Avropanın ən
mükəmməl “Hilton”mehmanxanası Bakıda
açılır
Bu
yaxınlarda “Turizm ili” çərçivəsində əlamətdar
hadisələrdən biri baş tutacaq. Belə ki, üç
il öncə təqribən eyni vaxtda Bakı şəhərində
bir neçə mehmanxananın tikintisinə
başlanılmışdı. Onlardan biri də “İSR Kapital
İnvestment” şirkətinin “Hilton Baku Hotel” layihəsi idi. Artıq mehmanxana istifadəyə hazırdır.
Bununla da “Hilton Baku Hotel” bu il “Turizm ili” ərzində
açılacağı gözlənilən mehmanxanalar
siyahısında ilk açılanlardan biri olur. “Hilton Baku Hotel”in tikintisinə 2008-ci ildə
başlanılmışdı. Mehmanxana ən
yüksək texnologiyalardan istifadə edilərək
tikilmiş və ağıllı idarəetmə sisteminə
malikdir. Mehmanxananın işçi heyəti
yerli və çoxlu sayda xarici peşəkarlardan
formalaşdırılıb. Mehmanxana
istifadə imkanları, xidmət keyfiyyəti və peşəkarlığı
ilə Azərbaycanın qürur qaynağı olmağa iddia
edir. Bu əlamətdar açılış ilə
bağlı daha geniş məlumat almaq
üçün“İSR” şirkətlər qrupunun
vitse-prezidenti və “İSR Kapital İnvestment” şirkətinin
direktoru cənab Zafer Tangil ilə görüşdük. O, bu
mövzu ilə bağlı suallarımıza ətraflı
cavab verib.
–Zafer bəy,
“Hilton Baku Hotel”in açılışı ilə
bağlı xəbər doğrudurmu?
–Bəli,
qarşımızda duran bir çox çətinliklərə
baxmayaraq, gecə-gündüz işləyərək 3 il əvvəl
söz verdiyimiz kimi “Hilton Baku Hotel” mehmanxanasını 11
oktyabr 2011-ci il tarixində istifadəyə verəcəyik. Beləliklə, “Hilton Baku Hotel” açılması
nəzərdə tutulan digər beynəlxalq mehmanxanalar
siyahısında artıq irəlidədir.
–Xahiş
edirəm, əvvəlcə mehmanxananın ərsəyə gəlməsinə
qədər keçmiş müddətdən bəhs edərdiniz.
Yəni, “Hilton Baku Hotel” mehmanxanasının
tikintisi hansı mərhələlərdən keçib?
– İlk öncə, 2007-ci ilin oktyabr ayında “İSR
Kapital İnvestment” şirkəti ilə “Hilton”
Mehmanxanaları Korporasiyası arasında idarəetmə
müqaviləsi bağlandı. Daha sonra
mehmanxananın tikildiyi yerdə mövcud olmuş, xalq
arasında daha çox “İnturist” mehmanxanası kimi
tanınmış köhnə “Azərbaycan”
mehmanxanasının sökülməsinə
başlanıldı. Söküntü
işləri ilə bərabər “Hilton” Mehmanxanaları
Korporasiyası ilə birgə mehmanxananın dizayn layihəsini
işlədik. Eyni zamanda tikinti
üçün tələb olunan maliyyə vəsaiti təmin
edildi. “Yapı Kredi Bank Azərbaycan” ölkənin gələcəyinə
olan inamını nümayiş etdirərək “İSR Kapital
İnvestment” şirkətinə 86 milyon ABŞ dolları məbləğində
kredit ayırdı. Yeri düşmüşkən
qeyd edim ki, bu maliyyələşdirmə Azərbaycanda
kommersiya bankları tərəfindən özəl sektora
verilmiş ən uzunmüddətli kreditlərdən biri kimi
tarixə düşüb. 2008-ci ilin oktyabr
ayında “Koray” inşaat şirkəti mehmanxananın tikintisinə
başladı. Nəhayət, düz 3 ildən
sonra inşaat işləri başa çatdı. Qeyd etdiyim kimi, artıq “Hilton Baku Hotel” istifadəyə
hazırdır.
–Zafer bəy,
ilin sonuna qədər Bakıda bir neçə mehmanxananın
açılması planlaşdırılır. “Hilton Baku
Hotel”ni digərlərindən fərqləndirən
üstün tərəfləri nədədir?
–Bəli,
yaxın günlərdə bir neçə mehmanxananın
açılacağı gözlənilir. Fəqət,
bunun bizə təsir etməyəcəyini fikirləşirik.
Çünki, “Hilton Baku Hotel” bir çox bənzərsiz
xüsusiyyətlərinə görə digərlərindən
fərqlənir. Qeyd edim ki, “Hilton Baku Hotel”
həm imkanlarına, həm də texnologiyasına görə
Avropada ən mükəmməl “Hilton” mehmanxanasıdır.
