Akademik Bəkir Nəbiyevin fikir dünyasında elmlə poeziyanın vəhdəti

 

Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyevin “Elmlə şeir qovuşanda” adlı kitabı işıq üzü görüb. Kitabda akademikin son illərdə qələmə aldığı məqalələr, rəy və məruzələr toplanıb. Nəşrə ön söz əvəzi olaraq, Vilayət Quliyevin Bəkir Nəbiyevin 75 illik yubileyi münasibətilə qələmə aldığı “Bizim Bəkir müəllim” başlıqlı məqaləsi verilib. Topluda yer alan “Məqalələr” bölməsində akademikin bir-birindən maraqlı yazıları verilib. Belə yazılardan biri “Ədəbiyyatşünaslıq və çağdaş humanitar düşüncə axarında” başlıqlı məqalədir. Yazıda müəllif son iyirmi ildə humanitar fikrin mühüm qollarından olan ədəbiyyatşünaslıq və ədəbi tənqidin ciddi tarixi və metodoloji problemlərlə üz-üzə olduğunu bildirir. O qeyd edir ki, marksist-leninçi metodologiyanın tənəzzülü ədəbi-nəzəri fikrin metodoloji məsələlərini dünyanın müasir humanitar fikri kontekstində araşdırmaq, perspektivləri müəyyən etmək zərurətini meydana qoyub.

“Klassik Azərbaycan poeziyası və muğam” başlıqlı digər məqaləsində Bəkir Nəbiyev Azərbaycan klassik poeziyasının, folklorumuzun mayasının musiqi ilə yoğrulduğunu diqqətə çatdırır. Bu həqiqətin dastanlarımızda da öz əksini tapdığını bildirən akademik xalqımızın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi parlaq incilər arasında poeziya və muğamın aparıcı rolu olduğunu vurğulayıb: “Klassik Azərbaycan poeziyasının musiqi ilə qırılmaz şəkildə bağlı olması heç kəsə sirr deyil. Bu bağlılıq özünü ən azı onda göstərir ki, musiqi kimi poeziya da hər şeydən öncə ahəngdarlıq, ritmika, daxili nizam üzərində qurulmuşdur”.

“Sanki bu gün yazılıb” başlıqlı məqaləsində akademik fransız ədəbiyyatının görkəmli nümayəndələrindən olan dünya şöhrətli nasir Aleksandr Dümanın Qafqaz səyahətnaməsindən bəhs edib. “Hələ XIX əsrdə Avropa oxucuları A.Dümanın məhz bu səyahətnaməsinin mütaliəsi əsasında öyrəniblər ki, Qafqaz həqiqətən də yer üzünün ecazkar gözəlliklərə malik bir guşəsidir və burda sayca böyük ölkələrin xalqları ilə müqayisədə az olduğuna baxmayaraq, öz əxlaqı, mənəviyyatı, istedadı, orijinal dil mədəniyyəti, xarakterinin özəllikləri ilə fərqlənən xalqlar yaşayır və onlardan biri də azərbaycanlılardır”. B.Nəbiyev Dümanın həmin əsərinin dilimizə tərcümə edilməsini ictimai həyatımızda vacib ədəbi-estetik hadisələridən biri kimi qiymətləndirib. Akademikin “Avropa mədəniyyətinə açılan pəncərə”, “Azərbaycan tele-məkanı bu gün”, “Şərəfli adı ləyaqətlə daşıyanlar”, “Müstəqillik dövrünün Azərbaycan ədəbiyyatşünaslığı” başlıqlı digər məqalələrində də bir-birindən dəyərli fikirlər öz yerini tapıb.

Toplunun “Portret cizgiləri” guşəsinə daxil edilən yazılarda Bəkir Nəbiyev görkəmli Azərbaycan mütəfəkkirləri və ədəbiyyat nümayəndələrinin Azərbaycan ədəbi tarixində qoyduqları izlərdən bəhs edib. “İstedadla iradənin sarsılmaz vəhdəti” adlı yazıda akademik dahi Azərbaycan şairi Əfzələddin Xəqaninin həyat və yaradıcılıq yollarına işıq salıb və bu günə qədər onun haqqında aparılan tədqiqatlardan, yazılan elmi əsərlərdən söhbət açıb. Böyük ədib Abdulla Şaiqə həsr etdiyi “Fenomen sənətkar” başlıqlı portret yazısında müəllif onun dərin mənalı və rəngarəng bir ədəbi irs qoyub getdiyini, bir sıra qələm yoldaşları ilə birlikdə onun da Azərbaycan ədəbiyyatını yeni fikir, mövzu, janr, obraz və bədii təsvir vasitələrilə zənginləşdirən romantizm cərəyanına mənsub olduğunu bildirib: “Abdulla Şaiq həyatının bütün mənalı illərini xalqın gələcəyi olan nəslin təlim-tərbiyəsinə həsr etmiş qeyrətli, fədakar müəllimlərdən və maarif xadimlərindən biri olmuşdur”.

“Publisistikanın tükənməz imkanları” məqaləsində müəllif dahi Üzeyir Hacıbəylinin yaradıcılığı haqında fikirlərini qələmə alıb: “Üzeyir bəyin publisistikası ictimai həyatın irəli sürdüyü vacib problemlərə həm vaxtında, həm də çox obyektiv cavab verir, jurnalistin təbiətindəki doğruçuluq, özünə, məsləkinə qarşı tələbkarlıq onu mürəkkəb siyasi məsələlərin girdabında ilişib qalmağa qoymur, hadisələri hər şeydən öncə məhz xalqın, onun mütərəqqi qüvvələrinin mövqeyindən çıxış edib qiymətləndirməsini təmin edir”.

“Ədibin elmi-nəzəri görüşləri” portret yazısı Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Mir Cəlal Paşayevdən söz açır. Müəllif yazıda onun həm bir yazıçı, həm tədqiqatçı alim, həm də bir pedaqoq kimi üstün keyfiyyətlərini nəzərə çatdırır: “Parlaq istedadı ilə könülləri fəth etmiş Mir Cəlal müəllimin yarım əsr ərzində yazıb meydana qoyduğu ədəbi-tənqidi məqalələr, sanballı elmi monoqrafiyalar bizə tam əsas veri ki, bir daha təsdiq və təsbit edək: o Azərbaycan ədəbi-ictimai fikir tarixində həm də ədəbiyyat tənqidçisi və öz elmi məktəbini yaratmış fədakar ədəbiyyatşünas alim, böyük mütəxəssis, müəllim kimi daim yaşayacaq”.

Alimin Mehdi Hüseyn haqqında “Görkəmli nasir və tənqidçi”, Rəsul Rza barəsində “Şeirimizin klassiki və müasiri”, Bəxtiyar Vahabzadə ilə bağlı “Vətən torpağına azadlıq toxumu əkən şair”, Yaşar Qarayev haqqında “Elmimizin iftixarı”, Elçin barədə “Xalq yazıçısı-ədəbiyyatşünas alim”, İmamverdi Əbilova aid “Mədəniyyət Məkkəsinin mücaviri”, İlham Rəhimli haqqında “Bitib-tükənməz ilham”, Hacı Mailə həsr olunmuş “Ürəyimdən keçən başıma gəldi” portret yazıları da dərin maraq oyadır.

Kitabda akademikin ayrı-ayrı sanballı kitab və dərgilər haqqında yazdığı rəylər, ədəbi tədbirlərlə əlaqədar məruzələrinin mətni də öz əksini tapıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 5 oktyabr.- S.7