha dərindən “rentgendən”
(o vaxtlar KQB yoxlamalarını el içində belə
adlandırırdılar) keçirilmək, daha dəqiq rəy
almaq üçün sənədlərimi İrəvana
göndərirdilər. İki il qabaq İrəvandan
köçsəm də!
Dedim:
“Babam, məni anadan olduğum gündən başlamış
ta otuz səkkiz il İrəvanda yoxlayıblar, o illərdə
həm SSRİ-nin, həm Azərbaycanın, həm də Ermənistanın
yüksək mükafatlarını almışam, neçə
dəfə xaricdə olmuşam, əgər bir “naxoşluq”
tapsaydılar, bunlar olmazdı”.
Dedilər:
“Qayda belədir”.
Dedim:
“İki ildir mən Bakıda yaşayıram, məsul vəzifədə
işləyirəm. İki il bəs etmirmi mənim kimi sadə
tərcümeyi-halı olan bir insanı elə buradaca “rentgendən”
keçirməyə?”
Dedilər:
“Yox, kifayət deyil, qayda belədir”.
Dedim:
“İrəvandan neçə dəfə xarici ölkəyə
getmişəm, elə Bakıya köçəndən iki ay
öncə – Ermənistan Mədəniyyət Nazirliyinin
xüsusi səyyah qrupunun rəhbəri kimi Çexoslovakiyada
olmuşam... Qrup rəhbərlərini Mərkəzi Komitənin
katibliyi təsdiq edir. Yəqin ... orda məni kifayət qədər
yoxlayıblar...”
Dedilər:
“Fərqi yoxdur, yenidən yoxlanılmalısınız, rəsmi
cavabı gəlməlidir”.
Dedim:
“İrəvan nə müddətdə cavab verməlidir?”
Dedilər:
“Bir aya”.
Bu
gün də xatırlayıram: səfərə həvəsim
soyudu. Düşündüm ki, texniki baxımdan da bu,
mümkün olmayacaq. İki-üç həftə sonra isə
bu səfəri unutdum. Ancaq, görünür, belə süni
problemləri yaradanlar unutmamışdılar. Beynəlxalq tədbirə
3-4 gün qalmış Mərkəzi Komitənin Xarici əlaqələr
şöbəsinin məsul işçisi Surxay Həsənov
zəng çaldı:
–
Büro (Mərkəzi Komitənin Bürosunu nəzərdə
tuturdu – H.) bu gün Sizin Ankaraya getməyinizə
razılıq verdi. Sabah Moskvaya uçmalısınız.
Bilet alın, əgər çətindirsə, Mərkəzi
Komitənin bronundan ayıra bilərik.
– Bəs
Ankaraya uçuş havaxtdır? – soruşdum.
–
Üç gün sonra.
Bir az rahat oldum. Çünki səfərin
baş tutacağına inanmadığım üçün
hazırlığı dayandırmışdım.
Üç gün Moskvada qalacağımı biləndə
düşündüm ki, elə hazırlıq işləri
var – orda da aparmaq olar.
SSRİ
Dövlət Nəşriyyat Komitəsindən Tatyana zəng
çaldı:
– Mehmanxananız “Zvyozdnaya”dır. Gözəl
hoteldir, teleqüllənin yanında, – zarafatından da
qalmadı, – bu hoteli Sizə elə-belə seçməmişik.
Yazıçılar gərək ulduzlara
yaxın olalar.
Əmin
olmaq üçün Tatyanadan da soruşdum:
– Bəs Ankaraya uçuş havaxtdır?
O da təsdiqlədi:
–
Üç gün sonra.
Tamam rahat oldum.
Ertəsi
gün “Zvyozdnaya”ya çatan kimi birinci mərtəbədə
– qeydiyyat bölməsindəcə mənə dedilər:
“Dövlətnəşrkomdan zəng
çalmışdılar, xahiş etdilər – gələn
kimi onlara telefon açasınız”.
