Sevginin fəlsəfəsi:
tarixən və bugün
Əsrlər boyu sənətkarlar məhəbbəti tərənnüm edib, psixoloqlar və sosioloqlar onun səbəblərini və inkişaf meyllərini araşdırıblar. Məhəbbət qədər insan beynini və düşüncəsini məşğul edən ikinci bir həyat möcüzəsi göstərmək çətindir. Amma polemika bitməyib, tədqiqatlar qapanmayıb. Sənətkarlar eşqin eşqinə düşməkdən yorulmayıblar. Sevgi-məhəbbət-eşq daim yaradıcı adamların ilham mənbəyi olub. Məhəbbətə dastanlar qoşulub... Sürətli texniki tərəqqi və informasiya dövrü kimi səciyyələnən XXI əsrin insanı da sevib-sevilməkdən imtina etməyib. Çünki sevgi göylərin yerlərə, Allahın İnsana ərməğanıdır. Sevgi elə bir möcüzədir ki, Adəmlə Həvvadan bu yana Yer üzündə gedən bütün dəyişikliklərə sinə gərib, sirrini və sehrini, cazibəsini qoruyub.
Sevgi.
Hamıya tanış olan hiss. Mayasında dayanan nədir? Tarixən
sevginin fəlsəfəsindən çox yazılıb, amma
konkret nəticəyə gəlinməyib. Bu duyğunun
kimyasını da araşdıran çox olub, ancaq
günümüzədək onun formulunu tapan olmayıb.
Çünki sevgi özəl bir duyğudur və Yer
üzündəki insanların sayı qədər təzahür
formaları var. Ümumi cəhəti isə birdir:
bütün siyasi partiyaların təməl amalı hakimiyyətə
gəlmək olduğu kimi, bütün sevgilərin də (əks
cinslərin sevgisindən söhbət gedir) təməlində
qovuşmaq, vüsala yetmək istəyi dayanır.
Qovuşandan sonra sevginin nə qədər sürəcəyi
isə məsələnin başqa tərəfidir.
Sevgi –
özünü unudub (ya da heçə sayıb)
qarşıdakı üçün yaşamaqdır, sevdiyini
özündən önə qoya bilməkdir, onun
maraqlarını üstün tutmaqdır, sevdiyin şəxsin
istək və arzularının həyata keçməsinə
çalışmaqdır, nəhayət, öz xoşbəxtliyini
onun xoşbəxtliyində görməkdir. Sevgi – sevdiyini hər
gün görmək, eşitmək, duymaq ehtiyacıdır.
Zamanını, ömrünü onunla paylaşmaq həvəsidir.
Sevgi – qarşısıalınmaz cazibə qüvvəsidir,
göz görə-görə insanı bataqlığa da
sürükləyə bilər... Sevgidə “korluq” da var, bəyəndiyin
şəxsin nöqsanlarını görməyə bilərsən.
Sevgi elə
bir duyğudur ki, sevən şəxsin bioloji
varlığında fizioloji dəyişikliklər etməyə
qadirdir: həm cavanlaşmaya və sağlamlaşmaya
doğru, həm də qocalmaya və dərd əhlinə
dönməyə doğru. (Elmə çoxdan məlumdur ki,
sevən, eşqə düşən şəxsin orqanizmində
maddələr mübadiləsi dəyişir.) Sevgi –
möcüzələr yaratmağa qadir qüvvədir.
Dünya kinematoqrafiyasına nəzər salsaq, bir sıra filmlərdə
ağır xəstəliyə mübtəla olmuş
insanların məhz sevgi sayəsində, aşiq olduğunun
qayğısından və məhəbbətindən pərvazlanaraq
həyata bağlandığını,
sağaldığını, xərçəng xəstəliyinə
belə qalib gəldiyini görmüşük. Bütün
bunlar ssenarist və rejissor təxəyyülünün məhsulu
deyil, həyatdan götürülmüş ibrətamiz hadisələrdir.
Təbabətin aciz qaldığı bir sıra məqamlarda
insanın ali duyğuları köməyə gəlir. Mənəvi
dayağın mövcudluğu xəstəyə dava-dərmandan
daha güclü təsir göstərir. Son nəticədə
insan mənəviyyatı, iradəsi qalib gəlir, xəstə
sağalır. Əlbəttə, heç də bütün
hallarda əzizlərinin sevgisi insanı xilas edə bilmir. Lakin
sonu nağıllar aləmindəki kimi xeyirin şər üzərində,
sevginin xəstəlik üzərində qələbəsi ilə
bitən hadisələr duyğuların qüdrətinin təcəssümüdür.
Ona görə el arasında sözün müstəqim və
məcazi mənalarından ustalıqla istifadə edərək
deyiblər ki, sevgi-məhəbbət insana qanad da verə bilər,
onun qol-qanadını sındırıb bədbinliyə
düçar edə, həyatdan küsdürə də bilər.
