“Mənim ən böyük mükafatım bütün ömrümü ədəbiyyatımızın araşdırılmasına sərf etməyimdir”

 

Pərvinin həmsöhbəti akademik Bəkir Nəbiyevdir.

 

Pərvin: Bəkir müəllim, sizin kimliyinizi, məncə, geniş oxucu kütlələrinə təqdim etməyə ehtiyac yoxdu. Sizcə bütün ömrünü ədəbiyyatımızın araşdırılmasına sərf etmiş Bəkir Nəbiyevin zəhməti, əziyyəti bu cəmiyyət, mühit tərəfindən layiqincə qiymətləndirilibmi?

Akademik. Bəkir Nəbiyev: Mənim ən böyük mükafatım bütün ömrümü ədəbiyyatımızın araşdırılmasına sərf etməyimdir. Siz təsəvvür edə bilirsinizmi ki, ədəbiyyata ömür sərf etməyin necə böyük məna və əhəmiyyəti, estetik, tərbiyəvi, məskurəvi ləzzətləri var. O ki, qaldı siz konkret olaraq maraqlanırsınız ki, bu cəmiyyət və mühit layiqincə qiymətləndirə bilibmi? Mən buna ancaq müsbət cavab verərəm. Detallara varmadan deyə bilərəm ki, mən cəmiyyətimizin bu günə qədər mənim mütəvaze əməyimə verdiyi qiymətdən çox-çox razıyam. Dönə-dönə medallar, ordenlər, adlar almışam. Dövlət mükafatlarına layiq görülmüşəm. Hərdən mənə elə gəlir ki, mənim əməyimə verilən qiymət bir çox hallarda həddindən artıqdır. Hər halda mənəvi cəhətdən özümü verilən o qiymətlərə borclu hesab edirəm ki, onları daha yaxşı doğrultmaq üçün bundan sonra da nələrsə etməliyəm.

Pərvin: Muğamla klassik ədəbiyyatımızın bağlılığı barədə çox yazılıb. Siz də bu barədə fikirlərinizi məqalələrinizdə bildirmisiniz. Ümumilikdə sizcə bu iki sənət arasındakı bağlılıq telləri kifayət qədər araşdırılıbmı, yoxsa hələ çox analizlərə, elmi araşdırmalara ehtiyac var?

Akademik. Bəkir Nəbiyev: Azərbaycan ədəbiyyatı, konkret desək Azərbaycan poeziyası və muğam problemi mənim qənaətimə görə ucu-bucağı görünməyən bir problemdir. Ona heç bir vaxt nöqtə qoyulmayacaq. Niyə? Ona görə ki həm poeziya həm muğam istedadların at oynatdığı bir meydandır. İstedadlar isə hər bir zaman kəsiyində özünəməxsus orijinal xüsusiyyətlərlə yaradıcılıq aləminə qədəm qoyurlar. Muğamla bağlı son vaxtlarda bizim mənəvi həyatımızda böyük rol oynayan əhəmiyyətli tədbirlər keçirilir. Yəni bunu deyərkən mən Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivallarını, Muğam müsabiqələrini nəzərdə tuturam. Xarici ölkələrdən gələn görkəmli mütəxəssislərin də dönə-dönə etiraf etdikləri kimi Azərbaycanda muğama, muğam sənətinə, onun ifaçılıq tərəfinə verilən yüksək qiymət göz qabağındadır.bu mənada birinci gözlərin önündə canlanan Heydər Əliyev fondunun bu məsələlərə tutduğu çox fəal mövqedir.

Pərvin: Bəkir müəllim, siz Azərbaycan ədəbiyyatşünaslığını formalaşdıran insanlarla gənclikdən sıx, yaxın münasibətlərdə olmusunuz. Onlardan hansısa biri Sizin alim kimi formalaşmanızda rol oynayıbmı? Ümumiyyətlə özünüzü ötən əsrin ustad alimlərimizdən hansı birinin davamçısı hesab edirsiniz?