Nömrəyə
qalxıb Tatyanaya zəng çaldım:
–
Xahiş edirəm, tez Dövlətnəşrkoma gələsiniz.
Ankaraya uçuş sabahdır.
Sonra məlum
oldu ki, sabah sübhdən.
Üç-beş dəqiqə sonra tənəffüs
başlayırdı.
Taksi çağırıb, Dövlətnəşrkoma
yollandım.
Dövlət Komitəsindəki söhbətlər,
“yoxlamalar”, sorğu-suallar, “imtahanlar” yeniyetməlik
çağlarımda əsgərliyə aparmağa
hazırlamaq üçün ilk dəfə hərbi
komissarlığa çağırıldığım
günü yadıma saldı. “O kabinetə keç”, “bu kabinetə
buyur”... Bütün “kabinetlərdən keçəndən”
sonra SSRİ Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab
Ticarəti İşləri üzrə Dövlət Komitəsinin
(qurumun bütöv adı beləydi) Boris Nikolayeviç
Pastuxovun qəbuluna işin axırında düşdüm.
Pastuxov ixtisasca mühəndis-texnik olsa da, müxtəlif
siyasi-ideoloji məsul vəzifələrdə “bişmiş”
partiya-hökumət funksioneri idi. Sədr təyin edilənədək
uzun illər komsomol işində olmuşdu, Sovet komsomolunun
birinci vəzifəsinədək yüksəlmişdi. Bu yüksək postu tutduğu üçün “təbii”
olaraq SSRİ Ali Sovetinin deputatı, Mərkəzi Komitənin
üzvü idi. Altıncı il idi
Dölət Komitəsinin sədri təyin edilmişdi və
bu özünəməxsus sahənin problemləri ilə
az-çox tanış ola bilmişdi.
Söhbətimiz gözlədiyimdən xeyli çox – 35
dəqiqə çəkdi. Əvvəlcə Bakı haqda, kitab
mədəniyyətimiz barədə maraqlandı, “Gənclik”
nəşriyyatının fəaliyyəti ilə bağlı
suallar verdi. Son vaxtlarda Azərbaycanda kitab
işindən razı olduğunu dedi və uşaqlar, yeniyetmələr
üçün ədəbiyyat çapında müsbət
dəyişiklikləri də unutmadı, hətta... məni
bir az təriflədi də.
Hərdən stolun üstündəki kağıza
baxırdı.
Görünür – məni qəbulu ilə
bağlı ona xüsusi arayış təqdim etmişdilər.
Sonra gəldi mətləb üstə: amiranə, eyni zamanda
çox ehtiyatla danışırdı. Sözünün
canı: səfər boyunca diqqətli olum, ordakı
abı-havanı, bizə münasibəti dərindən
öyrənim. Guya elə-belə, təbəssümlə,
sözgəlişi dedi ki, əgər arzu etsəniz, səfərdən
qayıdanda da görüşə bilərik.
“Əgər arzu etsəniz?!” Çox ehtiyatla, eyni
zamanda çox nəzakətlə deyilmiş ifadə.
SSRİ boyda imperiyanın naziri ilə görüşməyi kim arzulamazdı ki?! Amma nə
üçün özü dəvət edir? İlk dəfəydi SSRİ nazirinin qəbulunda
olurdum. Kabinetə daxil olanacan həyəcanlı idim,
düşünürdüm – bir-iki saat tez məlumatım
olsaydı, əvvəlcədən özümü
hazırlaya bilərdim – sakit olum, həyəcanlanmayım, az danışım (səfər öncəsində
nə danışmalıydım? Onu dinləməliydim).
Amma hər şey qəfildən oldu, SSRİ Dövlətnəşrkomuna
gələndən iki saat sonra bildim ki, sədr məni qəbul
edə bilər... Bütün
“hazırlıqları” kabinetləri “gəzə-gəzə”
öz içimdə bir saata “keçməli” oldum.
