Parlament tarixində ən “musiqili” sənəd

 

RAFAEL HÜSEYNOVUN İFASINDA QANUN YARADICILIĞINA MUĞAM TÖHFƏSİ

 

İstənilən problemin qoyuluşu və açılışı, istənilən sualın cavabı və şərhi təfəkkürün miqyası, biliyin gücü və əhatə genişliyi ilə bağlıdır. Birinə sadə və bəsit görünən məsələ mahiyyətin dərinlərinə enməyi bacaran digər daha üstün düşünən şəxsin təqdimində büsbütün yeni və son dərəcə qiymətli, diqqətəlayiq çalarları ilə üzə çıxa bilir. Hətta təəccüblənirsən də ki, niyə bunu indiyə qədər görə bilməmisən. Şəxsiyyətin və ağlın qüvvəti məhz belə məqamlarda ortaya gəlir, sadə və sadə olmayan fərdlərin fərqi belə müqayisədə təzahür edir.

AMEA-nın müxbir üzvü, professor, millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, professor Rafael Hüseynovun muğam haqqında qanun layihəsi hazırladığını eşidəndə hüquqşünas dostlarımdan biri təəccübünü gizlədə bilmədi: “Axı, burada dövlətin qanun səviyyəsində “müdaxiləsinə” nə ehtiyac var?! Muğamla bağlı dərslik yazmaq olar, monoqrafiya hazırlamaq olar, müsabiqələr keçirmək olar, elmi diskussiyalar aparmaq olar və bunların hamısı bu gün mövcuddur. Yaxud Mədəniyyət Nazirliyi bir normativ hüquqi akt təsdiq edə bilər. Bunu Qanun səviyyəsinə qaldırmağa dəyərmi?” Başqa bir dostum zarafatla cavab verdi ki, yəqin “Mənsuriyyə”də zəngulənin uzunluğunu qanunla müəyyən edəcəklər və bu normanı pozanlara da inzibati tənbeh tətbiq edəcəklər.

Rafael Hüseynovu yaxından və ciddi bir alim kimi tanıdığımdan, onun həm qanun yaradıcılığı, həm musiqi tarixi və nəzəriyyəsinə yaxşı bələdliyini, eləcə də son dərəcə məşğul bir adam olduğunu bildiyimdən vaxtını, enerjisini boş yerə sərf etməsinə qətiyyən inanmağım gəlmirdi. Amma, açığı yuxarıdakı mübahisənin gedişində opponentlərimə əməlli-başlı, ciddi arqumentə söykənən bir cavab da verə bilmədim. Bu məsələnin kifayət qədər mübahisələrə səbəb olacağını irəlicədən göz önünə alaraq, normayaradıcılıq prosesindən az-çox başı çıxan bir şəxs kimi layihəni əldə edib onunla bağlı fikirlərimi bölüşmək qərarına gəldim.

Rafael Hüseynovun hazırlamış olduğu “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsini diqqətlə oxuduqdan sonra bir an içində bütün tərəddüdlərim aradan getdi. Məşğul olduğu istənilən işdə yüksək profesionallıq və orijinallıq nümayiş etdirməyi bacaran, təhlil, tədqiq və təqdim etdiyi hər bir problemi ali dövlət və millət maraqları ilə məharətlə əlaqələndirməyə qadir olan Rafael Hüseynov bu dəfə də özünə sadiq idi. Onun hazırladığı bu mühüm sənəd Azərbaycan qanun yaradıcılığında tam yeni bir yanaşma tərzinin ifadəsidir və predmeti incəliklərinə qədər bilən peşəkarın yaratdığı uğurlu modeldir ki, oxşar və yaxın məsələlər üzrə də gələcəkdə yeni qanunların meydana çıxmasına meydan açacaqdır.

Muğamın hər bir azərbaycanlının canına, qanına nə qədər hopduğunu, onun bütövlükdə hər bir kəsin musiqi duyumunun formalaşmasında oynadığı əvəzsiz rolu inkar edən çətin tapılar. Bu bizim milli dəyərimizdir. Deməli, biz muğamı qorumalı, mühafizə etməli və gələcək nəsillərə ötürməliyik. Təbii sual ortaya çıxır. Kimdən qorumalıyıq, bu, insanların qəlbindədirsə, ona necə qəsd etmək olar?!

