ƏHMƏD HƏMDİ TANPINARIN
GÜNDƏLİKLƏRİNDƏ SƏLİM TURAN
Türk ədəbiyyatının önəmli
isimlərindən olan Əhməd Həmdi
TANPINAR (1901-1962) şeir, hekayə, roman və dənəmə (esse)
sahələrində dəyərini itirməyən əsərlərində
Şərq ilə Qərbi qovuşdurmağa
çalışmışdır. Sənətkar eyni zamanda ədəbiyyat tarixçisidir.
İstanbul Universitetinin ədəbiyyat
fakültəsini bitirmiş Ə.H.Tanpınar
23 iyun 1901-də İstanbulda
doğulmuşdur. Məktəbi
qurtardıqdan sonra Ərzurum, Konya, Ankara və İstanbulda lisey müəllimliyi
etmiş, Ankarada Qazi Tərbiyə İnstitutu,
İstanbulda Gözəl Sənətlər
Akademiyası və məzunu olduğu ədəbiyyat
fakültəsində müəllim olaraq
çalışmışdır. 1942-də keçirilən
ara seçkilərində millət vəkili
olmuş və 1946-yadək Parlamentdə bulunmuşdur. Üzvü olduğu Cümhuriyyət Xalq
Partiyasıyla əlaqəsini həyatının sonunadək sürdürmüşdür. Türkiyədə
və dörd dəfə getdiyi
Avropada cəmiyyətin çox
dəyişik kəsimlərindən olan insanlarla tanışmış, dost olmuşdur. Heç evlənməmiş, xanımların çox olduğu yerlərdə
fərqli düşüncələrə sahib
adamlarla birlikdə olmuşdur.
1962-nin yanvarında vəfat etmişdir.
Gündəliklərini
ölümündən illər sonra tələbəsi
və çalışma yoldaşı Mehmet
Kaplan’ın yanında yetişən, günümüzdə Türk ədəbiyyatı
araşdırmaçılarının məşhur nümayəndələrindən
olan İnci Əngün
və Zeynəb Kerman qeydə alaraq nəşr etmışlər (“Gündəliklərinin
işığında Tanpınarla başbaşa”.
İstanbul, 2008, 408 s.).
Rəsmdən, Türk və Qərb
musiqisindən yaxşı başı çıxan
Tanpınarın gündəlikləri bu
baxımdan çox zəngin və məzmunludur.
Onun ən yaxşı dostları
arasında evlərində daim qonaq olduğu Ədalət
və Məhəmmədəli Cimcoz’lar da bulunmaqdadır. Ədalət Cimcoz’un
İstanbulda açdığı ilk özəl rəsm qalereyası olan Maya Qalereyası sənətkarların
tez-tez uğradığı məkan olmuşdur. Tanpınar çoxyönlü
bir mədəniyyət adamı olaraq Türk ədəbiyyatında
yerlərini almış maviçilər’lə (sol meyilli “Mavi”
dərgisinin yaradıcıları və dostları ilə) – Maya Qalereyası ətrafında toplananlarla, həm də mövləvilər’lə
çox yaxındı. Ancaq
bütün bu
ilişkilərinə baxmayaraq həmişə
təkbaşına durmağı üstün
tutmuşdur; o, yaşadığı
dönəmdə heç seçilmədi.
Tanpınarın
gündəliklərində Azərbaycanın yetiştirdiyi
önəmli düşüncə adamlarından olan Əli bəy Hüseynzadə ilə Ədhiyə
xanım’ın rəssam oğlu Səlim Turan və ondan dinlədikləri
haqqında bir çox
qeydlər bulunmaqdadır.
Səlim Turan
1915-ci ildə İstanbulda
doğulmuşdur. Biri
indi həyatda olan Səidə Santur ilə Feyzavər Alpsar adlı iki bacısı
vardır. Dəyişik
mövzularda dərin bilgisiylə, kültürü
sağlam bir atanın oğlu olaraq yaxşı savadlanmış, ruh gözəlliyiylə, kübarlığıyla
örnəyi az olan bir şəxsiyyətdi.