Sualları çox oldu, mənsə
çalışdım özümü soyuqqanlı aparım
və səmimi cavab verim. Çöhrəsində
narazılıq əlaməti yox idi. Böyük
kabinetinin qapısınacan gəlib (qarşılayanda
otağının yarısınacan gəlmişdi) məni
yola saldı. Ayrılanda sadəcə “do svidaniye” dedim.
Qəbul otağına çıxan kimi katibə
ayağa qalxıb nəzakətlə bildirdi ki, xüsusi
şöbəyə gedin, Sizi yoldaş filankəs (soyadını
unutmuşam) filan mərtəbədə, filan nömrəli
otaqda gözləyir.
Xüsusi şöbəyə? Hə, yadıma
düşdü, hələ mənə xarici pasport verməyiblər.
Saata baxdım. Altıya az
qalırdı. Rəsmi iş vaxtı bitmək üzrəyidi.
Düşündüm ki, imza atıb, pasport
almaq çox çəkməz.
Yoldaş filankəs tipik “koqebeşnik” ədasıyla
qarşıladı məni. Qarşıma sıx intervalla
yazılmış iki səhifəlik kağız qoydu və
sakit tonda, lakin amiranə tərzdə: “oxuyun, imzalayın”-
dedi. Mən də onun “öz ədasıyla”
cavab verdim, bir sətrini də oxumadan imzaladım və qabağına
qoydum. Çaşdı, sifəti
pörtdü, lakin üzə vurmamağa
çalışdı. Yeni bir kağız qoydu
qabağıma, bu dəfə daha amiranə, daha sərt tonda,
həmin sözlər: “oxuyun və imzalayın”.
Oxumadım və imzaladım.
Daha
özünü saxlaya bilmədi:
– Nə
üçün oxumursunuz?!
– Sizə
mənim bu kağızları oxumağım lazımdır,
yoxsa imzam?
– Həm
oxumağınız, həm də imzanız...
– Mən
yazıçıyam, baş redaktoram, bilmirəm orada
özümü necə aparmalıyam? Belə
“qiraətləri” təhqir kimi qəbul edirəm. Əksinə
də mümkündür: bu kağızları burada
iki-üç dəfə oxuyaraq, “müdrik kəlamlardır!”
– deyib, ora gedəndən sonra
özünü başqa cür aparanlar da tapılır. Sizə hansı lazımdır?
Söz
tapa bilmədi, fağırlaşdı, sadəcə “təlimat
belədir” söylədi, imza atıb xidməti pasportumu
aldım və “xüsusi şöbədən”
çıxandan sonra nədənsə ona yazığım gəldi,
düşündüm ki, yaşlı adamdır, onunla kəskin
davrandım... (Qabağa gedib onu da deyim ki, xidməti pasportumun beş illik müddəti olsa da, səfərdən
dönən kimi həmin filankəsin otağına gedib
pasportu ona qaytarmalı idim və qaytardım da. Sovet
rejimi vətəndaşının xarici pasportunu (özü də
xidməti!) qoymurdu ki, özündə qalsın).
Dövlətnəşrkomdan
çıxan kimi özümü Qorki (indiki – Tver Bulvarı)
küçəsindəki əmanət kassalarından birinə
yetirdim (beş-on dəqiqə ləngisəydim
bağlanacaqdı), cibimdəki rubllarımı ora qoydum, sonra
bərbərxanaya çatdım, bir az ləngisəydim
bərbərxanalar da bağlanacaqdı, sonra taksiylə
“Zvyozdnaya”ya...
Uçuş
sübh tezdən idi...
