“Azərbaycanda
orta sahibkarlığın inkişafı ilə mediaya gələn
reklamların həcmi adekvat deyil”
VÜSALƏ MAHİRQIZI: “ARAŞDIRMA
JURNALİSTİKASINI FƏALLAŞDIRMAQLA QƏZETLƏR
ÖZÜNÜ HƏLƏ BİR MÜDDƏT DƏ QORUYUB
SAXLAYA BİLƏR”
APA
İnformasiya Agentliyinin baş direktoru, Azərbaycan Mətbuat
Şurası İdarə Heyətinin üzvü Vüsalə
Mahirqızı ilə söhbətimizdə çap
mediasının hazırkı durumu, mətbuatın problemləri,
internet medianın inkişafı barədə fikirlərini
açıqlayıb.
– Vüsalə
xanım, sizin fikrinizcə, mətbuata dövlət dəstəyi
konsepsiyasının həyata keçirilməsi çap
mediasının durumuna necə təsir göstərib?
– Bilirsiniz
ki, APA dövlət dəstəyindən yararlanmayan qurumlar
siyahısındadır. Amma bu prosesin içində
olduğumuz üçün, əlbəttə ki, vəziyyətə
qiymət vermək mümkündür. Hesab edirəm ki, Azərbaycanda
çap mediasının inkişafı üçün
müəyyən bir çərçivənin
yaradılması baxımından Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondunun
(KİVDF) fəaliyyəti məqbul sayıla bilər.
Düzdür, müəyyən vaxtlarda müəyyən
iradlar, müzakirələr olur. Amma düşünürəm
ki, Azərbaycan mətbuatının iqtisadi cəhətdən
durumunun çox pis olduğu, reklam sferasında boşluğun
hökm sürdüyü bir vaxtda bu fond yazılı mətbuat
üçün kifayət qədər yaxşı bir nəfəslik,
pəncərədir. Bu pəncərədən necə istifadə
olunması ilə bağlı müxtəlif fikirlər,
yanaşmalar ola bilər. Amma hesab edirəm ki, KİV-ə
Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyəti
dövlətin mediaya diqqətinin nəticəsidir.
– Bu
gün mətbuatın müəyyən problemləri də
mövcuddur. Adətən media mütəxəssisləri
problemlərdən danışarkən medianın iqtisadi
durumu, jurnalistlərin peşəkarlığı, onların
sosial vəziyyəti kimi məsələləri önə
çəkirlər. Siz medianın başlıca problemi kimi
hansını qeyd edə bilərsiniz?
– Əlbəttə
ki, bu sadalananlar hər biri problem kimi mətbuatın qarşısında
dayanıb. Amma mən düşünmürəm ki, bu problemləri
yalnız KİVDF-nin fəaliyyəti ilə aradan qaldırmaq
olar. Birincisi, bu fond hələ yeni yaranıb, ikincisi fondun
büdcəsi o qədər böyük deyil, nəhayət vəsaitlərin
paylaşdırılması və digər məsələlərlə
bağlı müxtəlif fikirlər var. Mənim yanaşmam
isə bu fikirlərlə üst-üstə düşmür.
Çünki problemlərin hamısını məhz maddi tərəflə
bağlanması da doğru deyil. Peşəkarlıq məsələsi
daha çox təhsillə bağlı olan bir məsələdir.
Yaxşı pulu olan media qurumlarımız var ki, onlar da
peşəkar işçinin tapılmasından və işlədilməsində
müəyyən çətinliklərlə üzləşirlər.
Deyək ki, bizim kifayət qədər pulumuz ola bilər, amma
müəyyən sahələr var, fotomüxbir və s. Həmin
kadrlar ümumiyyətlə, Azərbaycanda yoxdur və
onları yetişdirmək lazımdır. Yaxud müxtəlif
istehsalat laboratoriyaları olmalıdır ki, peşəkar
jurnalist yetişsin. İkincisi, KİVDF-nin yaradılması
dediyim kimi təqdirəlayiqdir, amma bütün ölkələrdə
belə fondlar keçici fəaliyyət göstərirlər.
Bizim mediamızın müstəqil biznes strukturları kimi
ayaqda durması üçün onların reklam hesabına
yaşaması lazımdır.
DÜNYANIN HEÇ YERİNDƏ MEDİA
QURUMLARI SATIŞDAN VƏ YAXUD ABUNƏDƏN BÖYÜK PULLAR
ƏLDƏ ETMİR.
