“Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib

 

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqillik dövründə tələbə qəbulu sisteminin inkişaf mərhələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda çıxışı edən TQDK sədri Məleykə Abbaszadə deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası SSRİ-nin süqutundan sonra müstəqil dövlətlərdə yaradılmış ilk belə qurumdur. Onun sözlərinə görə. ilk imtahanların keçirilməsinə türkiyəli mütəxəssislər metodiki dəstək veriblər. 1993-cü il TQDK-nın formalaşmasında ən kritik dövr olub: “1993-1995-ci illərin qeyri-stabil durumu və konservativ qismin müqaviməti, nəhayət, korrupsiya amili TQDK-nın formalaşması yönündə əsas maneələr idi”. M.Abbaszadə bildirib ki, imtahan prosesində subyektiv amilləri aradan qaldırmaq İKT-nin tətbiqi sayəsində mümkün ola bilərdi: “Bu gün də TQDK-nı digər dövlət qurumlarından bir fərqi var. İKT proqramlarını TQDK-nın mütəxəssislərinin özü yazıb və avtomatlaşdırılıb. İnformasiyalar eyni vaxtda hamı üçün açıqlanır”.

Onun dediyinə görə, 1993-1998-ci illərdə ilk addımlar atılıb və ali məktəblərə qəbulla bağlı dövlət standartlarının yaradılması zəruri idi: “O abituriyentlər sovet təhsil sistemində oxumuşdular, ancaq biz onunla bağlı sualları imtahanlarda verə bilməzdik. İmtahanın məzmunu ilə bağlı iş apardıq. Orta məktəbdən ali məktəbə keçmək üçün imtahanın məzmununu formalaşdırdıq və bu iş hələ də gedir. Hər il bu standartlara hansısa yeniliklər daxil olur. Çünki elm və texnika inkişaf edir”.

M.Abbaszadə bildirib ki, 1998-ci ildə test bankı yaradılıb: “Bu, özəl bir proqramdır və xarici ölkələrdən gələn mütəxəssislər bununla tanış olanda valeh olurlar. 2000-ci ildən ictimaiyyətə məlumatlar internet vasitəsilə çatdırılmağa başlanıb. 2010-cu ildən isə metodik vəsaitlər TQDK-nın saytında yerləşdirilib. Bu, abituriyentlərə qəbul imtahanlarına müstəqil hazırlaşmağa imkan verir. Eyni zamanda TQDK-nın statistik təhlilləri xarici təşkilatlar tərəfindən də istifadə olunur”.

TQDK sədri qeyd edib ki, 2000-ci illərin əvvəllərində hələ də TQDK-ya qarşı qərəzli fikirlər səsləndirənlər və onun ləğvinə çalışanlar olub: “Ölkə prezidenti korrupsiyadan azad sistem görmək istəyir. Ona görə də həmin cəhdlər nəticəsiz qalıb. TQDK-nın fəaliyyəti beynəlxalq təşkilatlar səviyyəsində yüksək qiymətləndirilib”.

TQDK sədri xatırladıb ki, 2007-ci ildə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın regional tədbirinin Bakıda keçirilməsinə nail olublar. Bu, MDB məkanında keçirilən ilk belə tədbir olub. O bildirib ki, TQDK-nın hazırda 91 işçisi var və onların 46-sı test üsulu ilə ali məktəbə daxil olub mütəxəssis kimi yetişib: “TQDK-nın unikal kollektivi var. TQDK cəmiyyətdə sosial lift kimi fəaliyyət göstərir. İstənilən gənc imtahanlara hazırlaşa, istədiyi ali məktəbə qəbul olaraq təhsil ala bilər”.

TQDK sədri əlavə edib ki, rezidenturaya qəbul imtahanlarında iştirak üçün müraciət edən 37 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə qəbul olunmayanlardır. Həmin şəxslər müxtəlif yollarla müxtəlif xarici ölkələrin ali məktəblərindən Beynəlxalq Universitet və Odlar Yurdu Universitetinə qəbul olunublar: “Onlardan heç biri 100 baldan yuxarı nəticə göstərməyib. Müsabiqədə həmin şəxslərdən 7-si iştirak edirdi. Çünki 70 baldan yuxarı nəticə göstərmişdi. Amma onlar müsabiqədən keçmədilər. Xəzər, Beynəlxalq, Odlar Yurdu universitetlərinə TQDK xətti ilə qəbul olunan məzunların nəticələri də o qədər yüksək deyildi. Onların arasında 100 baldan yuxarı nəticə göstərən 5-6 nəfər olub. İmtahanda əsas nəticə göstərənlər Tibb Universitetinin məzunlarıdır”. M.Abbaszadə qeyd edib ki, oktyabr ayında Komissiyanın fəaliyyətə başlayacaq elmi-metodiki seminarlarında bu ilin imtahan nəticələri və növbəti il üçün qəbul proqramlarındakı yeniliklər müzakirə ediləcək. Bundan sonra proqramdakı yeniliklər ictimaiyyətə elan olunacaq. O bildirib ki, təşkilati nöqteyi-nəzərdən imtahan qaydalarında əsas dəyişikliklər elektron imzanın tətbiqi ilə bağlı olacaq. TQDK-da bununla bağlı 4 layihə işlənəcək və tətbiq olunan yeniliklər abituriyentlərə elan ediləcək. Gələn ilin imtahan qaydaları noyabr ayında təqdim olunacaq.

M. Abbaszadə vurğulayıb ki, prezidentin fərmanına əsasən Nazirlər Kabineti dövlət sifarişli yerlərin planını bu ay TQDK-ya verməli idi: “Bu plan hələ TQDK-ya təqdim olunmayıb. Plan oktyabr ayında təqdim olunan kimi, TQDK tərəfindən elan ediləcək”. Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri müavini Vəfadar Misirov isə çıxışı zamanı TQDK-nın bunkerinin necə yarandığı haqda danışıb: “İlk imtahanla bağlı biz bir bağ evində sualları hazırlayan zaman prezidentin mühafizəçilərinin nəzarəti altında idik və buna görə müəllimlərdən biri oranın lap bunkerə bənzədiyini söylədi”. O deyib ki, həmin vaxtdan bunker sözü TQDK-nın lüğətinə daxil olub: “Bu gün TQDK-nın binasının 6-cı mərtəbəsi də o bağ evindən fərqlənmir”. TQDK-nın Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar sektorunun aparıcı məsləhətçisi Fuad Əhmədov bildirib ki, qəbul imtahanlarının nəticələrinin statistik təhlilinə əsasən, ali məktəblərin reytinqi müəyyən olunur. O, təhlillər nəticəsində hansı regionlarda qızların qəbul imtahanlarında iştirak faizinin aşağı olduğunun da müəyyənləşdirildiyini bildirib. Bu təhlil proqramları da TQDK-nın mütəxəssisləri tərəfindən hazırlanıb.

TQDK-nın kimya fənni üzrə eksperti Səidə Hüseynova isə vurğulayıb ki, 1992-1994-cü illərdə kimya ilə bağlı test tapşırıqları bu fənn üzrə bölmə və mövzuları tam əhatə etməyib, bəzi uyğunsuzluqlar olub. O bildirib ki, 1995-ci ildən test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını qiymətləndirməyə imkan verib: “Hazırda daha çox məntiqi, abituriyentləri çalışmağa yönləndirən suallar tətbiq olunur”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2011.- 1 oktyabr.- S.3.