“Şeremetyovo”
hava limanında nəhəng SSRİ uçağına
(“TU-154”) əyləşəndə heyrət məni
götürdü: o boyda salonda cəmisi 4-5 nəfər sərnişin
vardı. Uçağın marşrutu
“Moskva-Ankara-İstanbul” idi və o nəhəng hava gəmisi
Ankarada yerə enəndə təyyarədən... yalnız mən
düşdüm (uçaqda qalan 3-4 sərnişin
İstanbula uçurdu). Stüardessa təkcə mənə
təşəkkür etdi, ona yalnız mən dedim: “Sağ
olun”. Və trapın pillələriylə enə-enə qəribə
bir fikir keçdi başımdan: “Allah, sənə min
şükür, bir dəfə də məndən
ötrü bu boyda uçaq yerə endi”. Sonralar xidməti
işlərlə bağlı xüsusi reyslərlə
çox uçmuşam müxtəlif ölkələrə,
şəhərlərə, bəlkə elələri var –
unutmuşam, ancaq iyirmi beş il bundan
öncə baş tutan o qəribə, maraqlı uçuş
bütövlüklə yaddaşıma həkk olunub və
ömrüm boyu unudulan deyil.
Ankara hava limanında məni SSRİ-nin Türkiyə
Respublikasındakı Səfirliyinin müşavir-elçisi
Vladimir Solouxin qarşılayırdı. Diplomatiya
protokolunda müşavir-elçinin nəşriyyatın
baş redaktorunu qarşılaması çox yüksək
ranq idi. Onun idarə etdiyi “Fort” avtomobilinə
əyləşib şəhərə tərəf gəldikcə
ətrafda nə varsa – heyranlıqla baxmaqdan doymurdum. Hər şey mənə cazibədar, yeni və əziz
idi. Və o qədər də xoş
olmayan bir “doğma” hava da məni vururdu –
altmışıncı illərdə Bakının hava
limanından şəhərə gələrkən
özünəməxsus neft-mazut havası kimi. Fikirləşirəm:
bu, nədir, axı, Ankarada neft yoxdur. Bəlkə
də səbirsizlik edib Vladimirdən soruşuram. Vladimir bildirir ki, Ankaraya hələ qaz çəkilməyib,
mazut, kömür yandırılır və bu, onun
havasıdır. İçimdə elə bil bir tel
qırılır: “Bu boyda ölkənin paytaxtına hələ
qaz çəkilməyib?”
Vladimir soruşur ki, necə hoteldə qalmaq istəyirsiniz? Yüksək
kateqoriyalı, yoxsa adi? (Səfər
büdcəsində “yüksək kateqoriyalı hotel”
üçün kifayət qədər vəsait
ayrılmışdı). Deyirəm: “Adi olsun və sərgi
yerinə yaxın, elə olsun ki, sərgiyə getmək
üçün maşın çağırmayım”.
Vladimir deyir: “Mən eləsini sifariş vermişəm: rahat və
sərgiyə yaxın”.
“Evquran” hotelinə gəlirik.
Vladimir məni
otağacan yola salır, ayrılanda:
– Krantdan
su içməyin, soyuducuda var, havax əlavə lazım olsa
bu telefonun dəstəyini qaldırıb deyin, gətirəcəklər,
– söyləyir.
O vaxtacan
bir sıra xarici ölkələrdə, çox hotellərdə
olsam da ilk dəfəydi eşidirdim ki, krantdan su içmək
olmaz.
Ondan sonra
xarici ölkələrə yolum düşəndə hotelə
daxil olan kimi məni müşayiət edənlərdən
soruşardım: “Krantdan su içmək olar?”
O illərdə
uşaqlıq, yeniyetməlik çağları dağlarda
keçən mənim kimi – zəngəzurlu üçün
şəhərdə krantdan su içməmək dağlarda
bulağın gözündən, kəhrizin özündən
su içməmək kimi bir məhrumiyyət idi. Ancaq artıq uzun illərdir ki, Bakıda da,
dünyanın çox şəhərlərində də nə
krantdan su içirəm, nə də bulaqlara, kəhrizlərə
əlim çatır.
O da
yadımda qalıb və unudulmur, “Evquran”a
ayaq basan kimi Vladimir elə dedi.
