“Şərq qapısı” – Sovet dövrünün müstəqilləşən mətbuat orqanı kimi

 

Mətbuat hər ölkənin tarixinin bir parçası, Həsən bəy Zərdabinin təbirincə desək hər bir vilayətin güzgüsüdür. Zaman nə qədər sürətlə ötsə də, tarixi geri vərəqləməyin ən asan, eləcə də dəyişməyən yolu onu mətbuat səhifələrində izləməkdir.

Kommunist-totalitar rejimin illər boyu əsarət altında saxladığı 15 respublikada, o cümlədən Azərbaycanda ideoloji təbliğatın əsas vasitəsi mətbuat sayılırdı. Bu baxımdan siyasiləşmiş mətbuatı həm də keçmiş SSRİ tərkibində olan respublikaları idarə edən, xalqın iradəsi və şüurunu dövlətin maraqları çərçivəsində yönləndirən mexanizm kimi də qəbul etmək olar.

1988-ci ildən Azərbaycanda baş qaldıran azadlıq hərəkatı 1990-cı ilin yanvarında özünün ən yüksək, eyni zamanda qanla əldə olunan azadlıq zirvəsini fəth etdi. Rus-erməni qoşun birləşmələrinin Bakı şəhərində törətdiyi qanlı yanvar hadisələri yalnız yüzlərlə soydaşımızın qanının axıdılması ilə nəticələnmədi. Moskvada ermənipərəst M.S.Qorbaçov rəhbərliyinin hazırladığı plana eyni zamanda Naxçıvanın ermənilər tərəfindən işğalı da daxil edilmişdi. Naxçıvanın qeyrətli ər oğullarının canlarını düşmən qarşısında sipər edib ermənilərin yurdumuzu işğalının qarşısını almaları həmin dövrdə blokada şəraitində yaşayan bu kiçik torpağı həm də azadlıq mübarizəsinin mərkəzinə, sonrakı illərdə isə idarəedici qüvvəsinə çevirdi.

Zülmə və əsarətə, haqsızlığa dözüm səbri tükənən xalqın tələbi ilə Naxçıvan MR Ali Soveti 1990-cı il yanvarın 20-də Naxçıvanın SSRİ tərkibindən çıxması haqqında bəyanat verdi. Bəyanat Naxçıvan televiziyası, eləcə də rabitə işçilərinin yaratdığı imkan vasitəsilə radio ilə orta dalğada beş dildə dünya ictimaiyyətinə çatdırıldı. Xaosun yaratdığı imkandan faydalanaraq hadisələri obyektiv xalqa çatdırmaq istəyində olan bir qrup Naxçıvan ziyalısı muxtar respublikanın rəsmi dövlət qəzeti olan “Şərq qapısı”nı müstəqil nəşr etdirmək qərarına gəldilər. Qarışıq siyasi vəziyyətdə dövlətin əsas mətbu orqanı sayılan qəzetin baş redaktorubir çox əməkdaşları rəhbərliyin göstərişi olmadan qəzeti müstəqil nəşr etdirməyin mümkünsüz olduğunu bildirdilər. Lakin hadisələrin sonrakı gedişini göz önünə almayan, müstəqil olmaqazad yaşamaq ideyasının reallaşmasına can atan bir qrup qələm sahibi bu məsuliyyətli yükü öz çiyinlərində daşımağa razı oldular.

“Şərq qapısı” qəzetinin 19 yanvar 1992 tarixli (¹008 (16100) nömrəsində Muxtar Respublikanın xalq deputatı Telman Quliyev müstəqil qəzetin meydana gəlmə zərurəti haqqındakı xatirələrini oxucularla bölüşür. Müəllif bütün hadisələrin Naxçıvan MSSR Ali Sovetinin “Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması haqqında qərarı”nı “Şərq qapısı” qəzetinin 20 yanvar tarixli nömrəsində dərc edilməsi ilə başladığını qeyd edir: “Mən Ali Sovetin foyesində televiziya və mətbəə işçilərinin bu vacib qərarın xalqadünyaya çatdırmaları üçün öz yerlərinə getmələrini xahiş etdim...Mətbəəyə getdim. Səhifə quran Lətafət xanım mətbəənin qapısında təkcə dayanmışdı. Lətafət xanımın köməkliyi ilə bir saatdan sonra mətbəə işçiləri öz yerlərində idilər. Ali Sovetin qərarını Namiq cəlilov, Yaşar Seyidov, Rəfael İlyasov, Tofiq Seyidov rus dilinə tərcümə etdilər. Biz ancaq ali sovetin qərarını və əvvəlcədən nəzərdə tutulmuş materialları verməyi qərara aldıq. Həmin materialların içərisində M.S.Qorbaçovun məruzəsi də var idi. Bu bizi qane etmədiyindən məsul katib Afiq Haqverdiyevlə kiçik formatlı bir qəzet buraxmağı qərarlaşdırdıq. Birinci səhifə tərtib edildi, adının yanında olan “Şərəf nişanı” ordenini kəsib atdıq, o biri səhifələrdə də müvafiq material verildi. Müstəqil Naxçıvan Respublikasının ilk qəzeti “Şərq qapısı”nın ilk nömrəsi belə yarandı”.

