“Müəllimlərin
mükafatlandırılması Azərbaycan təhsilinə
verilən yüksək qiymətdir”
MİSİR MƏRDANOV: “SON İLLƏR
AZƏRBAYCANDA DÖVLƏTLƏ BİRLİKDƏ
İCTİMAİYYƏTİN DƏ TƏHSİLƏ
MÜNASİBƏTİ MÜSBƏTƏ DOĞRU XEYLİ DƏYİŞİB”
Dünən Təhsil Nazirliyində Müəllimlər
Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə təhsil
naziri Misir Mərdanov,
Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri,
millət vəkili Səttar Mehbalıyev, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri
Nailə Rzaquliyeva və ölkə prezidentinin son fərmanı
ilə təltif olunan müəllimlər
iştirak ediblər. Tədbirdə
çıxış edən təhsil naziri
Misir Mərdanov bildirib
ki, son illər bu gün Azərbaycanda milli bayram səviyyəsində
qeyd olunur. Bu bayrama münasibətin
ildən-ilə yaxşılaşdığını və
kütləviləşdiyini bildirən nazir
buna nümunə kimi
ölkə prezidentinin son
fərmanı ilə 128 müəllimin müxtəlif səviyyələrdə
təltif olunmasını göstərib: “Bu
müəllimlərin mükafatlandırılması bütün Azərbaycan müəllimlərinə,
Azərbaycan təhsilinə verilən yüksək qiymətdir”.
Nazir son illər təhsilin
bütün pillələrində yeniliklərin
həyata keçirildiyini, şəraitin daha da
yaxşılaşdırıldığını bildirib: “Buna baxmayaraq, biz arxayın
olmamalıyıq. Qarşıda bizi daha çətin işlər gözləyir”.
`M.Mərdanov
vurğulayıb ki, təhsilin rolu və əhəmiyyəti
qloballaşmanın getdikcə vüsət aldığı,
insan resurslarının, elm və texnologiyanın iqtisadi
inkişafda həlledici amilə çevrildiyi, təbii
resursların durmadan azaldığı çağdaş
dünyamızda daha da artmaqdadır. Məhz buna görədir
ki, Birləşmiş Millətlər Təşkilatı XXI
yüzilliyi “Təhsil əsri” elan edib: “Qətiyyətlə
demək olar ki, yüksək intellektə malik insan
kapitalının formalaşmasında, davamlı inkişafa zəmin
yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin
rolu heç vaxt indiki kimi aktual olmayıb. Təhsili cəmiyyətin
fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə
çevirənlər isə məhz müəllimlərdir. Təhsilin
məzmunu nə qədər yüksək və mükəmməl,
maddi-texniki bazası nə qədər möhkəm, biliklərin
ötürülməsi vasitələri nə qədər təkmil
və müasir olsa da, əgər müəllim yoxdursa,
heç nədir. Təhsil məhz müəllim əqlinin
gücü ilə cəmiyyətin inkişaf amilinə
çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin
daşıyıcısı olan yeni-yeni nəsillər məhz
müəllim zəkasının nurundan, müəllim qəlbinin
hərarətindən pay alaraq formalaşır. Bu baxımdan
müəllim təhsildə əsas sima, aparıcı
qüvvədir. Buna görə də müəllimlik
bütün dövrlərdə və ölkələrdə ən
şərəfli peşə hesab olunub, bu adı
daşıyanlara həmişə böyük hörmət və
ehtiram göstərilib. Hətta ən böyük dahilər
belə öz uğurlarına görə öncə müəllimlərinə
borclu olduqlarını bildiriblər”.M.Mərdanov təhsil sahəsində
bir sıra problemlərin mövcud olduğunu da qeyd edib:
“Dünyanın elə bir ölkəsi yoxdur ki, təhsil sahəsində
problemlər olmasın. Və həmçinin elə bir
ölkə yoxdur ki, orada təhsil sahəsindəki
bütün problemlər dövlət hesabına həll
olunsun. Valideynlərin məktəblərə yardım etməsi
təbiidir. Valideynlər görsələr ki, onların qanuni
yolla etdikləri yardım övladlarının təhsilinin
keyfiyyətinə müsbət təsir göstərir, bu,
heç bir problem yaratmaz. Amma təəssüf ki, hələ
də bizim ümumi işimizə xələl gətirən
müəllimlər var”. Nazir müəllimlərin
ixtisasının artırılması və təkmilləşdirilməsi
sahəsində də bəzi problemlərin olduğunu dilə
gətirib. M.Mərdanovun sözlərinə görə, son
illər Azərbaycanda dövlətlə birlikdə ictimaiyyətin
də təhsilə münasibəti müsbətə
doğru xeyli dəyişib. İndi ən müxtəlif
peşə adamları da Təhsil Nazirliyinə, məktəblərə
teleqram göndərərək onları təbrik edirlər.