Beynəlxalq
Uocuq Ədəbiyyatı sərgisi 1924-cü ildən
böyük Mustafa Kamal Atatürkün təşəbbüsü
ilə əsası qoyulan, ölkədə geniş miqyasda
dövlət səviyyəsində hər ilin 24 aprelində
qeyd edilən Uocuq bayramının tərkib hissəsiydi və
SSRİ ilk dəfəydi bu tədbirə dəvət
almışdı. Moskva dəvəti Bakıya
ünvanlamışdı və Azərbaycan SSR Dövlət Nəşrkomunun
sədri Nazim İbrahimov “Gənclik” nəşriyyatının
baş redaktoru olduğumu nəzərə alıb, sərgiyə
getməyə məni təqdim etmişdi. Yeniyetməlik
çağlarımdan arzuladığım səfər ilk dəfə
yüksək səviyyədə baş tutmuşdu.
Atatürk meydanında keçirilən geniş
miqyaslı beynəlxalq sərgi professional səviyyədəydi. Sərgidə
dünyanın bütün inkişaf etmiş ölkələrinin
nümayəndələri iştirak edirdilər. Mənim hədsiz marağım Türkiyə,
ABŞ, İngiltərə, Fransa, Almaniya Federativ
Respublikası və digər bu tipli sırf kapitalist ölkələrinin
sərgi guşələrinə – ədəbiyyatına, kitab
nəşri mədəniyyətinə idi. Türk qardaşlarımızın və
qonaqların marağı sərginin Sovet bölməsinə
yönəlmişdi. Bölmənin
önü həmişə doluydu, Ankara universitetlərində
rus dilini öyrənən uşaqların əlindən tərpənmək
olmurdu. Onlar məndən kitablar xahiş
edirdilər, deyirdim ki, sərgi bağlananda verəcəyəm.
Ancaq səbrləri çatmırdı, bəziləri,
özləri dediyi kimi, 5-10 kitabı
“çalmışdılar”.
SSRİ-nin Türkiyə Uümhuriyyətindəki səfiri
Vladimir Lavrov sərginin açılışına gəldi. O uşaqlar səfiri rus
dilində ittihamedici suallara tutdular:
– Nə
üçün bizlə görüşmürsünüz?
– Mənim
elə səlahiyyətim yoxdur. Gərək iki ölkə
arasında müvafiq razılıq ola,
sonra...
– Bəs
nə üçün Yevgeni Yevtuşenko gəlib bizlə iki
saatlıq görüş keçirdi, – uşaqların sadəlövhlüyü
suallarından görünürdü və səfir
cavablarını sanki günəbaxan tumu
çırtladılğı sayaq asanlıqla verirdi:
–
Yevtuşenko kimdir? Şair. Vəzifəsiz.
Müstəqil. Bəs mən?
Səfir.
Sonra səfir sərginin SSRİ bölməsindəki ən
qiymətli kitablardan birini – məşhur rus klassik və Sovet rəssamlarının
əsərlərinin reproduksiyaları toplusunu Böyük
Britaniyanın səfirinə bağışladı. Ayrılanda mənə:
– Biz
görüşəcəyik,– dedi.
SSRİ-nin bölməsi Moskvada hazırlanaraq Ankaraya
göndərilmiş və mən gələnədək
qurulmuşdu.
İlk öncə sərgidə o vaxtlar “Sovet
xalqları ədəbiyyatı” adlandırılan xəzinədən,
türk dünyasından və Azərbaycandan bəhs edən
bircə ədəd də olsun kitabın gözə dəyməməsi
diqqətimi çəkdi. Bu barədə Vladimirə
dedim. O da təəssüfünü gizlətmədi. Mən
“Gənclik”in və digər nəşriyyatlarımızın
bəzi suvenir, nəfis nəşrlərini özümlə
götürmüşdüm. Səfirdən
soruşdum ki, bu kitabları sərgiyə qoymaq olar? O, məmnuniyyətlə
razılıq verdi. Sərgidə
türk qardaş-bacılarımız üçün ən
maraqlısı o kitablar idi. Əlbəttə,
iradlar, hətta gözlənilməz ittihamlar da olurdu və
bunlar məni çox narahat edirdi.
