“Uşaq
hüquqları aylığı”na yekun vuruldu
Azərbaycan
Respublikası öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra ölkədə qanunun aliliyinə əməl
olunan demokratik, dünyəvi dövlətin qurulması,
ümumbəşəri insan dəyərlərinə, insan
hüquqlarına hörmət edilməsini prioritet məsələlər
sırasında elan etməklə yanaşı, beynəlxalq
müqavilələrə tərəfdaş
çıxdı. 20 noyabr 1989-cu ildə qəbul edilmiş
BMT-nin Uşaq Hüquqları Konvensiyası Azərbaycan
Respublikasının müstəqillik əldə etdikdən
sonra insan hüquqlarına dair qoşulduğu ilk beynəlxalq
sənədlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi illərdə isə
uşaqlara qayğı dövlət əhəmiyyətli bir
işə çevrilərək, möhkəm hüquqi baza
yaradılmış oldu. Ölkənin əsas qanununda,
Konstitusiyada nəzərdə tutulan uşaqların
maraqları daha sonra, yəni 1998-ci ildə “Uşaq
hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun
qəbulu ilə milli qanunvericilikdə ayrıca olaraq öz rəsmi
təsbitini tapdı.
Azərbaycan
Respublikası prezidentinin 22 dekabr 2008-ci il tarixli sərəncamı
ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan
olunması və tədbirlər planının təsdiqlənməsi
uşaqların inkişafı naminə yeni fəaliyyət
istiqamətləri müəyyənləşdirmiş oldu. Məhz
bunun nəticəsidir ki, ötən iki il dövlət
uşaq siyasəti sahəsində əsaslı dəyişikliklər,
yeniliklərlə yadda qaldı. Heydər Əliyev Fondu tərəfindən
məktəblərin, uşaq evləri və
bağçalarının inşası, onların yenidən
müasir tələblərə uyğun şəkildə
qurulması, həmçinin digər sahələrdə də
görülən işlər, gerçəkləşdirilən
layihələr, proqramlar isə özünün uğurlu nəticələri
ilə hamıda böyük sevinc və razılıqla
qarşılanıb.
Bu
gün yekununu qeyd etdiyimiz “Uşaq hüquqları
aylığı” da məhz dövlət uşaq siyasətinin
tərkib hissəsi kimi müsbət təcrübəyə
çevrildi. Hər il Uşaq Hüquqları
Konvensiyasının qəbul edilmə tarixi ərəfəsində,
20 oktyabr – 20 noyabr tarixlərində Müvəkkilin təşəbbüsü
ilə ənənəvi olaraq elan olunan “Uşaq
hüquqları aylığı” dövlət qurumları,
yerli və mərkəzi icra hakimiyyəti orqanları, həmçinin
QHT və KİV-lər, icmalar tərəfindən müxtəlif
tədbirlər həyata keçirilməsinə həvəsləndirməklə
yanaşı, qeyd olunan sahədə mütərəqqi
addımların atılmasına geniş imkanlar açır.
“Uşaq
hüquqları aylığı” bu il də elan olunmaqla
yanaşı, müxtəlif dövlət orqanlarına,
nazirlik və komitələrə, hüquq mühafizə orqanlarına,
yerli icra hakimiyyəti orqanları, ümumilikdə
respublikamızın bütün regionlarını əhatə
etməklə 91 dövlət qurumuna, o cümlədən QHT və
KİV-ləri də daxil etsək 100-dən artıq quruma bu ərəfədə
müxtəlif tədbirlərin keçirilməsi və
görülmüş işlər barədə Ombudsmana məlumat
vermələri tövsiyə olundu.
Bunlardan
“Uşaq hüquqlarının müdafiəsi”, “Hüquqlar
hamı üçün”, “Uşaq hüquqlarını
qoruyun”, “Yaşlılara hörmət, uşaqlara
qayğı”, “Nəsillərarası münasibətlərin cəmiyyətin
formalaşmasında rolu”, “Mən hüquqlarımı öyrənirəm”,
“Ailədaxili zorakılıq hallarının profilaktikası”,
“Erkən nikah və onun törətdiyi fəsadlar”, “İnsan
alverindən özünü qoru”, “Uşaqlara qarşı
zorakılığa yox deyək!”, “Hüquqlarımızın
pozulması hansı amillərdən asılıdır”, “Erməni
terroru nəticəsində həlak olmuş uşaqlar”, “Gənclərin
sağlam həyat tərzi”, “Gəncliyi narkomaniyadan qoruyaq”,
“Fövqəladə hallarda uşaq hüquqlarının
müdafiəsi”, “Mədəni irsimiz tarixi dəyərimizdir”,
“Ölkəmizdə dil və din azadlığının təminatı”,
“Ekoloji mühitin qorunması” və digər mövzularda
keçirilən tədbirləri göstərmək olar.
