Vətəndaş
alimin qeyrəti və cəsarəti
“Qeyrət, a vətəndaşlar!
Himmət, a vətəndaşlar!”
M.Ə.Sabir
Anadan
olmasının bu il 100-cü ildönümü tamam olan
görkəmli ədəbiyyatşünas və mətnşünas
alim, əməkdar elm xadimi, Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, professor Abbas Zamanov mənim
uşaqlıq xatirələrimin əsas qəhrəmanlarından
biridir. Valideynlərimlə Abbas müəllimgilin
evinə gedəndə o, məni tez-tez dilə tutar, şeirlər
soruşar, mənasını izah edərdi. Mən onun
üçün “Araz axar şirin-şirin // Özü
şirin suyu şirin” deyə oxuyanda o, qaşlarını
sallayıb: “Araz axar acı-acı” – söylə qızım,
deyərdi. Əlbəttə, mən körpə idim və bu
iradın mənasını çox-çox sonralar
anladım... Əlbəttə, mənim xatirə yazan
vaxtım deyil: nə yaşım, nə də mənəvi səlahiyyətim
Abbas Zamanov kimi böyük şəxsiyyət haqqında xatirə
danışmağıma hələ imkan vermir. Lakin həm
Abbas müəllimin əlindən su içmiş, həm də
onun kimi alimin kitabları və əməlləri ilə
filologiya elmləri doktoru olmuş bir ədəbiyyatçı
kimi mənə doğma olan Abbas Zamanovun 100 illik yubileyində
onun irsinin nəzəri-tarixi dəyəri və yeri
haqqında yazmağa mənəvi haqqım var. Belə bir qədirşünaslıq
taleyin mənə həvalə etdiyi mənəvi
missiyadır.
Abbas Zamanov XX əsri demək olar ki, başabaş
yaşadı.
O, 82 illik (1911-1993) ömrünün bütün şüurlu
anlarını Azərbaycan xalqının tarixi taleyinə, ədəbiyyat
və mədəniyyətinin tədqiq və təbliğinə
həsr etmiş çox milli bir alim idi. Əminəm
ki, sovet imperiyasının dağılmasına ən çox
sevinən insanlardan biri bu imperiyanın əlindən ən
çox rəncidə olmuş Abbas Zamanov idi. O,
1990-cı il 20 yanvar faciəsinin acılar,
ilə bərabər, totalitar rejimin dağılmasından
dolayı sevincləri, ömrü boyu zəka və qəlbi
ilə xidmət etdiyi milli istiqlal dəyərlərini də
yaşadı. Bu XX əsrdə yaşayıb
yaratmış alim, yazıçı və milli ruhlu şəxsiyyətlərin
ən böyük arzusu idi.
XX əsrin 60-cı illərində müvəqqəti
“Xruşov mülayimləşməsi”ndən istifadə edən
daşnak xislətli ermənilər Naxçıvanı Ermənistanla
birləşdirmək planı qurublarmış. Vahid sovet xalqı, ümumi
sovet vətəni kimi süni şüarları əldə dəstəvuz
edən hiyləgər ermənilərin iç
üzünü ilk dəfə açan Abbas Zamanov olub.
1960-cı
ildə S.Vurğunun vəfatının beşinci
ildönümü qeyd ediləndə EA-nın Rəyasət
Heyətinin salonunda yerdən söz alan
Abbas müəllim bu hiyləgər plana qarşı sərt və
cəsarətli çıxış edir. Mərasimin
şahidi olmuş xalq yazıçısı Elçin “Ədəbiyyat
və cəsarət tərcümanı” adlı xatirəsində
yazır: “Abbas müəllim həmin odlu-alovlu
çıxışında qədim Azərbaycan diyarı
Naxçıvanın üzərini qara buludların almasından,
erməni millətçilərinin Naxçıvanı Azərbaycandan
qoparmaq məqsədilə ciddi fəaliyyətə
başlamasından, Moskvada onların havadarlarının
olmasından danışdı... Və Abbas
Zamanov xitabət kürsüsündən düşüb
parterdə öz yerində oturdu.
Elə bil ki, bütün zal hipnoz olmuşdu. Mülayim bir adam
olan rəhmətlik Arif müəllim (Akademik Məmməd Arif
– G.Ə.K.) Rəyasət Heyətində ayaq
üstə dayanmışdı və zalın sakitləşməsini
gözləyirdi. Zal isə sakitləşmək
bilmirdi. Nəhayət, Arif müəllimin səsi
eşidildi:
– Abbas Zamanov buradakı çıxışında hissə
qapıldı.