Fəsahət Əlioğlu, Əli Şamilov, Qahirə Hüseynova, Yadulla Musayev, Namiq cəlilov, Afiq Haqverdiyev kimi vətən fədailərindən ibarət yaradılmış redaksiya heyəti Sovetlər Birliyində ilk müstəqil qəzet nəşr etməyə nail olurlar. Qəzetin ikinci nömrəsinin tarixi bazar gününə düşsə belə qəzetdə gedəcək materialları hazırlamaq çətin olmur. Çünki illər uzunu adamların içində boğulmuş hisslərdən yoğrulan bu yazılar rus imperiyasının buxova çevrilmiş kommunist rejiminə qarşı nifrətlə, kin-küdurətlə dolu idi. Nömrələr bir-birini əvəz etdikcə yazıların da mənası dolğunlaşır, qəzetin xətti müəyyənləşir, müəlliflərin sayı artırdı.

Qəzetdə müxtəlif imzalara da rast gəlmək mümkündür. Bu fakt bir daha onu təsdiqləyir ki, qəzetlə əməkdaşlıq edən İsa Həbibbəyli, Fərman Xəlilov, Muxtar Qasımzadə, Adil Qasımov, Cəfərqulu Paşayev, ceyran xanım, Möhsün Şərifoğlu, Həmid Arzulu, Asim Yadigar və adlarını qeyd etmədiyimiz onlarla yaradıcı insan müstəqillik uğrunda gedən mübarizənin bayraqdarı olan mətbu orqanı yaratmaqyaşatmaq arzularını gerçəkləşdirən qüvvələrə çevrilmişdilər.

Birlikdemokratiya uğrunda” şüarını əsas götürən qəzet 10000 tirajla Naxçıvan Respublikasının qəzeti kimi oxuculara təqdim olunurdu. Ən maraqlısı isə odur ki, ömrü çox qısa olmasına baxmayaraq, böyük rezonans doğuran ilk müstəqil mətbu orqan 70 il susmağa məcbur edilən xalqın tribunasına, yazmaq yanğısının təşnəsinə çevrilmişdi.

Cəmi səkkiz nömrəsi işıq üzü görən qəzetdə təqdim olunan mövzuları tematikasına görə bir neçə qrupa bölmək mümkündür: xəbərlər, münasibət, müraciətlər, tarixi arayış, dünya mətbuatından səhifələr, teleqramlars.

Formatının kiçik olmasına baxmayaraq, cəbhə xəttində, eləcə də Bakıda baş verən hadisələri tam dolğunluğu ilə operativ şəkildə təqdim edən gündəlik qəzetin ikinci nömrəsinin baş səhifəsində Azərbaycan və rus dillərində “Dünya xalqlarına müraciət” dərc olunmuşdur. Müraciətdə deyilir: “Azərbaycan xalqı misli görünməmiş təcavüzə məruz qalmışdır. Naxçıvan Respublikasında hər an kütləvi qırğın baş verə bilər...Dünya dövlətləri, planetin bütün vicdanlı insanları, bizə kömək əlinizi uzadın! Azərbaycan türklərinin qanının axıdılmasına yol verməyin!”.

Hadisələrin gedişi ilə əlaqədar qəzetin, demək olar ki, hər nömrəsində müxtəlif səpgidə müraciətlərin verilməsinin şahidi oluruq. Belə müraciətlərdən “Naxçıvan Respublika qadınlarının dünya qadınlarına müraciəti”, “Naxçıvan şəhər qadınlarının Naxçıvan qarnizonu hərbçilərinin qadınlarına müraciəti”, “Naxçıvan ziyalılarının dünya xalqlarına müraciəti”, “Naxçıvan “Tövbə” cəmiyyəti ağsaqqallar şurasının müraciəti”ni misal gətirmək olar. Əksər müraciətlərdə Azərbaycanda baş vermiş faciələrin əsl mahiyyəti, erməni şovinistlərinin törətdiyi cinayətlər, asayişin və əmin-amanlığın bərpasına çağırış motivləri əsas yer tutur.