Əsas üstünlüklərimizdən biri “Hilton Baku
Hotel” mehmanxanasının şəhərin tam mərkəzində,
Bakının incisi olan Dənizkənarı Bulvarın kənarında
yerləşməsidir. Mərkəzdə olmaqla bərabər, iş, ticarət,
əyləncə və gəzinti məkanlarına da yaxın
mövqedəyik. Xəzər dənizinə baxan
mehmanxanamızın möhtəşəm mənzərəsinə
də söz ola bilməz. Bakının
panoraması ilə otelin xarici və daxili
görünüşü ahəngdar şəkildə qurulub.
Həmçinin mehmanxana əvvəlki Azərbaycan
mehmanxanası binasının görkəminə uyğun
dizayn edilib.
25 mərtəbədən
və 309 otaqdan ibarət olan “Hilton Baku Hotel” mehmanxana xidmətindən
başqa 4 restoranı, 3 barı, yığıncaq və sərgi
salonları, biri 750 nəfərlik olmaqla 5 ədəd banket
zalı və dünyada məşhur olan “Eforea”
sağlamlıq mərkəzi ilə xidmət göstərəcək.
Həmçinin mehmanxanamızın məşhurluğu
və bənzərsiz xidmətləri səbəbindən həmin
binadakı mənzillərin də çoxu satılıb.
“Hilton Baku Hotel”in 25-ci mərtəbəsi mehmanxananın ən
cazibədar məkanıdır. “Roof Bar”-ın fəaliyyət
göstərəcəyi bu məkanın ən böyük
xüsusiyyəti mərtəbənin döşəməsinin
gün boyunca 360 dərəcə dönərək qonaqlara
Bakının panoramasını izləmələrinə imkan
verməsidir.
“Hilton” Mehmanxanalarının dünya üzrə təklif
etdiyi xidmətlərin keyfiyyəti çoxlarına
yaxşı məlumdur. “Hilton Baku Hotel” də bütün
qonaqlarına həmin yüksək keyfiyyəti verərək,
turizm və mehmanxana sahəsində ən vacib amil olan
“Müştəri məmnuniyyətinə” nail olacaq.
–Zafer bəy,
siz artıq neçə ildir Bakıdasınız. “İSR” şirkətlər qrupunun vitse-prezidenti
olaraq bir çox vacib və uğurlu layihələri həyata
keçirmisiniz. Digərlərinə
baxanda “Hilton Baku Hotel” barədə nə demək istəyərdiniz?
–1995-ci ildə “İSR” şirkətlər qrupu fəaliyyətə
başladığı gündən etibarən onun layihələrinin
həyata keçirilməsinə başçılıq etməkdəyəm. Bu layihələr
arasında “İSR Plaza”, “Parkinn Hotel”, “Radisson Hotel”, “Nərgiz
Ticarət Mərkəzi” və bunun kimi bir neçə layihənin
tikilməsindən idarə edilməsinə qədər hər
mərhələsində böyük rolum olub. Hələlik
son layihəmiz olan “Hilton Baku Hotel”i bundan əvvəlki layihələrimizin
başına bir tac qoymaq kimi görürəm.
–Siz
“Hilton Baku Hotel” mehmanxanasının istifadəyə verilməsini
Azərbaycana gələcək turistlərin sayının
artmasına təsiri baxımından necə şərh edərdiniz?
–“Hilton Baku Hotel” mehmanxanasının fəaliyyət
göstərməsinin Azərbaycan
iqtisadiyyatına xeyli kömək edəcəyinə və
ölkəyə gələn turistlərin sayının
artmasına şərait yaradacağına əminəm. Xüsusilə, ABŞ,
Yaponiya və Avropa ölkələrindən olan turistlərin
tanımadıqları ölkələrə gedəcəkləri
zaman qalacaqları otellərdə xoşagəlməz hallarla
qarşılaşmamaq üçün dünya miqyasında
tanınan marka otelləri seçirlər. Həmin
turistlərin çoxu gedəcəkləri ölkədə
“Hilton” mehmanxanasının olmasını çox arzu edirlər,
hətta elə turistlər var ki, onlar yalnız “Hilton”
mehmanxanasında qalmaq istəyirlər. Həmçinin,
bir çox təşkilatlar və insanlar təntənəli
mərasimlərini “Hilton” mehmanxanasında keçirməyə
üstünlük verirlər. Bu
baxımdan hesab edirəm ki, “Hilton” mehmanxanasının istifadəyə
verilməsi Azərbaycanın turizm və mehmanxana sahəsində
yeni səhifə açacaq və daha tələbkar turistlərin
ölkəyə cəlb edilməsinə böyük töhfə
verəcək.