Akademik. Bəkir Nəbiyev: Mən bir elm adamı kimi artıq formalaşmışamsa, yaxud buya digər dərəcədə müəyyən nüfuz qazanmışamsa, bundan ötrü birinci növbədə öz müəllimlərimə minnətdaram. Müəllimlərim deyərkən elə orta məktəbdə mənə ədəbiyyat dərsi deyən adamları nəzərdə tuturam. Onların hamısının ruhuna minnətdaram. Tədqiqatçılığa meyilimi gücləndirməkdə, mənə nümunə göstərməkdə xüsusi fərqlənən müəllimlərim var.   Onların bir- ikisinin adını desəm o birilərinə qarşı böyük ədalətsizlik olar. Ona görə də bir-bir yaradıcılıqlarını geniş xarakterizə etmədən ancaq adlarını çəkəcəyəm. Akademik Məmməd Arif Dadaşzadə mənim ədəbi əlaqələr sahəsinə meylimi qüvvətləndirib. O rus ədəbiyyatından bizə dərs deyərdi. Professor Mikayıl Rəfili ən qədim Azərbaycan ədəbiyyatı, Orta Əsrlər Ədəbiyyatı onun mühazirələrində bizə çatıb və onun göstərdiyi yolla gedib müxtəlif ədəbiyyat tədqiqatlarını oxuya-oxuya müəyyən istiqamət almışıq. Akademik Həmid Araslı ilə daha yaxın canlı ünsiyyətdə olmuşam. Onun həyatının, yaradıcılığının müəyyən nümunələri mənim üçün həqiqətən də məktəb rolunu oynayıb. Bunu deyərkən mən mütləq professor Əli Sultanlını xatırlamalıyam. Professor əli Sultanlı Azərbaycan ədəbiyyatşünaslıq elmində Avropa ədəbiyyatının, Qədim Yunan Ədəbiyyatının antik ədəbiyyatının tədqiqatçısı kimi çox məşhurdur. Yaxud da mən müəllimlərimdən danışarkən 20-ci əsr və sovet dövrü ədəbiyyatını bizə tədris edən iki müəllimin adını mütləq çəkməliyəm. Professor Mir cəlal PaşayevinProfessor Cəfər Xəndan Hacıyevin. Cəfər Xəndan Hacıyev həm də aspiranturada mənim elmi rəhbərim olmuşdur. Çox tələbkar müəllimlər və çox də qayğıkeş adamlar idilər. Mənim Moskva şəhərində birinci məqaləm rus dilində Mir cəlal müəllimin təqdimatıyla çap olunub vaxtı ilə. Bir müəllimin adını da qeyd etməsəm, nankorluq olar. O da akademik Feyzulla Qasımzadədir. O, 19-cu əsr Azərbaycan Ədəbiyyatından mühazirələri oxuyurdu. Son olaraq deyim ki, mən bütün müəllimlərimin xatirəsinə borcluyam, minnətdaram və onların hamısına qəni-qəni rəhmətlər diləyirəm.

Pərvin: Deyirlər ki, “Adam ömrünü ömrə həsr eləməz” Siz məhz öz ömrünüzü başqa ömürlərə həsr edən alimlər cərgəsindəsiniz. Ümumiyyətlə, bütün ömrünü başqalarının ömrünə sərf etmək, yəni başqasının yazdığını araşdırmaq, başqasının həyatını öyrənmək   insandan nə dərəcədə böyük fədakarlıq tələb edir?

