Çingiz Əlioğlunun “Çərçivə” kitabı təqdim olunub

 

Ötən gün Əl Oyunları İdman Sarayında İkinci Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair-tərcüməçi Çingiz Əlioğlunun “Çərçivə” kitabının təqdimat mərasimi gerçəkləşib. Tədbirə aparıcılıq edən yazıçı-publisist, kitabın buraxıldığı “Təhsil” nəşriyyatının nümayəndəsi Mustafa Çəmənli sərgi-yarmarka çərçivəsində keçirilən tədbirləri, təqdimat mərasimlərini kitaba verilən yüksək qiymətin təzahürü kimi qiymətləndirib: “Ölkəmizdə keçirilən kitab bayramı yazarların istedadı və poliqrafiya baxımından təqdirəlayiq qiymətləndirilir. İşığına toplaşdığımız “Çərçivə” kitabı Moskvada keçirilən VII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin baş mükafatı olan “Qran-Pri”yə layiq görülüb. “Təhsil” Nəşriyyatının məhsulu olan kitabda müəllifin poetik istedadı ilə nəşriyyat işi uzlaşaraq ahəng yaradıb. Nəşrin hər səhifəsində oxucu maraqlı sintezin şahidinə çevrilir. Hər poetik nümunəyə uyğun yer alan maraqlı rəsmlər, görkəmli rəssamların əl işləri kitabın sanballılıq dərəcəsinə müsbət təsir edir. Şairin ömür kitabı olan “Çərçivə” əslində hüdudsuz pəncərədən görünən yaradıcılıq yolunu xatırladır. Belə ki, oxucu kitabda Çingiz Əlioğlunun çoxşaxəli yaradılıq yoluna boylana bilər”.

Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli sərgi yarmarka və kitab haqqında fikirlərini bölüşüb: “3 gün ərzində maraqlı görüşlərin, mərasimlərin iştirakçısı olduq. Hər gün sərgini izləməyə minlərlə ziyarətçi gəlir. Sərgi oxucu, kitab və bu sahə ilə yaxından məşğul olan insanlar üçün olduqca mühümdür. Maraqlı qələmləri ilə seçilən yazarların kitab təqdimatlarının bu ərəfəyə təsadüf etməsi xüsusilə önəmlidir. Çingiz Əlioğlunun yaradıcılığı ilə ilk tanışlıq onun “Nikbinlik”, “Vağzallar... Yollar”, “Soraqlar sevgi məni” əsərləri ilə başlayıb. Sonralar qələmə aldığı və hazırda təqdimatına yığışdığımız kitab müəllifin yaradıcılığının uğurlu davamıdır. Poliqrafiya imkanlarından geniş istifadə olunan kitabdakı poetik nümunələrdə insanın hüdudsuz arzularına geniş yer verilib”.

İkinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının həyata keçirilməsində Ç.Əlioğlunun təcrübəsinə əsaslandıqlarını dilə gətirən V.Bəhmənlinin sözlərinə görə, bu sərgini dünya kitabına inteqrasiyada əhəmiyyətli addım hesab etmək olar.

AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitab sərgi-yarmarkasının xüsusi əhəmiyyətini vurğulayıb: “İlk dəfə iki il öncə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi elə bir dövrə təsadüf etdi ki, insanlar kitabın arxa plana keçməsindən, mütaliəyə marağın azalmasından gileylənirdilər. İkinci Beynəlxalq Kitab Sərgi-Yarmarkası bundan öncəki yarmarkanın təəssüratlarının köhnəlməsinə imkan vermədi. İnsanlar sərgidən xoş hisslər, maraqlı təəssüratlarla ayrılırlar”. Ç.Əlioğlunun yaradıcılığından danışan R.Məcid onu müasir poeziyamızın ən dəyərli nümayəndələrindən biri kimi qiymətləndirib və fikirlərinə belə yekun vurub: “Son zamanlar “525-ci qəzet”də yayımlanan “Şiraz şeirləri”ni oxuyan, lakin Şirazda olmayan hər bir oxucuda bu məkan haqqında ətraflı təəssürat yaranır. Bu da onu göstərir ki, Çingiz Əlioğlu hər zaman öz istedadının nəticəsi olan dəyərli əsərlər ortaya qoya bilir”.

Ədəbiyyatşünas Rüstəm Kamal, Xalq rəssamı Arif Hüseynov, şair-tərcüməçi Səyavuş Məmmədzadə, alim və şair Elçin İsgəndərzadə də müəllif, kitab, sərgi-yarmarka barədə maraqlı fikirlər söyləyiblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.11.