ORALARDA KİMLƏR VAR: YAZAR AİLƏLƏR

 

Şair-publisist: Kənan Hacı – Jurnalist: İlhamə Dağlı –1

 

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məhşur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib : ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.

Şükürlər Allaha ki, mənim bu proyektimin insanları nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdi.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdı.

Ailədə bir uşaq var.–Yuxarıdakı mənim təxminim olan “belə mehriban ailələrdən biri” ifadəsinə münasibətiniz?

K.Hacı: -Ailədəki mehribanlığı şərtləndirən amillərdən ən vacibi sevgidir. Amma problemlər çoxaldıqca bəzən sevgi də bu balansı qoruya bilmir. Evlilikdən sonrakı adaptasiya dövründəki münaqişələri mən hər zaman normal qarşılamışam. Hər şeyi şişirdib faciəvi həddə çatdırmaq da lazım deyil. Axı münaqişə, dava-dalaş münasibətlərin təbiətindədir, bundan qaçmaq mümkün deyil. Sadəcə, ağıl vəziyyəti idarə etməkdə insana yardımçı olur. Bütün şərtlər daxilində xoşbəxt olmaq olar. Hər halda, düşünürəm ki, biz mehriban ailəyik. Çünki yaşımızın elə vaxtıdı ki, mehriban olmamağa ixtiyarımız çatmır. Hər ikimizin kifayət qədər həyat təcrübəmiz var, bərkdən-boşdan çıxmış insanlarıq. Çalışırıq ki, ailədə həmişə sağlam ab-hava hökm sürsün.

İ.Dağlı:- Ailə dövlət içində mikrodövlətdi.Ailədə hər iki tərəf məsuliyyəti bölüşməlidir, qadın da, kişi də öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Ailədə səmimiyyət olmalıdı, əks halda, hər cür söz-söhbət yaranar. Biz o qədər də gənc deyilik, ailə məsələlərinə çoxları kimi səthi yanaşmırıq. Ailə qurmaq məsələsi elə bir ciddi məsələdi ki, bu addımı atarkən yüz ölçüb bir biçmək lazım gəlir. Biz ailə qurarkən demək olar ki, heç bir şeyimiz yox idi. Amma bir-birimizə olan səmimi və mehriban münasibət nəticəsində çox müşkülləri aşa bildik və ağır problemlərin öhdəsindən gəldik.

–İlk dəfə harada və nə vaxt tanış olmusunuz?

K.Hacı:- Yaxın bir tanışım var idi, məni bir xeyli danladı ki, nə vaxtacan subay qalacaqsan? Sən mütləq, yubanmadan evlənməlisən. Kənddə çox çətin bir şəraitdə, tək-tənha yaşayırdım və bu cür həyat tərzimi dəyişməyə gücüm və imkanım yox idi. Onun təşəbbüsündən sonra da mən bu məsələni qapamaq istədim, amma dostum əl çəkmədi. Biləndə ki, İlhamə xanım da yazı-pozu adamıdır, universitetdə dərs deyir, düşündüm ki, görüşüb söhbətləşsək, bəlkə nəsə alına bilər, ortaq nöqtələr tapsaq münasibətlərimizi daimiləşdirə bilərik.İlk dəfə Sahil bağında görüşdük. May ayının 10-u idi, şəhərdə qələbəlik vardı, bilirsiniz ki, hər ilin həmin günü həm də gül bayramı keçirilir. Söhbətimiz alındı, gördüm ki, bir çox məsələlərdə fikirlərimiz üst-üstə düşür. Həmin gün məlum oldu ki, sən demə biz ikimiz də eyni gündə anadan olmuşuq, hətta atalarımızın da adı eynidir. Çox qəribə bənzəyişlər, oxşarlıqlar üzə çıxdı və mən düşündüm ki, bütün bunlar heç də təsadüfi deyil. Sonra mənə danışırdı ki, mən səni on beş il bundan öncə yuxumda görmüşdüm və elə yuxuda mənə demişdilər ki, bu oğlan sənin qismətindir, mən səni görən kimi o yuxunu xatırladım. Düzdür, mən qatı rasionalist olsam da bu yuxunun bizim taleyimizlə hər hansı bir əlaqəsi olduğuna sidq-ürəkdən inandım.

İ.Dağlı:- İlk dəfə mən Kənanı evlənməzdən on beş il öncə yuxumda görmüşdüm. Sonra bu yuxu reallığa çevrildi. Öncə gözlərimə inanmadım, dedim ilahi, bu ola bilməz! Qarşımda həmin oğlan dayanmışdı, bütün üz cizgiləri, bədən quruluşu ilə yuxuda gördüyümün eyni idi. Əməlli-başlı möcüzə idi.Hələ eyni gündə, eyni ayda doğulmağımız, atalarımızın, hətta əmilərimizin adlarının eyni olması məni şoka saldı. Bu cür uyğunluq ancaq ilahi qüvvə tərəfindən yarana bilər. Onunla tanışlığımız baharın ən gözəl çağına təsadüf etdi və mən bu görüşdən xoş təəssüratla ayrıldım. Düşündüm ki, mənim qismətimə düşən oğlan elə budur.

–Ailə quranda sizə mane olan vardımı?

