Bakıda “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” adlı beynəlxalq konfrans keçirilib

 

Dünən Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun təşəbbüsü ilə gənc alim və tələbələr üçün “Yer elmləri: yeni yanaşmalar və nailiyyətlər” adlı IV beynəlxalq konfrans təşkil edilib. İnstitutun Gənc Alimlər Şurası tərəfindən təşkil olunan konfransda Avstriya, Rusiya, Türkiyə, İran, Qazaxıstan və digər ölkələrdən gənc alimlər iştirak edir. İki gün davam edəcək konfransın yekununda gənc alimlərə sertifikatlar təqdim olunacaq. Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “bp” şirkətinin dəstəyi ilə keçirilir.

 Konfransda çıxış edən Geologiya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə konfransın əhəmiyyətindən danışaraq Azərbaycanda elmin bu sahəsinə xüsusi diqqət yetirildiyini deyib. O bildirib ki, Azərbaycan dövləti gənc alimlərin elmi potensialının inkişaf etdirilməsi üçün zəruri addımları atmaqdadır və elm sahəsində çalışan gənclər xarici dilin və müasir texnologiyanın əhəmiyyətini dərk etməlidirlər. A.Əlizadə simpoziumda yer elmləri sahəsində yeni istiqamətlərin müzakirə olunacağını söyləyib. Onun sözlərinə görə, Azərbaycan ərazisində 9-10 ballıq zəlzələ ocaqlarının olması ilə bağlı səslənən fikirlərin həqiqiliyinin müəyyənləşdirilməsi məqsədilə geniş tədqiqat işlərinin aparılmasına ehtiyac var. Zəlzələ ocaqlarının müəyyənləşdirilməsi ilə bağlı yeni metodik yanaşma mövcuddur. Konfransda Azərbaycandan Nərminə Hüseynova, Əfşan Babazadə “Cənubi Xəzər hövzəsinin dəniz hissəsindəki Alt Pliosen Məhsuldar qat rezervuarlarının xarakteristikası və çöküntütoplanma şəraitinin proqnozu”, “Azərbaycan və Türkmənistanın məhsuldar və qırmızı qatları (Alt Pliosen): mikroelementlərin paylanması və korrelyasiyası”, Türkiyədən Yasəmin Korkusuz “Yalova ərazisində P dalğasının ilk daxilolmalarının böyük miqdarda polyarizasiyasından istifadə etməklə fokal mexanizmlərin köməkçi müstəvilərdən fərqi”, Belarusdan İqor Yaşin “Pripyat çökəkliyinin Mərkəzi neftli-qaz perspektivli rayonunun aşağı famen çöküntülərində domanik fasiyaları”, Rusiyadan Mariya Mışenkova “Şimali Elbrus dağlarının flüidolitləri”, Avstriyadan Yelena Çevelça “Səs dalğalarının köməyi ilə Sucker Rod nasos sisteminin qiymətləndirilməsi” mövzusunda məruzələr ediblər.

 Qeyd edək ki, konfransın ikinci günü Moskva Dövlət Universitetinin professoru Nikolay Koronovskinin və digər gənc alimlərin yer elmlərinin müxtəlif istiqamətlərində apardıqları tədqiqatlara dair məruzələri dinləniləcək.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2011.- 6 oktyabr.- S.2.