Ramil Qasımov “Mən fəxr edirəm
ki, azərbaycanlıyam” adlı solo-proqramla çıxış edib
İstedadlı
vokalçı Ramil Qasımov Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü münasibəti ilə Zərdab şəhərində
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı solo-
konsert verib. Konsertlə bağlı təəssüratlarını
bölüşən Ramil Qasımov deyib: “Həsən bəy
Zərdabinin yurdu olan Zərdabda konsertim gözlədiyimdən
də yüksək səviyyədə baş tutdu. Oradakı
insanlarda gördüyüm mədəniyyət, klassik musiqiyə
olan maraq məni valeh etdi. Doğrusu tərəddüd edirdim
ki, bu insanlar qarşısında iki saatlıq klassik musiqi necə
təsir bağışlayacaq. Nəzərə alsaq ki, bu
gün daha çox estrada musiqiləri əhali arasında
yayılıb, fikirləşirdim, görəsən 3-4
mahnıdan sonra yorulmazlar ki? Gördüm, çox
yanılmışam. Həqiqətən də hər şey
mükəmməl idi. Meydanda qurulmuş böyük səhnədə
54 min əhalisi olan zərdablıların
alqışlarını eşitmək, üzlərindəki
sevinci görəndə xoşbəxt oldum. Həqiqətən
də onlar Azərbaycan klassik musiqisini dəyərləndirməyi
bacarırlar. İfam zamanı gül dəstələri
üstümə yağırdı. Fikrimcə, bundan
böyük sevinc ola bilməz”.
R.Qasımovun
sözlərinə görə, bu konsertin keçirilməsində
digər məqsədlərdən biri Azərbaycan milli klassik
musiqi əsərlərinin təbliği olub. Konsertdə Ramil
Qasımovla birgə onun tələbəsi İlkin Əhmədov,
sənətçi Oqtay Hacıyev və xüsusi rəqs qrupu
çıxış edib. İki saatlıq konsert Ramil
Qasımovun ifasında ümummilli lider Heydər Əliyevə
həsr olunmuş “Məşəl kimi yanan ürək”
mahnısı ilə yekunlaşıb.
Vokalçıya
Zərdab rayon icra hakimiyyəti tərəfindən fəxri fərman
verilib: “Bu da mənim üçün sevincli, yaddaqalan bir hadisə
oldu. Şübhəsiz ki, istər regionlarda, istərsə də
ölkə xaricində çıxışlar etmək bizim
borcumuzdur. Bu şərəfli bir işdir və bu sırada
adımın olmasından məmnunam”.
Konsert
çərçivəsində R.Qasımov Zərdab
haqqında oxuduğu mahnıya çəkilən klipi də
zərdablılara təqdim edib. Ötən gün isə Zərdabda
bu klipin təntənəli təqdimat mərasimi
keçirilib.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 14 oktyabr.- S.7.