–Zafer bəy,
gələcəkdə də “İSR” şirkətlər qrupu
turizm sahəsinə sərmayələrini qoymaq niyyətindədir?
–1995-ci ildən fəaliyyət göstərən və
turizm sahəsində uğurlu layihələri ilə
tanınan “İSR” şirkətlər qrupu fəaliyyət dairəsini
davamlı olaraq genişləndirməkdədir. Bakıdakı
3 mehmanxanadan başqa, “İSR” şirkətlər qrupu bu
yaxınlarda Türkiyədə 2 mehmanxana əldə edərək
idarə etdiyi mehmanxanaların sayını 5-ə
çatdırıb. Alınmış
mehmanxanalardan biri Türkiyənin yay cənnəti qəbul
olunan Bodrum şəhərinin ən böyük turizm təsislərindən
biridir, digəri də Türkiyənin ilk 7 ulduzlu
mehmanxanasıdır. Ümumiyyətlə,
Bakı şəhərinin mərkəzində biznes mərkəzlərinin,
yaşayış komplekslərinin və mehmanxanaların tikilməsi
“İSR” şirkətlər qrupunun perspektiv planında əsas
yer tutur. Hazırda “İSR” şirkətlər
qrupu Azərbaycanda və Türkiyə ərazisində turizm məkanları
və sərmayə imkanları ilə maraqlanmaqdadır.
Diqqətimizi cəlb edən yerlər və
layihələr olarsa bu sahəyə sərmayə qoymaqdan
çəkinməyəcəyik.
–Zafer bəy,
bir iş adamı kimi Azərbaycanda biznes mühitini və
turizmin gələcəyini necə görürsünüz?
–Azərbaycanda
çalışdığım 16 illik biznes həyatımda
hər gün müsbət istiqamətdə böyük dəyişikliklərin
baş verdiyini müşahidə edirəm. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
qeyri-neft sahəsinə göstərdiyi qayğı,
xüsusilə turizm sahəsinin inkişafı
üçün qəbul edilmiş dövlət proqramları
gələcəkdə Azərbaycanı önəmli bir turizm
mərkəzinə çevirəcək. Əlverişli
iş mühitindən faydalanan iş adamları Azərbaycanda
yeni mehmanxanalar tikirlər. Turizmlə
bağlı infrastrukturun inkişaf etməsi, yeni mehmanxana,
restoran, əyləncə və istirahət mərkəzlərinin
açılması paytaxt Bakıya səfər təşkil
edən hava yollarının da sayını gündən-günə
artırmaqdadır. Mən əminəm ki,
turizm sahəsinin inkişaf etməsi Azərbaycanın sosial,
tarixi və mədəni zənginliklərinin dünya tərəfindən
kəşf edilməsinə imkan yaradacaq.
–Zafer bəy,
müsahibəmizin sonunda oxucularımızın daha
yaxından tanış olmaları üçün “İSR
Kapital İnvestment” şirkətinin də daxil olduğu
“İSR” şirkətlər qrupu haqqında məlumat verərdiniz.
–“İSR” şirkətlər qrupu 15 ildir ki, fəaliyyət
göstərir. Qrupun təsisçisi və Prezidenti yerli
və xarici bazarlarda biznesin müxtəlif sahələrində
böyük sahibkarlıq fəaliyyəti təcrübəsinə
malik olan cənab İsgəndər Xəlilovdur. Şirkətlər qrupuna istehsal, xidmət, ticarət
və nəqliyyat sektorlarını təmsil edən 20-yə
yaxın şirkət daxildir. Bunlardan “Bakı Əyləncə
Mərkəzi”nin, “Nərgiz Ticarət Mərkəzi”nin, Tayota
Bakı Mərkəzinin, “İSR Residence-I” və “İSR
Residence- II” elit yaşayış komplekslərinin, Bakı
Avtomobil Bazarının, “Azər-Yod” yod-brom zavodunun, “Park
İnn Azərbaycan Hotel”nin, “ISR Plaza”nın, “Radisson Hotel”in və
11 oktyabrda istifadəyə veriləcək “Hilton Baku Hotel”
mehmanxanasının adlarını çəkə bilərəm.
Şirkətlər qrupu hazırda 1000-dən
artıq insana işləmək imkanı
yaratmışdır. Qrupa daxil olan şirkətlər
daima Azərbaycanın iqtisadi inkişafında mühüm rol
oynayan iri sərmayə qoyuluşlarını həyata
keçirirlər. “İSR” şirkətlər
qrupunun müəssisələri ölkənin özəl
sektorunda iri vergi ödəyiciləridir.
Ülkər NƏBİYEVA
525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.12.