İlk məktəbdə
Türk rəsminin önəmli isimlərindən
Avni Əli Çələbi və Malik Aksel’in tələbəsi olmuşdur.
Qalatasaray Liseyində sonrakı illərdə özü kimi məşhur rəssam olan Cihad Burak
və Avni Arbaş’la tanış oldu. 1935-də İstanbul Gözəl Sənətlər
Akademiyasına girdi və 1938-də oranı bitirdi. Eyni ildə
qazandığı uğura
görə Avropaya göndərilərək Paris, London və İtaliyada incələmələr yapdı.
1939-dan etibarən rəsm
müəllimi olaraq məktəblərdə çalışdı.
1941-də Xalq evlərinin
təşəbbüsü ilə rəssamlar müxtəlif vilayətlərə
gedərək seçdikləri
mənzərələri tablolara
köçürərək geri döndülər. Yaradılan əsərləri
jüri dəyərləndirdi,
Səlim Turanın Muğla’da çəkdiyi
mənzərə birinciliyi
qazandı. Bu əsər
Çankaya’dakı Cümhurbaşqanlığı
köşkünə ərməğan
edildi. Şöhrət
pillələrinə o, bu
uğurla addım atdı. Muğlada üç aydan artıq qalaraq Bodrum’da, qayıqlarla Marmaris’ə, Datça’ya,
Fəthiyə’yə gedib
rəsm çəkdi.
1947-də Fransa hökümətinin təqaüdü
ilə Paris’ə getdi. Rəsmi və özəl emalatxanalarda rəsm çalışmalarını davam etdirdi. Parisə getməzdən öncə izlənimçi
(sentimentalist) və kübik
peyzaj ilə sosial məzmunlu işlər yaradan Səlim Turan sonralar soyuta (mücərrədliyə) yönəldi.
Türkiyədə miniatür
kimi çəkdiyi əsərlər onun soyut sənətın ən canlı dönəminin yaşandığı
bir sənət mərkəzində öz
üslubunu bəlirləməsi
baxımından təsirli
olmuşdur. Özünəxas
rəsmləriylə savaş
sonrası Paris məktəbi
təmsilciləri arasında
yer aldığı kimi, Türk rəsmindəki soyut anlayışın ən önəmli isimlərindən
də biri olmuşdur.
1953-də S.Turan miniatür və təzhib (bəzəmə,
naxışvurma) dərsləri
verməyə başladı.
Arada heykəl də yapdı. Parisdə ən çox əsərləri
sərgilənən rəssamlar
arasında yer aldı. Kimsəylə ixtilafa girməyən, hər kəsə qarşı isti bir dostluq göstərən
yaradılışı ilə,
mülayim təbiəti
ilə atasına bənzədiyi irəli sürülmüşdür. Əhməd
bəy Ağaoğlu’nun
övladı Səməd
Ağaoğlu uşaq
yaşlarından tanıdığı
Əli bəy Hüseynzadənin ağ üzünü, ağ tükləri qarasından
artıq düzgün
saqqalını, iri şabalıdı gözlərini,
ahəngli səsini, ağır, yavaş hərəkətiylə bütün
insanları sevən ürəyinin nəcib hisslərini, hər pislik qarşısında öz acısından daha çox pisliyi edənin bədbəxtliyini düşünməsini,
fəlakətlərin təsəllisini
sənətdə, bilgidə,
fəlsəfədə axtarmasını,
şirin, təsirli danışığı olduğunu
xatırlayır. Əli
bəy Türk fikir həyatındakı böyük xidmətlərinə
sahib çıxmamış, “İttihad və Tərəqqi” partiyasının
qurucularından biri olduğu halda onun tanınmaz bir üzvü kimi qalmaqdan, Ziya Gökalp’ın irəli sürdüyü
fikirlərin mühümlərinin
gerçək yiyəsiykən
Universitetin sadəcə
bir dəri xəstəlikləri professoru
görünməkdən zövq
almışdı.
