Macar alimi Messaroş və I Türkoloji qurultay

 

Ümummilli əhəmiyyət kəsb edən tarixi hadisələrin üstündən qərinələr, əsrlər keçsə də, o unudulmur, bayatlaşmır, aktuallığını qoruyub saxlayır, ibrətamiz örnəyə çevrilir. Türk xalqlarının tarixində və taleyində unudulmaz izlər buraxan, 1926-cı ilin fevralın 26-dan martın 6-dək Azərbaycanın paytaxtı Bakı şəhərində polyak memarı İ.K.Ploşkonun layihəsi əsasında ucaldılmış möhtəşəm “İsmailiyyə” (indiki AMEA Rəyasət Heyəti –A.R.) sarayının geniş iclas zalında gerçəkləşən Birinci Türkoloji qurultay eyni soydan, kökdən olan parçalanmış, bir-birindən iraq düşmüş xalqlar arasında birləşdirici missiyasına görə ortaq mənəvi dəyərləri ilk dəfə yüksək səviyyədə gündəmə gətirən, qartımış problemlərin üzərinə işıq salan əhəmiyyətli tarixi hadisə idi. Siyasi buqələmunların məhdud maraqlarına və məramlarına rəğmən qurultayın adında “Ümumittifaq” məfhumu yer alsa da mahiyyət etibarilə bu toplantı SSRİ miqyasına, ittifaq hüdudlarına sığmadı, dünyanın ən görkəmli türkoloqlarını bir araya gətirən ali məclisə çevrildi, beynəlxalq statusa yiyələndi. Birinci Türkoloji qurultayda dünya şöhrətli türkoloqlardan akademik Vasili Vladimiroviç Bartold, akademik Aqafangel Yefimoviç Krımski, akademik Sergey Fyodoroviç Oldenburq, professorlardan Aleksandr Samoyloviç, Nikolay Aşmarin, Sergey Malov, İlya Borozdin, Aleksandr Miller, Lev Jirkov, eləcə də SSRİ-nin türkdilli xalqları yaşayan bütün respublikaları, vilayətləri, bölgələri ilə yanaşı Qərbi Çinin Uyğur vilayətindən, İran Azərbaycanından, Almaniyadan, Avstriyadan, Macarıstandan və Türkiyədən tanınmış alimlər və mütəxəssislər iştirak edirdilər.

Türkoloji qurultayın çox fəal nümayəndələrindən biri – görkəmli macar türkoloq alimi, istedadlı etnoqraf, təcrübəli folklorçu, antropoloq, muzeyşünas professor Gyula Mesaroş (Gyula Meszaros) Türkiyə nümayəndə heyətinin tərkibində professor Əli bəy Hüseynzadə və Məhəmməd Fuad Köprülüzadə ilə birlikdə Bakıya gəlmişdir. O, Azərbaycanın paytaxtında ilk dəfə olsa da elmi ictimaiyyət arasında türkoloq, etnoqraf-alim kimi yaxşı tanınırdı.

G.Mesaroş 28 mart 1883-cü ildə Macarıstanın Sakç şəhərində anadan olmuş, burada ali-ibtidai məktəbi bitirmiş, sonra Budapeştə gələrək ötən əsrin əvvəllərində macar filologiyası ixtisası üzrə universitetdə mükəmməl ali təhsil almışdır.