Onların
qazandığı pulların böyük hissəsi məhz
reklamla bağlıdır. Azərbaycanda orta sahibkarlığın
inkişafı ilə mediaya gələn reklamların həcmi
adekvat deyil. Bunun isə çox sadə təhlili var. Məlumdur
ki, Azərbaycanda bu gün ən çox inkişafda olan iki
sahə var: turizm və tikinti sahəsi. Amma bu iki sahənin
heç birindən mediaya reklam gəlmir. Bu sahələrdə
mediaya reklamın gəlməsi təmin olunmasa, burda müəyyən
həvəsləndirici yollarla və başqa administrativ şərtlərin
həyata keçirilməsi ilə turizm və tikinti sektorundan
mətbuata pul axmasa, bizim özümüzün müstəqil
olaraq ayaqda durmamız çox çətindir. Bunlar özləri
də reklama möhtacı olan sahələrdir.
Eyni zamanda
bu sahələrdən mediaya pul gəldiyi halda belə media
qurumlarına menecment təfəkkürünə malik
insanların rəhbərlik etməyəcəyi halda ordan
alınan pul inkişafa yönəldilməyəcək.
Düşünürəm ki, indiki halda mətbuat
orqanlarına verilən pullardan-bunu elə böyük pul hesab
etmirəm, amma kiçik məbləğ də deyil-necə səmərəli
istifadə olunması məsələsi redaksiya daxilində
menecerlərin həll edəcəyi məsələdir. Yəni
bunu KİVDF rəhbəri Vüqar Səfərli həll edə
bilməz. Bu, həmin qurumun Müşahidə
Şurasının konpetensiyasına daxil olan məsələ
də deyil. Redaksiya daxilində həmin pullardan daha necə səmərəli
istifadə etmək olar, onun istifadəsi ilə daha necə əlavə
vəsaitlər qazandırmaq, tirajı artırmaq, başqa
reklamlar cəlb etmək olar kimi məsələlər
müzakirə olunub, variantlar tapılmalıdır. Hesab edirəm
ki, bunun haqqında ciddi düşünmək lazımdır.
O vəsait redaksiyalara əlavə investisiya olaraq verilir, nəinki
maaşların ödənilməsi və s. proseslərlə
bağlı. Amma indiki halda həmkarlarımı da başa
düşürəm. Qəzetlərdə vəziyyət elədir
ki, o vəsait yalnız və yalnız gündəlik xərclərə
sərf olunur. Mən isə düşünürəm ki, əslində
o vəsait əlavə investisiya kimi cəlb olunmalı idi və
həmin mətbuatı daha da inkişaf etdirə bilərdi. Yəni
pul qoyub, pul qazanmaq üçün bir investisiya rolunu
oynamalı idi.
Zənnimcə,
dövlətin burda mediaya göstərəcəyi ən
böyük dəstək o ola bilərdi ki, min dəfələrlə
demişəm, bir də təkrar edirəm ki, rəsmi
qurumların və dövlət orqanlarının tender
elanlarının, reklamlarının mətbuata
açılması lazımdır. Bu, həm o qurumların
tenderlə bağlı şəffaflığını təmin
edəcək, eyni zamanda bununla müstəqil mətbuata
yaxşı vəsait cəlb oluna biləcək. Bizim qanunda rəsmi
qurumların elan və tenderlərinin müstəqil mətbuatda
yayıla bilməz kimi maddəsini aradan qaldırmaq
lazımdır. Əgər o maddənin götürülməsinə
nail olsaq, onda artıq kifayət qədər yaxşı vəsaitin
cəlb olunmasına nail ola bilərik. Hətta bunun
üçün ayrıca bir qurum da yaradıla bilər.
Türkiyə təcrübəsi mövcuddur və həmin təcrübədən
yararlanmaq mümkündür. Bilirsiniz ki, Türkiyədə
reklam və elan qurumu var və həmin qurum çox şəffaf
şəkildə fəaliyyət göstərir, reklam və
elanlar müxtəlif müsabiqələr vasitəsiylə mətbuat
orqanları arasında bölüşdürülür.
Hansı mətbuat orqanı öz öhdəliyini
yaxşı yerinə yetirə bilirsə, həmin mətbuat
orqanı gələn dəfə daha artıq bu reklam və
elanların alınmasına nail olur. Bununla mətbuat
özünü inkişaf etdirib, ayaqda dura biləcək və
belə olan halda tiraj da çoxalacaq, nəticədə isə
özəl sektordan reklam özü-özünə gələcək.