İlk müstəqil qəzetdə verilən hər bir məqalə, qeyd, hətta elan da tarixi əhəmiyyəti ilə seçilir. Lakin onlardan bir neçəsini xüsusi qeyd etmək lazım gəlir. Belə yazılardan şair, publisist Hüseyn Razinin qəzetin ikinci sayında təqdim etdiyi “Xəyanət və qəddarlıq fəlsəfəsi” adlı fəlsəfi-siyasi düşüncələr toplusu olan publisistik məqaləsi maraq doğurur. Şair siyasi hadisələr burulğanında boğulmağa məhkum olunmuş xalqın başına açılan müsibətlərdən bəhs edir, faciələrin təməlini xəyanətdə, satqınlıqda olduğunu düşünür və məqaləsini nikbin misralarla tamamlayır:

 

“Xəyanət nə qədər pərdələnsə də,

Onu, zülmət olub göydən ensə də,

Günəşin qüdrəti yerdən parçalar!...”

 

Qəzetlə əməkdaşlıq edən hər bir qələm sahibinin insanlarda mübariz hərbi-vətənpərvər ruhun formalaşması, vətəndaşların dost və düşmənlərini yaxından tanımaları məqsədilə erməni siyasətinin iç üzünü ortaya qoyan, tutarlı tarixi, elmi araşdırmalara söykənən faktlara müraciət etməsi də təsadüfi deyil. Qəzetin 27 yanvar tarixli 7-ci sayında ziyalılardan Yavuz Axundov, İsa Həbibbəyli və Arif Əliyevin birgə təqdim etdikləri M.S. Ordubadinin “Qanlı sənələr” əsərindən Naxçıvanla bağlı bəzi məqamlar “Bu günlə səsləşən faciələr” sərlövhəli giriş məqaləsi ilə təqdim olunur. Məqalə müəllifləri yazırlar: “Qanlı sənələr” bütövlükdə Zaqafqaziya regionunda, daha çox Azərbaycandakı daşnak fitnəkarlığının səbəbləri, gedişatı və qanlı nəticələri haqqında hələlik ən iri həcmli və obyektiv əsərdir...Həmin əsər təkcə 1905-1907-ci illərin faciələrini realistcəsinə, tarixi faktlar əsasında əks etdirməsi deyil, həm də son illərin dəhşətli faciələri ilə həmahəng olduğuna görə də aktualmüasir səslənir”.

Qeyd edək ki, “Şərq qapısı”nda təqdim olunan parçalar 1911-ci ildə Bakıda əski əlifba ilə nəşr olunan “Qanlı sənələr”in 79 ildən sonra Azərbaycan mətbuatında ilk dəfə işıq üzü görməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Maraq doğuran məqalələrdən biri də 25 yanvar 1990-cı ildə cəbhədən gələn məktubdur. Məktub müəllifi fəlsəfə elmləri namizədi Eynulla Mədətov hətta döyüş bölgəsində Naxçıvan Respublikasının ilk qəzetinin böyük səbirsizliklə gözlənildiyini qeyd edərək, qəzetin nəşrini birlikdemokratiya uğrunda atılmış ilk addım kimi dəyərləndirir. Sovet ideologiyasının acı nəticələrinin öz tarixi-fəlsəfi düşüncələri ilə izah etməyə çalışan müəllif, atışma sədaları altında fikrini yekunlaşdırmağa məcbur olur: “Hava telefonumuzun cingiltili zəngi məni bu ağır düşüncədən ayırdı. Müşahidəçimizin təlaşla dediyi “qarşı tərəfdən avtomat səsləri eşidilir” sözlərini eşitcək, hamı müdafiə mövqeyinə tələsdi”...

