Əbülfəs Qarayevlə İranın mədəniyyət və irşad nazirinin görüşü olub

 

Azərbaycanda keçirilən İran mədəniyyəti həftəsi çərçivəsində Bakıda səfərdə olan İran İslam Respublikasının mədəniyyət və irşad naziri Seyyid Məhəmməd Hüseyni mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Ə. Qarayev Azərbaycanla İran arasında əlaqələrin çox uğurla inkişaf etdiyini deyib. Ötən il İranda Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini xatırladan Ə. Qarayev qarşılıqlı mədəni tədbirlərin və görüşlərin keçirilməsində maraqlı olduqlarını deyib. Ə. Qarayev iki ölkənin milli adət-ənənələrinin müştərək olduğunu qeyd edərək, kino sahəsində Azərbaycan və İran arasında aktyorrejissor əlaqələri baxımından yaxşı əməkdaşlıq olduğunu bildirib.

Seyyid Məhəmməd Hüseyni isə bildirib ki, belə mədəni tədbirlərin keçirilməsi İran və Azərbaycan xalqlarının əlaqələrinin genişlənməsinə xidmət edir: “Tarixi milli ənənələrin bir olması mühüm məsələdir. Sevindirici haldır ki, dövlətlərin siyasəti də mədəni əlaqələrin inkişafına yönəlib”.

Bakıdan sonra Gəncəyə yola düşəcəklərini, mədəniyyət həftəsi çərçivəsində orada da tədbirlər keçiriləcəyini qeyd edən iranlı nazir bunları deyib: “Bizlər Nizami necə seviriksə, sizlər də Şəhriyarı elə sevirsiniz. Belə dünya səviyyəli insanlar bizim əlaqələrin inkişafına təkan verir”.

Görüşdə Əbülfəs Qarayev mədəniyyət günləri tədbirlərinin iki ölkə arasında ənənə halını alması təklifi ilə çıxış edib.

Qeyd edək ki, İran İslam Respublikasının mədəniyyət və irşad naziri Seyyid Məhəmməd Hüseyni dünən Azərbaycana rəsmi səfərə gəlib. Səfər Azərbaycanda İran mədəniyyət həftəsinin keçirilməsi ilə bağlıdır. İran mədəniyyət həftəsi Bakı və Gəncə şəhərlərində iranlı sənət ustalarının iştirakı ilə, eləcə də, kitab sərgisinin keçirilməsi ilə müşayiət olunacaq.

 

 

525-ci qəzet.- 2011.- 4 oktyabr.- S.7.