Hesab edirəm ki, bizə ən böyük dəstək bu ola
bilər. Problemin həllində çıxış yolunu mən
bunda görürəm. Nəinki dediyim kimi müəyyən
vaxt ərzində müəyyən qəzetlərə
pulların verilməsi.
– Bu məsələ
bir müddət əvvəl Mətbuat Şurası vasitəsiylə
müzakirə olundu. Hətta Türkiyənin sözügedən
qurumundan nümayəndələr də Bakıya dəvət
olundular. Amma sonra bir hərəkət olmadı. Sizcə, buna
səbəb nə oldu?
– Bəli,
əvvəlcə Mətbuat Şurası, yanılmıramsa,
sonra KİVDF Mətbuat Şurası ilə bağlı belə
müzakirələr apardı. Hətta Türkiyəyə
üç nəfərdən ibarət belə bir səfər
də həyata keçirilmişdi. Orda bununla bağlı
müxtəlif görüşlər də olmuşdu. Yəqin
ki, gələndən sonra təkliflər hazırlayıb
müvafiq qurumlara təqdim ediblər. Mən dəqiq təkliflərin
verilib- verilməməsini söyləyə bilmirəm,
çünki o vaxt həmin qrupda yox idim, yəni səfərdə
təmsil olunmurdum. Ona görə də bu məsələ ilə
bağlı sonrakı prosesləri bilmirəm. Amma hesab edirəm
ki, əgər səfər edilibsə, onun hesabatı da olub.
Lakin göründüyü kimi nəticə hələ ki,
yoxdur. Mən bir media mütəxəssisi olaraq deyirəm ki,
bu problemin başqa çıxış yolu yoxdur. Biz bayaq
söylədiyim yolu getməsək, ayrı yol, başqa variant
yoxdur. Bu həm şəffaflığın təmin
olunmasına, xidmət edən bir məsələ olacaq eyni
zamanda həm də mətbuatın inkişafı üçün
ciddi bir təkan olacaq. Amma indiki şəraitdə ona nail olmaq
bir qədər çox çətindir.
– Problemlərdən
biri kimi də medianın siyasiləşməsidir. Bu gün Azərbaycanda
rəsmi qəzetlər və partiyalı mətbuat
orqanları mövcuddur. Sizcə müstəqil medianın
inkişafına təsir baxımından bu amilin rolu nə dərəcədədir?
–
Dünyanın hər yerində dövlət mətbuatı
yalnız bir rəsmi qəzetlə təmsil olunur. Yaxud bu iki
dildə çap olunur. Mənim fikrimcə, Azərbaycanda rəsmi
mətbuat orqanlarının sayı çoxdur. Əlbəttə
ki, bunun müstəqil medianın inkişafına mənfi təsiri
var. Elə bayaq vurğuladığım kimi KİV, tender və
elanlar haqqında qanunumuzda göstərilən
RƏSMİ DÖVLƏT QURUMLARININ TENDERLƏRİNİN
YALNIZ RƏSMİ MƏTBUATDA ÇAP OLUNMASI BARƏDƏ MADDƏ
MÜSTƏQİL MƏTBUAT ÜÇÜN ƏN
BÖYÜK MANELƏRDƏN BİRİDİR.
Əgər
bu gün o tenderlər bütün mətbuat üçün
açıq olsa, kifayət qədər yaxşı vəsait
cəlb etmək olar. Siyasi partiyalara məxsus qəzetlərə
gəlincə, dünyada belə nəşrlər var. Hətta
inkişaf etmiş ölkələrdə partiyaların qəzetləri
mövcuddur. Bu mətbuat üçün yaxşı deyil,
amma partiyalı mətbuatın olmasını faciə də
saymıram, çalışmalıyıq ki, müstəqil
media maliyyələşsin reklam axını olsun, tirajı o
qədər artsın ki, partiya qəzetləri bunun kölgəsində
qalsınlar.
– Azərbaycanda
son illər yeni media, internet mediası inkişaf etməkdədir.
Bu istər-istəməz çap mediasına öz təsirini
göstərir. Sizcə bu təsir nə dərəcədədir
və çap mediasının Azərbaycanda perspektivi
varmı?
– Hələ
ki, bizdə çap mediasının perspektivi var. Amma onu da
vurğulayım ki, internet medianın çap mətbuatını
sığışdırması prosesi yalnız Azərbaycanda
getmir. Artıq bu, dünyada qəbul olunmuş bir qaydaya
çevrilib. Məsələn, bu yaxınlarda mən oxudum ki,
Amerikada düşünürlər artıq 2025-27-ci illərdə
bütün çap mediasını
yığışdırsınlar. Yəni insanlar
üçün artıq internet media həm əhəmiyyət
kəsb edir, həm də onlar üçün sərfəlidir.