İlk müstəqil qəzet, təbii ki, yalnız məqalələr toplusundan ibarət deyildi. Qəzetin foto müxbiri Aftandil Ağalarovun lentə aldığı maraqlı fotoşəkillər qəzeti oxunaqlı etməklə bərabər, eyni zamanda şəkilaltı yazıları ilə də diqqəti cəlb edir. Məsələn, qəzetin 26 yanvar tarixli sayında son səhifədə verilmiş fotoların altında belə yazılıb: “30 ilə yaxındır fotoaparat əlimdədir...Saysız-hesabsız cürbəcür məqamları obyektivə almışam...Bu illər ərzində obyektivi çəkəcəyim süjetə, çəkəcəyim ana tuşlarkən bir dəfə də olsun əllərim titrəməyib. Tale mənə ömrümün bu qışında ürəyimi didib-parçalayan, gözlərimə yaş gətirən bu anları çəkməyi də məsləhət gördü...Şəkillərin əksi pis çıxarsa, bağışlanmağımı xahiş edirəm. Çünki onların aşkarlayıcı dərmanına göz yaşları qarışıb”.

Müstəqil qəzetin 26 yanvar tarixli 6-cı sayında redaksiya heyətinin oxuculara qəzetlə əməkdaşlıq etmələri üçün dərc etdikləri müraciəti bu arzu ilə yekunlaşırdı: “Çalışaq ki, fidan “Şərq qapımız” qollu-budaqlı, köklü-köməçli çinara dönsün. Bu çinarın təzə-tər yarpaqları güneyli-quzeyli Azərbaycanımıza həzin-həzin, kövrək-kövrək nəğmələr oxusun. Azadlıq və birlik nəğmələri”.... Yaradıcı heyətin qəzetlə bağlı bəslədikləri böyük ümidlər yarımçıq qalır. 28 yanvar 1990-cı il Naxçıvanda ilk müstəqil qəzetin nəşr olunduğu son tarixi gün olur.

Bu haqda qəzetlə qısa müddətdə əməkdaşlıq edən Namiq cəlilov 2 il sonra “Şərq qapısı” qəzetində yazırdı: “Şərq qapısı”nın 8-ci nömrəsinə növbətçilik etmək mənə həvalə olunmuşdu. Ağlıma belə gəlməzdi ki, bu qəzetin son nömrəsi olacaq”.

Rus əsgərlərinin Naxçıvana doğru hərəkət etdiyi haqda yayılan məlumatlar redaksiya əməkdaşlarını qorxutmur. Əli Şamilovun mənəvi dəstəyi ilə əməkdaşlar bütün gecəni yuxusuz qalsalar belə qəzetin 8-ci nömrəsini dərc etməyə nail olurlar.

Namiq cəlilov xatirələrində yazırdı: “Mətbəə işçiləri Lətafət və Mətanətin böyük səyi nəticəsində nömrəni çapa hazırlaya bildik. Səhərisi redaksiyada yığıncaq oldu. Partiya komitəsindən gəlmiş nümayəndə burada çıxış etdi. Dedi ki, “Şərq qapısı” yenidən partiya və hökumətin orqanı kimi çıxmalıdır. Əvvəlki kimi böyük formatla, “Şərəf nişanı” ilə. Mətbəənin imkanı olarsa, “kiçik” qəzeti də paralel şəkildə çıxarmaq olar.

Mətbəənin imkanı, əlbəttə, olmadı. “Böyük qəzet” yenidən fəaliyyətə başladı. Köşklərin qarşısında isə növbələr qısaldı. Naxçıvanlılar az müddətdə oxucu məhəbbəti qazanmış “kiçik qəzet”i gözləyirdilər”.

Daha sonra cərəyan edən siyasi hadisələr nəinki mətbu orqanın nəşrini dayandırır, eyni zamanda Naxçıvan Respublikasının da qısa müddətli müstəqillik mövcudiyyatına son qoyur. Ta ki, 1990-cı ilin iyulunda dahi öndər Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışınadək.

Çox keçmir ki, elə Naxçıvan MR Ali Məclisinin Sədri işləyən Heydər Əliyevin rəhbərlik etdiyi sessiyada 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilir, üçrəngli bayrağımız yenidən qaldırılır, müstəqil yaşamaq istəyən xalqın arzuları, ümidləri reallaşır.

Lakin Sovetlər Birliyində ilkson müstəqil qəzet kimi nəşr olunan “Şərq qapısı” qəzetinin səkkiz nömrəsi yuxusuz gecələrin, qanla yazılan qələmin, fədakar insanların əvəzsiz əməyinin bəhrəsi kimi silinməyən tarixə çevrilir... Saralmış vərəqləri azadlıq coşğusu ilə basılmış tarixə....

 

 

Surə SEYİD,

Naxçıvan Dövlət Universiteti

Jurnalistikadünya ədəbiyyatı”

kafedrasının müdiri,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 11 oktyabr.- S.6.