Yaddaşımdakı
“Ruhlar şəhəri”
Gözüm görəni dərk edəndən evimizin divarında çoxlu güllə yerləri, divarların dibində isə torpağa batmış gilizlər görmüşəm. Yollarda gündəlik həyatlarını yaşayası insanlar əvəzinə, əlisilahlı əsgərlər görmüşəm.
Yaddaşım bu cür xatirələrlə doludur. Sadəcə onlardan ən dirisi Ağdamı son dəfə tərk etməyimizdi...
O zaman orda olanlar Allahın möcüzəsi nəticəsində sağ qaldılar, bunun başqa adı yoxdur, adamlar sanki “Sağqalma” dərsindən imtahan verirdilər! Hər kəs canını qurtarmağa çalışırdı – özü də salamat...
Görünən yol ondan keçmək istəyənlər üçün çox dar idi, basırıq vardı. Hər kəs yalnız götürə biləcəyi qədər yük götürmüşdü. O zaman maşın indiki kimi çox deyildi, adamların yarısı piyadaydı.
Bizi qoruyası əsgərlər bizlərdən dəfələrlə az idi. Gecə olsa da, əsgərlər maşınların işıqlarını yandırmağa qoymurdular. O gecə yaddaşıma insan əzabının gecə iniltisi kimi yazılıb, yaddan çıxmayacaq bir gecə...
Bu, Ağdamın yaddaşımda ilk və son xatirəsi oldu. Silah səsləri, düşmən əlinə keçməsin deyə qaçan köməksizlər, yanan evlərinə uzaqdan baxan məzlum adamlar. Ümidləri göz önündə sönən ağdamlılar.
Doğulduğum yer haqqında yaddaşımda nə
qalıbsa, hamısı müharibə ilə
bağlıdır!...
“Hər bir insan öz yaddaşının
məhsuludur” (Folkner). Mənim də
Ağdamlı yaddaşım
bunlardan ibarətdi.
Qarabağ deyəndə, ancaq
yaddaşıma yazılanlar
canlanır. İnsan gördüyünə
inanar. Elə bilirdim Ağdam
yalnız “gördüklərimdən”
ibarətdir. Əvvəli
də, axırı da belə olub...
Sən demə,
bu şəhərdə
nə vaxtsa bir uşaq da
yaşayıb, yaddaşına
Ağdamı məndən
fərqli köçürüb. Mənim qarışıq,
qorxulu yuxuya bənzəyən xatirələrimin
əksinə olaraq, onun xatirələri daha saf, daha
təmizmiş, cənnət
yuxusuna bənzəyir.
O, məni özü ilə müxtəlif xatirələrimiz olan eyni şəhərə –
bizim şəhərimizə
apardı. Onunla yurdumuzu gəzdik.
Görmədiyim yerləri mənə
tanıtdı. Buranın
xəyal şəhərindən
gözəl olacağını
mənə sübut etməyə söz verdi...
Birinci nənəsinin
kənddəki evinə
baş çəkdik. Səhər tezdən
nənənin “çaparaq”
gətirdiyi bulaq suyundan qoyulmuş çay içdik. Kəndi gəzdik. “Heyva
qoxulu” zirzəmilərinə
apardı. Xatirələrini danışdı. O qoxunu
mən də duydum. Çox qalmadıq, gəzəcək
çox yerimiz vardı...
Ordan çıxıb
şəhərdəki evinə
gəldik. Yol boyu şəhəri
mənə qarış-qarış
tanıtdı. İlk öncə
“Çəpər” qonşuları,
“milis rəisinin və hakimin uşaqlarını”, “çəpər
dalından baxan qızı” göstərdi.
Sonra milis şöbəsini.
Zaman dayanmışdı...
Rəislə hakimin uşaqları
yenə oynayırdı.
Mən onlara qoşulmaq istədim, qoymadı (özü də oynamadı). Yəqin “atasının
qorxusundan”, axı “qonşunun həyətinə
baxmazlar”.
...Həyətə girdik. Mənə musiqiyə ilk vurğunluğundan
danışdı. Evlərində kirayə qalan musiqiçi tələbə
qızlardan söz açdı. Bethovenin “Aylı
sonata”sını dinlətdi.
