Ölüm mələyi

 

Romandan parça

 

Yazıçı Mustafa Çəmənlinin “Ölüm mələyi” tarixi romanı 50 ildən artıq hakimiyyətdə olan I Şah Təhmasib Səfəvinin keçdiyi ağır, ziddiyyətli, ictimai-siyasi hadisələrlə zəngin olan həyatından, onun Osmanlı–Səfəvi müharibələrdəki tutduğu tarixi mövqeyindən, ömrünün son günlərində hakimiyyət uğrunda gedən saraydaxili mübarizələrdən, iyirmi ilə yaxın Qəhqəhə qalasında dustaq etdiyi oğlu II Şah İsmayılın hakimiyyətə gəlməsindən və onun hakimiyyəti dövründə baş verən hadisələrdən bəhs edir. Dramatik hadisələrlə, psixoloji məqamlarla zəngin olan bu romandan üç fəsli möhtərəm oxucularımıza təqdim edirik.

 

 

XVII FƏSİL

 

ÖMRÜN SON GECƏSİ

 

Ölüm gəlməmiş ölümə hazırlaş.

 

Yusif Balasaqunlu

 

994-cü siçan ilinin səfər ayının 13-ü (13 may 1576) axşamı şahın halı pisləşdi. Buna baxmayaraq o, hələ də əcəlinin yetişdiyinə inanmırdı, yaşamağa ümidliydi. Uzaqdan, çox uzaqdan qulağına səs gəlirdi və get-gedə bu səs yaxınlaşırdı, sanki dağlar da əks-səda verirdi: Pirim, mürşidim, sadağa olduğum! Pirim, mürşidim, sadağa olduğum! Şah, Allah! Şah, Allah! – deyə ordu onu qarşılayırdı. Yüz minlik bir ordunun eyni bir avaz, eyni bir ahənglə, qılıncları qalxanlara döyə-döyə hayqırdığı bu sözlərdən həqiqətən yer-göy titrəyirdi. Əstəğfürullah, ordu onu yer üzünün Allahı eləmişdi. “Şah, Allah! Şah, Allah!” deyə-deyə onu buna inandırmışdılar. Sözü təzəcə sönmüş ocaq kimi eşəndə görürdü ki, deyilənlərdə həqiqət var. Şah məmləkətin, deməli həm də ölkənin sakinlərinin Allahıydı. “Quran”da deyilir ki, Allah bağışlayandı, bəs yer üzünün Allahı necə, bağışlayandımı? Bağışlaya bilirmi ona müxalif olanları, sözünün qabağına əks söz deyənləri? Of, of... yer üzünün Allahı olmaqdan imtina etmək nə müşkül iş imiş. Mümkün olmayanları bircə sözünlə sənin üçün mümkün eləyənlərdən, bu işvəli-qəmzəli həyat səhnəsindən, bu Allahlıq iddiasından əl çək görüm, çəkə bilirsənmi? Xəlvətə, kimsənin səni görə bilməyəcəyi bir guşəyə çəkilib göydəki Allahınla başbaşa qalmağı bacararsanmı?..

Bayaqkı möhtəşəm səs bir az da yaxınlaşdı. Aha, deyəsən bu səs heç də uzaqdan gəlmir, öz içindən, yaddaşından gəlir. Hə, hə, elədir ki, var, bax, bu qışqıran onun carçısı deyilmi:

 

Heydərü Səfdərdi bizim pirimiz,

Qırxınıza taydı bizim birimiz!

 

Yüz min qızılbaş – sərkərdələr, vəkillər, vəzirlər, darğalar, yasavullar, qorçular, çərxçilər, ox-kaman alayı, topçular bölüyü bir avazla, eyni coşqunluq, eyni ahənglə təkrar edirdi:

 

Heydərü Səfdərdi bizim pirimiz,

Qırxınıza taydı bizim birimiz!