Belə bir
atanın oğlu olan Səlim Turan bilgisiylə, söhbətiylə ətrafını
ovsunlamışdı. O, 13 oktyabr 1994-də Parisdə
vəfat etmiş, cənazəsi ayın
26-sında yurda – Türkiyəyə
gətirilmiş, 27-si günü
İstanbulun Atatürk
Kültür Mərkəzində
törən yapılmış,
Təşviqiyyə Camesində
qılınan günorta
namazından sonra Qaracaəhməd Çiçəkçi
məzarlığında torpağa
verilmişdir. Övladı
olmayan S.Turanın həyat yoldaşı Şahiqə xanım (doğ. 1917) indi İstanbulda yaşamaqdadır.
Tanpınarın gündəliyinə Gözəl
Sənətlər Akademiyasında
tələbəsi olmuş
Səlim Turanla bağlı “tələbələrim
içində kamil yaşına, şöhrətinə
baxmayaraq mənə tək hörmət edən insan” qeydi düşmüşdür.
Eyni gündəlikdə
o, İstanbulda Dequstasyonda
bir yerdə içdikləri Ankara Liseyinin
tələbəsi Səməd
Ağaoğlu haqqında
isə həqarətə
bərabər kəskin
ifadələr işlətmişdir.
Bu qeydlər 27 may 1960 ixtilalı
ilə Demokrat Partiyasının iqtidardan
düşməsi və
tale yoldaşları ilə
birlikdə Səməd
Ağaoğlunun həbsə
alınmasından sonraya
aiddir. Tanpınarın
düşüncələri gündəliyində Demokrat
Partiyası iqtidarına
yönəlik tənqidləri
diqqətə alınaraq
dəyərləndirilməlidir.
Parisdə rəsmlə
məşğul olan,
dönəmin siyasi iqtidarına müxalif Türklər sayca az olsalar da
yaşamaqdaydılar. Tanpınar
Fransa səyahətlərində
daha öncədən
tanıdığı bu
kişilərlə görüşmüş,
müşahidələrini, söhbətlərini qısa
qeydlər halında gündəliyinə salmışdır.
1953 və 1959-dakı Fransa
səyahəti qeydlərində
muzeylərə etdiyi ziyarətlərdə gördüyü
rəsmlərlə, tanış
olduğu rəssamlarla
bağlı olduqca geniş və maraqlı qeydlər vardır. Yaxşı bildiyi rəsm sənətı haqqında
Səlim Turanla söhbətindən etdiyi
qeydlərdə bu sahə üzrə yeni gəlişmələri
yozumlayan düşüncələrlə
qarşılaşırıq. Birlikdə yemək yedikdən sonra II Dünya Savaşını
Parisdə keçirən
rəssam Fikrət Müəlla’nı ziyarətə
getmişlər. Səlim
bəy təhsil üçün Parisə
gəldiyində Fikrət
bəyi tapmış,
onun dərbədərlik
örnəyi olan pərişan evininin halından çox duyğulanmışdır. Tanpınarla
getdiklərində də
ev eyni durumdaymış.
Həyatı boyunca
pul sıxıntısı
çəkmiş Tanpınar
Səlim bəydən
borc olaraq yardım istədiyini də öz qeydlərində göstərib.
Tanpınar
1959-dakı Paris səyahətində onun qaldığı hotelə ziyarətə
gəlmiş S.Turanın öz
uşaqlığından danışdığını
yazmışdır. O, atası Əli bəy Hüseynzadənin
yaxşı kaman (skripka)
çaldığını, nadir rəsmlər
çəkdiyini, ədəbiyyatla yaxından
maraqlandığını, Höte’ni tərcümə
etdiyini, Türk
dastanı ilə uğraşdığını (“İki millətin dastanında Türklər”),
Şiller’dən bir tərcüməsi,
Turgenev’dən bir tərcüməsi olduğunu söyləmişdir.