Bu, qəlbləri saflaşdırıb,
duruldan musiqi körpə qəlbimizdə
bir az
da saflaşdı, duruldu. Sonra həyətlərindən axan Qaraqaya kəhrizinin
yanında mənə
“Ağ gecənin yuxusu”nu danışdı.
Nəfəs almadan onu dinlədim.
O qədər gəzdik ki, gecənin olmasından xəbərimiz
olmadı. Günəş yerini Aya vermişdi. Ay da elə işıq saçırdı ki, sanki günəş onu əvəz eləməyi xahiş eləmişdi. Buz kimi kəhriz
suyu sinəmdən buz yolu açmışdı.
“Vaxt olmayan yer”ə gəldik. Futbola olan
marağından həvəslə
danışırdı. Öz anasının hədiyyəsi
“stolüstü stadionundan”
söhbət edə-edə
məni “İmarət”ə
gətirdi. Yol boyu hər küçə,
hər tinlə tanış elədi. “İmarət”in
də yolunu tanıdım, özünü
gördüm. Geriyə – şəhərə
qayıdanda mənə
yolüstü ad günündən
danışdı – “Novruz
səhərinin pəncərəsi”ndən.
Burda zaman bizə tabe idi...
Gəldik oxuduğu məktəbə. Direktorundan
tutmuş müəllimlərinə
qədər hamısı
ilə məni tanış elədi. Sinif yoldaşları, dostlarını da tanıdım. Məktəb sərgüzəştlərinə xeyli güldüm. Mənə öz xoşbəxt anlarını yaşatdı.
Birlikdə kinoya getdik. “Kino Fazilin”
“Bakıdan yenicə gətirdiyi”, özü “perevod”, özü də dublyaj elədiyi, bəzən də teatr aktyorlarının
yerli ləhcədə
səsləndirdiyi hind filminə
baxdıq. Tumsatan Bəndidən tum
da aldıq, film boyu çırtlatdıq.
Filmdən sonra bulvarı
gəzdik ağac-ağac.
Sonra ağdamlı
xanəndələrdən söhbət
açdı. Birdən “Azan oxuyan göyərçin”
– Hafiz Sədrzadənin minarədən
azan səsi gəldi, Həbəş Bilalın
səsi kimi. Namaz qılmaq istədim...
Hara getsək də,
sonunda onun evinə dönürdük.
Gəzə-gəzə mənə “Hökumətə məhkum”lardan, qaçaqlardan danışdı. Atasının Bolqarıstana baş tutmayan səfərindən təbəssümlə söz açdı. Sonra yarımçıq qalmış bir xatirəsini tamamlamaq üçün yenidən məktəb həyətinə apardı. Bu dəfə məni bir tikili – “Sümük abidə” ilə tanış etdi. Üstəlik “Çay evi”ni də gördüm. Hər mərtəbəsini ayrıca...
Yavaş-yavaş bu gəzintimiz başa
çatırdı... bunu hiss
edirdim. Son kəs sinif, məktəb xatirələrini dinlədim. Burdan – bu
dünyadan qəribə
bir sürətlə ayrılırdıq. Birdən
ayaq saxladı... ”Toz adamlar” kimi izləri pozmadan “Sağ qalmış ləpirlərlə”
məni geri qaytardı. Yaxşı
yadımda qalsın deyə hər tini adbaad xatırlatdı...
Bu gün o məni nə az,
nə çox – gecə 03:34-dən səhər
6:08-ə qədər “ruhumun
şəhərində” gəzdirdi.
Sonunda qayıtmalı
idik. Gözlərimi açmağa
qorxurdum...
Qayıtdıq... İndi biz dostumla şəhərimizi
yenidən tikirik.
Möhtəşəm layihəsi var. Onun
planında Ağdam yamyaşıl, güllər
içində bir şəhər olacaq.
Hələ belə şəhər
yer üzündə salınmayıb.
Bu, Vahid Qazinin – “Xəyal memarı”nın şah əsəri olacaq.
O, buna söz verib...
Aliyə FƏXRƏDDİN
525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.30.