“Mədəniyyət haqqında” qanun layihəsində hansı məsələlər öz əksini tapacaq?

 

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovdur.

 

– Nizami müəllim, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına “Mədəniyyət haqqında” qanun layihəsi də daxil edilib. Bu haqda nə deyərdiniz?

– Bu sessiya dövründə “Mədəniyyət haqqında” qanuna ciddi dəyişikliklər olunacaq. Hətta, ola bilsin ki, bu qanun yenidən işlənib qəbul edilsin. “Mədəniyyət haqqında” qanuna əlavələr və dəyişikliklər edilməzdən öncə bu qanunun tam dəyişdirilməsi, yenilənməsi təklif olunur. Bu qanun layihəsi bizim iştirakımızla Mədəniyyət və Turizm Nazirliyində hazırlanıb. Hazırda bu sənəd üzərində iş gedir. Köhnə qanunla yenə qanunu qarşılaşdırıb bir nəticəyə gələcəyik. Əgər zərurət yaransa ki, qanun tam yenilənməlidir, o zaman yeni layihəni qəbul edəcəyik. Yox əgər görsək ki, hazırkı qanun çox da köhnəlməyib, bu zaman müəyyən məsələləri əlavələr və dəyişikliklər şəklində həll edəcəyik. Lakin bu zaman dəyişikliklər həddindən artıq çox olacaq...

– Yeni qanunvericiliyə təklif olunan dəyişikliklər bəs hansılardır?

– Burada mədəniyyət və incəsənət qurumlarından, prodüser anlayışından, mədəniyyət və incəsənətin sənayesindən, yaradıcılıqdan, beynəlxalq mədəni əlaqələrdən söhbət gedir. Eyni zamanda, mədəniyyətin və incəsənətin istehlakı məsələsi yeni qanunda əksini tapacaq ki, burada da məhsulun oxucuya, tamaşaçıya necə çatdırılması məsələsindən bəhs olunur. Belə məsələlər çoxdur. Həm də biz, köhnə qanuna nisbətən indi daha iddialıyıq. Çünki artıq Azərbaycanda mədəniyyətin inkişaf prosesi gedir və yeni məsələlər orta çıxıb. Mədəniyyətin və incəsənətin maddi təminatı xeyli yüksəlib. Bu baxımdan, bizim daha iddialı bir qanun layihəsi təqdim etmək imkanımız var. Hər halda, mən o fikirdəyəm ki, biz yeni qanun qəbul edəcəyik...

– Bu sənəddə şou-bizneslə də bağlı məqamlar əksini tapıbmı,tapacaqmı?

– Burada şou-bizneslə bağlı məsələ də əksini tapacaq. Elə məsələlər var ki, biz onları ictimaiyyətin ixtiyarına buraxmalıyıq. Yəni, orada çoxlu qadağalar və ya başqa yanaşmalar olmamalıdır. Amma bununla yanaşı, şou-biznesdə sənətkarlığı, professionallığı yüksəltmək üçün əsas iş televiziyaların üzərinə düşür. Çünki əksər hadisələr məhz televiziyalarda baş verir. Ona görə də televiziyalarda nəsə bir nəzarət mexanizmi olmalıdır. Bunu bədii şuralar şəklində və ya başqa formada həyata keçirmək olar. Məsələn, ATV telekanalında belə bir təcrübə mövcuddur. Ona görə ki, ən çox şou xəbərləri o telekanalda yayımlanır. Həmin televiziyada bir şura yaradılıb. Düzdür, bu şura heç nəyi qadağan eləmir, amma sadəcə , məsələni müzakirə edib fikir bildirir. Bunun özü də peşəkarlığın artmasına xidmət edir. Hər halda, mən düşünürəm ki, yeni mədəniyyət qanununda televiziyaların mədəniyyət, incəsənət və şou-biznes verilişləri ilə bağlı xüsusi mülahizələr olmalıdır. Bu mülahizələr yaxşılaşmağa, keyfiyyəti artırmağa və təcrübə mübadiləsi aparmağa xidmət etməlidir. Biz görürük ki, Azərbaycanda şou Azərbaycanın öz təbiətindən çıxmayıb. Bu, dünyada gedən bir prosesdir və ölkəmizə kənardan gəlib. Amma burada da təqlidçilik, yüngüllük çoxdur . Hər halda biz deklorativ də olsa, bu məsələlərə baxıb fikir bildirəcəyik ki, şou-biznes nədir, onun fəaliyyət mexanizmi necədir, ümumiyyətlə, şou anlayışı nə deməkdir.

Onu da bildirim ki, dünyada olduğu kimi, Azərbaycanda da incəsənətdə pornoqrafiyanın qarşısını almaq məqsədilə yeni mədəniyyət qanununda hansısa maddələr əksini tapacaq. Mən demirəm ki, şou-biznesdə pornoqrafik materiallar var. Amma bəzən bu sahədə yüngüllük, qeyri-peşəkarlıq, şitlik o həddə çatır ki, bunun özü pornoqrafiyadan təhlükəlidir. Ümumiyyətlə, biz bütün məsələlərə yeni qanunda baxıb münasibət bildirəcəyik. Hesab edirəm ki, hər şey öz qaydasına düşəcək. Düzdür, hələ bu məsələ heç Mədəniyyət komitəsində müzakirə olunmayıb. Amma payız sessiyasında biz bu işi həll edəcəyik. Çox güman ki, bu məsələ payız sessiyasının sonuna kimi həllini tapacaq. Biz artıq işlərimizi intensivləşdirmişik.

 

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2011.- 11 oktyabr.- S.4.