Məlumdur ki, XVI yüzilliyin ortalarında Macarıstan Krallığının qərb əyalətləri, o cümlədən Kopan bölgəsinin Sakç nahiyəsi də Osmanlı İmperiyasının – Sultan Süleyman Qanuni hakimiyyətinin nəzarəti altında olmuşdur. Orta yüzilliklərdən üzü bəri zəngin türk mədəniyyətinin, etnoqrafiyasının, adət-ənənələrinin Macarıstanda geniş yayılması bu iki xalqı bir-birinə yaxınlaşdırmış və doğmalaşdırmışdır. Gənc Gyula Mesaroşun türk dilinə, ədəbiyyatına və mədəniyyətinə hələ yeniyetməlik illərindən dərin maraq göstərməsi təsadüfi deyildir. Bu sevgi ona ailədən və mühitdən gəlirdi. Beləliklə Mesaroş həyat və elmi yaradıcılıq yolunu qəti şəkildə müəyyənləşdirdi – türkoloq olmaq. O 1904-cü ildə Konstantinopol (indiki İstanbul – A.R) şəhərinə gələrək burada darülfünuna daxil olur, türk dilinin məziyyətlərinə və xalq yaradıcılığının incəliklərinə dərindən yiyələnməyə başlayır. G.Mesaroş təhsil illərində İstanbulda yaşayan, darülfünunda pedaqoji fəaliyyətlə məşğul olan görkəmli türkoloq alimlərlə səmimi ünsiyyət yaradır, türkologiya elminin sirlərinə böyük maraq göstərirdi. 1906-cı ildə o təhsilini bitirərək Budapeştə qayıdanda türk dilini, folklorunu və adət-ənənəsini mükəmməl bilirdi. Təsadüfi deyildir ki, G.Mesaroş haqqında oxucularına sonralar geniş məlumat verən “Yeni fikir” qəzeti onun türk dilini mənimsəmə səviyyəsi barədə yazırdı: “Professor (G.Mesaroş – A.R) ...iki sənə İstanbulda qalmış və türk – Osmanlı şivəsini elmi üsul üzrə öyrənmişdir. Professor Messaroş hazırda türk dili ilə o qədər mükəmməl qonuşuyor ki, bir Osmanlı türkündən fərq edilməsi çətin olur” (M.B. “Yeni fikir” qəzeti, Tiflis, 1926, 14 mart, ¹ 1039).

Gənc Gyula Mesaroş vətənə qayıtdıqdan sonra 1906-cı ilin payızında Beynəlxalq Orta və Şərqi Asiya Cəmiyyətinin Macarıstan Komitəsi tərəfindən Rusiyanın Kazan və Simbirsk quberniyalarına tatar və çuvaş dilini, folklorunu, etnoqrafiyasını öyrənmək, araşdırmaq və materiallar toplamaq üçün elmi ezamiyyətə göndərilir. Rusiya Xarici İşlər Nazirliyinin icazəsi ilə 1908-ci ilin fevral ayının sonunadək Kazanda, Çeboksarda, Volqaboyu tatar və çuvaş kəndlərində olan, saysız-hesabsız problemlərlə üzləşən Mesaroş elmi ezamiyyətini uğurla başa vurmuş, zəngin folklor materialları toplayaraq Budapeştə qayıtmışdır. O 1908-ci ilin mayın 25-də Macarıstan Elmlər Akademiyasının geniş iclasında elmi ezamiyyətinin nəticələri ilə əlaqədar “Volqaboyu tatarlar və çuvaşlar arasında” sərlövhəli məruzə etmiş, çıxışın mətni macar dilində çıxan “Etnoqrafiya” jurnalında (Budapeşt, 1908, ¹ 19, səh.227-238) dərc olunmuşdur. Gyula Mesaroşun toplayıb tərtib və tərcümə etdiyi zəngin mənəvi sərvət “Çuvaş folklor toplusu” (Əski çuvaş inanc abidələri) adı ilə iki cilddən ibarətdir. Mifoloji mətnlərdən, atalar sözlərindən, tapmacalardan, mahnılardan, nağıllardan ibarət olan bu antologiyanın birinci cildi 471 səhifədən ibarətdir və 1909-cu ildə işıq üzü gördü (Meszaros Gyula. Csuvas nepkoltesi gyujtemeny. A csuvas osvallas emlekei. Budapest, 1909. 471 s.), ikinci cildin həcmi isə 540 səhifədir və bu kitab 1912-ci ildə (Meszaros Gyula. Csuvas nepkoltesi gyujtemeny. II. Kozmondasok, talalosmondasok, dalok, mesek. Budapest, 1912. 540 s.) nəşr edildi. Şifahi xalq yaradıcılığının 1011 səhifədən ibarət nadir nümunələrini “Çuvaş folklor toplusu” (Əski çuvaş inanc abidələri) sərlövhəsi ilə çuvaş və macar dillərində çapına nail olmaq türkologiya elmi üçün böyük hadisə idi və bu elmi nailiyyətlər onun gənc müəllifinə böyük şöhrət qazandırdı.

