İsmət
Yılmaz: “Türkiyə Dağlıq Qarabağ
münaqişəsində bütün
imkanları ilə Azərbaycanın yanındadır”
“AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN
GÜCLÜ OLMASI REGİONAL SÜLHÜN ƏN BÖYÜK TƏMİNATI
OLACAQ”
Türkiyənin milli müdafiə
naziri İsmət Yılmazın APA-ya müsahibəsi
–
Hörmətli nazir, Türkiyə-Azərbaycan hərbi
münasibətlərinin mövcud vəziyyəti və
inkişafı ilə əlaqədar fikirlərinizi bilmək
istərdik.
– Mən
öncə Azərbaycanın müstəqilliyinin 20-ci
ildönümünü təbrik edərək sözlərimə
başlamaq istəyirəm. Ötən 20 il ərzində Azərbaycanın
hər sahədə qət etdiyi böyük məsafəni
görməkdən böyük məmnunluq duyuram. Türkiyə
ilə Azərbaycan arasında uzun illərə və
qarşılıqlı etimada əsaslanan əhatəli bir hərbi
tərəfdaşlıq mövcuddur. Azərbaycanın
müstəqilliyini qazanması ilə başlayan əlaqələrimiz
qarşılıqlı təhsil, təlim və digər
proqramlarla bu günə qədər gəlib. Müdafiə sənayesində
gücümüzü birləşdirmək üçün
səylərimiz davam edir. Bu sahədə hər iki ölkənin
müvafiq qurumlarının da ortaq tələbi və iradəsi
olduğunu görürük. 1992-ci il 11 avqust və 1996-cı
il 10 iyun tarixli müqavilələrlə ölkələrimiz
arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın
təməli atılıb. Keçən il imzalanan “Strateji Tərəfdaşlıq
və Qarşılıqlı Yardım Müqaviləsi”nin isə
hərbi əlaqələrimizdə əhəmiyyətli bir
dönüş nöqtəsi olduğunu
düşünürəm. Çünki Azərbaycan
Silahlı Qüvvələrinin güclü olması regional
sülhün ən böyük təminatı olacaq. Bir
türk atalar sözü var: “Hazır ol cəngə istəsən
sülhü selah”. Cənubi Qafqazda sabitliyi təhdid edən
ünsürlərin varlığı Azərbaycanın
müstəqilliyinə və regional sülhə güclü
bir təhdid yaradır. Bu günə qədər 5 minə
yaxın azərbaycanlı Türkiyədə hərbi təhsil
alıb. Türkiyədəki hərbi məktəblərdə
hələ də çoxlu sayda azərbaycanlı hərbçilər
təhsillərinə davam etməkdədirlər. İki
ölkə arasındakı qardaşlıq əlaqələrinə
əsaslanaraq inkişaf edən bu strateji əlaqənin gələcəkdə
daha da inkişafı istiqamətindəki səylərimiz davam
edəcək.
– Bu
il Azərbaycan müstəqilliyinin 20-ci ilini qeyd edir. Ötən
20 ildə Türkiyə bütün sahələrdə,
xüsusilə də hərbi sahədə Azərbaycanın
yanında olub. Keçmişimizə baxanda hərbi əməkdaşlıq
və müdafiə sənayesi sahəsində nələrin
qazanıldığını söyləyə bilərik? Gələcəyə
baxdıqda nələri görürsünüz?
– Azərbaycanın
keçən 20 il içində hər sahədə
olduğu kimi, hərbi sahədə də böyük irəliləyişə
nail olmasından xoşbəxtlik hissi duyuram. Bu gün Azərbaycan
imkan və qabiliyyətlərini artırmış, bölgənin
ən güclü ordularından birinə malikdir. Bu vəziyyət
Azərbaycan xalqı üçün olduğu kimi, türk
xalqı üçün də qürur mənbəyidir.
Digər
tərəfdən, Azərbaycanla müdafiə sənayesi sahəsində
tərəfdaşlıq bu gün yüksələn xətt
üzrə davam edir. Bu sahədə əlaqələr
şirkətlər və dövlət təşkilatları tərəfindən
beynəlxalq müqavilələrə uyğun bir şəkildə
həyata keçirilir. Bu çərçivədə iki
ölkə arasında müdafiə sənayesi sahəsində
bir çox heyətlərin qarşılıqlı səfərləri
əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli
rol oynayıb. Yuxarıda ifadə etdiyim müqavilələrə
əlavə olaraq, 2000-ci il 20 sentyabr tarixində imzalanan
müqavilədə müdafiə sənayesində əməkdaşlığın
inkişaf etdirilməsinin hüquqi təməli müəyyənləşdirilib.
