Böyük mədəniyyətin layiqli güzgüsü
Əl Oyunları İdman Sarayında 3 gün davam edən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası paytaxt sakinləri tərəfindən əsl bayram kimi qarşılandı. Ötən dəfəki sərgi-yarmarkada olduğu kimi bu dəfə də kitab həvəskarlarının həmin məkana aramsız axınını seyr eləmək xoş idi. Ölkəmizin 100-dən çox çap və poliqrafiya qurumlarının beynəlxalq standartlara uyğun ərsəyə gətirdikləri müxtəlif mövzuları əhatə edən yüzlərlə nəşrlər sözün həqiqi mənasında göz oxşayırdı. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu geniş miqyaslı tədbirin əlamətdar cəhətlərindən biri də o idi ki, sərgi-yarmarka çərçivəsində nümayiş edilən bəzi dəyərli kitab nümunələrinin müəllifləriylə elə sərgi zallarındaca görüşlər keçirilir, təqdimat mərasimləri təşkil olunurdu. Belə görüşlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin “Mədəniyyətdə tarixilik və müasirlik” adlı fundamental elmi-tədqiqat əsərinin təqdimetmə mərasiminə həsr olunmuşdu.
Təqdimat mərasimini giriş sözü ilə açan yazıçı-dramaturq, professor Aqşin Babayev qeyd etdi ki, mədəniyyətimizin keçdiyi tarixi yolda ADMİU-nun rolu bu kitabda geniş şəkildə, həm də konkret faktlarla əks olunub.
İlkin söz alanlardan biri Mədəniyyət Nazirliyinin Nəşriyyat və Reklamın Təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Bəhmənli T.Əfəndiyevin bu zəhmətini yüksək qiymətləndirib, kitabı bir növ mədəniyyətimizin pasportu adlandırdı.
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə ölkəmizdə bədii təhsilin görkəmli təşkilatçısı hesab etdiyi Timuçin Əfəndiyevin əsərinə bədii təhsil sisteminə böyük töhfə kimi qiymət verdi.
Professor Nizaməddin Şəmsizadə obrazlı danışmağı üstün tutdu. Dedi ki, mədəniyyət xalqın sinir sistemidir, o simə elə toxunmalısan ki, gözəl bir nəğmə kimi səslənsin. Ondan yazmaq üçün təkcə alim, mütəffəkkir, mədəniyyətşünas olmaq kifayət deyil, həm də zəngin, həssas, incə qəlbə malik olmaq gərəkdir. T.Əfəndiyev bu kitabı məhz qəlbinin diqtəsi, ən zərif duyğularının hökmüylə yazıb.
ADMİU-nun Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev isə qeyd elədi ki, bu kitabın ən vacib üstünlüklərindən biri də odur ki, müəllif Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirib və faktlara, olaylara müstəqillik meyarları ilə yanaşıb.
ADMİU –nun digər professoru Gülşən Əliyevanın fikrincə “Mədəniyyətdə tarixilik və müasirlik” kitabı sovet dövründən bizlərə miras qalmış marksist nəzəriyyəsinin ehkamlarını dağıdaraq istiqlal məfkurəsi olan Azərbaycançılıq ideologiyasına üz tutur. Burada Şərq və Avropa dəyərləri kontekstində Şərq təmayülü üstünlük təşkil edir. Müəllif mədəniyyətin müxtəlif sahələrini tədqiq etməklə yanaşı, həm də elmin fəlsəfəsini açıb göstərir.
ADMİU-nun prorektoru professor Rafiq Sadıxov belə əhatəli elmi-tədqiqat işinin öhtəsindən məharətlə gəldiyinə görə T.Əfəndiyevi təbrik elədi və üzünü dinləyicilərə tutub dedi ki, Azərbaycan mədəniyyətinin keçmişi, bu günü barədə dolğun məlumat almaq istəyənlər bu kitabı əldə etsinlər.
“Təhsil” nəşriyyatının direktoru Bəhruz Axundov nəfis tərtibatlı bu kitabı yüksək dəyərləndirən çıxışçılara minnətdarlıq edərək Timuçin müəllimdən yeni əsərlər gözlədiyini söylədi.
Sonda mərasim iştirakçılarına minnətdarlığını bildirən Timuçin Əfəndiyev Azərbaycanda poliqrafiya sənətinin yüksək inkişaf yolunda olduğundan qürur duyduğunu, rəhbərlik etdiyi təhsil ocağında bu sənət üzrə ixtisaslı kadrlar hazırlandığını vurğuladı.
İNTİQAM
525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.17.