136 illik mətbuatımızın dilinin
keçmişinə və bugününə bir
baxış
Ədəbiyyatımızın
qədim tarixə və dünyanı heyrətləndirən
poeziya nümunələrinə baxmayaraq, milli mətbuatımızın
cəmi 136 yaşı var. Bu, bəşəriyyət
üçün qısa zaman sayılsa da milli
oyanışımızın, demək olar ki, başlanması
və intibahı cəhətdən qızıl dövrü
kimi qəbul oluna bilər. Hazırda tərəqqidə olan mətbuatımızı
keçmişindən ayrı təsəvvür etmək
olmaz. Ona görə də Azərbaycan Mətbuat
Şurasının həyata keçirdiyi uğurlu layihələrindən
birinin də mediamızın dil xüsusiyyətlərinin
araşdırılmasına həsr olunması təqdirəlayiqdir.
Bu 4 aylıq layihənin icrasının son günləri istər-istəməz
milli mətbuatımızın dilinin 136 il öncə necə
olduğu sualını doğurur. Deməli, suala cavab vermək
üçün mətbuatımızın dilinin keçmişi
və bu günü arasında müqayisələr aparmaq zərurəti
yaranır.
Nə yaxşı ki, milli mətbuatımızın tarixi etibarı ilə ikincisi olan “Ziya” qəzetini də bu günlərdə qəzetlərin monitorinqi ilə əlaqədar paralel oxuyub latın qrafikasına çevirmək kimi maraqlı bir işlə məşğul oldum. Gözümün qabağında yaranan iki mənzərənin bəzi anlarını indi oxucularla bölüşmək şərəfi mənə nəsib olduğuna görə son dərəcə məmnunam. Əvvəla, mətbuatımızın dilində ötən müddətdə yaranmış kəskin fərqlərə diqqət çəkmək istəyirəm. Ümumiyyətlə, əlifba hər bir dilin özünəməxsus şəkildə formalaşmasında ciddi rol oynayır. Bu mənada konkret olaraq “Ziya” qəzetinin dilinə diqqət yetirəndə ərəb əlifbasının özü ilə bərabər ərəb dilinin Azərbaycan dilinə təsirini aydın görmək mümkündür. Hazırda həmin sözlərin əksəriyyəti arxaikləşmiş və lüğətimizdən silinmişdir. Arxaikləşmiş sözlərin bir qismini (ictimai, təcəmmə, mozekkər, moənnəs, zekr, zeyl, mərqub, mottəsel, təavon, tənosor, əncomən, xebre, bəstəri, osrət və sair) nəzərinizə çatdırıram. Bu qəbildən yaxın keçmişimizin (sovet, sosialist, kommunist, pioner, komsomol, partkom və digər) sözlərini də xatırlamaq yerinə düşər. Odur ki, indi orta məktəb şagirdləri hər iki qrupa mənsub sözləri eyni dərəcədə yad sözlər kimi anlamırlar.
Bu gün mətbuatımızın irəli getdiyini şərtləndirən amillərdən biri də qəzet dili ilə adi danışıq dili arasındakı “sərhəd”din tədricən götürülməsidir. Başqa sözlə, qəzetin kütləvi dildə olması kimi mühüm prinsip öz praktik həllini tapmaqdadır. Halbuki sovet dövründə müsahib ağzını açan kimi fikrini Sov. İKP-nin qurultayından başlayırdı və Mərkəzi Komitənin plenumunda bitirirdi. Ona elə gəlirdi ki, jurnalistlə danışırsa sözünü “qəzet dili”ndə deməlidir. Guya, qəzetin müəyyən terminlərlə dolu ayrıca dili olmalıdır. Əlbəttə, bu, indiki halda kiminsə ağzına gələni deməyə də əsas vermir. Məsələyə düşüncənin, fikrin aydın və ədəbi cəhətdən düzgün formalaşdırılıb ifadə olunması baxımından yanaşılmalıdır.
Qəzetlərimizin dil xüsusiyyətlərini müxtəlif aspektlərdən təhlil edəndə görürük ki, cəmiyyətimizin digər sahələri ilə həmahəng dilimiz də inkişaf edir. Şifahi nitqdən fərqli olaraq yazılı nitqin bələdçisi durğu işarələridir. Azərbaycan dilinin hazırkı mərhələsində fikrin oxucuya bütün hiss və duyğuları ilə çatdırmağa imkan verən durğu işarələri mövcuddur. Sadəcə həmin işarələrin yerində işlədilməsi vəzifəsi qələm əhlinin ixtiyarında qalır. Məsələnin digər tərəfi isə jurnalistə dilçiliyə aid nəzəri bilikləri əzbərləmək lazımdır, yoxsa ona praktikada lazım olan səviyyədə vərdişlərə çevirmək? Əlbəttə, sualın ikinci tərəfi jurnalist peşəsinin əsas alətidir. Həmin alət isə təcrübədə ovxarlanır, cilalanır və istifadə üçün yararlı hala gətirilir. Əslində jurnalist diqqətini hədəfdən, yəni fikrin maraqlı şəkildə çatdırılmasından yayındırıb, görəsən, bu cümlədə dilçilik baxımından hansı səhvi edərəm məsələsinin üzərində cəmləsə, təbii ki, istənilən uğuru qazana bilməz. Ona görə də qələm sahibi özünü nəzəri biliklərlə çox yükləməmək şərti ilə ən vacib məqamları diqqətdə saxlamağı bacarmalıdır. Qəzetlərimizdə dil, üslub və digər məsələlərlə bağlı problemlər məhz həmin vacib məqamları jurnalistin yazı vərdişinə çevirə bilməməsinin nəticəsidir.