Əlahəzrət təcrübə və tarixin acı dərsləri bu suala da cavab vermək iqtidarındadır. Nakam şairimiz Mikayıl Müşfiqin “Oxu tar” şerini və onun sözlərinə yazılmış ölməz şərqini eşitməmiş tək-tək azərbaycanlı tapmaq olar, lakin bu əsərin yaranma səbəbi, həmin dövrdə milli-mənəvi dəyərlərimizə olan yanaşma ilə nisbətən as saylı soydaşlarımız tanışdır. Ötən əsrin otuzuncu illərində ortada başqa bir pafoslu nifrin də var idi (şeir deməyə adamın dili gəlmir): “Oxuma tar, oxuma tar, istəməyir proletar, səndə çalınsın qatar”. Bu təkcə bir qafiyə-üfunət deyildi, bu rəsmi bolşevik ideologiyasının hücum əmrinin əlaməti idi. Milli, etnik yaddaşın, özünüdərk vasitələrinin, o cümlədən muğamlarımızın üzərinə total basqı göstəricisi idi. Bu tarixi yaddaş soyqırımı nisbətən uzun müddət davam etsəydi bu gün Azərbaycan muğamı artıq yalnız mili mədəniyyət tariximizin tədqiqat predmetinə çevriləcəkdi. Bu cür tarixi risklərlə rastlaşmamaq üçün, habelə hər hansı bir antimilli ideologiyanın qəsdindən qismən də olsa (qanunun qəbulu hələ işin yarısıdır) sığortalanmaq məqsədi ilə muğam qorunmalıdır, özü də ən yüksək hüquqi qüvvəyə malik olan normativ-hüquqi aktla-QANUNLA.

Muğam həm də ona görə məhz qanunla – ən yüksək hüquqi qüvvəyə malik olan sənədlə mühafizə olunmalıdır ki, sabah bu və ya digər volyuntarist mülahizələrə söykənən hər hansı bir məmurun yersiz müdaxiləsi ilə rastlaşmasın.

Qanunu digər normativ – hüquqi aktlardan fərqləndirən əsas əlamətlərdən biri budur ki, o “ümumi iradəni” əks etdirir, başqa sözlə bu akt bütün cəmiyyətin və ya xalqın iradəsini əks etdirməlidir. Düşünürəm ki, muğamlarımızla bağlı yaranan ictimai münasibətlər məhz ümumi iradəni əks etdirən akt əsasında nizama salınmalıdır. Bu ilk növbədə həmin münasibətlərin də məhz ümumi xarakter daşıması ilə və cəmiyyət üzvlərinin əksəriyyətinin istəyinə (iradəsinə) uyğun olması ilə əlaqələndirilə bilər.

Muğam sənəti haqqında qanunun zəruriliyi, fikrimizcə onun preambulasında kifayət qədər əsaslandırılmışdır: “Bu Qanun Azərbaycan muğam sənətinin ictimai əlaqələr sistemindəki yerini və hüquqi vəziyyətini müəyyənləşdirir, azərbaycanlıların mədəni irsinin tərkib hissəsi olan və tarixən ifa etdikləri Azərbaycan muğamlarının hüquqi qorunması, öyrənilməsi, tədqiqi, tədrisi, təbliği və inkişaf etdirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir”. Burada diqqət yetiriləsi əsas məqam ondan ibarətdir ki, bu gün ortaya muğamlarımızı məhz ”hüquqi” cəhətdən qorunmasını təmin edəcək bir sənəd layihəsi qoyulur. Təkrar etməyə bir daha ehtiyac duyuram: ən yüksək hüquqi qüvvəyə malik olan akt layihəsi.

Qanun layihəsinin 1-ci maddəsi “Azərbaycan muğam sənətinin başlıca göstəriciləri” adlansa da burada qanunvericilik tariximizdə ilk dəfə olaraq muğam və onunla bağlı olan bəzi termin və ifadələrin leqal anlayışları verilir. Anlayışlar sırf elmi-nəzəri xarakter daşıdığı üçün burada müəyyən mübahisəyə yer qalsa da, söyləməliyik ki, onların əksəriyyəti muğam nəzəriyyəsində uzun illər ərzində formalaşmış ənənələrə söykənir və “yuridik cild” bu sahədə tənzimləmə işinə ciddi dəstək verəcək. Burada çox dəyərli normalardan biri də 1.6 –ci maddədə öz əksini tapmışdır: “Azərbaycan xalqının şifahi ənənəli musiqi mədəniyyətinin irsi olan muğamlar, onların şöbə və guşələri sabit quruluş prinsiplərinə riayət olunmaqla ifa edilir; muğamın digər vacib cəhəti improvizə olduğundan ayrı-ayrı sənətkarlara məxsus oxu üslubları, ifa yolları, muğam boğazları, gəzişmə və nəfəslər fərdi yaradıcılıq məhsulu sayılır və həmin yaradıcının əqli mülkiyyətidir “. Bu göstərişin böyük tətbiqi əhəmiyyəti var. Muğamlarımızın inkişafı tarixi göstərir ki, həqiqətən də bir çox məşhur sənətkarlarımız muğamlarımızın ayrı-ayrı şöbə və guşələrinə öz silinməz “damğalarını” vurublar. Bunların hansı birisə onun adı ilə əbədiləşib (məsələn, “Rast” muğamının mayesində “Hüseyni” əlavəsi), bir başqasının müəllifini isə bəlkə də yalnız musiqi tədqiqatçıları bilirlər (məsələn, ”Mənsuriyyə” ritmik muğamında “Ağ segah” zənguləsi və yaxud “Çahargah” muğamının mayesində “Bali- kəbutər” instrumental gəzişməsinin müəlliflərini, yəqin ki, az adam tanıyır). Muğam elə bir dəryadır ki, bu cür tapıntılar hələ min illərlə ortaya çıxacaq. Niyə onların müəllifləri öz hüquqlarını əqli mülkiyyət sahibi kimi rəsmiləşdirməsinlər?! Qanun qəbul edilərsə bunun üçün formal maneələr aradan qaldırılmış olacaq.

