Xalq yazıçısı
İlyas Əfəndiyevin vəfatının
15 illiyilə bağlı anım mərasimi keçirilib
Ötən gün Fəxri Xiyabanda Xalq
yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin
vəfatının 15-ci ildönümü ilə əlaqədar
anım mərasimi olub. Əvvəlcə mərasimdə
iştirak edən ziyalılar ədibin məzarüstü abidəsini
ziyarət edərək, qəbri üzərinə gül dəstələri
qoyublar. Daha sonra mərasimdə giriş sözü ilə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Azərbaycan ədəbiyyatında
və milli teatrımızın inkişafında əvəzsiz
xidmətləri olan İ.Əfəndiyev haqqında fikirlərini
diqqətə çatdırıb: “15 ildir bizi cismən tərk
edən İlyas Əfəndiyev yaradıcılığı,
dramaturgiyası hər gün bizimlədir. O, təkcə Azərbaycan
ədəbiyyatında deyil, eləcə də milli teatr sənətimizdə
yeni səhifə açan dəyərli qələm sahibidir.
60 ildən artıq davam edən yaradıcılıq yolunda
İlyas Əfəndiyev çoxsaylı qiymətli ədəbi
nümunələr qələmə alıb. Bu əsərlər
təkcə kəmiyyət yox, həm də keyfiyyət
etibarı ilə seçilir və ədəbiyyatımızı
zənginləşdirməklə bərabər uzun illər
yetişməkdə olan gənc nəslin mənəvi tərbiyəsində,
dünyagörüşünün formalaşmasında
müstəsna rol oynayıb”.
Teatr Xadimləri İttifaqının sədri,
xalq artisti Azər Paşa Nemətov İ.Əfəndiyevin Azərbaycan
teatrındakı xidmətlərindən danışıb:
“İlyas Əfəndiyev Azərbaycan milli teatr sənətinin
inkişafına böyük töhfələr verən sənətkardır.
Ötən əsrin müxtəlif illərində İlyas Əfəndiyevin
qələmə aldığı pyeslər ən müxtəlif
teatrların səhnələrində uğurla nümayiş
etdirilib. Dramaturqun səhnələşdirilən pyesləri həm
də Azərbaycana görkəmli aktyor ordusu qazandırıb.
Həmin aktyorlar bu gün Azərbaycan teatrında öz
sözlərini demiş korifeylərə çevriliblər”.
“Şəxsiyyətlər bizdən
uzaqlaşdıqca, onların əzəməti daha çox
hiss olunur. İlyas Əfəndiyev şəxsiyyəti, milli ədəbiyyat
və təfəkkürümüzdə qələmə
aldığı əsərləri ilə yer eləyib. Qələmə
aldığı “Boy çiçəyi”nin rayihəsi hələ
də teatrlarımızın səhnələrindən
duyulur. Hələ də “boy çiçəyi” səhnələrimizi
təravətləndirir. Bu gün yenə “Mahnı dağlarda
qalıb”. Bu mahnını geri qaytarmaq lazımdır. Bu
mahnını Qarabağa qaytarmaq dazımdır”. Bu ifadələri
mərasimdə filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə səsləndirib.
Sənətşünaslıq doktoru,
professor Məryəm Əlizadə İ.Əfəndiyevin ədəbiyyata,
yaradıcılığa gəlişini ədəbi hadisə
kimi qiymətləndirib: “1938-1939-cu illərdə
yaradıcılığa gəlişi ədəbi mühitdə
dönüş yaratdı. O insanla bağlı bütün
mövzulara yaradıcılığında yer ayırıb.
Bu sahə ilə məşğul olanlar onun ciddi niyyətini,
qarşıya qoyduğu məqsədin şahidlərinə
çevrildilər. Lirik-psixoloji janrın əsasını
qoyan dramaturq teatrda lirik psixoloji təmayülün banisi oldu.
İlyas Əfəndiyevin şəxsiyyəti, ədəbi və
dramaturji yaradıcılığı, əsərlərinin
teatr təcəssümü və onlardan qaynaqlanan hər
şey İlyas Əfəndiyev dramaturgiyasına yeni elmi
konsepsiyaların araşdırma üsulları ilə
yanaşmaq imkanı verir. İlyas Əfəndiyevin zəngin bədii
irsi hələ çox tədqiqat işlərinin
mövzusudur”.
Bakı Bələdiyyə
Teatrının rəhbəri, xalq artisti Amaliya Pənahova
ömrünün böyük bir hissəsini teatra həsr
etmiş İlyas Əfəndiyevin səhnə üçün
yazdığı bir çox əsərdə iştirak
etdiyini deyib. A.Pənahovanın sözlərinə görə,
bütün dövrlər üçün aktual olan İlyas Əfəndiyev
yaradıcılığı, nəsillər dəyişsə
də, hər zaman yaşayacaq.
Xalq yazıçısı Elçin
çıxışında İ.Əfəndiyevin hansısa
ideologiyaya deyil, yaradıcılığı ilə ədəbiyyata
və təbii ki, xalqa xidmət etdiyini vurğulayıb. Ulu
öndər Heydər Əliyevin sərəncamı ilə
İ.Əfəndiyevin xatirəsinin əbədiləşdirildiyini
deyən yazıçının oğlu İçərişəhərdəki
küçələrdən birinə, eləcə də
Elitar Gimnaziyaya ədibin adının verildiyini deyib.
Tədbirdə Akademik Milli Dram
Teatrında İ.Əfəndiyevin yarad0000000ıcılığını
əks etdirən CD-nin təqdimatının keçiriləcəyi
diqqətə çatdırılıb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 4 oktyabr.- S.7.