Heç
yadımdan çıxmır: ucaboylu, ziyalı görkəmli,
orta yaşlarında olan bir kişi sərgidəki
haqqında danışdığım Azərbaycan dilində
olan kitabları nəzərdən keçirəndən sonra
çox əsəbi halda mənə üz tutdu:
– Əlifbanı niyə dəyişdilər?
Mən
zarafata saldım:
– Birinci dəfə
deyildi ki, dəyişirdik? Öz əlifbamızı
itirəndə belə olur.
– Dəyişdilər
ki, bizi birdəfəlik ayırsınlar?
– Xeyr,
yalnız bizim əlifbamız dəyişmədi, Sovetlər
Birliyindəki bütün xalqlar... ikicə xalqdan başqa.
Kişi sərt sualını yenə təkrarladı. Sakitcə:
– Bizi əlifbalarla
ayırmaq olmaz. Ortaq dilimiz, mədəniyyətimiz, tariximiz, mənəviyyatımız,
psixologiyamız... – dedim.
Gördüm hissə qapılıram və mənim
köməkçilərim – səfirlik əməkdaşları
pörtərək sözlərimə qulaq kəsiliblər
(Vladimir də, onlar da türkcə təmiz danışırdılar).
Kişinin
narazılığı bir az soyusa da, tam
keçmədi və xudafizləşmədən
uzaqlaşdı.
Kişi haqlıydı. Ona nə dedimsə – səmimi dedim,
ancaq bircə sözü onda deyə bilmədim və o
mühitdə deyə bilməzdim: “Səbriniz olsun. Ona tərəf gedirik. Zamana ehtiyac var...”
İllər keçdi. Türkiyənin Uümhur
Başqanı Süleyman Dəmirəl Çankayada müstəqil
Azərbaycanın Prezidenti Heydər Əliyevin şərəfinə
verdiyi ziyafətdə Dəmirəlin köməkçisi o
kişini mənə təqdim etdi, əvvəllər millət
vəkili olmuş, məsul vəzifələrdə işləmiş,
adı – Kamran bəy...
Prezident
köməkçi dedi:
–
Ziyalı insandır, milliyyətçidir, yazarların əsərlərini
çox oxuyar, Sizi də sevir. Kitabınızı
mən ona bağışladım, çox bəyəndi.
Yəqin mənim “Doxsanıncı il” kitabımı nəzərdə
tuturdu.
– Biz
köhnə dostlarıq, – dedim.
Az dəyişmişdi,
o vaxtlar dövlətdə yüksək post tutmurdu,
görünür, nüfuzlu ziyalı olduğu
üçün dəvət olunmuşdu Prezidentlərin ziyafətinə.
O, məni
– daha doğrusu, 1986-cı ilin Hidayətini tanımadı.
–
1986-cı ilin apelində, Uocuq Ədəbiyyatı sərgisində
Siz məni ittiham etdiniz. Mən bəzi cavablar verdim, ancaq bir
sözü sizə deyə bilmədim və onda deyə bilməzdim:
“Səbriniz olsun, zamana ehtiyac var...” İndi
görürsünüz, müstəqilik, əlifbamız da
eynidir.
Yadına düşdüm. Qucaqladı məni,
göz yaşlarını saxlaya bilmədi.
Mən də kövrəldim.
– O vaxt
gözlərinizdən, davranışınızdan oxudum ki, qətiyyətli,
milli ruhlu gəncsiniz və bu səviyyəyə gəlib
çatacaqsınız, ona görə Sizlə ərkyana
davrandım, – söylədi.
Olayı qısaca ətrafımızdakılara
danışdım. Onlar da təsirləndilər.
HİDAYƏT
(Ardı var)
525-ci qəzet.-
2011.- 30 noyabr.- S.4.