Rəssamın fantastik dünyası

 

Rəssam Arif Mərdan doğulduğu torpağın miflərini, rəvayətlərini qəlbinə yığa-yığa böyümüşdü. Bir yanında milyon illərin mamontlarını mumiyalayıb saxlayan Qır gölünün, o biri tərəfdən gecə-gündüz alov püskürən Yanar dağın, Suraxanı atəşgahının hərləməsində boya-başa çatmışdı. Abşeronun bağrı Balaxanıda 1944-cü ildə anadan olmuşdu. Neftdən mayası tutulmuş bu torpağın enerjisini Arif Mərdan körpəlikdən canına çəkmişdi. Bir-birinə qapı qonşu, çəpər ortağı olan neçə-neçə qədim xalqların qalıqlarından xəbər verən balaxanılı balalarının söz-söhbəti, oyun-zarafatı ilə dünyaya baxışları formalaşmışdı. Odur ki, Abşeronu daim ələk-vələk eləyən küləkdə belə Zərdüşt muğlarının meditasiya üsulu olan muğamların sədasının eşidir, uşaqlıqdan hali olduğu rəvayətlərdən, xalq deyimlərindən ilişiyi qalmış şumer, yunan, prototürk inanclarının qəlpələrini tütüyə kimi sinəsinə yığırdı. 1967-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirəndə, sonralar 1973-cü ildə M.Əliyev adına İncəsənət İnstitutunu başa vuranda artıq gələcək əsərlərinin obrazları onun qəlbində kök salmışdı. Rəssamın özünün sonralar “Ruhani-fəlsəfi” yönüm adlandıracağı rəngkarlıq silsilələrinin panteist dünyaduyumu düşüncələrinə hakim kəsilmişdi. Bu dünyaduyumu açmağın, əks elətdirməyin yolunu da tapmışdı. Onun tablolarında hər şey insaniləşir. Dağın bağrı bir bölük insan, mələk, animastik mövcudluqlara parçalanır, gül kolu qənirsiz gözələ çevrilir. İlahi varlıqlar ağac budaqlarına, yarpaqlar mistik gözlərə, əzalara dönür. Sanki hər şeyin canı, qəlbi var və rəssam bu mövcudluğun ruhani aləmini, qəlbini üzə çıxarıb göstərmək istəyir (“Möcüzələr aləmi”, “Zərifə bağı” “Şah dağ” və s.).

Arif Mərdan sənətinin məşhur nümayəndələrinin obrazlarını da tablolarına daxil edir. “Van QoqQoqen”, Salvador Dali çılğın atlarla”, “Səttar dünyası”, “Fəsillər” əsərlərində olduğu kimi bir növ dünyaşöhrətli həmkarları ilə polemikaya girir, onların harmoniya anlayışlarına öz təfsirlərini verir.

Mərdanın yaradıcılığında Füzuli poeziyasına aludəçiliyi aydın seçilir. Təkcə “Leyli və Məcnun” əsərinə rəngkarlıq nəzirəsi yaratmasına, mövzu əxz etməsinə görə deyil, şairin lirikasından süzülüb gələn aram, ağır-batman ritmin tablolarına hakim kəsilməsində də rəssamın səcdəgahı bariz duyulur. Heç təsadüfi deyil ki, Arif Mərdanın yaratdığı “Məhəmməd Füzulinin portreti” indiyədək təsvir edilmiş Füzuli obrazlarından köklü-köməcli fərqlənir. A.Mərdanın Füzulisi səma altında sahibi-ixtiyar, hakimi-mütləq bir dağa bənzəyir ki, bütün yaradılışı özündə cəmləşdirir. Adətən bütün təsvirlərdə qəm dəryasına batmış, baxışları özündən aşağı zillənmiş bir mütəfəkkir kimi yaddaşlara həkk olunmuş M.Füzuli Arif Mərdanın əsərində tamamilə başqa çöhrədə zühur edir. Bu, baxışları göyə yönəlmiş, bütün varlığı ilə haqqa köklənmiş, səma saflığında məsum bir insandır. İlahi işığı özünə çəkib yer üzündəki qaranlıqlara qənim kəsilib.

Çağdaş şairlərdən Hüseyn Şahin rəssamın 4 il üstündə işlədiyi bu tablonu görəndən sonra aşağıdakı misraları yazıb.

 

İlhamın məzhəri, sözün cövhəri,

Ədəm dünyasında sağdı Füzuli.

Dürdanə eyləyən adi sözləri,

Xəzinə yataqlı, dağdı Füzuli.

 

Arif Mərdan deyir ki, fantaziyanın zənginliyi rəssamın uğuru üçün mühüm amildi. Onun özünün əsərləri buna əyani sübutdu. Gəncliyindən kökü qəlbində şaxələnmiş, müxtəlif xalqların mədəniyyətində əks edilmiş miflərin, rəvayətlərin dini görüşlərin qovuşuğu rəssamım tablolarında epik vüsətlə əks olunur. Əsərlərin kompozisiyalarını monumental pannolara çevirir. Dədəmiz Qorqudun kitabından əxz elədiyi süjetlərin təfsiri isə əsl epos möhtəşəmliyi kəsb edir. “Kitabi-Dədə Qorqudun beş boyunu təsvir edən bu kompozisiyada Qara Çoban, Təpəgöz, şərab içib əsir düşən Xanın başına gələnlər, nəhayət görklü el şənliyi və Xızır peyğəmbərin zühuru təntənəli şəkildə təsvir olunur. Rəssam Şərq ənənəsinə sadiq qalaraq peyğəmbərin sifətini detallarıyla deyil, ümumiləşmiş halda verir.

