Hesabat janrına “Azərbaycan” qəzetinin
materialları əsasında bir baxış
Jurnalistikada
hadisələrin təsviri forma və məzmununa görə
dəyişir. Tədbirlər, yığıncaqlar, mitinqlər,
konfrans, görüşlər, yarışlar xəbər kimi
verilməkdən əlavə, bəzən daha geniş və ətraflı
şərhə ehtiyac duyur. Bu zaman hesabat janrından istifadə
edilir. Bundan əlavə, dövlət və digər siyasi
qurumların, nazirliklərin, qeyri-hökumət təşkilatlarının,
Prezident Administrasiyasının aylıq, rüblük və
illik hesabatları olur. Televiziyada ikinci tip hesabatların təsviri
bir qədər anlaşılmaz olur. Rəqəmlərin dili
ilə danışmaq yoruculuq yaradır. Tədbirlərdən,
konfranslardan və s. hesabatlar isə elə məhz
televiziyanın spesifikasına uyğundur.
Mətbuatda
hesabat janrının təsviri üçün isə rəqəmlərlə
“danışmaq” kifayətdir. Dövlət qurumlarının
hesabatları vaxtaşırı dərc olunmalı olduğu
halda buna rast gəlmək çətindir. Görülən
işlərin və ya planda olan layihələrin
işıqlandırılması həm şəffaflığa
xidmət edir, həm də əhalinin və maraqlı olan səlahiyyətli
qurumların şübhələrinə gərək
qalmır. Milli Məclisdə dövlətin hesabatları rəsmi
qəzetlərdə mütləq dərc olunur. Görülən
işlərə yekun vurulması, planlı işin təşkili
hesabat janrında öz əksini tapır.
Hesabat mətbuata
ayaq açmamışdan qabaq mövcud olmuş bütün
dövlətlərdə başqa formada əksini tapıb. Əhalinin
bu hesabatlara marağı olmadığından və
açıqlanmağa ehtiyac duyulmadığından, hesabat,
sadəcə, “hökmdar-əyan” arasında olurdu.
İctimai
münasibətlər dəyişdikcə şəffaflığa
ehtiyac duyulurdu. Və nəhayət bugün demokratik respublikada
yaşayan hər bir şəxsin yuxarı instansiyaların
gördüyü işlərdən xəbər almaq
hüququ var. Bunun birbaşa həmin qurumdan öyrənilməməsi
üçün mətbuat hesabatları öz səhifələrində
dərc edərək oxucuya çatdırır.
Mərhum
alim və şairimiz Famil Mehdi yazırdı: “Hesabatın
başlıca vəzifəsi müraciət etdiyi obyektdə tədbirin,
mərasimin gedişini diqqətlə izləmək, təhlil
etmək, baş vermiş və verəcək yeniliklər,
onların nəticələri, xarakterik cəhətləri, əhəmiyyəti,
inkişaf meylləri, adamların əhval-ruhiyyəsi, yenilik
yaratmaq və bunu gələcəkdə daha da genişləndirmək
və möhkəmləndirmək cəhdləri haqqında
oxucuya real, ətraflı, dolğun informasiya verməkdən
ibarətdir”.
Rəsmi
dövlət qəzetində dövlətin mövqeyini əks
etdirən yazılarla yanaşı şəffaflığın
göstəricisi sayılan hesabatlara da yer
ayrılmalıdır. Sovet dövründə kolxoz-sovxoz
hesabatları mütləq ictimaiyyətə təqdim edilir,
qüsurlar qınaq obyektinə çevrilirdi. Bu hallara
bütün qəzetlərdə rast gəlmək
mümkün idi. Müstəqil qəzet olmadığından
və bütünlüklə dövlətə aid olduğu
üçün eyni materiallara digər qəzetlərdə
rast gəlmək olurdu. Müstəqillik qazanıldıqdan
sonra Azərbaycanda yaranan müstəqil mətbuat da ilk əvvəl
mitinq meydanlarında baş verənləri hesabat janrı kimi
təqdim edirdi. Sonralar bu hesabatlara dövlətin
açıqlamaları, nazirliklərin cədvəlləri də
əlavə olundu.