Mən inanıram ki, o özü də bu
çıxışından peşman olacaq.
Bu zaman
Abbas müəllim yerindən qışqırdı:
–Çətin!
Və bu
bir kəlmə sözə görə yenidən qopan
alqış aləmi lərzəyə saldı” (“Müasirləri
Abbas Zamanov haqqında”, B., “Çinar-çap”, 2003, s. 9-21.)
Bu, sonralar bütün Azərbaycan xalqının
qürurla danışdığı Abbas Zamanov cəsarəti
idi. Bu cəsarət əsl vətəndaş və
ziyalının qeyrətindən qidalanmışdı. Əlbəttə, bu qəhrəmanlıq Abbas müəllimə
çox baha başa gəldi. Müxtəlif
bəhanələrlə onu işdən və o zaman
üçün ağır cəza olan partiyadan
çıxardılar, əsərlərinin çapı, mətbuatda,
radio və televiziyada çıxışları yasaq edildi.
Bütün bunlar mərd kişini
sındırmadı. Yəqin elə onda da Abbas müəllim
ondan kefini, necəliyini soruşanlara əvvəlki kimi belə
cavab verirmiş: “Şikayət etməyə elə bir əsasım
yoxdur!”. Bəli, Abbas Zamanov
şikayət eləyən kişilərdən deyildi və
ömrünün sonuna kimi də heç kimdən və
heç kəsdən şikayət eləmədi. Abbas
müəllim 7 il belə bir basınca,
ictimai laqeydliyə dözdü, fəqət əməlində
peşman olmadı. Fikrimizcə, bunun da səbəbini
Elçin fəlsəfi – psixoloji baxımdan olduqca dəqiq
izah edir: “Abbas müəllim XX əsrin əvvəllərindən
xalqına xidmət edən böyük Azərbaycan
ziyalıları nəslindən aldığı əxlaq, əqidə,
cəsarət estafetini ən qorxulu-qadalı illərdə belə
əlindən salmayan bir qələm sahibi, bir ağsaqqal dost
idi, etibarlı idi, təpərli idi, ona güvənirdik.
O, bizim
ziyalı keçmişimizlə bugünümüz
arasında canlı bir körpü idi və yaxşı, nə
qənimət ki, həmin milli ziyalı mənəviyyatını
təcəssüm etdirən, onun üçün çox
qiymətli olan, bəlkə də ömrü boyu içində
gəlişini gözlədiyi üçrəngli
bayrağımızın bir daha ucaldığını
görüb getdi”. Hörmətli
yazıçı böyük Azərbaycan
ziyalılığının portret cizgilərini belə mənalı
tamamlayır.
Abbas Zamanov çoxcəhətli fəaliyyət imkanlarına
malik idi. O,
şübhəsiz ki, birinci növbədə tədqiqatçı
ədəbiyyatşünas və ədəbiyyat
tarixçisi, mətnşünas, muzeyşünas, pedaqoq,
publisist, döyüşçü, beynəlxalq ədəbi əlaqələrin
fədakar qurucusu... vətənşünas idi.
Öz tədqiqatları,
ictimai-tarixi fəaliyyəti, milli və beynəlxalq
maraqları və əlbəttə, 82 sənəlik
ömrü ilə Abbas Zamanov zəngin və ziddiyyətli,
qanlı və qalmaqallı XX əsrin adamı idi. Şübhəsiz ki, Abbas müəllim
bütövlükdə ədəbi-tarixi prosesə
böyük Mirzə Ələkbər Sabir poeziyasının
prizmasından nəzər salırdı. Sabirin
həyatı, poeziyası, mühiti və müasirləri
A.Zamanovun əsas elmi araşdırma obyekti olmuşdur.
Abbas
Zamanovun ən yaxın dostlarından olan xalq
yazıçısı Elçin onun haqqında xatirə məqalələrində
maraqlı bir etiraf edir: “Abbas müəllim o işi
görür ki, onu bizim heç birimiz görmürük”. Bəs
bu hansı iş idi?! İlk növbədə o iş idi ki,
Abbas müəllim böyük bir fədakarlıqla öz
cüzi əməkhaqqı hesabına Azərbaycanda
çıxan maraqlı kitabları Türkiyəyə,
İrana, İraqa, Almaniyaya göndərir. Və
dünyanın bir çox ölkələrdə Azərbaycanla
bağlı çap olunmuş kitab və məqalələri
SSRİ-nin dəmir sərhədlərindən keçirib Azərbaycana
gətirirdi. Şahidlər qeyd edirlər ki, “Türkiyədə
Ərzurum Atatürk Universitetinin kitabxanasında “Abbas Zamanovun
bağış kitabları” adlı üç mindən
çox kitabı əhatə edən kitabxana meydana gəlmişdir...