Bundan başqa, 1998-ci ildə qurulan “ASELSAN-Bakı” şirkəti
Azərbaycan ordusunun bir çox texniki ehtiyacının
qarşılanmasında mühüm rol oynayır. Lakin
müdafiə sənayesində əməkdaşlığımızın
hələ iməkləmə mərhələsində
olduğunu söyləyə bilərəm. Bu əməkdaşlığı
artırmaq lazımdır. Türkiyə müdafiə sənayesində
son illər böyük bir inkişaf prosesi gedir. Bu çərçivədə
rabitə-kommunikasiya sistemləri, zirehli vasitələr, raket və
raket sistemləri, milli gəmi və helikopter istehsalı kimi
layihələr NATO standartlarına uyğun həyata
keçirilməkdədir.
– Azərbaycana
səfəriniz çərçivəsində hansı
mövzular gündəminizdə olacaq? (müsahibə İsmət
Yılmazın dünən Bakıda keçirdiyi
görüşlərdən əvvəl
götürülüb – red.) Türkiyənin müdafiə
sahəsində əməkdaşlığın inkişaf
etdirilməsinə dair hansı yeni təklifləri var?
– Azərbaycanla
əhatəli və uzunmüddətli birgə əməkdaşlıq
arzusundayıq. Türkiyə və Azərbaycan müdafiə
sənayelərindəki irəliləyişlər şübhəsiz
əməkdaşlığımızın də
inkişafını təmin edəcək. Biz bu gün
müdafiə sənayemizdəki inkişaf
işığında gələcəyə daha fərqli
baxırıq. Azərbaycanla hər sahədə güclü əlaqələrimiz
var. Bu əlaqələri müdafiə sənayesi sahəsində
də inkişaf etdirmək ən əhəmiyyətli
planlarımızdandır.
Müzakirə
edəcəyimiz məsələlərdən biri də
bölgədə yaranmış vəziyyət və
Dağlıq Qarabağ münaqişəsi olacaq.
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda
yüz minlərlə insanın yerlərindən edilməsinə
və Azərbaycan torpaqlarının 20 faizinin
işğalına gətirib çıxarıb. Bu faktdır.
Bu problem bölgənin təhlükəsizliyi, sabitliyi və
inkişafına böyük bir maneə yaratmaqdadır.
Münaqişənin beynəlxalq hüquq normaları və
beynəlxalq təşkilatların qərarlarına uyğun
şəkildə həll olunması bölgədə
sülhü təmin edəcək. Türkiyənin əsas hədəflərindən
biri bölgədə daimi sülh və xalqlar arasında etimadın
yenidən meydana gəlməsidir. Türkiyə Dağlıq
Qarabağ probleminin dinc və sülh yolu ilə həlli səylərində
də aktiv mövqeyini davam etdirir, beynəlxalq təşkilatlarda
Azərbaycana hər cür diplomatik və siyasi dəstək
verir. Türkiyə Dağlıq Qarabağ münaqişəsində
bütün imkanları ilə Azərbaycanın
yanındadır. Prezidentimiz və baş nazirimizin müxtəlif
səfərlərində bu məsələ açıq bir
şəkildə dilə gətirilib. Yenə deyirəm,
prioritetimiz münaqişənin sülh yolu ilə
çözülməsidir. Biz Minsk Qrupunun fəaliyyətini
yaxından izləyirik. Yaxın vaxtlarda ABŞ, Fransa və
Rusiyadan ibarət olan həmsədr ölkələrin
münaqişənin həlli istiqamətində fəaliyyətləri
təkrar sürətləndirəcəklərinə ümid
edirik. Bu mərhələdə sülh prosesinin
gedişatının diqqətlə izlənilməsi və
müddətin təyin edilməsi həm Azərbaycan, həm
də Ermənistan üçün əhəmiyyətlidir.
Çünki bu münaqişəyə yalnız bu iki tərəf
son qoya bilər.