Gyula Mesaroş qədirşünaslıqla çətin ekspedisiyanın uğurla başa çatmasında ona köməklik göstərən həmkarlarına minnətdarlığını bildirməyə tələsərək Macarıstan Elmlər Akademiyasındakı hesabatının sonunda yazırdı: “S blaqodarnostğö vspominaö vsex, v kom vstretil dobrojelatelğnuö podderjku moim nauçnım stremleniəm, i prejde vseqo uçenıx – qospod V.V.Radlova, N.F.Katanova i N.İ.Aşmarina, kotorım i prinoşu moö iskrennöö blaqodarnostğ za drujeskoe otnoşenie i sodeystvie”. (“Etnoqrafiya” jurnalı, Budapeşt şəhəri, 1908, ¹ 19, səh. 238).

Təsadüf elə gətirir ki, professor Gyula Mesaroş Kazan Universitetində ona ən çətin anlarda mənəvi dəstək verən akademik Vasili Vladimiroviç Bartold və professor Nikolay İvanoviç Aşmarin ilə 20 il sonra yenidən Bakının “İsmailiyyə” sarayının foyesində Birinci Türkoloji qurultayın açılışı ərəfəsində böyük sevinc və fərəh hissi ilə görüşürlər. Təəssüf ki, professor Maseroşun hesabatda adını vurğuladığı, böyük ehtiramla aradığı Kazan Universitetin professoru, görkəmli türkoloq, etnoqraf, xakas xalqının ilk tanınmış alimi Nikolay Foyodoroviç Katanov qurultaya gələ bilməmişdi. Çünki Nikolay Foyodoroviç 1922-ci ildə dünyasını dəyişmişdi. Lakin onun əvəzinə qurultaya xakas xalqının digər nümayəndəsi, ikinci Nikolay Katanov təşrif gətirmişdi. Bu Nikolay Katanov tərcümə sahəsində çalışırdı və professor Nikolay Foyodoroviç Katanovun oğulluğu idi. O, qurultaya sonuncu iş günü gəlib çatsa da, sədrdən söz alıb tribunaya qalxaraq xakas xalqının latın qrafikalı əlifbasının yaradılması zəruriliyindən danışmışdır.

Beləliklə, professor Gyula Mesaroş Türkoloji qurultayın yaratdığı daha bir imkandan – Kazanda və Çeboksarda tanış olduğu, hörmət və ehtiram gördüyü dostlardan hal-əhval tutmaq, 20 il əvvəli xatırlayaraq bir daha onlara minnətdarlığını bildirmək şansından da səmərəli bəhrələnirdi.

Onu da qeyd etməliyik ki, Gyula Mesaroş uğurlu Kazan – Çeboksar elmi ezamiyyətindən (1906-1908) sonra, 1909-cu ildə Macarıstan Etnoqrafiya Muzeyinə elmi işə qəbul edilir və 6 illik səmərəli fəaliyyəti dövründə bu elmi-tədqiqat müəssisəsinin rəhbəri vəzifəsinədək yüksəlir. Görkəmli türkoloq muzeydə çalışdığı müddətdə – 1909-cu ildə Rusiyanın Başqırdıstan vilayətini, 1910-cu ildə isə Türkiyənin Anadolu bölgələrini oba-oba, oymaq-oymaq gəzərək zəngin etnoqrafik materiallar toplayaraq Budapeştə gətirmişdir. Etnoqraf-alimin həyatının ekspedisiyalar ilə zəngin 1906-1910-cu illər dövründən bəhs edən “Yeni fikir” qəzeti faktlara aydınlıq gətirərək yazırdı: “Professor Macarıstan Darülfünunu bitirdikdən sonra türk dilləri və etnoqrafisi haqqında tədqiqlərində bulunmaq üçün Rusiyaya gəlib Kazan, Volqaboyu tatarları və çuvaşlar arasında 3 il (rəqəm şişirdilib, əslində bir il yarım olmalıdır – A.R.) qalıb tədqiqat yapmış, türk-tatar xalqlarının el ədəbiyyatı ilə aşna olmuş, Macarıstana döndükdən sonra bu xüsusda topladığı materiallar Macarıstan Elmlər Akademiyası tərəfindən nəşr edilmişdir. Ondan sonra təkrar olaraq Rusiyaya gəlmiş, bu dəfə də altı ay başqırd əqvamı içində yaşamışdır, elmi tədqiqatda bulunmuşdur. Bu dəfə də Macarıstana qayıtdıqdan sonra Akademi tərəfindən xüsusi bir heyətlə Anadoluya getmiş və orada bir kaç müddət ətraflı surətdə tədqiqat yapmışdır. Anadolu türk xalqları haqqında mükəmməl bir kolleksion toplayıb Macarıstana aparmışdır” (M.B. “Yeni fikir” qəzeti, Tiflis, 1926, 14 mart, ¹ 1039).

