Azərbaycan mətbuatında
terminlər necə işlədilir?
Rəvayət edirlər ki, bir çoban təsadüfən alimlərin məclisinə düşür. Alimlər planetlər, onların xüsusiyyətləri haqqında elmi müzakirələr aparırlar. Müzakirə bitdikdən sonra çoban alimlərdən soruşur ki, yaxşı, siz ulduzların, planetlərin xüsusiyyətlərini öyrənə bilərsiniz, bəs onların adlarını haradan bilirsiniz?... Həqiqətən, maraqlı sualdır. Axı bu cür adlar elə-belə yaranmır.
Dilimizin mühüm hissəsini təşkil edən terminlər öz-özünə yaranmır və dəyişmir. Yeni yaranan və dəyişən terminlərin leksikonumuza daxil olmasında mətbuatın da mühüm rolu var. Mətbuat yalnız yaşadığımız ictimai-siyasi və mədəni həyatın deyil, həm də ana dilimizin aynasıdır. Dilimizin zənginləşməsi, yeni sözlərin ümumişləklik qazanması mətbuatın inkişafı ilə bağlıdır.
Müstəqillik qazandıqdan sonra respublikamızın başqa
ölkələrlə həm iqtisadi, həm
də siyasi əlaqələrinin
genişlənməsi dilimizin
terminologiyasını yeni sözlərlə
zənginləşdirmişdir. İstər mətbuatda, istərsə
də məişətdə bu terminlərin
bir qismi işlənməkdədir.
Sponsor, parlament,
imic, lider, kompyuter sözlərini başa düşməyən
çox az
adam tapılar. Bu sözlərin dilimizin
lüğət tərkibinə
və məişətimizə
belə tez daxil olması və müntəzəm işlənmək hüququ
qazanması daha çox informasiya vasitələrinin bolluğu
ilə bağlıdır.
Müasir dövrdə termin
kimi işlənən
spiker, lobbi, ekologiya, internet, motorolla və s. sözlərin ümumişlək sözlərə
çevrilmə prosesi
gedir. Lakin bu proses elmi,
ictimai-siyasi anlayışları
əks etdirən bütün terminlərə
aid edilə bilməz.
Elə terminlər var ki, onlar uzun
müddətdən sonra
belə öz funksiyasını qoruyub saxlaya bilir. Mətbuatda işlək olan bu terminlər
ümumxalq dilinə, məişət leksikonuna
daxil ola
bilmir. Koalisiya, reputasiya, sindrom,
inteqrasiya, sfera terminləri kütləvi
informasiya vasitələrində
tez-tez işlənsə
də, termin olaraq qalır.
Müstəqillik dövründə milli termin yaradıcılığı
mənbələrindən biri
olan dilimizin daxili imkanlarından istifadə üsulu həm milli mənafe, həm də prinsip baxımdan daha sərfəlidir. Dilimizin lüğət fonduna
daxil olan terminlər çox vaxt dilimizin qayda-qanunları nəzərə
alınmadan kortəbii
surətdə qəbul
edilir.Vaxtilə ərəb-fars
və rus dillərindən alınan
terminlər haqqında
da bunu demək
olar. Müasir dövrdə mətbuatda bir sıra terminlər
paralel işlənir: bilgisayar-kompyuter, münaqişə-insident,
layihə-proyekt, vəsait-investisiya,
tərkib-kontingent, mühit-atmosfer,
himayədar-sponsor, arasıkəsilmədən-intensiv
və s. Bizim fikrimizcə, eyni anlayışları ifadə
edən bu paralellərin birincisi işlənərsə, daha
münasib olar. Çünki işlənmə məqamından asılı
olaraq birincilər bəzən həm termin, həm də ümumişlək söz vəzifəsini daşıya bilər.
Paralel terminlərin işlənməsi
mətbuat dilini artıq sözlə yükləyir və anlaşılmazlıq yaradır.
Mənası çoxları tərəfindən
anlaşılmayan terminlər
son illərin mətbuatında
fəal şəkildə
işlənməkdədir. Bu terminləri alınma kimi səciyyələndirmək
doğru olmaz. Bunlar, əsasən, tərcümə
prosesində əvəzlənmədən
dilimizə keçən
sözlərdir. Müstəqillikdən əvvəl Avropa mənşəli sözlərin
dilimizə keçməsində
rus dili əsas rola malik idi. Həmin dövrdə mətbuat səhifələrində rus
dili və onun vasitəsilə Avropa dillərindən alınan sözlərə
tez-tez rast gəlirdik. Son vaxtlar bu axının
qarşısı alınmış,
Avropa mənşəli
sözlər əvvəlki
illərdən fərqli
olaraq indi mətbuat dilinə birbaşa keçməyə
başlamışdır.