Yaxud muğamın ifa edildiyi milli musiqi alətlərimizin tarixən müəyyənləşmiş standartlara uyğun istehsalı, tədrisin də məhz tarixən müəyyənləşmiş standartlardan kənara çıxmayan milli musiqi alətləri əsasında aparılması haqdakı müddəalar. Hər iki tərəfin – həm qanununun, həm muğamın tələb, istək və şərtlərini incəliklə bilməyən və duymayan müəllifin belə bir bəndi layihəyə daxil etmək ağlına gəlməzdi. Çünki Azərbaycan musiqi elmindən və musiqimizin özünəməxsus xüsusiyyətlərindən xəbərdar olanlar bilir ki, bizim tarla Orta Asiya, yaxud İran tarının müəyyən fərqləri var. Bu fərqlər isə səslənişə də, muğamın xarakterinə də öz təsirini mütləq qaydada göstərir. Bu müddəalarda ilk növbədə məhz qoruyuculuq funksiyası, muğamlarımızın, milli musiqimizin saflığının hifz edilməsi qanun vasitəsilə bir hüquqi norma olaraq təsbit edilir.

Təbiidir ki, muğam kimi kütləvi xarakter daşıyan qeyri-maddi irsin qorunması yükünü ilk növbədə həmin irsin sahibi olan xalq, toplum, ayrı-ayrı ictimai qruplar öz çiyinlərində aparmalı olub. Elə bu gün də bu işin əsas hissəsi ictimai qurum olan ulu öndər Heydər Əliyevin adını daşıyan Fond və onun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilir. Bununla belə, yenə tarixi faktların göstərdiyi kimi sənətə, sənətkarlığa və sənətkarlara qayğı həm də dövlətin (sarayın, şahın, hökmdarın) qayğı dairəsində olmuşdur. (Təbiidir ki, burada normal dövlətdən, ağıllı hökmdardan söhbət gedir.)

Azərbaycan muğamının bu gün əhatə olunduğu qayğı da ilk növbədə ölkə başçısının milli dəyərlərimizə olan münasibətinin göstəricisidir. Muğam sənətinin inkişafı yönündə atılan addımlar (“Muğam Mərkəzi”nin inşa edilməsi, muğam ifaçılarına maddi-mənəvi dəstək, fəxri adların, fərdi təqaüdlərin verilməsi, muğam müsabiqələrinin keçirilməsi bu cür addımların natamam siyahısıdır). Əslində bu cür yanaşma həm də Azərbaycan dövlətinin öz üzərinə götürdüyü beynəlxalq təhəddüdlərdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının da qoşulduğu YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın (02 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmişdir) tələblərinə görə hər bir iştirakçı dövlət öz ərazisində olan qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidir. (11-ci maddənin (a) bəndi).

Rafael Hüseynovun hazırladığı “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ən əvvəl elə bu tələbə uyğun olaraq 4 – cü maddədə həmin sahədə dövlətin təminatlarını sadalayır və buraya aşağıdakıları daxil edir:

—Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi üzrə Dövlət proqramının qəbul edilməsi və həyata keçirilməsi;

— Azərbaycan muğam irsinin toplanaraq mühafizə edilməsi, sistemləşdirilməsi, tədqiqi, nəşri, klassik və müasir seçmə ifaların kütləvi istehsalı və yayımı;

—Azərbaycan muğam sənətinin musiqi təmayüllü ümumi, orta ixtisas və ali təhsil müəssisələrində tədrisinin təmin edilməsi və bu sahədə ixtisaslı kadrların hazırlanması;

—teleradio verilişlərində və konsert proqramlarında muğamların təqdim və təbliğ edilməsi;

—Azərbaycanın müxtəlif bölgələrində istedadlı muğam ifaçılarının aşkarlanması üçün zəruri tədbirlərin həyata keçirilməsi;

—simli, yaylı və nəfəsli xalq musiqisi çalğı alətlərinin tarixən müəyyənləşdirilmiş milli standartlara müvafiq olaraq kütləvi istehsalı;