Anadolu türklərinin adət-ənənələrinin, xalq yaradıcılığının, etnoqrafiyasının cəfakeş tədqiqatçısı, fədakar folklor toplayıcısı, macar türkoloq-alimi, professor Gyula Mesaroş böyük dövlət xadimi, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün diqqətindən yayınmadı. Qurtuluş savaşından və Cümhuriyyət elan edildikdən sonra Türkiyədə etnoqrafiya muzeyinin yaradılması ön plana çəkildi. Türkiyənin Milli Təhsil naziri Həmdullah Sübhi Tanrıver Etnoqrafiya Muzeyinin yaradılması üçün sabiq iş yoldaşı, Professor G.Mesaroşu Ankaraya dəvət etdi. Macar aliminin Təhsil Nazirliyinə yazdığı 1924-cü il 29 noyabr tarixli hesabatda muzey işinin çoxşaxəli və uzunmüddətli yaradıcılıq prosesi olduğu xüsusi vurğulanmışdır. G.Mesaroş Bakıya, Birinci Türkoloji Qurultaya Türkiyə Etnoqrafiya Muzeyinin yaradıcısı statusunda dəvət almışdır. Qurultayın ikinci iş günündə – fevralın 27-də professor Gyula Mesaroşa məruzə üçün söz verildi. O, “Anadolu və Balkan türklərinin etnoqrafiyasının tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri” haqqında geniş məruzə etdi. Professor G.Mesaroş dünya türkoloqlarına Ankarada başladığı yeni işlə bağlı məlumat verməyi də unutmadı: “İlyarım bundan əvvəl Türkiyə Cümhuriyyəti hökuməti Ankarada Türkiyə Etnoqrafiya Muzeyini təsis etdi. Bu müəssisənin vəzifəsi Anadolu türklərinin qədim və ənənəvi mədəniyyətlərinin ölməkdə olan abidələrini elmi üsullarla qoruyub saxlamaqdır. Muzeyin layihəsinin hazırlanması və bu sahədə əşyaların toplanması artıq ilyarımdır ki, davam edir. İndiyədək gələcək sistemli kolleksiyalar üçün təməl ola bilən dəyərli materiallar toplanıb.

Yaxın illərin proqramına ölkənin ayrı-ayrı vilayətlərinin tədqiqi və orada maddi mədəniyyət əşyalarının toplanması daxildir. Güman ki, Türkiyə hökumətinin xeyirxah dəstəyilə bir neçə il ərzində Anadolunun müasir etnik strukturu və etnoqrafiyası haqqında əyani təsəvvür əldə olunacaq” (1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqrafik materiallar). “Çinar-çap”, Bakı, 2006, səh.73).