Hazırda
Azərbaycan Respublikası Milli Məclisinin orqanı kimi
işıq üzü görən “Azərbaycan” qəzeti
gündəlik nəşr olunur və tirajı 8-9 min
arasında dəyişir.
Bu gün
“Azərbaycan” qəzeti bir çox məlumatlar
üçün əsas mənbə sayıla bilər. Milli Məclisin
iclaslarının gedişi, nazirliklərin, icra hakimiyyətlərinin,
bələdiyyələrin, Ombudsman Aparatının və digər
rəsmi qurumların hesabatları burada işıq üzü
görür. “Azərbaycan” qəzetində hesabat
janrının bütün növlərinə rast gəlmək
mümkündür. Daha çox geniş xəbərə
oxşasa da, operativ-informativ hesabat təhlil xüsusiyyətlərinə
görə fərqlənir. Belə hesabatlar rəsmi və
qeyri-rəsmi ola bilər. Rəsmi informasiya agentliklərindən
alınmaqla yanaşı qəzetin müxbirləri tərəfindən
də hazırlanır. “Azərbaycan” qəzeti rəsmi
hesabatları əsasən “AzərTAc” dövlət informasiya
agentliyindən alır.
2007-ci il
1 may tarixli sayında “Dövlətimizin
başçısı zəmanəmizin görkəmli
musiqiçisi Mstislav Rostrapoviçin dəfn mərasimində
iştirak edib” yazısı ilk baxışdan xəbərə
bənzəyir. Amma “AzərTAc”dan alınan informasiya hesabat kimi
təqdim edilib. Mərasimin gedişatı reportajdan da fərqli
şəkildə təqdim edilib.
Qəzetin
20 oktyabr, 2009-cu il sayında “İsveçrə Kantonlar
Şurasının sədri Alain Berset ilə
görüş”, “Rəsmi qarşılanma mərasimi”,
“İsveçrədə Azərbaycan mədəniyyət
günlərinin rəsmi açılışı” kimi
başlıqlar altında prezident İlham Əliyevin
İsveçrəyə rəsmi səfəri təsvir olunur.
Burada qısa informasiyaya da rast gəlmək
mümkündür. Lakin daha irihəcmli yazılar səfərin
gedişini tam təsvir etdiyi üçün hesabat
sayılır. AzərTAc informasiya agentliyindən alınan
informasiyalar rəsmi şəkildə verilmişdir. “Azərbaycan”
qəzeti Milli Məclisin orqanı olduğu üçün
materialların dili əsasən rəsmi üslubda olur. Amma digər
informasiya agentliklərində və mətbuatda eyni informasiya
başqa üslubda verilir. Yuxarıda adını çəkdiklərim
operativ-informativ hesabata aid idi.
“Azərbaycan”
qəzetinin 20 oktyabr 2009-cu il sayında “Dostluğun,
qardaşlığın yeni büsatı” başlıqlı
yazıda müəlliflər Flora Xəlilzadə, Akif
Cabbarlı peşəkar yanaşmaları ilə
Gülüstan sarayındakı konfransın gedişini əhatəli
çatdırmağa nail olublar.
27 oktyabr
2009-cu ildə isə “Lüksemburqda Avropa İttifaqı-Azərbaycan
Əməkdaşlıq Şurasının 10-cu iclası
keçirilmişdir” yazısı da bu tip hesabata aiddir.
Yazının dili sadə və anlaşıqlıdır. Səfər
tam əhatə olunub.
Problem
hesabatda problemin qoyuluşu daha çox məqalə,
korrespondensiya, oçerk, məktub kimi janrlar üçün
xarakterik olsa da, hesabatda da buna rast gəlinir. Hər hansı
konfransın müzakirə etdiyi mövzu problemin ciddiliyindən,
aktuallığından xəbər verir. Sadəcə,
jurnalistin mövqeyi və üslubu hesabata hansı yöndən
yanaşmasını bəlli edə bilər. Eyni mövzunu həm
informasiya, həm hesabat, həm də problemli hesabat kimi vermək
mümkündür. Problem-hesabatda fotoların dili ilə
danışmaq daha effektli və cəlbedici olur. Qəzetin 20
oktyabr 2009-cu il sayında “Görünən görünməzlər”
rubrikası altında “Paytaxt bazarlarının qeyri-adi
görüntüləri” verilib. Fotoların müəllifi
Ağaəli Məmmədov və yazını qələmə
alan Anar Rasimoğlunun birgə işi maraqlı alınıb.