–
Müdafiə sənayesi sektorunda Türkiyənin son illər
pilotsuz uçuş aparatları, ATAK, “Milli tank”, MİLGEM kimi
bir sıra böyük layihələri reallaşdırdığını
görürük. Türkiyə müdafiə sənayesinin
Qafqaz bölgəsi və türk respublikalarına yönəlmiş
hədəfləri hansılardır?
–
Türkiyə bildiyiniz kimi dünyanın ən qeyri-sabit
bölgələrinə qonşu bir ölkədir. Türkiyə
bir tərəfdə Yaxın Şərq, digər tərəfdə
uzun illər gərginlik yaşayan Balkanlar və təbii ki,
qeyri-sabit vəziyyəti ilə bütün Avrasiya bölgəsinə
təsir edə biləcək potensiala malik Qafqaz kimi bölgələrin
mərkəzində dayanan bir ölkədir. Azərbaycanın
da çox fərqli olmadığını
görürük. Azərbaycan bu gün güclü bir
dövlət olsa da, Cənubi Qafqazdakı qeyri-sabitliyin
potensial təsirinə məruz qalmış vəziyyətdədir.
Beləliklə, münaqişə risklərinin sıx
olduğu bir mühitdə mövqe tutmuş ölkələrimizin
öz müdafiə sənayelərinə malik olmaları
böyük əhəmiyyət daşıyır. Müdafiə
sənayesi strateji bir sektordur. Müdafiə
ehtiyaclarımızı artan nisbətdə milli qaynaqlarla
qarşılamaq bizim əsas planlarımızdandır. Bu sahədə
Türkiyə olaraq bir sıra milli proyektlərə
başladıq. Ötən illər ərzində rabitə və
komanda-kontrol sistemlərimizi milli hala gətirdik.
İnsansız hava vasitələri sahəsində olduqca
yaxşı bir səviyyəyə gəldiyimizi söyləyə
bilərəm. Bu texnologiyaya marağın bütün
dünyada getdikcə artdığını
görürük. Digər tərəfdən, “Milli Gəmi”
layihəsi çərçivəsində bütün sistemləri
milli şirkətlər tərəfindən
hazırlanmış gəmilərimiz fəaliyyətə
başlayıb. ATAK helikopter layihəsində də ciddi məsafə
qət edilib. Helikopterin ilk prototipi avqust ayında test
uçuşlarına başlayıb. Təbii ki, müdafiə
sahəsində əldə etdiyimiz bu müvəffəqiyyəti,
ölkəmizin müdafiəsi ilə yanaşı, Azərbaycan
və Orta Asiyadakı qardaş respublikaların müdafiə
qabiliyyətlərinin artırılması üçün
istifadə etmək də əhəmiyyət
daşıyır. Biz bu məsələyə yalnız
kommersiya gözü ilə baxmırıq. Azərbaycan
başda olmaqla, bütün qardaş ölkələrin
müdafiə qabiliyyətlərinin inkişafı strateji
birliyimiz üçün gərəklidir.
–
2011-ci ilin əvvəlində Azərbaycan və Türkiyə
arasında “Strateji Əməkdaşlıq və
Qarşılıqlı Yardım Müqaviləsi” təsdiqləndi.
Dövlətlərarası əməkdaşlığın
yüksək səviyyəyə
çıxarılmasını nəzərdə tutan
sazişdə hərbi məsələlər, xüsusilə
də müdafiə sənayesi prioritet istiqamət təşkil
edir. Bu müqavilə çərçivəsində Azərbaycan
Türkiyənin yuxarıda sadalanan layihələrində necə
iştirak edə bilər?
–
Xatırladım ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini
elan edən Azərbaycanı həmin il noyabrın 9-da ilk
tanıyan dövlət Türkiyə olub. 1992-ci il yanvarın
14-də imzalanan protokolla diplomatik münasibətlər qurulub.
