Əlvan boyaların poetik
harmoniyası
Təsviri sənətimizin inkişaf
tarixinə nəzər
yetirdikdə neçə-neçə
rəssamımızın özünəməxsus
dəst-xəttə malik
olduğunu, özünün
fərdi yaradıcılıq
üslubunu formalaşdıra
bildiyini görə bilərik. Təbiidir ki, bütün
bunlara nail olmaq o qədər də asan deyil. Azərbaycan təsviri sənətində
yaradıcılığı bədii estetik keyfiyyətlərlə zəngin
olan sənətkarlarından
biri də xalq rəssamı Nadir Əbdürrəhmanovdur (1925-2008).
Tanışlıq üçün qeyd edək ki, Nadir Qənbər oğlu Əbdürrəhmanov 1925-ci ildə
Azərbaycanın dilbər
guşələrindən olan
Laçın rayonunda
dünyaya göz açıb. N.Əbdürrəhmanovun doğulub boya-başa
çatdığı rayonun
təbiəti onda erkən yaşlarından rəssamlığa maraq oyatmışdı. N.Əbdürrəhmanov
ixtisas təhsilini əvvəlcə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət rəssamlıq məktəbində
(1941-1944), sonra isə
İ.Repin adına
Sankt-Peterburq Boyakarlıq,
Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1947-1953) almışdı.
Orada ona görkəmli fırça ustaları –
A.Mılnikov və V.Oreşnikov rəssamlıq
sənətinin incəliklərini
tədris etmişdilər.
Xatırlatmaq yerinə
düşər ki, rəssam ilk ali
təhsilini incəsənət
istiqaməti üzrə
deyil, tibb ixtisası üzrə almışdı. Belə ki,
o, əvvəlcə Tibb
İnstitutunda (1944-1947) oxumuşdu.
Lakin rəssamlığa olan sonsuz marağı onu heç zaman rənglərə vurğunluğundan ayıra
bilməmişdi.
N.Əbdürrəhmanov Azərbaycan Rəssamlar İttifaqının İdarə
Heyətinin sədri
(1961-1970) və SSRİ Rəssamlar
İttifaqının katibi
(1963-1973) kimi nüfuzlu
vəzifələrdə çalışıb. N.Əbdürrəhmanov
1960-cı ildə Azərbaycanın
“Əməkdar İncəsənət
Xadimi”, 1964-cü ildə
isə “Xalq Rəssamı” fəxri adlarına layiq görülüb. Rəssam bir
çox xarici ölkələrdə – Fransa,
İtaliya, Norveç,
Bolqarıstan, Şimali
Koreya, İraq, Əfqanıstan və s yaradıcılıq ezamiyyətlərində
olub. Rəssamın ölkəmizlə yanaşı xarici ölkələrdə də
dəfələrlə əsərlərindən
ibarət fərdi sərgisi təşkil olunub. Sənətkarın müxtəlif mövzulu
yaradıcılıq nümunələri
dünyanın nüfuzlu
muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
N.Əbdürrəhmanovun yaradıcılığının əsas səciyyəvi xüsusiyyətləri kimi,
onun daha çox lirik mövzulara müraciətini,
mövzunun özünəməxsus
bədii şərhini,
kompozisiyanın və
perspektiva həllinin primitivliyini, kolorit həllinin zənginliyini və dekorativliyini göstərmək olar.
Rəssam yaradıcılığının ilkin dövrlərində süjetli tabloların yaradılmasına daha çox üstünlük
vermişdi. O, yaratdığı
süjetli tablolarda da mənzərə janrının imkanlarından
yaradıcılıqla istifadə
edib. N.Əbdürrəhmanovun belə işlərinə
misal olaraq “Bakının görünüşü”
(1954), “Sənaye mənzərəsi”
(1954), “Yaylaqda” (1957), və
s. əsərlərini göstərmək
olar. Rəssamın həmin tablolarına
nəzər yetirdikdə
ciddi işlənilmə
və klassik rəssamlıq ənənələrinə
sadiqlik özünü
qabarıq büruzə
verir.
N.Əbdürrəhmanovun 1960-cı ildə cənub rayonlarına – Lənkərana və Lerikə səfəri onun yaradıcılığında dönüş nöqtəsi olub, desək, yanılmarıq. Belə ki, bu bölgələrin əsrarəngiz təbiəti, təbii gözəllikləri, insanlarının əməksevərliyi, zəngin etnoqrafik xüsusiyyətləri və adət-ənənələri rəssamın diqqətini çəkmiş, görünən ən incə məqamları, həssas rəssam fırçasının qüdrəti ilə poetik ruhlu tablolarda əks olunmuşdu. “Çəltikbecərənlər” (1960), “Dağlarda qürub” (1963), “Lerik. Bahar” (1964) əsərlərində rəssam klassik təsviri sənət ənənələrindən yaradıcı şəkildə istifadə edərək sonda yüksək bədii təsir gücünə malik tablolar yaratmışdı.
“Çəltikbecərənlər” adlı əsərində kompozisiya bir qədər kəsilmiş formada təqdim olunub və obrazlar iri miqyasda işlənilib. Bu metod təsvir olunan predmetləri ən incə detallarınadək əks edir və eyni zamanda rəssamın ustalıq məharətini göstərir. Surətlərin səmimi və gərgin hərəkətləri, eləcə də əsərin kolorit həlli ustalıqla həll edilib. Narıncı, boz və göy rəng keçidləri, tablonun ümumi harmoniyası seyrçinin diqqətindən yayınmır və insana xoş təsir bağışlayır. Sadalanan xüsusiyyətləri eyni zamanda rəssamın “Dağlarda qürub” adlı əsərinə də şamil etmək olar.