Şəkillərdən əlavə məqalə də yetərincə
dolğun təsəvvür yaradır.
“Özünəhesabat”
tipli yazılara müasir rəsmi mətbuatda, demək olar,
rast gəlinmir. Milli mətbuatımızın ilki “Əkinçi”
qəzetində Həsən bəy Zərdabi müəyyən
vaxta yekun vuranda qəzetin gəlirləri-çıxarları,
mənfəətləri, ziyanın səbəblərini təhlil
edən yazı dərc edirdi.
Hesabatın
klassik formalarından biri satirik hesabatdır. Keçən əsrin
əvvəllərində “Molla Nəsrəddin” qəzetində
satirik hesabatlar daha çox ünvanlı idi. Bu hesabatlarda, adətən,
tənqid, satira üstünlük təşkil edirdi.
Nöqsanlar göstərilir, onu doğuran səbəblər,
günahkarlar qeyd edilir. Satirik hesabat kəskinlik, boyaların
tündlüyü digər satirik janrlardan fərqlənir. “Azərbaycan”
qəzetində bu tipli hesabat olmur. Satirik hesabat qismən
bugünkü “köşə yazıları”na uyğun gəlir
Ən
çox tələb olunan analitik hesabat janrın mahiyyətini
tam açıqlasa da, bugün “Azərbaycan” qəzetində
ona az rast gəlinir. Məsələn, dövlət büdcəsinin
Milli Məclisdəki müzakirələri stenoqram şəklində
qəzetdə çap olunsa da, müstəqil ekspertlərin həmin
hesabata münasibətinə, hesabatın təhlilinə rast gəlmək
mümkün deyil. Və yaxud İcra hakimiyyətlərinin
hesabatı, nazirliklərin vaxtaşırı hesabatları da
o cümlədən. Digər rəsmi qəzetlərin –
“Respublika”nın (Nazirlər Kabinetinin orqanı), “Xalq qəzeti”nin
(Prezidentin İşlər İdarəsinin orqanı)
olduğunu da nəzərə alsaq “Azərbaycan”ın bu məsələdə
yükünün azaldığını demək olar. Lakin
“Azərbaycan” qəzetinin Milli Məclisin orqanı olduğunu
da yaddan çıxarmayaq.
Təşkil
edilmiş yığıncaqlarda söhbət təhlil
formasında aparılırsa, illik, aylıq hesabat
açıqlanırsa, bu zaman jurnalistin səriştəliliyi,
peşə ustalığı meydana çıxır. Analitik
hesabat üçün güclü təhliletmə
bacarığı olmalıdır. Həm də jurnalistin
iqtisadiyyatdan, siyasətdən anlayışı
olmalıdır.
Hesabatın
analitik növündən başqa digərləri daha
çoxdur. Operativ-informativ hesabatın həm rəsmi, həm
qeyri-rəsmi növləri “Azərbaycan” qəzetində hər
sayda işıq üzü görür. Ölkə
prezidentinin çıxışları, görüşləri,
iştirak etdiyi tədbirlər geniş şəkildə təsvir
olunur.
Bugünkü
hesabatlar daha çox reportaja və xəbərə
oxşayır. Janrların qarışdırılması
ayrı mövzu olsa da, qeyd etmək istəyirəm ki,
müasir jurnalistikada hesabat janrı digər janrlarla qarışıq
olur. Ən azından hər bir mətbu orqan “özünəhesabat”
janrından istifadə etməklə oxucularla daha səmimi ola
bilər.
Hesabat
janrı bu gün müasir dövrün tələbləri
olan – xəbər, reportaj, esse, məqalədən az işləkdir.
Bunun bir səbəbi jurnalistlərdə və redaksiya heyətinin
janr anlayışlarının aşağı olması ilə
ölçülsə də, digər səbəb
hesabatın alınmalı olduğu mənbələrlə
(nazirliklər, icra hakimiyyətləri, dövlət komitələrinin
və s.) redaksiyaların qarşılıqlı fəaliyyətinin
arzuolunan səviyyədə olmamasıdır.
Pərviz SADIQOV
525-ci qəzet.- 2011.- 7 oktyabr.- S.6.