Respublikamızdakı ən zəngin elmi məxəz və
ədəbi-tarixi xəzinələrdən biri də Abbas
Zamanovun şəxsi arxividir” (Akademik İsa Həbibbəyli). Əcnəbi
ölkələrin alimləri Abbas müəllimin göndərdiyi
kitablardan bəhrələndikləri kimi, Abbas müəllimin
yetişdirdiyi aspirant və doktorantlar da onun arxivində olan
nadir əsərlərdən yetərincə istifadə
etmişlər.
İnamla demək olar ki, Abbas Zamanov Sabiri təkcə tədqiq
etmir, həm də öz üslubunda, zəmanəsinin
imkanları hüdudunda onun ənənələrini davam
etdirirdi. Sabir öz yaradıcılığı ilə
İran inqilabına bir ordudan artıq xidmət göstərmişdir
(A.Səhhət). Və Abbas Zamanov da taleyin
amansız bir ədalətsizliyi ucbatında İran adlı
dövlətin sərhədi ilə hüdudlanmış Azərbaycan
ərazisində yaşayan Azərbaycan türklərinin taleyi
ilə yaxından maraqlanmışdır. Sağlığında
o çalışırdı ki, tariximiz və taleyimizlə
bağlı kitablar ərəb əlifbası ilə ya
Bakıda, ya da Təbrizdə çap olunsun ki, Cənubdakı
həmvətənlərimiz həmin kitabları oxuya bilsinlər.
Azərbaycanın tarixi bir ədalətsizlik
üzündən, Rusiya və İran arasında işğal
yolu ilə ikiyə bölünməsi bir vətəndaş
ziyalı, qeyrətli türk oğlu kimi Abbas Zamanovun ən
böyük dərdlərindən biri idi. Üstəlik,
1948, 1952, 1988-ci illərdə azərbaycanlıların indi Ermənistan
adlanan ata-baba torpaqlarından deportasiya olunması Abbas müəllimin
yarasının qaysağını hər dəfə
qoparırdı. 1993-cü ildə o bu
dünyadan yarıya bölünmüş və işğal
olunmuş vətən dərdi ilə getdi. Çox güman ki, bu dünyadan gedərkən o da
sevimli Sabir kimi “Mən gedərsəm, var olsun amalım” deyə
bildi və onun buna mənəvi haqqı var idi. Biz bu gün Abbas Zamanov kimi fədakar alimlərin,
qeyrətli və cəsarətli kişilərin dönməz
amalının işığında yol gedirik.
Abbas
müəllim totalitar sovet rejiminin qılıncının
dalı da, qabağı da kəsəndə kapitalist ölkələrində
yaşayan alimlərlə – Almaniyada Əhməd Şmide,
Türkiyədə Yavuz Akpınar və Seyfəddin
Altaylı, İranda Cavad Heyət və Hüseyn
Düzgün, İngiltərədə Turxan Gənceyi, Fransada
Səlim Turan Hüseynzadə ilə əlaqələr saxlayır,
onlar vasitəsilə Azərbaycan həqiqətlərini
bütün dünyaya yayır, onları da Azərbaycanda
tanıtdırırdı. O, Azərbaycanı, onun ədəbiyyat
və mədəniyyətini dünyaya tanıdan qüdrətli
alim və vətəndaş ziyalı idi.