Şərqdə
əfsanələşmiş Leyli-Məcnun məhəbbətini
XII əsrdə nəzmə çəkən dahi Azərbaycan
şairi Nizami Gəncəvi ilahi duyğulara sözdən
yoğrulmuş abidə ucaltdı. O, əsərin baş qəhrəmanı
olmayan İbn Salam obrazının timsalında fədakarlığın
simvolunu yaradaraq Şərq kişisinin qadına bəslədiyi
ali münasibəti sərgilədi. Nizami göstərdi ki, o
dövrün qadını cəmiyyətdə söz sahibi
olmasa da, ailədə, ər yanında ən yüksək
ehtirama layiq görülüb. Onun istəkləri, izzət-nəfsi
nəzərə alınıb və... insan kimi, şəxsiyyət
kimi qadının hüquqları qorunub. Sizcə, İbn
Salamın fədakarlığının mayasında dayanan
daha böyük sevgi deyildimi?! İbn Salam surətinin ədəbiyyatdakı
varlığı belə bizə imkan verir ki, Şərq
kişisinin xarakteri və qadına münasibəti barədə
Qərb düşüncəsində mövcud olan stereotipi
dağıdaq, yanlışlıqlara düzəliş verək,
gender bərabərliyinin özünəməxsusluqlarına
zaman və məkan, şərqli və qərbli mentaliteti
rakursundan nəzər salaq.
Əfsanəyə
görə, Leylini Məcnun qədər sevməyən, sadəcə
onunla evlənən İbn Salam nikahlı qadınının
hisslərinə hörmətlə yanaşır və Leyli
istəmədiyi üçün ona toxunmur. Beləliklə də,
Məcnunun eşqindən qəhr olan Leyli ər evində bəkarətini
qoruyub saxlaya bilir və bu jestlə sevdiyinə sədaqətini,
əhdinə vəfasını təsdiqləyir. Yəni “ey Məcnun,
sən olmazsansa, dünya nemətlərini özümə
haram edərəm” – deyir. Leyli ikiqat əzab içindədir:
həm ayrılığın acısını
yaşayır, həm də qanuni əri qarşısında
qadınlıq borcunu yerinə yetirə bilməməyin xəcalətini
çəkir. Bu, XII əsrin təfəkkürü, adət-ənənəsi,
mentalitetidir. XXI əsrdə yaşayan gənc qızlar
arasında isə kiminsə problemi bu cür çözəcəyi
ağlabatan deyil. Çünki dövrümüzdə
qızın razılığı olmadan, istəmədiyi və
heç tanımadığı bir oğlana ərə verilməsi
nadir rast gəlinə bilən hadisələrdəndir.
Leylini Məcnuna
cəzb edən nə idi? Əslində Leyli gənc bir
oğlan, fərd və şəxsiyyət olaraq Məcnunu
deyil, Leylini sevən Məcnunu sevirdi. Əgər Leyli İbn
Salama şans versəydi, kim bilir, az sonra bəlkə onu Məcnundan
daha çox sevəcəkdi və uşaqlıq məhəbbətini
– Məcnunu unudacaqdı... Amma Leyli İbn Salama bu imkanı
vermir. Özünü ilahi duyğuların zindanında dustaq
edir və hisslərinə azadlıq-sərbəstlik vermir.
Leylinin dünyası reallıqdan çox uzaqdır, o, platonik
məhəbbət aləmində yaşayır. Göylərdən
yerə enmək ismətli, vəfalı şərqli
qızının ağlına belə gəlmir. O, həyatı
bahasına Məcnuna sədaqətini qoruyur.
Leyli Məcnunu məktəbdən tanıyıb sevmişdi, görüb aşiq olmuşdu, danışıb anlaşmışdı. Məhəbbət bu iki gəncin qəlbinə haradan yol tapmışdı: gözlərdən-baxışlardanmı, səsdən-sözdənmi, davranışdanmı, qarşı tərəfin cazibəsindənmi, yoxsa xoş münasibətindənmi?? Bəlkə də, öz içindəki sevmək ehtiyacından?.. Kim zəmanət verə bilər ki, ilk məhəbbətində uğursuzluğa düçar olan həmin gənclər daha geniş çevrədə tay-tuşlarını görmək-tanımaq-danışmaq imkanına malik olsaydılar, təkrarən aşiq olmazdılar? Onlarda başqa “Leyli”yə və yaxud başqa “Qeys”ə qarşı sevgi hissləri oyanmazdı?.. Bunu kimsə proqnozlaşdıra bilməz.