Mətbuat səhifələrində və
efirdə tez-tez işlənən reytinq,
tender, sertifikat, arbitraj,
infrastruktur, mikroklimat çox zaman hamı tərəfindən
anlaşılmır. Bizim fikrimizcə,
lüğətçiliklə məşğul olan mütəxəssislər bu
sözlərin hamısının
olmasa da, müəyyən hissəsinin
qarşılığını tapmaq üçün dilin daxili imkanlarından
istifadə etməlidirlər.
Azərbaycan dilində termin
yaradıcılığı üçün olduqca böyük imkanlar var. Terminologiya ilə məşğul olan mütəxəssislərin gəldikləri
ümumi fikir budur ki, milli
termin yaradıcılığı
ümumi ədəbi dilə əsaslanmalıdır.
Bu həm terminlərin
asan tələffüz
edilməsinə , həm də
tez-tez yadda saxlanmasına kömək
edər. Son dövrlərdə
kütləvi informasiya
vasitələrində işlənən
atəşkəs, soyqırımı,
özəl, dönəm,
anlam, çağdaş,
özəlləşdirmə kimi dilimizin daxili imkanlardan istifadə etməklə nə qədər sözlər yaranmışdır.
Son illərdə dilimizin
terminoloji qatına daxil olan axın
bəzən tənzimlənməmiş,
saf-çürük edilməmiş
terminlərin dilimizin lüğət tərkibinə,
mətbuat leksikonuna daxil olması ilə nəticələnir. İstər Avropa,
istər türk dillərindən alınan
terminlər həyatımızın
bütün sahələrini
əhatə edir.
Yeni alınan
sözlər daha çox milli mətbuatımızda, elmi-kütləvi
tirajlarda ilk dəfə
funksionallaşır. Bu baxımdan
mətbuat işçilərinin
alınmalardan daha düzgün və seçmə üsulu ilə istifadə etmək imkanı var. Kütləvi informasiya vasitələri hamı üçün aydın ola bilən,
gələcəkdə ümumişləklik
qazana bilən terminlərdən istifadə
etsələr, daha məqsədəuyğun ola
bilər. Məsələn,
ajiotaj, qeyri-legitim, koalisiya, akkreditə,
regional struktur və
s. terminlərin başa
düşülməsi çətinlik
yaradır. Son dövrlərdə mətbuatımızda
alınma və beynəlmiləl terminlərin
axını dilə daxil olan terminlərin
tənzimlənməsi, dilimizin
tələblərinə nə
səviyyədə cavab
verməsi məsələlərini
ortaya qoyur.
İstərdik ki, ziyalılarımızın,
alimlərimizin və qələm sahiblərimizin,
həmçinin bütün
ictimaiyyətin diqqət
mərkəzində olan
kütləvi informasiya
vasitələri, xüsusilə
milli mətbuatımız
kəmiyyətcə artdıqca
keyfiyyətcə azalmasın. Milli mətbuatın yaradıcısı
H.Zərdabiyə göndərdiyi
məktubda M.F.Axundzadə
yazırdı: ”Sizin qəzetin əsas məziyyətlərindən biri
də üslubun gözəlliyi, məlumatın
incə və aydın təsviri, orfoqrafiyanın, söz və terminlərin düzgünlüyü olmalıdır,
çünki qəzetiniz
başqa məqsədlərlə
yanaşı, Azərbaycan
yazısını qüsurlardan
təmizləməyə çalışmalı,
bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır”.
Mətbuat səhifələrində yazı dərc etdirən hər kəsin bir amalı olmalıdır:milli sərvətimiz
olan doğma dilimizin saflığını,
gözəlliyini, aydınlığını
qoruyub saxlamaq. Qoy bu işdə
bütün mətbuat
işçiləri öz
qüvvələrini və
mübarizliyini əsirgəməsinlər!
Xanım QASIMOVA,
filologiya elmləri üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-
2011.- 13 oktyabr.- S.6.