Abbas Zamanovu sözün ən dolğun mənasında
maarifçi adlandırmaq olar. O, öz əsərlərində
A.A.Bakıxanov və M.F.Axundzadənin tutmuş M.T.Sidqiyə qədər
görkəmli Azərbaycan maarifçilərinin keçdiyi
yolu izləmiş, Azərbaycan maarifçi realizminin
1830-1930-cu illər arasındakı yüzillik təkamülünə
nəzər salmışdır. Onun haqqında
yazdığı adamların, demək olar ki, hamısı
maarifçi idi. Realist Mirzə Cəlil və
Sabir də, romantik Səhhət və Şaiq də
yaradıcılıq metodlarının müxtəlifliyinə
baxmayaraq, A.Zamanovun tədqiqatlarına ilk növbədə
maarifçi kimi daxil olurdular. Amerikaya,
Avropa ölkələrinə, Türkiyə və İrana ədəbi-mədəni
irsimizin nümunələrini göndərərkən də
Abbas müəllim əsl maarifçi kimi hərəkət
edirdi, bir çox maarifçilərin görə bilmədiyi
işi görür-dünya azərbaycanlılarını
maarifləndirir. Bu, həm də
böyük bir siyasi əməl- dünyada Azərbaycan
diasporunu formalaşdırmaq, onlara sahib çıxmaq qayəsinin
sovet dönəmində mümkün olan ifadəsi idi. Biz bilməzdik ki, o zaman Abbas Zamanov milli
ideologiyamızın – azərbaycançılıq məfkurəsinin
təməl daşlarını qoyur. O, özü təpədən-
dırnağadək bir azərbaycançılıq simvolu
idi, o, Azərbaycan qayəsi ilə nəfəs alırdı.
Abbas müəllim həm də konkret olaraq maarifçi
idi. O, Nizami adına Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru olarkən muzeyşünasdan çox
maarifçi kimi çalışır, iftixara layiq söz sənətimizi,
qüdrətli bədii-fəlsəfi fikrimizi sadə xalqa təbliğ
edir, bədii-estetik zövq duyğusu aşılayırdı.
Abbas müəllim uzun müddət o zamankı Azərbaycan
Dövlət Universitetində “Azərbaycan sovet ədəbiyyatı”
kafedrasına rəhbərlik etmişdir. Bu
böyük elm təşkilatçısı həm də
Qori müəllimlər seminariyası məzunlarının –
Ü.Hacıbəylinin, Mirzə Cəlilin, F.Köçərlinin
və b. müəllimlik ənənələrini yeni dövrdə
davam etdirən nəcib bir pedaqoq, əsl milli ziyalı idi.
Tarixi şəxsiyyətin milli-mənəvi gücü
bundadır ki, o, ən azı yaşadığı
dövrün tarixini özünə işlətməyi
bacarır. Tarixi şəxsiyyətlər yaradır və əslində
tarix şəxsiyyətlərə xidmət edir. Çünki bu əsrdə tarixi istədiyi səmtə
yönəltməyi bacaran ideologiya hakimi-mütləq idi.
Düz 70 il – 1920-1990-cı illərdə
totalitar sovet ideologiyası xüsusilə milli
düşüncəyə qənim kəsildi. Kəsilən
başlar düşünən başlar idi. Düz danışıb baş aparanlar başı
ilə vidalaşmalı oldu. Yalnız
baş çıxaranlar başını qoruya bildi. Abbas müəllim də öz zəmanəsindən
baş çıxaranlardan biri idi. O, öz dövrü,
öz əsri, öz milləti haqqında nə dedisə,
Sabirin dili ilə dedi. Bu dil çox iti, çox
sərt və amansız idi. Bu, Azərbaycan
xalqının satira dili idi. Abbas müəllim
Sabirdən yaza-yaza əməlli-başlı sabirləşmişdi,
“əsrinin ayinəsi” olmuşdu.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev
5 oktyabr 2011-ci ildə böyük ədəbiyyatşünas
və mətnşünas alim, AMEA-nın müxbir
üzvü, əməkdar elm xadimi, professor Abbas Fəttah
oğlu Zamanovun anadan olmasının 100 illiyinin layiqincə
keçirilməsi barədə geniş sərəncam
imzalamışdır. Sərəncamda deyilir:
“Özünün zəngin fəaliyyəti ilə Abbas Zamanov
milli ədəbiyyatşünaslığın bir məktəb
kimi formalaşdırılması və inkişaf etdirilməsi
sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir.
Ölkəmizdəki yüksək ixtisaslı
kadrların azərbaycançılıq məfkurəsinə
sədaqət ruhunda hazırlanmasında onun böyük əməyi
vardır.”
Sərəncam Azərbaycan filoloji elminə və onun
böyük xadimlərinə nəcib diqqət və
qayğıkeşlik ifadə edir. Bu tarixi sənəddə
Abbas Zamanovun milli taleyimizə xidmət edən əməlləri
yüksək qədrşünaslıqla dəyərləndirilir
və gələcək nəsillərin yaddaşına
köçürülür.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.24.