Eşqin böyüklüyünü, çərçivələrə sığmadığını, cəmiyyət qanunlarına belə qarşı çıxmaq iqtidarında olduğunu tərənnüm edən Nizami eşqdən cünun (dəli) olub çöllərə düşən Qeysin timsalında, əslində, platonik məhəbbətin kütlə tərəfindən bəyənildiyini, amma qəbul edilmədiyini göstərdi. Nizami dühası sanki platonik məhəbbət tülünün üzərinə şəfəq salaraq vəziyyəti aydınlatdı: göstərdi ki, ilahi məhəbbət və bu hissin daşıyıcıları olan insanlar sağlıqlarında, yəni var ikən qınağa məruz qalırlar, dünyalarını dəyişəndən, aramızdan köçəndən sonra isə alqışa layiq görülürlər! Bu da həyatın qəribə bir təzadıdır. Dünənədək dəlicəsinə bir-birini sevən və qovuşmalarına əngəl olan mühitə qarşı çıxan, daşlaşmış norma və qaydalara tabe olmayan aşiqləri qınayan cəmiyyət onları axirət dünyasına yola salandan sonra məsələyə başqa nöqteyi-nəzərdən yanaşmağa başlayır. Fiziki anlamda dünyanı tərk edən insanın həyatı və məhəbbəti mənəvi anlamda yaşadılır, bu hadisəni şüurundan silə bilməyən cəmiyyət onu ilahiləşdirir, nakam məhəbbət əfsanəyə dönüb əsrləri yola salır... Qeysin “Məcnun”, yəni “dəli” adlandırılması məhz toplumla fərd arasındakı, insanların şüurunda kök salmış qaydalarla platonik məhəbbətin qaydasızlığı arasındakı fərqin bariz təcəssümü idi. Hamı kimi sevməyən, eşqində bənzərsiz olan Məcnun öz doğma mühitində “ağ qarğa”ya çevrilmişdi. Amma yaşadığı cəmiyyətdən təcrid olunması belə onu Leylidən döndərə bilmədi. Məcnun son nəfəsinədək eşqinə sadiq qaldı!
Leylini sevirdimi Məcnun? Əgər sevirdisə, niyə onu rədd etdi, “get, get, sən Leyli deyilsən”, – deyə sevgilisinə qovuşmaqdan imtina etdi?? Sualın cavabını ancaq platonik məhəbbət müstəvisində araşdırmaq mümkündür. Çünki Məcnun eşqin elə bir mərtəbəsinə ucalmışdı ki, sevdiyini ilahiləşdirmişdi. O artıq cismani həzzin deyil, ilahi duyğuların cazibə dairəsindəydi. Məhz buna görə, qarşısındakı Leylini rədd edərək xəyalındakı Leylinin oduna alışıb-yanırdı...
Əsrləri aşıb gələn bu böyük məhəbbət bütün dövrlərdə qəlbləri titrətsə də, ona münasibət zaman-zaman fərqli olub. Hələ dünyanın düz vaxtlarında, münasibətlərin kirlənmədiyi və bir sıra dəyərlərin hörmətdən düşmədiyi XX əsrdə belə Leyli-Məcnun məhəbbətindəki acizlik amili ictimai nəzərdən yayınmırdı. (Oxucular arasında “acizlik” kəlməsinə görə bizi qınayanlar ola bilər. Amma bu, ictimai düşüncəni dəyişməz.) Sevginin Leyli-Məcnun ucalığı da aşiqlərin zəifliyini, gücsüzlüyünü ört-basdır edə bilmirdi. Reallıqla vuruşmaq, ya da barışmaq əvəzinə xəyalata təslim olmaq meyli məqbul sayılmırdı. Leylinin sevilmə dərəcəsinə qibtə edən çox idi, lakin Leylinin yerində olmaq istəyən qızlar yox idi! Leyli-Məcnunun dövrü də, mühiti də, aldığı tərbiyə də hamıya bəlli idi. Hamı qəbul edirdi ki, o şəraitdə başqa cür hərəkət etmək və çıxış yolu tapmaq müşkül məsələydi. Lakin bütün bunlara baxmayaraq XX əsrin insanları, sevib-sevilən gənclər Leyli və Məcnunun mübarizliyinin yetərli olmadığı fikrindəydilər. Düşünürdülər ki, dəli olub çöllərə düşməkdənsə, mühitin yaratdığı problemin başqa çözüm yolunu aramaq lazımıydı.
