Fədakar soydaşımızın Azərbaycan təəssübkeşliyi

 

Ukraynada soydaşlarımız demək olar, ölkənin hər vilayətində – şəhərlərdə, qəsəbələrdə, kəndlərdə yaşayır, yerli xalqın nümayəndələri ilə qaynayıb qarışırlar. Xerson da istisnalıq təşkil etmir. Burda çoxlu sayda həmvətənimiz var. Onlardan ən adlı-sanlısı Nurəddin Yusifovdur. Nurəddin İsrafil oğlu peşəkar polis zabitidir, vaxtilə Xersonda milis orqanlarında məsul vəzifələrdə çalışıb, polkovnik rütbəsinədək yüksəlib, şəhərin milis rəisi postunda necə deyərlər, tər töküb.

Ötən əsrin 80-ci illərinin ortalarında isə tale həmyerlimizi doğma vətəninə – Azərbaycana çəkib. O, Respublika Daxili İşlər Nazirliyinin xəttiylə Bakıya dəvət olunub, az sonra Sumqayıtda Şəhər Daxili İşlər İdarəsinin milis rəisi vəzifəsində fəaliyyətə başlayıb. Nurəddin müəllim ötən illəri xatırlayarkən dedi:

–Elə bil dünən idi, ortadan xeyli müddət ötür. Mən Bakının yaxınlığında yerləşən bu böyük şəhərə nazirdən əmr alarkən irəlicədən sözümü götürmüşdüm. İşimə az müdaxilə olunsun, hər kəs yeri oldu-olmadı milisin fəaliyyətinə qarışmasın. Görünür, Ukraynadan gəlməyim müəyyən qədər təsirini göstərmişdi, rəhbərlikdən kobud surətdə işimə müdaxilələr edilmirdi. Səksənin sonlarında dünya-aləm bir-birinə dəydi, SSRİ çalxalandı, mən nazir müavini oldum. Artıq elə bir dövr idi ki, işin ləzzəti getmişdi, xalq meydanlardan, küçələrdən yığışmırdı. Buna baxmayaraq, təcrübəmdən istifadə edib adamlarla ünsiyyət qurdum, cavanları təhlükələrdən çəkindirdim...

Azərbaycanın Ukraynadakı Konqresinin Xerson vilayəti üzrə nümayəndəsi, kənd təsərrüfatı elmləri namizədi Əli Kərimov ikinci dəfə şəhərə qayıdan Nurəddin Yusifovu Azərbaycanlıların ən böyük dayağı adlandırır.”O, böyük ağsaqqaldır, hər işin yolunu-yolağasını bilir, millətini, yurdunu sevən fədaidir. İndiyəcən həmyerlilərimizin Xerson vilayətindəki problemləriylə bağlı dəfələrlə ona müraciət eləmişik. Bir dəfə bizi qapıdan peşman qaytarmayıb. Pul, maddi vəsait lazım olanda, heç vaxt əsirgəməyib. Ağıllı məsləhətləri, tövsiyələri, tapşırıqları həmişə köməyimizə yetir. Yerli hakimiyyət orqanları isə Nurəddin müəllimin bir sözünü belə yerə salmır”.

Nurəddin İsrafil oğlunun canıyla-qanıyla Azərbaycan xalqına, Vətən torpağına,onun ulu keçmişinə, şanlı tarixinə bağlılığını ikicə faktla sübut eləmək olar. Bu fədakar insan heç vaxt özünü reklam eləməyi xoşlamayıb. Ona görə gördüyü əməllərdən, xeyirxahlıqlarından məqamında xəbər tutmaq mümkün deyil. Ancaq biz təqaüdçü polkovnikin Xersonda gördüyü son iki işi yüksək dəyərləndirir, onlar barədə söz açmaq istəyir, oxucu diqqətinə çatdırmaq niyyəti güdürük.