Professor G.Mesaroş geniş məruzəsində Anadolu və Balkan türklərinin əski tarixinin, etnoqrafiyasının, antropologiyasının, linqvistikasının, şifahi xalq yaradıcılığının kifayət qədər mükəmməl tədqiq olunmadığını nəzərə alaraq türkoloqların diqqətini bu vacib problemin həlli istiqamətinə yönəltməyə çalışmışdır. O eyni zamanda məruzəsinin sonunda türkoloq alimləri əməkdaşlığa çağırmış, türk xalqlarının maddi mədəniyyət abidələrinin, xalq yaradıcılığı nümunələrinin müştərək toplanmasına, tədqiqinə və təbliğinə, qədim türk yurdlarına ortaq ekskursiya və ekspedisiyaların təşkilinə dəvət etmişdir. Professor G.Mesaroşun fikrincə “etnoqrafiya, daha geniş mənada götürdükdə isə etnologiya özünün xəlqi-psixoloji sisteminə malik müqayisəli elm kimi qarşısına ümumbəşəri mədəniyyətin mənşəyi sirrini açmaq vəzifəsini qoyur” və məhz bu nöqteyi-nəzərdən türk xalqlarının və elmin mənafeyi naminə səylərin birləşdirilməsi zərurətinin meydana çıxmasını təbii proses hesab edirdi. Professor Aleksandr Miller, Budapeşt Universitetinin məzunu, professor Bəkir Çobanzadə, eston ədəbiyyatşünası Artur Zifeldt və b. qurultayda çıxış zamanı macar alimi, professor G.Mesaroşun həm qaldırdığı problemlərə müsbət münasibət bildirmişlər, həm də onun türkologiya qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişlər. Görkəmli türkoloq, Piterburq Şərqşünaslıq İnstitutunun rektoru, professor, sonralar SSRİ Elmlər Akademiyasının həqiqi üzvü və Humanitar Elmlər üzrə akademik katib, 1937-ci ildə Sovet repressiyasına məruz qalmış Aleksandr Samoyloviç Birinci Türkoloji Qurultayda “Türk dillərinin tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri” adlı məruzəsində həmkarlarının, o cümlədən professor G.Mesaroşun mühüm xidmətlərini vurğulayaraq demişdir: “...Bu gün bu tarixi qurultayımızda bizə başqırd dilinin öyrənilməsində iştirak edən alimlərdən birini – macar alimi professor Dr.Mesaroşu görmək səadəti nəsib olub. Onun digər bir həmyerlisi – macar türkoloqu Prole də başqırd dialektini öyrənib və nəticədə hər iki alimin əsərləri Macarıstan mətbuatında işıq üzü görüb. ...Aşmarindən başqa çuvaş dilinin hərtərəfli və ciddi tədqiqi ilə yenə də Dr. Mesaroş məşğul olmuş, ən yeni dövrdə isə fin türkoloqu Ramstedt və leninqradlı altayşünas Poppe çuvaş dilinə xüsusi diqqət yetirmişdir” (1926-cı il I Bakı Türkoloji Qurultayı (Stenoqrafik materiallar). “Çinar-çap”, Bakı, 2006, səh.135).

Ongünlük ciddi mübahisə və müzakirələrdən sonra 1926-cı ilin martın 6-da Azərbaycan Tədqiq və Tətəbbö (öyrənmə və araşdırma – A.R) Cəmiyyətinin təşkilatçılığı, Respublika Mərkəzi İcraiyyə Komitəsinin dəstəyi və rəhbərliyi ilə keçirilən I Türkoloji Qurultay Bakının “İsmailiyyə” sarayında öz işini başa vurdu. Qurultay qapansa da onun başladığı milli-mənəvi dəyərlər mövzusu qapanmadı. Türkcə nəşr edilən “Kommunist” qəzeti özünün 8 mart tarixli 57-ci sayında Qurultay materialları fonunda “xaricdən gələn professorlardan” macar alimi G.Mesaroşun, türk alimi M.F.Köprülüzadənin, alman alimi T.T.Mentzelin, Azərbaycan alimi Ə.Hüseynzadənin və Avstriya alimi P.Vittekin birgə şəkilini dərc etmişdir. “Yeni fikir” qəzetinin qurultay nümayəndələrindən aldığı müsahibələrdən ikisini təqdim etməklə türkoloqların birinci ali məclisi haqqında güman edirəm ki, obyektiv fikir yaratmaq olar:

“Professor Mesaroş: Qurultayın qəbul etmiş olduğu latın əlifbası türk – tatar xalqlarını hərsə (mədəniyyətə –A.R.) yanaşdırmaq üçün ən iyi bir vasitədir.