K.Hacı:-Heç bir maneə olmadı. Bilirsiniz ki, mən ailə qurarkən artıq valideynlərim çoxdan dünyasını dəyişmişdi. Qəti qərara gəlmək mənim üçün çox çətin oldu. Ən böyük maneə evin olmaması idi, digər tərəfdən maddi durumum da qaydasında deyildi. Hətta adını çəkmək istəmədiyim tanınmış bir yazar mənə dedi ki, bir nişan üzüyü ala bilmirsən, xalxın qızını niyə bədbəxt edirsən? Bu söz güllə kimi ürəyimə dəydi.Mən həmin adamın yanına getmişdim ki, mənə köməklik etsin, çünki üz tutacağım bir kimsə yox idi.Nəslimizin ağsaqqalları çoxdan haqqın dərgahına qovuşub. Amma artıq geriyə yol yox idi. Həmin dövrdə çox ağır günlər yaşadım. Amma İlhamə xanımın fədakarlığı bu məsələdə həlledici rol oynadı. Onun mənə olan inamı və sevgisi məndə belə bir fikir formalaşdırdı ki, bütün çətinlikləri dəf edə biləcəyəm. Belə də oldu. Buna görə mən ona minnətdaram!

İ.Dağlı:- Ailədə heç bir narazılıq olmadı. Amma ortaya başqa maneələr çıxdı. İnsanın yaşamasını şərtləndirən ən vacib şeylərin olmaması ən böyük maneə idi. Kənan güclü stress keçirirdi və həmin ərəfədə ağır xəstəlik də onu gücdən salmışdı. Bütün bunlara baxmayaraq, mən onu bir an da olsun ruhdan düşməyə qoymurdum, hər an yanında olmağa çalışırdım. Bu cür insanın,istedadlı bir yazarın məhv olmasına imkan verə bilməzdim. Mən bütün əzab-əziyyətlərin sonunda işıqlı bir gün olacağına həmişə inanmışam. Vaxtilə Kənanı müəyyən məsələlərdə qınayan adamlar indi onun ailəsinə həsəd aparırlar, hətta bunu gizlətmirlər də.Atam iyirmi ildən çoxdur ki, dünyasını dəyişib, o, anam üçün kürəkən yox, oğul kimidi. Anam onun xətrini lap çox istəyir. Toyumuzdan bir-iki gün əvvəl Kənanın anası mənim yuxuma gəldi, gördüm ki, bizə xeyir-dua verir. Mənə deyir ki, oğlumu sənə əmanət edirəm, xoşbəxt olun! Demək, bu izdivac onun anasına əyan olubmuş. Sonra Kənan bunu “Xeyir-dua” hekayəsində yazmışdı.

–Hər halda siz indiki həyat yoldaşınızla evlənəndə bilirdiniz ki, o da yazar dünyasının insanıdı və açığını deyək ki, jurnalist qadınlara baxış bir az ayrı cürdü. Ortama baxıb bu sualı verirəm. Məntiqsiz çıxırsa, üzr istəyirəm. Mənə elə gəlir, məni başa düşərsiz...

K.Hacı:- Jurnalist qadınlara baxışın ayrı cür olması, onlara qarşı mənfi rəyin formalaşması təəssüfedici bir haldı. Azərbaycanda kifayət qədər namuslu, əxlaqlı, yazılarıyla gündəmə təsir etməyi bacaran istedadlı xanım jurnalistlərimiz var, sadəcə, son vaxtlar jurnalistikaya asan bir sahə kimi baxan adamların sayı çoxaldığından, belə yanlış qənaətə gəlmək üçün əsas yaranır. Jurnalistikaya kreativ deyil, şəxsi mənfəət baxımından yanaşan qeyri-peşəkar insanlar belə bir zərərli tendensiyanın yaranmasına rəvac veriblər.Mənim mətbuatdan tanıdığım, qələminə hörmət bəslədiyim xanım dostlarım var. Həyat yoldaşım da onları tanıyır. Mən onları sözə xidmət eləyən, yaradıcı bir xanım kimi tanıyıram və qəbul edirəm. Siz dediyiniz məsələ təkcə jurnalistikada deyil, başqa sahələrdə də var. Naqis insan hər sahədə suyu bulandıracaq.

İ.Dağlı:- Kənan artıq yuxarıda bu suala cavab verdi. Sözün açığı, bu sual məni bir qədər təəccübləndirdi. Ola bilər, jurnalistikada xüsusən kişilər tərəfindən qadın jurnalistlər haqda belə bir rəy yaradılıb. Mən düşünmürəm ki, jurnalistikada çalışan qadınlara baxış ayrı cür ola bilər. Əksinə, jurnalistikanın peşə xüsusiyyətləri qadınlardan daha artıq fədakarlıq tələb edir. Telejurnalistika sahəsində gərgin iş rejimində çalışan xanımlarımızı xatırlayın. Qadın və teleaparıcı olmaq çox ağır bir yükdür, onlar bu yükü öz zərif çiyinlərində daşıyırlar. Onlar sırf yaradıcılıqla məşğul olurlar. Məsələn, çox istedadlı qadın aparıcılarımızdan olan Rövşanə Bektaşi həm də elmi işlə məşğuldur, bu yaxınlarda filologiya elmləri namizədi adını aldı. Mənim tanıdığım bir neçə xanım jurnalist var ki, onlar uğurlu ailə qurublar. Qadın jurnalistlərimizin əksəriyyəti həm də elm sahəsində çalışır. Bu cür yanaşma ilə mən razılaşa bilmirəm. Ümumi qənaət heç də belə deyil axı.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.23.