Neftlə nəfəsi gedib-gələn torpaqda əmələ-ərsəyə çatdığından, bu nadir sərvətin hər üzünə bələd olduğundan A.Mərdan “Neftmövzusunu tam fərqli şəkildə həll edir. Tablo sanki dilə gəlib car çəkir: “Neft başımıza daha nələr gətirmədi”!? Bu üzüqara “qızılın” dərdindən işğalçıların ardı-arası kəsilmir. Ekologiya bərbad hala düşür. Keçəcəyi yollar bu torpağın əhalisinin taleyini təyin edir s., i...

Xanəndə Alim Qasımov qızı Fərqanəyə həsr etdiyi qoşa qanad – “Kəpənəktablosundan qopan muğam təranələrinin rəngkarlıq yaxımları da elə bu torpağın bağrından süzülür. Neft milyonlar səltənətində yaşamağın keşməkeşindən haray çəkir.

Rəssam Arif Mərdanı qəhrəmanlıq idealları həmişə özünə cəlb etmişdi. Babək, Mənsur Həllac kimi üsyankar tarixi obrazları yaratmaqla bərabər, o, Şərqin mütəfəkkir şairləri Firdovsi, Nizami Gəncəvi, Ömər Xəyyam Cəlaləddin Ruminin əsərləri əsasında işlədiyi tablolarında da baş qəhrəmanları ön plana çəkir. Kompozisiyaların kələfini onların ətrafında çözələyir.

Bəşəriyyətin böyük müəllimləripeyğəmbərləri Musa, İsa Məsih, Məhəmməd Əleyhissəlam isə Arif Mərdanın düşüncələrini daim cəzb etdiyi kimi fırçasının da sadiq səcdəgahıdı. Müdrik adam heç yerə tələsmir anlayışı onun əsərlərindən əxz elədiyin ən ümdə ibrət dərsi olur.

Adətən kompozisiyalarının məğzini təmkinlə, aramla açan Arif MərdanXocalı faciəsi”, “İyirmi yanvarkimi əsərlərində sanki materiyanı sıxlaşdırır. Xalqın başına gələn faciənin ağrı-acısını bu yolla kətana həkk edir.

Arif Mərdanın tez-tez müraciət etdiyi janrlardan biri natürmortdu. Kompozisiyalarında rəssamın sevə-sevə vəsf etdiyi təbiət nemətlərinə heyranlığı ilk baxışdan tamaşaçıya da sirayət edir. Sanki onların təsvirini görmürsən, özünü dadırsan. Şəhdi-şəkərini hiss edib, doğma, tanış bir həzz duyursan. Natürmortların yaratdığı hissi rəssamla bölüşəndə, o, gülümsəyib təəssüratımızı təsdiqlədi. “Bacı bağının bərəkətlərindəndi dəə. Adətən kompozisiya qurmaq üçün bacımın bağından seçmə meyvələri yığıb gətirirəm. Onlar mənim üçün ilk növbədə ata-ana yurdumuzun ətri-ənbəridi” – dedi rəssam. Həqiqətən bu kompozisiyalara natrümort (ölü təbiət) deməyə adamın dili gəlmir. Rəssamın fırçası onlara o qədər qəlbinin istiliyini, doğmalıq hisslərini aşılamışdı ki, kətan işıq lövhəsinə, həyat kövsərinə çevrilmişdi.

İşıq onun əsərlərinin baş qəhrəmanıdı desək yanılmarıq. İstərNuhun gəmisi” monumental tablosu olsun, istərSarı gəlin”, yaxudYerdəkilərin göy həsrəti”, “Dənizin harayı” – hər birinin mayası işıqdan tutulub. Bəzən tabloda bu işığın mənbəyi görünmür. Amma bütün kompozisiyanın canına sirayət edən titrəyişlə tablonu əhatə edir. Suya, mağaraya belə sızılıb kətan səthini aydınlığa qərq edir.Çox vaxt isə işığın mənbəyiNuhun gəmisi”, “Yerdəkilərin göy həsrətitablolarında olduğu kimi səmadı. Səmadan yerə mərhəmət, məlhəm kimi süzülən bu ilahi işıq bütün qaranlıqları aydınlığa çıxartmağa, ən faciəli anları belə (“Nuhun gəmisi”) qalibiyyət dönəminə döndərməyə qadirdir. Çünki Arif Mərdan üçün Xaliqin qələminin yaratdığı varsa, son ucda olsa da onun nurundan pay almağa təhkimdi.

 

 

Sara Oğuz Nəzirova

 

525-ci qəzet.- 2011.- 14 oktyabr.- S.6.