Dövlət
uşaq siyasətinin həyata keçirilməsində mərkəzi
icra hakimiyyəti orqanı olan Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Heydər Əliyev
Fondu və YUNİSEF-lə birgə həyata keçirdiyi
“Uşaqların II Ümumrespublika Forumu aylıq günlərində
ən mühüm tədbirlərdən oldu və məhz
respublikamızın bütün rayonlarından olan
uşaqların iştirakına əsaslanmaqla onları
maraqlandıran problemləri müzakirə etmək və
müvafiq təşəbbüslə çıxış
etmək, öz fikirlərini, təkliflərini
bölüşməyə imkan yaratdı.
Aylıq çərçivəsində Müvəkkilin təşəbbüsü ilə Quba rayon İcra hakimiyyəti ilə əməkdaşlıqda Bakı şəhərinin müxtəlif məktəblərindən olan uşaqlar, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkənin (AUGSŞ) üzvləri payız tətillərini respublikamızın Şimal bölgəsində keçirmişlər. AUGSŞ-in uşaq və gənclərdən ibarət yetirmələri Qubadakı Heydər Əliyev Mərkəzinə gedərək, ümummilli liderin zəngin həyat və fəaliyyəti barədə eksponatlarla tanış olmuşlar.
Səfər çərçivəsində Quba məzarlığı ziyarət olunub. Uşaq və gənclər ölkəmizdə uğurla davam edən “Turizm ili”ndə yurdumuzun bənzərsiz təbiəti ilə, turizm mərkəzləri ilə tanış olub, onlar üçün Qudyalçay körpüsünə və Qırmızı qəsəbəyə ekskursiya, Qəçrəş meşəsinə isə yürüş təşkil edilib. Onlar Quba Olimpiya Kompleksində olmuş, burada öz aralarında qaçış yarışları keçirmiş, Quba Şahmat Mərkəzinin fəaliyyəti barədə məlumat almışlar.
AUGSŞ-in üzvləri olan məktəblilər Quba şəhərindəki valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbinə də baş çəkmiş, bu təhsil müəssisəsinin sakinləri üçün uşaq hüquqları, vətənpərvərlik, sağlam həyat tərzi, AİDS və narkomaniya ilə mübarizə mövzularında treninqlər təşkil etmişlər.
Ümumilikdə bu il aylıq çərçivəsində QHT və KİV-lər də fəallıq göstərmişlər. Uşaq hüquqları üzrə QHT Alyansı da aylığa fəallıqla qoşulub. Aztəminatlı, əlil, kimsəsiz uşaqları əhatə etməklə keçirilən silsilə tədbirlər, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi tərəfindən uşaqlara, o cümlədən Ədliyyə Nazirliyinin Uşaq Tərbiyə Müəssisəsində islah olunan yetkinlik yaşına çatmayanlara ünvanlanan, insan hüquqları, uşaq hüquqları, sağlam həyata tərzi, HİV/AİDS-ə qarşı mübarizə və digər mövzularda keçirilən treninqlər, rəsm sərgiləri uşaqlar üçün əhəmiyyətli və yaddaqalan olub.
“Uşaq hüquqları aylığı” Ombudsman Aparatı və Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən regional mərkəzləri tərəfindən müxtəlif dövlət qurumları, QHT və KİV-lərlə əməkdaşlıqda həyata keçirilib. Aparatın əməkdaşları müvəqqəti saxlanma və istintaq təcridxanalarına, həmçinin Ədliyyə Nazirliyinin Uşaq tərbiyə müəssisəsinə başçəkmələr həyata keçirib, saxlanılan uşaq və gənclərlə görüşlər təşkil olunub, onlara ünvanlanan hüquqi maarifləndirmə işləri aparılıb.
Ombudsmanın Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Uşaq hüquqları üzrə pilləli tədris layihəsi” çərçivəsində dərslər davam etdirilib. Bu layihənin icrasına Bakı şəhərinin üç pilot məktəbində başlanıb, daha sonra isə 11 məktəbdə davam etdirilmiş, bu ildən isə respublikanın regionlarında, Gəncə, Göygöl, Şəki, Qəbələ, Quba, Şabran, Cəlilabad, Biləsuvarda həyata keçirilməsinə nail olunub. Uşaqların hüquqları pozulduqda, onların və valideynlərinin təxirə salınmadan Müvəkkilə müraciət etməsi məqsədilə Ombudsman Aparatında 24 saat ərzində xidmət göstərən “916” nömrəli üçrəqəmli qaynar xətt yaradılıb.