Yekun olaraq demək lazımdır ki, qəzetlərimiz dilçilik baxımından biri digərindən o qədər də fərqlənmir. Fərqli cəhət əsasən materialları oxuyub redaktə edənin üslubunda özünü göstərir. Çünki həmin “redaktor”un yazısında olan qüsuru qəzetin digər materiallarında da görəndə başqa fikrə ehtiyac qalmır. Deməli, redaktorun səviyyəsi qəzetin ümumi səviyyəsinə ciddi təsir göstərir. Buna aid misalları çəksəm söhbətin hansı mətbuat orqanından getdiyi adını çəkmədən belə başa düşüləcəyindən həmin məsələdən qəsdən yan keçirəm.
Əsas məsələ budur ki, mətbuatımız 136 illik qısa, lakin şərəfli bir yol keçərək daha qədim tarixi olan başqa ölkələrin mətbuatı ilə hazırda yanaşı durmaq mücadiləsindədir. Bu məsələdə dilçi alimlərimizə, hər kəlmənin, hər sözün üstündə əsən jurnalistlərimizə, yazıçılarımıza xüsusi minnətdarlıq düşür. İnanırıq ki, mətbuatımızın dilinin, həm də xalqın dili olduğunu anlayan hər bir kəs gələcəkdə də müsbət ənənələri layiqincə qoruyacaq və mətbuatımızın timsalında dilimizin daha da inkişafına rəvac verəcəkdir.
Təxminən yarım əsr müxtəlif adlarda nəşr olunmuş mətbuatımızın latın və kiril qrafikasına keçidi ilə ərəb və fars sözlərinin sıradan çıxması dövrü başlayır. Bu qaçılmaz proses 100 ilə yaxındır ki, davam edir. Təxminən 10 il əvvəl ərəb əlifbasının xüsusiyyətləri ilə bağlı olaraq “eyn”, yaxud “ayn” hərfini bildirən apostrof da ləğv olundu. Bu, hardasa dilimizdə qalmış bəzi ərəb kəlmələrinin yazılışında və tələffüzündə uyğunsuzluq yaratsa da dilimizin yad ünsürlərdən təmizlənməsi baxımından müsbət haldır. Belə yeniliklərin uğurlu davamı üçün apostrof tələb edən sözlərin qarşılığını tapıb işlətmək lazımdır. Çünki apostrofsuz tanınmaz hala düşmüş sözə də, necə deyərlər, yazığımız gəlməlidir.
Mətbuatımızın dilinin inkişafını şərtləndirən amillərdən biri də durğu işarələrinin işlənməsi vəziyyətidir. Yenə də ərəb əlifbasının tələblərinə uyğun olaraq nadir hallarda durğu işarələrinin işlədilməsi müasir qəzetlərimizin dili ilə müqayisədə fərqli mənzərə yaradır. İnşallah, yaxın vaxtlarda “Ziya” qəzetinin latın qrafikası ilə öncə qəzetdə, sonra isə kitab şəklində nəşrini görəcək oxucular öz gözləri ilə yazdıqlarımızın şahidi olacaqlar. Ona görə də təfərrüata getmirəm.
Hər dövrün ictimai, siyasi, mədəni və iqtisadi sahələrdə yenilikləri özünü dildə əks etdirir. Dil cəmiyyətin güzgüsü rolunu oynayır. Savadlı və bilikli insan istənilən mətni oxumaqla mətləbin hansı dövrə aid olduğunu müəyyənləşdirə bilər. Dilin zaman keçdikcə dəyişməsi də təbii prosesdir. Sadəcə həmin prosesdə mətbuat sanki qəlibə salmaq funksiyası yerinə yetirir. Dağ çayı məsafə qət etdikcə durulduğu kimi dilimiz də illərin burulğanından keçərək saflaşır. Bu gün mediamızın dilində bəzi qüsur və çatışmazlıqları, hətta morfoloji, sintaksis, leksik və qrammatik qaydaları xüsusi vurğu ilə qabartdığımız zaman ötən 136 il ərzində baş verənləri unutmamalıyıq. Onda dilçi alimlərimizin xidmətləri ilə yanaşı, jurnalistlərimizin yaradıcı əməyini də layiqincə qiymətləndirmiş olarıq.
Monitorinqin birinci mərhələsi Azərbaycan Mətbuat Şurasının iclas zalında jurnalistlərin və dilçi alimlərin iştirakı ilə maraqlı müzakirə və fikir mübadilələri ilə bir ay öncə başa çatdı. Həmin toplantı bu məsələnin nə qədər aktual olduğuna bir daha nəzərləri cəlb etdi. İki saatdan çox müddətdə keçən qızğın diskussiyalar yekunlaşmamış qaldı. Ona görə də bir neçə gün öncə KİV rəhbərlərinin və jurnalistlərin iştirakı ilə mediamızın dil xüsusiyyətləri mövzusunda layihənin müzakirəsinin yekun toplantısı keçirildi. Toplantıda ortaya qoyulan mətbuatımızın dilinə aid elmi və peşəkar baxışların gələcəkdə böyük səmərə verəcəyinə böyük ümid bəsləyirik.
Müştəba ƏLİ,
Azərbaycan Mətbuat
Şurasının
monitorinq qrupunun üzvü
525-ci qəzet.- 2011.- 5 oktyabr.- S.6.