“Mətbuatda oxuculara tarixlə bağlı biliklər verilməsi
sahəsində çoxlu boşluqlar
var”
PROFESSOR MUSA QASIMLI: “NÜFUZLU QƏZETLƏRİMİZ
TARİXİMİZLƏ BAĞLI DOĞRU TARİXİ
BİLİK VERƏN MƏQALƏLƏRİN DAVAMLI DƏRCİNƏ
BAŞLASA, FAYDALI OLAR”
Mətbu
orqanlarda dərc edilən məqalələr heç də
günlük xarakter daşımır. Çünki qəzetlərimiz
həm də mənbə rolunu oynayır. Orada dərc edilən
yazılar gələcəkdə bu günümüzlə əlaqədar
araşdırma predmeti olacaq. Xüsusən qəzetlərimizdə
tariximizlə bağlı dərc edilən yazılar
mühüm əhəmiyyət daşıyır. Bəs
görəsən, dövri mətbuatımız tariximizlə
bağlı məsələləri nə dərəcədə
yer verir? Və gələcəkdə
araşdırmaçılar mətbuatımızdan obyektiv mənbə
kimi istifadə edə biləcəklərmi? Bütün
bunlarla bağlı tanınmış tarixçi alim, millət
vəkili Musa Qasımlının fikirlərini öyrənmişik.
Millət vəkili hazırda Azərbaycanda mətbuatın tam sərbəst, müstəqil şəkildə fəaliyyət göstərdiyini qeyd edib. O, bu məqamın tarixi araşdırma baxımından mühüm rol oynadığını bildirib. M.Qasımlı qəzetlərdə tariximizlə bağlı mövzulara yer verildiyini vurğulasa da, lakin bunun yetərli olmadığını söyləyib: “Bu gün Azərbaycanda tam sərbəst fəaliyyət göstərən mətbuatın olması heç şübhəsiz müsbət bir haldır. Mətbuat orqanlarının, xüsusən qəzetlərin bir sıra funksiyaları mövcuddur: informasiya vermək, xəbərləri yaymaq, analitik yazılar vermək, həyatın müxtəlif sahələrinə dair məqalələr dərc etmək, reklam vermək, müsahibələrə yer vermək və başqa vəzifələri bu sıradandır. Mətbuatımızda tarixmizlə bağlı məqalələrin yer ayrılmadığını söyləmək yanlış olardı. Belə məqalələr qəzetlərimizdə ara-sıra dərc edilir. Bununla belə, tariximizlə bağlı sistemli şəkildə maarifçilik işinin aparılması, oxuculara tarixi biliklərin verilməsi sahəsində çoxlu boşluqlar var. Bir zamanlar deyirdik ki, sovet sistemi olduğundan tariximizin düzgün araşdırılmasına imkan verilmir. Lakin biz bu gün müstəqil bir dövlətik. Və tarix araşdırmaları sahəsində tam sərbəstlik var, tarixçiyə araşdırmasında, fəaliyyətində heç bir basqı yoxdur. Bəs bu araşdırmalar azlığından və çoxluğundan asılı olmayaraq, mətbuatda məqalə kimi dərc olunurmu? Fikrimcə, bizim nüfuzlu qəzetlərimiz ictimai rəyə təsir edən dövri mətbuat orqanlarımız milli tariximizlə bağlı insanlarımıza doğru tarixi bilik verən məqalələrin seriya dərcinə başlasa, faydalı olar. Xüsusən Azərbaycan ərazilərinin işğalı və bölüşdürülməsi, ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi, Azərbaycanlılara qarşı soyqırım, Azərbaycan dövlətçilik tarixi, sovet sistemi altında Azərbaycanın keçdiyi yolla bağlı dərc edilən yazıların xüsusi əhəmiyyəti olar”.
Dövri mətbuatda Azərbaycanın xarici siyasəti ilə bağlı dərc olunacaq məqalələrin çox əhəmiyyətli olacağını bildirən M.Qasımılı tariximizlə bağlı mətbu orqanlarında müntəzəm olaraq məqalələr dərc etdirdiyini diqqətə çatdırıb. Millət vəkili bununla bağlı mətbuatda tariximizlə bağlı dərc olunan məqalələrin az olduğunu vurğulayıb: “Mənim tarixlə bağlı yazdığım “Böyük dövlətlərin Azərbaycan siyasəti” “525-ci qəzet”də dərc edilib. Bununla yanaşı, digər məqalələrim “525-ci qəzet”də, “Ayna” qəzetində və digər mətbu orqanlarında ara-sıra dərc edilir. Lakin hesab edirəm ki, bütün bunlar azdır. Zənnimcə bu məsələyə daha böyük diqqət yetirilməlidir. Ümumiyyətlə həftəsonu böyük həcmlə çıxan qəzetlərin bir və yaxud iki səhifəsinin azərbaycan tarixinə dair məqalələrə həsr olunmasını əhəmiyyətli hesab edirəm. Əgər qəzet rəhbərləri bu məsələyə yer ayırarsa, bu, çox faydalı olar. Qəzetlərimizin həftəsonu buraxlışlarında tariximizlə bağlı dərin, analitik yazılar dərc edilərsə bunun çox xeyiri olar”.
Professor müstəqillik dövrü tariximizin rəsmi
qəzetlərimizdə əks olunduğunu
bildirib. O, bu qəzetlərdə
həm daxili, həm də xarici
siyasət məsələlərinə dair
geniş materialların olduğunu
dilə gətirib. M.Qasımlı bütün
bunlara görə dövri
mətbuatın tarixi mənbələrdən
biri olduğunu
vurğulayıb: “Dövri mətbuatımız
tarixi mənbələrin bir
qismidir. Çünki
dövri mətbuat özündə heç də bütün
tarixi mənbələri ehtiva
etmir. Zənnimcə, uzun
illər keçdikdən sonra indiki mətbuat orqanlarımızı
araşdıran tədqiqatçılar müstəqillik dövrü tarixinin ən
mühüm məsələlərini orada görə biləcəklər. Və qəzetlərdə dərc edilən
materialları arxiv sənədləri ilə
müqayisə edəcəklər. Çünki
mənbələr özü ən
mötəbər mənbələr ikinci
dərəcəli mənbələr və mötəbərliyi
şübhə doğuran mənbələr
və digər qrupa bölünür.
Hesab edirəm ki, dövri mətbuat bu mənbələrdən
biri kimi əhəmiyyətlidir.
Və bütün mətbuatın əsas
işi indiki şəraitdə
Azərbaycanın müstəqil dövlətçiliyinin
güclənməsinə tarixi baxımdan
kömək etməkdir”.
Aqil LƏTİFOV
525-ci qəzet.- 2011.- 13 oktyabr.- S.6.