Bu tarixdən sonra iki ölkə əlaqələrinin ortaq
tarix və mədəniyyət əsasında hər sahədə
davamlı inkişaf içində olduğunu
görürük. Bu inkişaf nəticəsində əlaqələrimizin
səviyyəsi strateji tərəfdaşlıq səviyyəsinə
yetişib. “Strateji Əməkdaşlıq və
Qarşılıqlı Yardım Müqaviləsi” olduqca əhəmiyyətli
bir razılaşmadır. Müqavilə ilə Türkiyə
və Azərbaycan arasında siyasi, müdafiə, iqtisadi,
ticarət, mədəni və elmi sahələrdə əlaqələrin
gücləndirilməsi hədəflənməkdədir. Bu
gün Türkiyə Azərbaycanı regionda ən əhəmiyyətli
müttəfiqi olaraq görməkdədir. Bu müqavilənin
möhkəm təməllərə dayanan
ittifaqımızın daha da inkişaf etdirilməsində
önəmli dəyəri olduğunu düşünürəm.
Azərbaycanla müdafiə sahəsində edəcəyimiz əməkdaşlıq
müddətində ölkələrimizin tələb və
istəklərinin tam olaraq qarşılanması istiqamətində
işlərimizi davam etdirəcəyik.
–
Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi
ilə bağlı açılan tenderə Azərbaycanın
ANAMA təşkilatı da qatılıb. Bəzi məlumatlara
görə, Türkiyə Müdafiə Nazirliyinin nəzdində
Azərbaycandakına bənzər humanitar minatəmizləmə
mərkəzinin qurulması işlərinə başlanıb.
Bu layihənizlə əlaqədar məlumat vermənizi istərdik.
Minatəmizləmə sahəsində ölkələrarası
əməkdaşlığı necə
görürsünüz?
–
Türkiyə üçün bütün sərhədlərinin
minalardan təmizlənməsi əhəmiyyətli bir hədəfdir.
Bu çərçivədə Suriya ilə sərhədimizdə
minatəmizləmə işlərinə də
başlanıb. Tenderə Azərbaycan Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) də
qatılıb. Tender prosesi hələ tamamlanmayıb. Gəncə
yaxınlığındakı Saloğlu bölgəsində
NATO təşkilatları ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilmiş
minatəmizləmə fəaliyyətinə Türkiyənin
lider ölkə olaraq qatıldığını da
xatırlatmaq istərdim. Buradakı təmizləmə fəaliyyətini
həyata keçirən və başa çatdıran
ANAMA-nın müvəffəqiyyəti təqdirəlayiqdir. Bu
layihənin tamamlanması Azərbaycanın partlamamış
sursat və minaların təmizlənməsi sahəsində qət
etdiyi məsafənin göstəricisidir. Minaların təmizlənməsi
sahəsində Türkiyənin milli fəaliyyətləri də
davam etməkdədir. Digər tərəfdən, bu sahədə
beynəlxalq əməkdaşlığa da
açığıq. Hər il yüzlərlə
günahsız insanın həyatını itirməsinə və
işlənməyən əkinə yararlı ərazilərdən
ötrü ciddi bir iqtisadi itkiyə səbəb olan bu problemin
ölkəmiz və bütün dünya ölkələri
üçün önəmli olduğunu
düşünürük.
–
Ankara bölgədə Türkiyə-Azərbaycan və ya
Türkiyə-Azərbaycan-Gürcüstan hərbi birliyinin
qurulması məsələsinə necə baxır? Belə
bir birliyin yaradılması bölgədə sabitliyin təmin
olunması, eyni zamanda Azərbaycan və Gürcüstan
silahlı qüvvələrinin NATO standartlarına
inteqrasiyasında hansı rolu oynaya bilər?
– Azərbaycanla
hərbi və müdafiə sənayesi sahəsində əlaqələrimizi
inkişaf etdirmək bizim əsas hədəfimizdir. Azərbaycan
Silahlı Qüvvələrinin NATO standartlarında təhsil
alması, silah və təchizata sahib olması bir az əvvəl
də ifadə etdiyim kimi, bölgənin sabitliyi
üçün vacibdir. Biz Türkiyə olaraq Azərbaycanın
həm NATO, həm də digər Qərb təşkilatları
ilə əməkdaşlığını dəstəkləyirik.
Azərbaycanın NATO ilə Sülh Naminə Tərəfdaşlıq
çərçivəsində davam etdirdiyi fəaliyyətlərin
faydalı olduğunu, həmçinin bu əməkdaşlığın
Azərbaycanın iqtisadi və siyasi maraqları
baxımından əhəmiyyətli olduğunu
düşünürük.
525- ci qəzet.- 2011.- 14 oktyabr.-
S.5.