—muğam sənətinə dair elmi araşdırılmaların aparılmasına və əlaqələndirilməsi şərait yaradılması, dərslik və dərs vəsaitlərinin hazırlanaraq nəşr edilməsi;

—beynəlxalq səviyyədə Azərbaycan muğam sənətinin təqdim edilməsi və təbliği;

—Azərbaycan muğam sənətinin inkişaf etdirilməsi və milli xüsusiyyətlərinin qorunması proseslərinə nəzarəti həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında daimi fəaliyyət göstərən və yüksək peşəkarları əhatə edən Muğam Şurasının yaradılması;

—Azərbaycan muğam sənəti nümunələrinin xarici dövlətlərin ərazilərində mənimsənilməsi, təhrif edilməsi və qeyri-qanuni istifadəsinin qarşısının alınması və hüquqi qorunması məqsədi ilə beynəlxalq əməkdaşlığa şərait yaradılması;

—xarici dövlətlərin kitabxana və arxivlərində saxlanılan muğam risalələrinin kataloqlaşdırılması, onların orijinallarının, yaxud surətlərinin ölkəyə gətirilməsinə şərait yaradılması, həmin əsərlərin transliterasiya edilməsi, xarici dillərdə yazılmış olduğu halda Azərbaycan dilinə tərcümə edilməsi, bu qəbildən olan əsərlərin sistemli şəkildə tədqiqi və nəşri;

–Azərbaycanın dünya muğam ifaçılığı və muğamşünaslığının əsas mərkəzinə çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi;

—itirilmə təhlükəsi olan nadir muğam sənəti nümunələrinin müasir üsullarla bərpası.

Şübhəsiz ki, muğam kimi çoxşaxəli və zəngin bir sərvətin qorunması və inkişaf etdirilməsi ilə bağlı ictimai münasibətlər təkcə bu təqdim olunmuş sənəd əsasında mümkün deyildir. Əslində bu da muğam qanununda unudulmamışdır və qəbul olunması elə layihənin özündə nəzərdə tutulmuş Dövlət Proqramı, həmçinin müvafiq icra hakimiyyəti strukturunun təsdiq edəcəyi digər normativ hüquqi aktlar da əhəmiyyətli rol oynayacaqdır.

Bu cür Qanunun hazırlanıb qəbul edilməsi, əslində YUNESKO irəlidə xatırlatdığımı Konvensiyasının 13-cü maddəsinin bütün iştirakçı dövlətlər, o cümlədən Azərbaycan üçün məcburi olan belə bir dolayı göstərişi ilə bağlıdır ki, dövlət qeyri-maddi mədəni irsin qorunması məqsədi ilə müvafiq hüquqi, texniki, inzibati və maliyyə tədbirləri görməlidir. Sadalananların təmin edilməsi isə ən optimal şəkildə məhz müvafiq qanunun qəbul edilməsi yolu ilə mümkündür. İndiki halda təqdim olunan “Azərbaycan muğam sənətinin qorunması və inkişafı haqqında” qanun layihəsi həmin tələbə birbaşa cavabdır.

Nəhayət son olaraq qeyd etmək yerinə düşərdi ki, Azərbaycan muğamı Konvensiyanın 16-cı maddəsinə uyğun olaraq tərtib edilmiş bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmiş ilk nümunələrdən biridir. Lakin Konvensiyada “Qeyri-maddi mədəni irs”ə verilmiş anlayış (“icmalar, qruplar və bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən onların mədəni irsinin bir hissəsi kimi qəbul edilən təcrübələri, təqdimatları, ifadələri, bilik və bacarıqları, eləcə də bunlarla bağlı alətləri, əşyaları, maddi mədəniyyət abidələrini və mədəni məkanları“) və bizim zəngin mədəniyyətimiz ozan-aşıq, miniatür sənətini, Qobustanı, Novruz bayramını və digər irs nümunələrimizi də bu siyahıya daxil edilməsinə imkan verir. Rafael Hüseynovun bu sıradan olan müvafiq qanun layihələri üzərində işləməsi barədə mətbuat səhifələrində bir müddət öncə məlumatlar dərc edilmişdir. Ortada olan nümunə —“Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” uğurlu qanun layihəsi göstərir ki, uzaq olmayan gələcəkdə Rafael Hüseynovun ictimaiyyətin diqqətinə çatdıracağı digər yeni layihələr də qanun yaradıcılığımızda həllini gözləyən həmin suallara layiqli cavablara çevriləcək, bu sahədəki bir sıra “ağ ləkələ”ri yox edəcəkdir.

 

 

Simran HƏSƏNOV,

Hüquqşünas

 

525-ci qəzet.- 2011.- 11 oktyabr.- S.4.