Hamlet Xanızadənin 70 illiyi qeyd edilib

 

Akademik Milli Dram Teatrında milli teatr sənətinin görkəmli simalarından olan əməkdar artist, Dövlət Mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən xalq artisti Rafiq Əzimov dramatik rolların ölməz ifaçısı Hamlet Xanızadənin həyat və yaradıcılığına nəzər salıb: “Uşaqlığı Bakıda keçib, orta təhsilini də məhz burada alıb. Ailəsi Hamlet Xanızadənin aktyor olmasını istəməyib. Amma balaca Hamletin qəlbində baş qaldıran sənət həvəsi hər şeyə üstün gəlib. Hamlet uşaqlıqdan teatra, kinoya meylli olub. 50-ci illərin sonlarında İncəsənət Universitetinə daxil olub. Professional teatr fəaliyyətinə 1961-ci ildə başlayıb. Həmin ildə Akademik Dram Teatrında aktyor vəzifəsində fəaliyyətə başlayıb. Hamlet Xanızadə elə institut illərindən özünü istedadlı aktyor kimi təqdim edib. Tədris teatrında, daha sonra isə Akademik Dram Teatrında yaratdığı rollar tamaşaçıların ürəyinə yol tapıb”.

Tədbirin sonunda Hamlet Xanızadənin oynadığı tamaşalardan parçalar, teatrın foyesində aktyorun həyat və yaradıcılığını əks etdirən foto sərgi nümayiş etdirilib.

H.Xanızadə milli teatr sənətimizin ən böyük simaları ilə – Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, İsmayıl Dağıstanlı kimi korifeylərlərlə tərəf-müqabil olub. Hamlet Xanızadə “Ölülər”, “Dəli yığıncağı”, “Atabəyləri”, “Şöhrət və unudulan adam”, “İblis”, “Xəyyam”, “Topal Teymur”, “Vaqif”, “Antoni və Kleopatra” əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif obrazları böyük sənətkar məharəti ilə yaradıb.

 

 

525-ci qəzet.- 2011.- 4 oktyabr.- S.7.