Dünya ədəbiyyatı tarixi ölməz məhəbbətin rəmzinə çevrilənləri dinindən, dilindən, irqindən asılı olmayaraq eyni pyedestal üzərində heykəlləşdirib. Xüsusilə, nakam sevgilər ilham pərisinə çevrilərək bədii təxəyyülü daha çox qanadlandırıb. Yaranan əsərlər yaşadıqları dövrdə çoxlarının tanımadığı Qeyslə Leylini, Xosrovu, Fərhadı və Şirini, Romeo ilə Cülyettanı, Tristanla İzoldanı,.. xalqlara tanıdıb. Əsrlər ötüb, nəsillər dəyişib, amma məhəbbət simvoluna çevrilən adlar unudulmayıb. Duyğuların gözəlliyi, hisslərin saflığı, əzabların şirinliyi bəşər övladını özünə cəzb edib, məhəbbət uğrunda fədakarlıqlar ehtiramla anılıb. Qərb aləmində Şərqdəki Leyli-Məcnun qədər məşhur olan Romeo-Cülyetta dastanında məhəbbətə fərqli baxışla qarşılaşırıq. Şekspir dühasına məxsus “Romeo və Cülyetta”da qan düşməni olan iki tayfanın əziz-ərköyün övladları bir-birinə aşiq olandan sonra aşkarcasına, qanuni yolla qovuşmağın mümkünsüzlüyünü görəndə içində yaşadıqları mühitə qarşı üsyan edir, qarşıdakı təhlükələrə məhəl qoymadan gizlicə vüsala yetişirlər. Bu onlara həyatları bahasına başa gəlsə də, bir-birlərinə mənsub olaraq ölməyi ayrılıqdan daha məqbul sayırlar.
...Bir yanda bəkarətini qəbir evinəcən qoruyub saxlayan şərqli qızı Leyli, o biri yanda bəkarətini sevdiyinə təslim edən qərbli qızı Cülyetta. (Onların heç birini qınamaq fikrimiz yoxdur, hər ikisinin sevgisinə böyük sayğımız var.) Göz önündə isə günümüzdəki ildırımsürətli sevgilər, nikahlar və ayrılıqlar. Adlarını yüzilliklərin yaddaşına yazmış Leylinin də, Cülyettanın da nəsibi ölüm, faciə. Amma hər ikisinin nakam məhəbbətinin bəşər övladına təsiri hüdudsuzdur. Hər iki məhəbbət əfsanələşərək yüzilliklərin dizini qatlamaq qüdrətinin təntənəsini yaşayır. Di gəl ki, bu təntənədən nakam və nisgilli ölən Leyliyə, yaxud Cülyettaya bir fayda varmı? Yoxdur! Bəlkə bu həqiqəti dərk etdikləri üçün dövrümüzün gəncləri sevgiyə daha ayıq-sayıq yanaşır, ömür adlı zamanlarını qarantı olmayan duyğulara, platonik məhəbbətə xərcləmək istəmirlər? Bəlkə də. Görəsən, bugünkü sevgilərin və nikahların mayasında dayanan nədir: daha çox fizioloji və bioloji faktorlarmı, maddiyyat amilimi, mənəvi bağlılıqmı? Həyatın müvəqqətiliyinə realist yanaşmamı? Dövrün tələbinə və sürətinə uyğunlaşmaqmı? Bugünün leyli-məcnunları yoxdurmu? (Əlbəttə var: İlham və Fərizə!) Bəs, ibn salamları necə?? (Şəksiz, bu da var.)
Maraqlıdır, görəsən sevgi adlı duyğu harada yaranıb-yaşayır: ürəkdə, yoxsa beyində?? Axı, o bütün vücudu sarır... Tarixən dünya ədəbiyyatında sevginin məskəni olaraq ürək, qəlb göstərilir. O halda maraqlı bir sual meydana çıxır – təbabətin indiki inkişaf mərhələsində ürəyi dəyişdirilən şəxslərin sevgiləri də dəyişirmi?
Sevgi:
duyğular aləmində və real həyatda. Təbii ki,
duyğular aləmində var olan duyğu daha güclü olar.
Lakin məsələnin o tərəfi də var ki, platonik məhəbbət
mərtəbəsinə yüksəlmiş sevgi duyğular
içində bulunduğundan görünməz hala gəlir.
Bu halda ikiqat təsir gücünə malik olsa da. Amma
reallıq içində mövcud olan duyğu
görünür və nəzərə
çarpdığı üçün özünə yer də
tapa bilir. Yaşamaq haqqı qazanır. Əsrləri aşmaq,
əfsanələşmək imkanı olmasa da. Ömrü
daşıyıcısının ömür payı ilə məhdudlaşsa
da...
Sevginin
çətin yolu nakamlıqdan, əzablardan keçərək
sevənləri əbədi şöhrətə
qovuşdurur. Sevginin rahat yolu isə sevənləri bir-birinə
qovuşdurur.
Razılaşaq
ki, əfsanələşmək şansı nə qədər
cazibədar görünsə də, XXI əsr platonik məhəbbət
dövrü deyil!
Mənzərə SADIQOVA,
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2011.- 12 oktyabr.- S.7.