Atası Əli
bəy İttihadçı Qara Kamal bəy’lə çox
dostmuş. 1868-1926-da yaşamış Q.Kamal “İttihad və Tərəqqi”
Partiyasının üzvüydü. 1917-də
iaşə naziri olmuş,
Mustafa Kamal’a sui-qəsd
ittihamıyla qiyabi olaraq
edama məhkum edilmiş,
gizləndiyi yerdə mühasirəyə alınınca tapança ilə özünü
vurmuşdu. Əli bəy onun
Məsərrət xanı (karvansarası)
yaxınlığındakı yazıxanasına gedər, ondan borc alarmış. İstiqlal Məhkəməsi zamanında –
1926-da İzmirdə Mustafa Kamala
sui-qəsd hazırlamaq təşəbbüsündə bulunmaqda ittiham edilən “İttihad və Tərəqqi” Partiyası
öndərlərinin və sui-qəsddə şübhəli
sayılanların məhkəməsi vaxtı, Qara
Kamalın bərk axtarıldığı sıralarda Ə.b.Hüseynzadə
hər şeydən xəbərsiz olaraq onun evinə gedibmiş. Səlim
bəy bu üzdən atasının da əski prezident Fəxri
Qorutürk’ün qayınatası Salah Cimcoz ilə bərabər
mühakimə edildiyini, istintaq
əsnasında bir adam
onun “İttihad və
Tərəqqi”yə and içdiyini
söylədiyinə görə Əli bəy Hüseynzadənin
“biz “İttihad və
Tərəqqi”yə kəlmə olaraq yəmin
etdik” deyə təfsir etdiyini
söyləmişdir.
S.Turan atasının Moskvada
liseydə ikən orkestrdə birinci skripka olduğunu,
Türkiyəyə ilk gəlişində
Əsgəri Tibbiyyə’yə (Hərbi Tibb
Akademiyasına) girdiyini, ancaq
“skripka Tibbiyyeyi-Şahanə tələbəsinə
yaraşmaz” deyə əlindən
alındığını və özüylə gətirdiyi
mikroskopdan uzun zaman şübhələnildiyini, assistent olduqdan sonra onun Damad
Əhməd Cəlaləddin paşa’nın evində yayda Üsküdar’da,
qışda Ortaköy’də üç
yoldaşıyla qonaq edildiyini
bildirmişdir.
Atasının
Türkiyədən qaçdıqdan sonra
Azərbaycana getdiyini, Ə.b.Ağaoğlu ilə birlikdə “Füyuzat” və “Tərəqqi”ni
çıxardığını (Səlim Turan
burada yanılmaqdadır; atası Ağaoğlu ilə “Həyat” qəzetini
çıxarmış, “Füyuzat” məcmuəsini
isə təkbaşına nəşr etmişdir,
“Tərəqqi”ni isə Əhməd bəy
çıxarırdı), yenə bir rəvayətə
görə, Maksim Qorki’nin
onların qəzetində (deməli, “Həyat”da) mürəttib
kimi çalışdığını
anlatmışdır.
Tanpınarın
Səlim Turandan dinləyib qeyd
etdiklərinə görə, Əli bəy Hüseynzadə sosialist bir millətçilik
tərəfdarıymış. Hitlerin hərəkətlərindəki
nasional sosializm üçün “indi hərəkət
vüzuh qazandı (aydınlaşdı,
üzə çıxdı)” deyirmiş.
Ə.b.Ağaoğlu sürgündə olarkən Əli
bəygil onun evinə yemək göndərərmiş.
Səməd Ağaoğlu da
atası Malta’da sürgündəykən maddi yardım göstərməyə gücü çatmayacaq
qədər yoxsul durumda
bulunan Əli bəyin onların mənəvi
dəstəklərindən biri olduğunu yazır. Ağaoğlunun
iki qızı onun
evində qalaraq oxumuşdur.