Biz də hər gün düşünürük ki, necə
edək ki, bütün saytlarımız,
videogörüntülərimiz, şəkillərimiz tam
formatda ən bahalıdan tutmuş ən ucuz telefonlarda belə
tuta bilsin. Çünki artıq biz klassik kompüter və
noutbukların belə işə yaramadığını
müşahidə edirik. Daha çox yayılmaq istəyirsənsə,
bütün hər şeyin insanın əlində cəmləşdiyi
telefonda olmaqda maraqlı olmalısan. Bütün sosial şəbəkələr
demək olar ki, özlərinin mobil versiyalarını yaradırlar.
Biz də bütün saytlarımızın mobil
versiyalarını yaratmışıq. Çünki başqa
cür inkişafla ayaqlaşa bilmirsən. Hesab edirəm ki,
internet mediasında yeni texnologiyalar meydana gəldikcə
internet mediada onları tətbiq etməlidir. Çünki əgər
internet media bu yeniliklərə adaptasiya olunmasa, geri
qalmış sayılacaq. Dediyim kimi, indi artıq klassik formatda
olan kompyuterdə internet medianı izləyən adamlar
azdır, nəinki telefonlarda. Telefonlarda bu artıq artıq
kütləvi şəkil alıb. Biz sonucda bütün fəaliyyətimizi
telefonlara yönəldirik ki, orda görünək. Əslində
belə surət, yəni xəbəri baş verəndən
bir az sonra yaymaq, bir dəqiqədən bir saytı yeniləmək
oxucu üçün daha maraqlıdır. Çünki o, hər
an yeni xəbər almaq istəyir. Amma bir gün sonra həmin
xəbəri qəzetdə oxumaq oxucu üçün
maraqlı deyil. Bununla belə, düşünürəm ki, hələ
də bizim ölkəmizdə internetin kütləvi olaraq
yayılmaması və hər şeyi verə bilməmək
imkanın olması qəzetlərin mövcudluğunu
saxlayıb. Məsələn, araşdırma
jurnalistikasını fəallaşdırmaqla qəzetlər özünü
hələ bir müddət də qoruyub saxlaya bilər.
Çap mediasının bu mənada perspektivini görürəm.
– Bəs
başqa hansı üsullardan istifadə edərək çap
mediası yaşaya bilər?
–
Araşdırma jurnalistikasını artıq vurğuladım.
Düşünürəm, o şeyi ki, internet medianın vaxtı
yoxdur etməyə, çap mediası bunu edə bilir.
İnternet media operativ xəbər verir, onlayn yeniləmə
ilə məşğul olur, olayları isti- isti yerindən
verirsən. Amma sosial və siyasi araşdırmalar aparıb nəticələr
əldə etmək çap mediasının
funksiyasıdır. Azərbaycanda ümumiyyətlə, geri
qalmış sahələrdən biri araşdırma
jurnalistikasıdır.
Əgər
biz araşdırma mediasını qəzetlərə gətirə
bilsək, onu ciddi hay- küy yaradan, məsələn, aylarla
müzakirə olunan, araşdırmalara səbəb olacaq
mövzular işləsək, hesab edirəm ki, bu qəzetlərin
qalmasına və tirajını artırmasına gətirib
çıxaracaq. Əks halda, yəni dünənki
informasiyaların bu gün çap etmək, yaxud
dezinformasiyaları qəzet səhifələrinə
yığmaq tirajı günü-gündən öldürəcək.
Çünki artıq Azərbaycanda ciddi dezinformasiya saytları
peyda olub və ona görə pul verib qəzet almağa dəyməz.
– Bu gün
Azərbaycan oxucusu da daha çox informasiya qəbul etmək
istəyir və ona maraq göstərir. Sizcə, qəzetlər
araşdırmalara böyük yer versə, bu, cəmiyyət
üçün nə qədər maraqlı olacaq?