Akademik. Bəkir Nəbiyev: O baxır ki “başqalarının ömrü” ifadəsinin arxasında kim dayanır. İndiki halda konkret olaraq mənim araşdırdığım şairlər, ədiblər, alimlər Azərbaycan xalqının mənəviyyat tarixində çox böyük rollar oynamış görkəmli, adları tariximizdən heç vaxt silinməyəcək xadimlər olublar. Mənim şəxsiyyətlərə həsr olunmuş kitablarım var, ümumilikdə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmədəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, bu böyük sənətkarların hər birinə ömrü həsr etməyə dəyər. Onda qalmışdı ki, mənim ömrüm elə o qədərdə çox böyük bir adamın, alimin deyil, ədəbiyyatımızı sevən, onu araşdırmaqdan həzz alan, zövq alan, onunla məşğul olanda hər şeyi unudan və yenə də təkrar-təkrar o adamların, sənətkarların yaradıcılığına qayıtmağa həvəsi, ehtirası olan adamın ömrüdür. Ona görə də o böyük sənətkarlara ömür həsr etməyə dəyər. Bax belə.

Pərvin: Bəs, indiki nəsildə, gənc alimlərdə həmin dediyiniz həvəs, fədakarlıq duyulurmu? İndi yetişən gənc alim nəsli sizi qane edirmi?

Akademik. Bəkir Nəbiyev: Bilirsinizmi, qızım, mən çoxlu sayda müsahibələr oxumuşam, televiziya söhbətləri dinləmişəm, nə üçünsə, çox vaxt bizim təcrübəli, yaşlı mütəxəssislər sizin verdiyiniz suala ya mənfi cavab verirlər, ya da çox güclü mənfi çalarlı müsbət cavab verirlər. Mən hesab edirəm ki, müasir ədəbiyyatşünas gəncliyindən şikayət etməyə haqqımız yoxdur. Bu başqa məsələ ki, ədəbiyyatşünas olmaq istəyən, filoloq olmağın arzusunda olan, dissertanturaya, doktoranturaya imtahanlar verən gənclər içərisində yetərincə savadsız adam var. Onları ələyirik, xəlbirləyirik... Yəni təkcə Bəkir müəllim yox, bizim elmi şura, qəbul komissiyaları, alimlər bunları seçirlər. Seçim prosesində hansısa çatışmayan, o qədər də yerinə düşməyən məqamlarla rastlaşırıq. Bunsuz deyil. Amma bu adamlar hələ alim olmaq həvəsinə düşüblər. Çətin ki, onlar alim olalar. Amma belə seçimlərdən sonra müəyyən adamlar imtahan verib qəbul olurlar. Namizədlik, çox da keçmədən doktorluq əsərləri yazırlar, belə adamlar çox da keçmədən böyük mütəxəssis olurlar. Ona görə də mənim bu suallara mənfi yaxud mənfi çalarlı müsbət cavab verməyə haqqım yoxdur. Mən yalnız müsbət cavab verirəm.

Pərvin: Son dövrlərdə Azərbaycan Müasir ədəbiyyatına ədəbi tənqidin münasibətindən gileylənənlər çoxdur. Belə fikirlər var ki, ədəbi tənqid kifayət qədər vaxt ayırmır çağdaş ədəbiyyata... Sizcə, ədəbi tənqid ədəbiyyatın önündə getməlidir, yoxsa onu arxadan izləməlidir?

Akademik. Bəkir Nəbiyev: Ədəbiyyat oturub gözləməməlidir ki, ədəbi tənqid ön sıralara keçib ona necə yazmağı öyrətsin. Əslində öndə ədəbiyyat gedir. Ədəbiyyat nəzəriyyəçisi, yəni tənqidlə məşğul olan adam ədəbiyyatı izləyirlər. Yəni əvvəlcə ədəbiyyatdır. Konkret olaraq mənim bu mənada da ədəbi tənqiddən şikayət eləməyə əsasım yoxdur. Bizim Cahangir Əsədov kimi, Tehran Alışanoğlu kimibir sıra digər görkəmli tənqidçilərimiz var ki, onların yaradıcılığı, mövcudiyyəti ilə üz-üzə dayanıb demək ki, bizdə tənqid yoxdur, böyük ədalətsizlik olar. Tehran Alışanoğlu təkcə məqalələri ilə yox, həm də intizamla nəşr etdiyi “Tənqid.net” jurnalı ilə də yaxşı nümunə göstərir. Mən bu alimlər içərisində Təyyar Salamoğlunun, Vaqif Yusiflinin böyük əməyini görürəm. Vaqif Yusifli xüsusən poeziyanı əvvəldən axıra qədər izləyib, vaxtaşırı tənqid edib təqdim edirçox cəfakeş bir tənqidçidir.   Mən prof. Vaqif Arzumanlı, prof. Nizaməddin Şəmsizadənin, prof. Zaman Əsgərlinin və bir çox digər yadımdan çıxan tənqidçilərin adını çəkə bilərəm. Onların bu günkü ədəbi prosesdə və ədəbiyyatşünaslıq elminin tərəqqisində müstəsna xidmətləri var.

