Söz ürəkdən gələndə...

 

Xuraman İsmayılova yeni çapdan çıxmış “Ürəyimdən keçənlər” kitabını mənə xeyli müddət idi ki, bağışlamışdı. Amma işlərim çox olduğundan onu oxumağa və müəyyən qeydlər aparmağa vaxt tapa bilmirdim. Ara-sıra kitabı əlimə alıb vərəqləyir, povest və hekayələrin, mənsur şeirlərin adlarına baxırdım. Yeri gəlmişkən deyim ki, ilk diqqətimi çəkən kitabın adı oldu. Adətən yaradıcı insanların ürəyindən çox şeylər – böyük-böyük romanlar, povestlər, hekayələr, daha nə bilim nələr-nələr yazmaq keçir. Bütün ömrü boyu əlləşib-vuruşur, çalışır ki, istəklərinə çatsın. Ömürdən yel qanadlı illər ötüb keçir, amma o heç də həmişə ürəyindən keçənləri yaza bilmir. Əgər Xuraman xanım bu kitabında ürəyindən keçənlərin hamısını yaza bilibsə, ağ vərəqlər üzərinə köçürə bilibsə, xoşbəxtdir.

Xuraman İsmayılovanın bir neçə kitabını oxumuşam. Mən onu bir şair kimi tanıyıram. Şeirləri də Qarabağ ağrılı, yurd nisgilli, dərdli qəmlidir. Qəhrəmanlıq və vətənpərvərlik, torpaq nisgili, yurd həsrəti mövzuları onun yaradıcılığından qırmızı xətlə keçir. Amma ara-sıra nəsrə də üz tutur. Çox maraqlı və oxunaqlı povest və hekayələr yazır. “Ürəyimdən keçənlər” kitabında da X.İsmayılovanın povest, hekayə və mənsur şeirləri toplanıb. “Nərgiz” nəşriyyatında çapdan çıxmış kitaba filologiya elmləri namizədi Esmira Fuad ön söz yazaraq Xuraman İsmayılovanın yaradıcılığı haqqında oxuculara kifayət qədər geniş məlumat verib.

Kitab oxucuların üzünə “Taleyin acı qisməti” povesti ilə açılır. Adından da göründüyü kimi bu povest həyatda bütün çətinlikləri görmüş bir insanın taleyinə həsr olunub. Bu insan Lamiyə adlı gözəl bir qızdır. Müəllif Lamiyənin timsalında Azərbaycan qadınının mərd və mübariz obrazını yaradıb. Həyatın ağrı-acılarına sinə gərən Lamiyə tibb bacısı kimi cəbhə bölgəsinə, hospitala yollananda atası Rüstəm kişi onu yoldan saxlamaq istəyir. Amma o, tutduğu yoldan dönməyərək yaşlı atasına bu sözləri deyir:

– Əgər bir ailədə oğlan – kişi yoxdursa, onda ailənin qızı Vətən uğrunda vuruşmalıdır, övladlıq borcunu yerinə yetirməlidir. Mən bu yoldan necə dönüm, ata? Oğullarımız həlak olur, torpaqlarımız əlimizdən gedir, necə oturum evdə, necə?..

Atası qızını bağrına basıb ağlayır. Kişi qeyrətli Lamiyə isə tibb bacısı kimi cəbhə bölgəsinə yollanır.

“Şəhidlər xiyabanı” mənsur şeirində bu misraları oxuyuruq: “... Soyuq məzar daşlarını yanan sinəsinə sıxan, qara yaylıqlı, qara bəxtli gəlinlərin ürək dağlayan, qəlb yandıran baxışlarından od tutub yanmadınmı? Bütün dərdlərdən ağır sənin dərdindir, bütün ağrılardan acı sənin ağrındır, Şəhidlər xiyabanı! Ən böyük şəhid, elə sən özünsən, Şəhidlər xiyabanı!”

“Laçınım” mənsur şeiri də neçə illərdən bəri düşmən işğalı altında qalan Laçın rayonuna həsr olunub.

İnanıram ki, Xuraman xanımın yazdığı “Ürəyimdən keçənlər” kitabı oxucuların ürəyincə olacaq. Povest və hekayələrdə təsvirini tapan hadisələr oxuyanları həmişə mübariz, mərd və qəhrəman olmağa ruhlandıracaq. Çünki “Ürəyimdən keçənlər” mübarizə ruhu aşılayan bir kitabdır.

 

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2011.- 4 oktyabr.- S.7.