– Hesab edirəm
ki, Azərbaycanda araşdırmaya maraq göstərən oxucu
kütləsi var. Bir nümunə gətirim. Mən Türkiyədə
dəfələrlə şahidi olmuşam ki, insanlar 40-50 səhifəlik
bir qəzeti alırlar və bilirsiniz ki, Türkiyədə qəzetlər
çox ucuzdur, ordan özləri üçün maraqlı
olan 2-3 səhifəni götürür və qalanını
zibil qutusuna atıb gedir. Bu, Türkiyədə çox normal
qəbul edilir. Mən ona iddia etmirəm ki, Azərbaycanda,
ümumiyyətlə, dünyada bundan sonra tirajı milyonlarla
olan qəzetlər çıxarmaq mümkündür. Amma
araşdırma jurnalistikasının da öz oxucuları var,
onu oxuyan intellektual kütlə var. Əlbəttə,
MÜASİR OXUCU ZAMANI OLMAYAN OXUCUDUR.
Ona görə
dedim ki, artıq adamlar klassik kompüter qarşısında
oturub xəbər oxumurlar. Onlar yolda gedəndə, nəqliyyatda,
bir yerdə dayanarkən beş dəqiqə içərisində
əllərində olan telefon vasitəsiylə baş verənlərdən
xəbər tuturlar. Artıq oxucu razılaşmır ki, o, gəlsin,
vaxtını itirsin, kompüterin qarşısında xəbər
alsın. O istəyir ki, yolda getsin, eyni zamanda xəbəri dinləsin,
oxusun yəni başqa bir işi görə-görə həm
də xəbərin içində olsun. Müasir oxucu
artıq bizdən bunu istəyir. Müasir texnologiyalar da buna
yönəlib. Amma mən hesab edirəm ki, insan zövqündə
bir qəzet, kitab oxumaq keyfi də var. Bunu oxucuya vermək
lazımdır. Elə qəzet çıxarmaq lazımdır
ki, oxucu vaxtını ayırıb onu oxumaq məcburiyyətini
hiss etsin.
– Bayaq təhsil
məsələsini vurğuladınız. Ümumiyyətlə,
hazırda ən çox müzakirə olunan məsələlərdən
biri də jurnalist təhsili ilə bağlıdır. Media
orqanları jurnalistikanı bitirən gənclərdən
hazır kadr kimi yararlana bilmirlər. Siz işçi
götürərkən bunu hiss edirsinizmi və necə
düşünürsünüz, təhsil sahəsində
hansı yeniliklərə ehtiyac var?
“MEDİA NÜMAYƏNDƏLƏRİMİZ
BÖYÜK MEDİA KORPORASİYALARINDA İŞLƏMƏLİ,
ORDA OLMALI, ŞƏXSİ MÜNASİBƏTLƏR QURMALIDIRLAR”
– Bizə son
vaxtlar hazır, tanınmış jurnalistlərin CV-ləri gəldiyinə
görə, ümumiyyətlə, sıfırdan işçi
götürmək praktikamız çox az olur. Daha çox
CV-lər və müsabiqə yolu ilə işçiləri
qəbul edirik. Amma belə praktikamız da var ki,
çalışırıq universitetlərə açıq
olaq, bura laboratoriya rolu oynasın. Məsələn, Bakı
Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Slavyan
Universiteti ilə mütəmadi olaraq əməkdaşlıq
edirik, bu ali təhsil ocaqlarından praktikantları qəbul
edirik. Əgər onların arasında hansısa ümid verən
tələbələr varsa, onları işə cəlb edib,
sonra isə işə götürürük. Hazırda da
bizim ofisimizdə praktikadan gəlib APA- da işləyən, rəsmi
işçimiz olan insanlar var. Ümumiyyətlə, mənim
yanaşmam belədir ki, bu sahədə bizim yerli
laboratoriyalarımız yaranmalıdır. BSU bildiyimə
görə bununla bağlı bir iş gördü. Azərbaycan
Televiziyasında Etibar Babayevin rəhbərliyi ilə Televiziya
Akademiyası yaradılıb. Bu sahədə mən xüsusi
olaraq “İrəli” Media Akademiyasını qeyd etmək istəyirəm.
Bu akademiyadan daha istedadlı insanlar çıxır.