Qurultay iclaslarında baş vermiş olan mübahisə Şuralar İttifaqında yaşayan türk – tatar xalqlarının oyanmasına dəlalət edir.

Zənnimcə bu qədər böyük bir kütlənin oyanışı Şuralar İttifaqı xaricində yaşayan Ural – Altay xalqlarının oyanışına təsir etməkdən xali qalmaz.

Professor Əli bəy Hüseynzadə: Azərbaycanın bugünkü iqtisadi – mədəni vəziyyəti ilə onun çar vəqtində olan vəziyyətini müqayisə edirkən hər yerdə və qismən gözə çarpmaqda olan böyük tərəqqiyi qeyd etməyə bilməm.

Mən Azərbaycanın çar zamanındakı həyatını şəxsən görmüşəm.

Bu gün gördüyüm fəaliyyət bəni heyrətə salmaqdadır.

Azərbaycan kütləsinin bu günkü fütuhatı və tərəqqisini görürkən qəlbimin şadlıq və məmnuniyyətlə döyünməsini gizlətəməm. Çünki bu kütlənin bütün bəşəriyyətlə birlikdə tərəqqi etməsi mənim əsas qayəmi təşkil edir.” (“Yeni fikir” qəzeti, Tiflis, 1926, 9 mart, ¹ 1035).

I Türkoloji Qurultayın sonrakı taleyi ilk növbədə xarici nümayəndələri, dünya türkoloqlarını sözün müstəqim mənasında “heyrətə saldı”. II Türkoloji Qurultayın 2 ildən sonra Səmərqənddə keçirilməsi qərara alınsa da, bu əhəmiyyətli mədəni tədbir baş tutmadı. Qurultay nümayəndələri sonrakı illərdə təzyiq və təqiblərlə üzləşdi və nəhayət 1937-ci ildə onlara qarşı bolşevik rejimi tərəfindən soyqırımı aksiyası həyata keçirildi. Bəzi hesablamalara görə 131 nəfər qurultay nümayəndəsindən 100-ə yaxını sovet terrorunun qurbanı olub və ya uzunmüddətli həbslərə, sürgünlərə məruz qalıb. Vətəndən uzaqlarda, 1957-ci ilin soyuq yanvar ayında Nyu-York şəhərində dünyasını dəyişən professor Mesaroş uzun illər dostlarının və həmkarlarının Sovetlər Birliyində başlarına gətirilən müsibətləri, məşəqqətləri ürək ağrısı ilə izləmişdir. Onun digər bir həmyerlisi, macar alimi, professor Dyörd Hazai 2010-cu ildə “Macarıstan-Azərbaycan: mədəniyyətlərin dialoqu” adlı Azərbaycan səfirliyinin (şəxsən səfir, professor Vilayət Quliyevin) Budapeşt şəhərində təşkil etdiyi V Beynəlxalq elmi konfransda SSRİ hüdudlarında baş verən məşum “1937” faciəsini Bakı türkoloqlarının Xirosiması adlandırmışdır.

I Türkoloji Qurultayın qərarlarına qarşı törədilən siyasi maneələrə, iştirakçılarının həyatına edilən sui-qəsdlərə, “qırmızı terrorlara” baxmayaraq türkoloqların birinci ali məclisi türk xalqlarının birliyinə, tərəqqisinə doğru atılan ilk mühüm addım idi və bu tarixi hadisənin amal və qayəsinin gerçəkləşməsində, türkologiya elminin inkişafında macar xalqının mətin və fədakar oğlu, professor Gyula Mesaroşun xidmətlər danılmazdır.

 

 

Asif RÜSTƏMLİ,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru,

dosent

 

525-ci qəzet.- 2011.-  8 oktyabr.- S.20.