Asəf
Hacıyev: “Avrasiya İttifaqının
yaradılması təşəbbüsü daha
çox iqtisadi məqsəd
daşıyır”
Müsahibimiz Azərbaycan-Rusiya
parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili,
Asəf Hacıyevdir
–
Rusiya Federasiyasının (RF) baş naziri Vladimir Putinin Avrasiya
İttifaqının yaradılması ilə bağlı yeni
təşəbbüsü Rusiya, Belarus və
Qazaxıstanın Gömrük İttifaqına daxil olmayan
postsovet ölkələri üçün nə qədər
cəlbedicidir və bu İttifaqa daxil olmaq dövlətlərə
hansı dividendlər gətirə bilər?
–
Ümumilikdə, inteqrasiya prosesləri dünyada böyük əhəmiyyət
kəsb edir. Çünki beynəlxalq aləmdə də
ölkənin rifahının məhz inteqrasiya proseslərindən
asılı olduğunu anlamağa başlayıblar. Lakin
bununla belə, bir məsələ də sual doğurur ki,
Avrasiya İttifaqının yaradılması özündə
nəyi ehtiva edir və burada əslində hansı
inteqrasiyadan söhbət gedir? Əgər söhbət hər
bir dövlətin bu ittifaqa eyni və bərabər
hüquqlarla qəbul olunmasından gedirsə, onda heç bir
sual yaranmır. Yox, əgər bu ittifaqda dövlətlərdən
bu və ya digərinin başqa dövlətlər üzərində
hegemonluğu xarakteri daşıyacaqsa, təbii ki, ölkələr
inteqrasiyanın bu yolunu seçməyəcəklər.
Ümumilikdə isə, cənab Putinin bu təşəbbüsünü
müsbət hal hesab edirəm.
–
Müasir Rusiyanın hazırkı imkanları çərçivəsində
həqiqətən də yeni güc mərkəzi yarada biləcəyini
düşünürsünüzmü?
– Bu
baxımdan, Avrasiya İttifaqının yaradılması
ideyasının həyata keçirilməsi ilə
bağlı hadisələri iki istiqamətdə inkişaf edə
bilər. Birinci yol ondan ibarətdir ki, Rusiya güclü bir
dövlət kimi, digər ölkələri ətrafında bərabər
səviyyədə toplaya bilər, və o zaman bu ittifaq
inkişaf edə bilər və bu ittifaqda təmsil olunan hər
bir dövlət əməkdaşlığın bu səviyyəsindən
xeyir əldə edə bilər. İkinci yol isə budur ki,
Rusiya iqtisadiyyatı elə də güclü
olmadığından, bu ideyanı həyata keçirmək
iqtidarında olmayacaq. Buna misal kimi, Rusiya və Belarus dövlətlərinin
İttifaqını göstərə bilərik, bu birliyin
yaradılması ideyası hələ də kağız
üzərində qalmaqda davam edir.
–
Avrasiya İttifaqının yaradılması təklifi daha
çox siyasi, yoxsa iqtisadi məqsəd daşıyır?
–
Putinin praqmatik siyasətçi olduğunu nəzərə
alsaq, güman etmək olar ki, onun Avrasiya İttifaqının
yaradılması təşəbbüsü ilə
bağlı təklifi daha çox iqtisadi məqsəd
daşıyır. Putin praqmatikdir və o, yəqin ki, bu
İttifaq vasitəsilə, Rusiyanın iqtisadi problemlərinin
həllinə nail olmaq istəyir. Buna görə də,
ümid etmək istərdim ki, ölkələr bu yeni ittifaqa
bərabər hüquqlar və öhdəliklərlə daxil
ola biləcəklər, daha doğrusu, bu ittifaqda təmsil
olunan dövlətlərdən heç birinin mövqeyi digərinin
üzərində üstünlük təşkil etməyəcək.
–
Dövlətin Avrasiya İttifaqına daxil olması onun
Avropaya inteqrasiya olunmaqdan imtina etməsini nəzərdə
tutacaqmı?
– Məlum
olduğu kimi, Şərqi Avropa ölkələri Avropa
İttifaqına daxil olmağa can atırlar. Çünki
Avropa İttifaqına daxil olmaq bu ölkələrin milli və
iqtisadi maraqlarına cavab verir. Analoji vəziyyət də
dövlətlər tərəfindən Avrasiya
İttifaqına qəbul olunmaqla dividend əldə edilməsi
imkanının yaranması görüldüyü təqdirdə
müşahidə ediləcək. Bununla yanaşı, onu da
qeyd etmək lazımdır ki, hər bir dövlət öz
müstəqilliyini, sərbəstliyini qoruyub saxlamağa
çalışır. Buna görə də, ölkələrin
Avrasiya İttifaqına daxil olması məsələsi əsasən,
bu yeni quruma daxil olma şərtlərinin qəbul edilib-edilməməsindən
asılı olacaq.
–
Avrasiya İttifaqına daxil olmaq Azərbaycanın
maraqlarına cavab verirmi?
–
İnteqrasiyanın müxtəlif formaları mövcuddur, buna
görə də Azərbaycan Putinin təklifini yaxşıca
nəzərdən keçirməli və
araşdırmalıdır.
Məlum
olduğu kimi, Rusiya, Belarus və Qazaxıstan vahid
Gömrük İttifaqında təmsil olunublar, elə bu
özü də ölkələrin inteqrasiyasının
formalarından biri hesab edilir. Lakin bu ittifaq bugünkü
gündə Azərbaycan üçün elə də cəlbedici
deyil. Ancaq bununla yanaşı, qeyd etmək istərdim ki, Azərbaycan
öz maraqlarına qorumaq üçün MDB kimi bir qurumda təmsil
olunub.
Azərbaycan
Avrasiya İttifaqına daxil olmaqla bağlı qərarını
yalnız bu təklifin incəliklərini ətraflı şəkildə
araşdırdıqdan və öyrəndikdən sonra verə
bilər. Əlbəttə, əgər Avrasiya İttifaqına
daxil olmaq ölkəyə müsbət dividendlər gətirəcəksə,
o zaman təbii ki, Azərbaycan bu təkliflə
razılaşacaq.
– Azərbaycanın
Avrasiya İttifaqına daxil olması Qarabağ münaqişəsinin
nizamlanması ilə bağlı irəliləyişlərin əldə
edilməsinə gətirib çıxara bilərmi?
–
Qeyd etmək lazımdır ki, Azərbaycan Putinin təklifi ilə
razılaşarsa, o zaman Ermənistandan fərqli olaraq, Avrasiya
İttifaqına inkişaf etmiş iqtisadiyyatı olan dövlət
kimi daxil olacaq. Və bu halda, yəqin ki, Azərbaycanın digər
dövlətlərlə münasibətlərinin daha da
yaxşılaşdırılması Qarabağ probleminin həll
olunmasına kömək edə bilər.
VAHAB
525-ci qəzet.- 2011.- 13 oktyabr.- S.4.