Məlum olduğu kimi, zorakılığın bütün formaları beynəlxalq insan hüquqları sistemində qadağan edilmişdir. Lakin buna baxmayaraq, bəzi zorakılıq halları, xüsusilə də cismani cəza bütün dünyada uşaqlara qarşı tətbiq edilməkdə davam edir. Müvəkkilin təşəbbüsü ilə Avropa Şurasının “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair” Konvensiyası ölkəmiz tərəfindən imzalanıb və inanırıq ki, yaxın vaxtlarda Milli Məclis tərəfindən ratifikasiya ediləcək. Ölkəmiz Avropa Şurasının “Cinsi zorakılığa son qoyulması” adlı kampaniyasının fəal iştirakçısı olub və geniş səpkili tədbirlər təşkil olunmaqla yanaşı, Milli Məclisdə uşaqların zorakılıqdan müdafiəsinə həsr olunmuş dinləmələr də keçirilib. Uşaqlara qarşı cismani cəzanın bütün formalarının ləğv edilməsini nəzərdə tutan, beynəlxalq təcrübəyə əsaslanmaqla YUNİSEF-in dəstəyi ilə hazırlanmış “Uşaqların Cismani Cəzadan Müdafiəsi haqqında” qanun layihəsi də Milli Məclisə təqdim edilib.
Müvəkkilin təşəbbüsü ilə Milli Məclisdə ailə, qadın və uşaq məsələlərinin daha yaxşı koordinasiyası üçün məhz bu sahə üzrə ixtisaslaşmış ”Ailə, qadın və uşaq məsələləri üzrə daimi komissiya”nın yaradılmasını, BMT Baş Assambleyası tərəfindən qəbul edilən “Uşaqlar üçün yararlı dünya” Bəyannaməsinə və Avropa Şurası tərəfindən qəbul edilən Uşaqlar üçün yararlı Avropa” Bəyannaməsinə uyğun olaraq “Uşaqlar üçün Yararlı Azərbaycan” adlı uzunmüddətli strateji Proqramın qəbul olunmasını, uşaqların sosial rifah halının yaxşılaşdırılması və hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə dövlət büdcəsində beynəlxalq təcrübədə tətbiq olunan “Uşaqların dostu” büdcəsinin təsdiqlənməsi, Aliment Fondunun yaradılması, uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə ödənişsiz istirahət mərkəzlərinin, imkansız ailələrin uşaqları üçün günərzi qayğı mərkəzləri, sosial rebilitasiya mərkəzlərinin yaradılması və çoxaldılması kimi təkliflər də bu gün öz həllini gözləyir.
Bu günlərdə Monakoda keçirilmiş və Müvəkkilin də iştirak etdiyi beynəlxalq tədbir Avropa Şurasının 2012-2015-ci illəri əhatə edən uşaqlar üçün yararlı Avropanı onların iştirakı ilə quraq adlı növbəti strategiyasının müəyyən edilməsi və təhlilini bir daha gündəmə gətirib. Qeyd edilməlidir ki, yeni strategiya beş əsas strateji məqsəd üzərində qurulub: uşaq hüquqları sahəsində AŞ-ın mövcud standartlarının həyata keçirilməsində üzv dövlətlərə dəstək verilməsi, həmçinin uşaqlarla bağlı xidmət və sistemlərin təşviq olunması, uşaqlara qarşı zorakılıqların bütün formalarının aradan qaldırılması, eyni zamanda əlil, qaçqın və məcburi köçkün, sığınacaq axtaran, miqrant, alternativ qayğı ilə əhatə olunanlarda daxil olmaqla ümumən həssas qruplara mənsub bütün uşaqların hüquqlarının qorunması və onların cəmiyyətin həyatında iştiraklarının təşviq olunması.
Müvəkkil uşaq hüquqları sahəsində həyata keçirilən bütün tədbirlər və mövcud problemlərin həlli istiqamətində dövlət strukturları ilə yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının, KİV-lərin, fəal iştirakını və qarşılıqlı əməkdaşlığı vacib hesab edir.
“Uşaq hüquqları aylığı”na fikri yönəldərək qeyd olunmalıdır ki, istər Ombudsman Aparatı, onun regional mərkəzləri, istərsə də yerli və mərkəzi icra hakimiyyəti orqanları, QHT və KİV-lər tərəfindən həyata keçirilən bütün tədbirlər bir məqsədə xidmət edir.
Rəşid RUMZADƏ,
Ombudsman Aparatının
sektor müdiri
525-ci qəzet.-
2011.- 30 noyabr.- S.5.