Birincisi, Xerson şəhərinin “Botanika bağı” adlanan mərkəzi parkında Azərbaycan guşəsinin yaradılmasıdır. Burda digər xalqların – almanların, ukraynalıların, yəhudilərin, yunanların və başqa xalqların da milli rəmzlərini əks etdirəm simvollar nümayiş olunur. Ancaq Azərbaycan guşəsi öz cah-cəlalı, möhtəşəmliyi ilə seçilir. Parkın ən gözəgəlimli yerdə – mərmər postamentin üstündə kiçik Qız Qalası ucaldılmışdır. Qalanın başında üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Ehtiyatda olan zabit, polis polkovniki Mehralı Bayramov söyləyir ki, Azərbaycanın müstəqilliyinin 20 illiyi dövründə bu, dost Ukraynanın bizə bir xoş töhfəsidir. Qeyrətli soydaşımız Nurəddin Yusifovun öz şəxsi vəsaiti hesabına belə bir təşəbbüs göstərməsi başqa ölkələrdə yaşayan bütün həmyerlilərimiz üçün örnəkdir. İndi Botanika bağındakı mənzərəli guşə Azərbaycanın əl boyda hissəsidir və bütün yurddaşlarımızın and yeridir.

İkincisi, mərhum general-adyütant Hüseyn Xan Naxçıvanskiyə məxsus qol saatının alınıb saxlanılmasıdır. Məlumdur ki, üç qardaşHüseyn Xan, İsmayıl Xan və Cəmşid Naxçıvanskilər çar ordusunda xidmət etmiş, general rütbəsinədək yüksəlmişlər. Romanovların ailə dostu Hüseyn Xan böyük etibarnüfuz sahibi olmuş, cəsurluğu, mərdi-mərdanəliyi ilə seçilmişdir. Sovet hakimiyyəti qurulandan sonra ona Qızıl Orduda xidmətini davam etdirməyi məsləhət görürlər. Lakin o, “qırmızı imperiya” cəlladlarına sərt üzünü göstərmiş, “kişi bir əqidə yolu tutmalı, ona xidmət eləməlidir, buna görə təklifinizi rədd edirəm” –söyləmişdir. Bu cavaba görə məşhur sərkərdə Hüseyn Xan 1918-ci ildə yerindəcə güllələnmişdir.

Bir necə kəlmə də həmin saatonun əldə olunması barədə. Nurəddin İsrafil oğlunun söylədiklərindən: “Xersonda Zabalotniy Yakov Andreyeviç adında bir şəxs yaşayırdı. Birinci Dünya Müharibəsinin iştirakçısıydı. Onu sovet dövründən tanıyırdım. Bir gün söhbət əsnasında dedi ki, Hüseyn Xan Naxçıvanski adlı Azərbaycanlı generalın briqadasında xidmət eləmişəm, dostu olmuşam. Hətta II Nikolayın ona bağışladığı qol saatını da saxlayıram. Bu fakt həqiqətən məni təəccübləndirdi və mən onu yoxlatdırdım. Köhnə hərbiçinin dedikləri doğru çıxdı,mən o saatı istəsəm də o, bəhanə gətirdi, vermək istəmədi. Bir gün eşitdim həmin şəxs dünyasını dəyişib. Mən onun nəvəsi Nikolay Yakovleviç Zabalotnıy ilə əlaqə qurdum. Nəvə Nikolay Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşıydı. Mənim onunla məlum mövzuda söhbətim tutdu. Yakovleviç mənim kimi polkovnik rütbəsindəydi, adamı başa düşürdü. Xeyli çək-çevirdən sonra ona böyük məbləğdə pul verdimHüseyn Xan Naxçıvanskinin şəxsi yadigarını geri aldım. Allah qoysa, bu yaxınlarda Bakıya dönən kimi lazımı ünvanların birinə – Azərbaycanın Müdafiə Nazirliyinə və ya Tarix Muzeyinə bağışlayacağam”.

Göründüyü kimi danışmaq əsas deyil, görmək əsasdır. Millətin yaddaşında, xalqın hafizəsində özünü o yolda fəda edənlərin adları qalır. Ukraynada yaşayan fədakar eloğlumuz Nurəddin İsrafil oğlu Yusifov kimi....

 

 

Ağacəfər HƏSƏNLİ

 

525-ci qəzet.- 2011.- 14 oktyabr.- S.5.