N.Əbdürrəhmanovun cənub bölgələrinə həsr edilmiş çoxsaylı əsərlərini silsilə kimi də qəbul etmək olar. Demək olar ki, rəssam yaradıcılığının bütün dövrlərində cənub bölgələrindən aldığı təəssüratla bu cür mövzulu uğurlu bədii əhəmiyyətli tablolar yaradıb. Rəssamın belə əsərlərinə nümunə olaraq “Sevimli naxışlar” (1967), “Talışlar” (1967), “Talış qızı” (1970), “Dağlarda bahar” (1970), “Qız portreti” (1971), “Talış qızları” (1971) və s. əsərlərini qeyd etmək olar.
“Sevimli naxışlar” adlı əsərini rəssamın ən uğurlu yaradıcılıq nümunələrindən hesab etmək olar. O, kompozisiyada xalça toxuyan üç qadının yaddaqalan obrazlarını kətanda canlandırıb. Obrazların rəngbərəng ip topalarını sarıdıqları və yunların rənglənməsi səhnəsi olduqca təbii görünür. Surətlərin ritmik hərəkətləri və tablonun əlvan kolorit həlli yüksək bədii təsir qüvvəsinə malikdir. Bu yerdə mövzunun etnoqrafik ənənələrə bağlılığını da vurğulamaq yerinə düşər. “Talış qızı” əsərində də rəssam yenə toxuculuqla məşğul olan qızın ümumiləşdirilmiş obrazını yaradıb.
Göründüyü kimi talışların həyat tərzi və milli xüsusiyyətləri rəssamın diqqətini cəlb edib. “Talış qızları” əsərində rəssam gənc qızları bulaq başından qayıtdıqları zaman təsvir edib. Obrazların ifadəli baxışları, çöhrələrindən oxunan əməksevərlik onların ifadəli duruşlarından da hiss olunur. Tablonun kolorit həlli əsərin bədii emosional təsir qüvvəsini daha da artırıb. Çəhrayı, qızılı və tünd rəng keçidlərinin əlaqələndirilməsi isə tablonun dinamikliyini qüvvətləndirir.
“Dağlarda bahar” əsərində rəssam dağlarda yaşayan, orada özlərinin gündəlik qayğıları ilə məşğul olan insanların əməyinin romantikasını həssas rəssam təxəyyülündən keçirərək əlvan rəng palitrasının təkraredilməz boyaları ilə kətanda əks etdirib. Rəssam digər “Dağ adamları” adlı əsərində insanları köç məqamında təsvir edib. Mürəkkəb kompozisiya quruluşuna malik tabloda insanların atlar üzərində qərarlaşaraq hərəkət etdikləri səhnə əsl yaradıcı ustalıqla və təkraredilməz ifadə vasitələri ilə yaradılıb. Öndə təsvir edilmiş qadının qucağında quzunu tutması və sol əli ilə atın yəhərindən çəkdiyi səhnə olduqca cəlbedici görünür və tamaşaçıda həyəcanlı hisslər yaradır.
Yuxarıda qeyd etdik ki, N.Əbdürrəhmanov bir çox ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub və orada rəssamın fərdi sərgisi təşkil olunub. Bu mənada, Moskva (1960, 1976), Koreya (1958) və İraqda (1978) rəssamın fərdi sərgilərinin keçirildiyini qeyd etmək olar. Rəssamın xarici ölkələrə həsr etdiyi əsərləri sırasında “Yeni Koreya” (1959), “Burqas limanı” (1961), “Dağlar. Yuqoslaviya” (1964), “Venetsiya. Körpü” (1966), “Berqen. Norveç” (1966), “Bağdad” (1972), “Mosulda küçə” (1972), “Əfqan” (1971), “Əfqanlar” (1972) və digər əsərlərinin adlarını çəkmək olar. Rəssamın sadalanan əsərlərinin hər birinə yüksək bədii sənət metodu ilə işlənilmə xüsusiyyətləri xasdır.
Rəssamın İraq və Əfqanıstan seriyasına daxil olan əsərləri özünün bədii ifadə vasitələrinə – kompozisiya və kolorit həllinə, məna və məzmun xüsusiyyətlərinə görə diqqəti daha çox cəlb edir.
N.Əbdürrəhmanov bədii yaradıcılıqla yanaşı həm də davamlı olaraq pedaqoji fəaliyyətlə məşğul olub. O, Azərbaycan Dövlət Ə.Əzimzadə adına rəssamlıq məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətin incəliklərini tələbələrə tədris edib və sonuncu tədris ocağında yaradıcılıq emalatxanasının rəhbəri və professoru olub. Onun yetişdirdiyi rəssamlar arasında yüksək fəxri adlara layiq görülmüş yaradıcı şəxslər az deyil.
Həmişə ali sənət amallarına sadiq qalaraq yaddaqalan əsərlər yaradan sənətkarımız dövlətimiz və xalqımız tərəfindən həmişə layiqincə qiymətləndirilib. Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin sərəncamı ilə N.Əbdürrəhmanov Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb. Yaradıcı insanlara xüsusi dövlət qayğısı bu gün də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Odur ki, Azərbaycan incəsənətinin inkişafına və tərəqqisinə layiqli töhfələr bəxş etmiş Nadir Əbdürrəhmanov kimi sənətkarların insanların xatirəsində həmişə yaşayacağı şübhəsizdir.
Əsəd QULİYEV,
Sənətşünas,
Rəssamlar İttifaqının
üzvü
525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.28.