Bu, o deməkdir ki, ölkədə müəllimə və təhsilə
diqqət artıb və bu bizi daha məsuliyyətli işləməyə
sövq edir: “Bu il müəllim günü ilə əlaqədar
təhsil işçilərinə əsas təbrik cənab
prezidentdən gəlib. Belə ki, ölkə
başçısının fərmanı ilə Azərbaycanın
seçilmiş müəllimlərinə Əməkdar
müəllim fəxri adı, bir çox təhsil
işçisinə “Tərəqqi” medalı verilib. Bu ənənə
hər il oktyabrda təkrar olunur”. Nazir qeyd edib ki, əsas
müəllimin ali və ya orta təhsilli olmasında yox, onun
təhsil sahəsindəki proseslərdən yeniliklərdən
məlumatlı olmasındadır: “Ən vacibi odur ki, müəllim
ziyalı olmalıdır. Gərək o müasir təhsil tendensiyalarından,
bu sahədə həyata keçirilən hadisələrdən
vaxtında və yetərli xəbərdar olsun. İndi Azərbaycanda
müəllimlərin böyük əksəriyyəti bu
meyarlara cavab verir. Güman edirəm ki, bu şəkildə
davam edərsə, yaxın gələcəkdə ölkədə
bütün müəllimlər həm savad və qabiliyyətinə
görə, həm də ümumilikdə bir ziyalı olaraq cəmiyyətin
etimadını doğruldacaq”. Nazirin dediyinə görə, Azərbaycan
müstəqilliyini əldə etdikdən sonra, digər sahələrlə
yanaşı, təhsil sahəsi də sürətlə
inkişaf etməyə başlayıb. Bu sahənin inkişafına
xidmət edən proqramlar qəbul edilib, müəllim
hazırlığının təkmilləşdirilməsi
istiqamətində müəyyən işlər
görülüb. Paytaxtda və bölgələrdə
bir-birinin ardınca məktəblər, əlavə korpuslar
tikilib, bəzi müəssisələrdə təmir-bərpa
işləri aparılıb: “Hər il dövlət büdcəsindən
təhsil sahəsinə ayrılan vəsaitin məbləği
artırılır. Müəllimlərin əmək
haqları yüksəldilir. Azərbaycanda təhsilə
qayğının təməli ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulub. O, ölkənin uğurlu gələcəyini
təhsildə, müasir standartlara uyğun səviyyədə
təhsil alan gənclərdə görürdü. Heydər Əliyev
hakimiyyətdə olduğu illərdə daim təhsil sahəsini
xüsusi diqqət yetirib. Onun təməlini qoyduğu ənənə
bu gün də uğurla davam etdirilir. Hər il olduğu kimi
bu il də təhsilə ayrılan məbləğin
miqdarını artırılıb. Bu da dövlətin,
prezidentin bu sahəni, təhsil işçilərini daim diqqətdə
saxladığını göstərir. Təhsil
işçiləri də bunu nəzərə alaraq vəzifələrinə
daha məsuliyyətlə yanaşmalı, onlara göstərilən
bu etimadı doğrultmalıdırlar”.Qeyd edək ki, təhsil
naziri Misir Mərdanov başda olmaqla nazirliyin kollektivi 5 oktyabr –
Beynəlxalq Müəllimlər Günü münasibətilə
Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 6 oktyabr.- S.2.