Çünki orda könüllülük əsasında cəlb
olunurlar. Bu sahədə müəyyən gəlişmələr
var. Amma indiki halda eyni zamanda bilirsiniz ki, Azərbaycanın
dövlət xətti ilə xaricdə təhsil proqramları
həyata keçirilir. Xarici ölkələrə təhsil
almağa gedən tələbələrimiz var və
onların arasında jurnalistika fakültəsinin tələbələri
də var. Hesab edirəm ki, bu sahədə indikindən qat-qat
artıq iş görməliyik. Özü də burada söhbət
tək ondan getmir ki, bu uşaqlar hamısı oxumalı və
gəlib APA, “Trend”, “525”də işləməlidirlər. Bizim
dünya mediasında çalışacaq, böyük
transmilli kompaniyalarda praktika keçəcək və qalıb
orda işləyəcək Azərbaycan diasporasının
üzvü olacaq insanlara ehtiyacımız var. Bu bizim çox
ciddi problemimizdir. Son vaxtlar böyük transmilli media
qurumlarında Azərbaycanla bağlı qalmaqala səbəb
olan yazılar gedir. O yazıların bir çoxunun
arxasında düşmənlərimizin dayandığı
açıq-aşkar bəllidir. Heç bir fakta əsaslanmayan,
hansısa mənbələrə əsaslanan yazılar verilir.
Amma təsəvvür edin ki, həmin media qurumlarında
onların 10-15 nümayəndəsinin olmasına rəğmən,
bizim bir nümayəndəmiz, bir praktikantımız belə
yoxdur. Bir daha təkrar edirəm ki, söhbət yalnız gəlib
Azərbaycanda qalmaqdan getmir, peşəkarlıq deyəndə
təkcə onu nəzərdə tutmuram ki, məqalə yaza
bilmirik və yaxud da dünya standartlarına uyğun yaza
bilmirik. Əlbəttə, belə deyil. Azərbaycanda
yaxşı xəbər yazan jurnalistlər var. Dəfələrlə
xəbərlərimiz transmilli medianın səhifələrində
istinadla öz əksini tapıb. Amma ümumiyyətlə, biz
bu sahədə indikindən qat-qat artıq iş görməliyik.
Azərbaycan üçün bu əsas problemlərdən
biridir. İndi dünyada hər hansı məsələni top
və tüfəng həll etmir. Hər şeyi informasiya
müharibəsi həll edir və biz bu informasiya müharibəsində
zəif durumdayıq. Bunu özümüz üçün
etiraf etməliyik. Səbəbləri də qeyd etdim. Bizim media
nümayəndələrimiz böyük media
korporasiyalarında işləməli, orda olmalı, şəxsi
münasibətlər qurmalıdırlar. Biz ona
çalışmamalıyıq ki, ölkə çərçivəsi
ilə məhdudlaşmayaq.
– İnternet
mediasının inkişafı barədə fikirlərinizi
bildirdiniz. Siz də medianın bu sahəsinə rəhbərlik
edirsiniz. Təbii ki, hazırda bu sahədə ciddi rəqabət
gedir. APA və rəhbəri olduğunuz digər saytların
öndə olması, bu rəqabətlə ayaqlaşması
üçün nə kimi yeniliklərin tətbiqini
düşünürsünüz?
– Bizim bir xeyli
yeniliklərimiz olacaq. Mən onları açıqlamaq istəmirəm.
Dediyiniz kimi rəqabət mühitində
çalışırıq. Amma bu yaxınlarda bizim tamamilə
yeni bir sistemimiz olacaq, onu oxucularımız görəcək.
Artıq bununla bağlı işə
başlamışıq. Əsas məsələ, prioritet
bundan ibarətdir ki, bizim mətbuat orqanlarımız müasir
texnologiyaların bütün vasitələrində
açılıb oxunmalıdır.
İNTERNETDƏ PROBLEM OLA BİLƏR, AMMA
TƏQDİMATDA PROBLEM OLMAMALIDIR.
Hər yerdən
görünmək lazımdır. Müasir oxucu istəyir ki,
harda varsa xəbər onun ayağına gəlsin. Yəni
bütün texnikalar vasitəsiylə. Ona görə
bütün saytlarımızı buna adaptasiya etmək istəyirik.
Yeni layihələrimiz var. Qrupun daxilində tamamilə yeni bir
layihə işləyirik. Biz indiyə qədər Azərbaycan
mətbuatında tətbiq olunmamış bir layihə işləyirik
və yaxın günlərdə bunu görəcəksiniz.
Başqa layihələrimiz də var, yaxın altı ay
üçün 4 layihəni həyata keçirməyi nəzərdə
tutmuşuq. Amma mən hələlik açıqlama vermək
istəmirəm, yavaş-yavaş onlara start veririk.
– Bu yeniliklər
içərisində yeni saytların olması da
mümkündürmü?
– Saytlar da
olacaq və onların içərisində yeni texnologiyalara,
dünya standartlarına uyğun müəyyən dəyişikliklər
də olacaq.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 8 oktyabr.- S.10-11.