Pərvin: Yüzlərlə xarici simpoziumlarda iştirak etmisiniz. Dünya ədəbi tənqid düşüncəsinə, səviyyəsinə bələdsiniz. Sizcə, Azərbaycan ədəbi tənqidi dünya səviyyəsindən geri qalmır ki?

Akademik. Bəkir Nəbiyev: Əgər Rahid Ulusel, Rəhilə Qeybullayeva və digər əməkdaşlarımız ABŞ-da, İngiltərədə, Koreyada, Kanadada və digər ölkələrdə bir dəfə yox, bir neçə dəfə dəvət olunub məruzələr edirlərsə, dünyanın bizim ədəbi tənqidi tanımadığını yaxud bizim onlarla səviyyə fərqimizin çoxluğunu demək olmaz. Bu ölkələr həmin tədqiqatçıların qaldırdıqları elmi-nəzəri problemlərlə maraqlanıblar, hətta təkrar dinləmək istəyiblər. Belə olduğu halda heç bir haqla elmimizin geri qalmasını demək olmaz. Bu o demək deyil ki, elmimizin təkmilləşməyə ehtiyacı yoxdur. Xeyr... Bütün zehin adamlarının, yaradıcı şəxslərin təkmilləşməyə ehtiyacı var. Görkəmli ədəbiyyatşünaslarımız da bu yoldadırlar. Amma təkmilləşmək arzusunu, eşqini belə qiymətləndirmək ki, biz çox geridə qalırıq, mən burda da əks mövqedəyəm.

Pərvin: Bəkir müəllim, söhbətimizin əvvəlində dediniz ki, özünüzü sizə verilən dəyərə görə bu cəmiyyətə borclu hesab edirsiniz və onları daha yaxşı doğrultmaq üçün bundan sonra da nələrsə etməlisiniz. Növbəti illər ərzində daha hansı kitablar, hansı mövzular üzərində işləməyi planlaşdırırsınız?

Akademik. Bəkir Nəbiyev: Qızım, mən sizə deyim ki, Üzeyir Hacıbəyli haqqında son bir-iki ildə tədqiqatlar aparıram. O, dahi bəstəkardı, musiqi əsərlərindən başqa heç bir şey yazmasaydı da Azərbaycan mənəviyyatı tarixində çox nəhəng bir sima kimi öz əbədilik mövqeyini tutub və Azərbaycan xalqı olduqca qalacaq. Ü.Hacıbəylinin oxucuların nisbətən az bildikləri bir sahəsi də var. O, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simasıdır. Mən onu komediyaları, publisistikası ilə yalnız C.Məmmədquluzadə ilə müqayisə edə bilərəm. Mənim qənaətimə görə Hacıbəyli fəaliyyətinin bu məqamları yetərincə araşdırılmayıb. Bu sahədə indi də tədqiqatımı davam etdirirəm. İlk nəticələrimi artıq yazıb nəşriyyata təqdim eləmişəm. Elə bilirəm ki, gələn ilin əvvəllərində həmin kitab çapdan çıxacaq.

 

 

525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.15.