(Yılmaz Özkaya’nın “Türk yurdu” dərgisinin aprel 2011
tarixli 284-cü sayındakı “Əhməd
Ağaoğlunun Hüseynzadə Əli bəyə
məktubları” adlı yazısında verilmiş
məktublarda da bu haqda bilgilər var). Ağaoğlunun qızı Sürəyya Ağaoğlu öz xatirələrində
evlərində qaldıqları Əli bəy Hüseynzadənin
onun atasına yazdığı məktubda
bacıları nəzərdə tutaraq
“Tezər bir alim,
Sürəyya bir aləm” dediyini
göstərir.
Yuxarıda bildirdiyimiz kimi, Əli bəy
Atatürkə sui-qəsd iddiasıyla tutulmuşdu,
ancaq istintaqdan sonra sərbəst buraxılmışdır.
26 avqust 1926-da bəraət alıncayadək
o, Ankaradakı mühakimədə bir neçə ay
Ağaoğlugildə qalmışdır. O zamanlar
Hüseynzadələr ailəsi İstanbulda,
Süleymaniyyədə Bozdoğan kəmərinin
üstündəki Əlmaruf məhəlləsində Simxanə
caddəsində Misirli Qalib
paşanın imarətinin salamlıq qismində otururmuş.
Tanpınarın
Səlim Turan haqqında söylədikləri
onun gündəliklərindən başqa, Avropaya getdiyində
dostlarına yazdığı məktuplarda da
əksini tapmışdır. Kitab
halına gətirilən məktublarını daha
çox dostları Məhəmmədəli
və Ədalət Cimcoz’a
yazmışdır. Parisdən onlara
göndərdiyi bir məktubda bu şəhərdə bulunan
dörd önəmli Türk
rəssamı arasında Səlim Turanı da
göstərmişdir. Onun öz
yaşındakı rəssamların ən yaxşısı olduğunu və abstrələrinin çox şaşırdıcı olduğunu, bir neçə
santimetr fərqlə abstrə kompozisyon etdiyini bildirmişdir. Səlimin Parisdə ona rəhbərlik etdiyinə və yavaş-yavaş şəhərə qovuşdurduğuna işarə etmişdir.
Onu ziyarətə gələn
Turanın bəzi dərdlərini də ona
açdığını deyən Tanpınar onun rəftarındakı bütün
mülayimliyə baxmayaraq, Parisdə yaşayan bəzi dostlarıyla aralarında məsələlər
olduğunu da
anladır. Səlim bəy 8 dekabr
1959-dakı ziyarətində sözü esseçi, tərcüməçi Səbahəddin
Eyuboğlu’na gətirmiş, onun qardaşı olan şair, rəssam Bədri Rəhmi Eyuboğlu’nun sənətının
yarımçıq qalmasında payı olduğunu
söyləmişdir. Bu ziyarətində o, tanınmış Türk
teatr yazarı Cəlal Müsahibzadə ilə
bağlı bildiklərini də anlatmışdır. Onun Üsküdarda
Mövləvi, Bəktaşi, tarix
maraqlısı, musiqişünas bir çox adamlarla oturub-durduğunu,
aralarında bir də hafizi-kütüb
(kitabları əzbər bilən) bulunduğunu,
Müsahibzadənin fransızca bildiyini,
Molyerdən bəzi tərcümələrini oxuduğunu
demişdir.
Buraya qədər
yazdıqlarımızla yalnız iki şəxsin
özəl münasibətlərini ortaya qoymaq deyil, onların
simasında Türk dünyasının
Türkiyə və Azərbaycan kimi iki ən önəmli torpağını ruhən
birləşdirən mənəvi tellərin
sarsılmazlığını da göstərmək
istədik.
Ömər ÖZCAN
525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.22.