 

Bu inam, bu etiqad, bu həvəs, bu eşq idi onları qələbədən-qələbəyə aparan. İndi bu xəstə çağında bütün bunlar keçmişdə qalmışdı, yaşanmış günlərin əks-sədasıydı. Bu anlarda şah payız vaxtı ağacın budağında qalmış sonuncu yarpağa bənzəyirdi, bir meh bəs idi ki, budağından qopub düşsün. Acı-acı düşündü ki, dünənə qədər onu görəndə “Şah, Allah! Şah, Allah!” deyə bağırışanlar sabah da bu sözləri başqası üçün deyəcəklər. Hətta sənin sevdiklərin, səni sevənlər də canlarını qorumaq üçün onlara qoşulacaqlar: “Şah, Allah! Şah, Allah!”.

Bu mənzərəni təsəvvür eləmək belə ağır idi. Doğrudanmı, şah taxtdan düşəndən sonra bir əkinçi qədər də hörməti olmur?! At belində, qışın şaxtasında, yayın istisində düşmənlə, üzüdönük nanəciblərlə vuruşmalarda keçən bir ömrün sonu beləmi olur?! Nə ağrılı sonluq... Nə böyük dəhşətdi unudulmaq... Nə böyük fəlakət olar sabah haqqını dansalar, səni bir heç sansalar... Kaş ayaqyalın, başıaçıq çaylarda balıq tutduğu günlər olaydı. Balıq tutmağı çox sevərdi. Axar suda ömür sürdüyünə görə... İnsan ömrü də elə balıq kimidi, nə vaxtsa əlindən sürüşüb düşür yerə. Çabalayır, çabalayır, sonra canını tapşırır. Hə, belə-belə işlər, Şah Təhmasib, istər əkinçi ol, istər şah, çalış ölmə, öldünsə hər şey sənin üçün qurtardı. Çalış ölmə... Çalış ölmə...

Ancaq bu cür fikirləşsə də, əcəlinin çatdığını heç ağlına da gətirmirdi. Heç kəs də cəsarət edib deyə bilmirdi ki, qibleyi-aləm, vəsiyyətini elə, vəsiyyət yüngüllükdü. Yox, şahın vəsiyyət etmək heç ağlına da gəlmirdi. Amma Heydər mirzə hamıdan çox bu vəsiyyəti şahın öz dilindən, bax bu Şahnişin? evvanında, qardaş-bacılarının, anasının, analıqlarının, eşikağası İbrahim mirzənin, həkimin yanında eşitmək istəyirdi. Çünki fürsət idi, hamı burdaydı. Onu hamıdan artıq şah görmək istəyən anası, onu görməyə gözü olan və olmayan analıqları, bacıları, qardaşları, əmisi oğlu İbrahim mirzə, həkim Əbu Nəsir. Hamısının da üz-gözündən kədər yağırdı.

Sultanım bəyim göz yaşlarını yaylığının ucuyla qurulayıb əlini şahın geniş alnına qoydu, hərarəti çox idi. Şah bu təmasdan diksinən kimi oldu, göz qapaqlarını güclə qaldırıb başı üstə dayanmış Sultanım bəyimə baxdı. “Sən də qocalarmışsan, Sultanım! Görəsən, həyat niyə belə amansızdı, Sultanım? Ulu Tanrı bizə verdiklərini bir-bir geri alır, Sultanım. Kaş o günlər, gərdək dalında məni gözlədiyin o aylı gecə olaydı, Sultanım! Ürəyimdə nə qədər sənə deyiləsi xoş sözlərim var, Sultanım. Heç vaxt sənə söyləmədiyim, həmişə ürəyimdə gəzdirdiyim sözlər...”

Sultanım da ürəyində danışırdı. Deyirdi ki, əcəl nə tez qapının ağzını kəsdirdi, hökmdar?! Qəlbimin sultanı, məni yalqız qoyub hara gedirsən? Sənsiz bu məmləkətin halı necə olacaq, hökmdar?! Qəhqəhə qalasına saldırdığın tifilimizin başına nələr gələcək, görəsən? Onun üzünü bir də görmək, qolumu boynuna dolamaq mənə qismət olacaqmı?! Bu dərd məni odsuz-ocaqsız yandıracaq, hökmdar.

Ürəyinin səsini hökmdar eşitmədiyi üçün sualları cavabsız qalmış Sultanım bəyim titrək səslə soruşdu:

– İndi halın necədi, hökmdar?

– Yaxşıyam, – qəsdən belə deyirdi, əslində isə halı yaxşı deyildi. – Qorxmayın, sağalıb qalxacam ayağa.

– Allah qoysa, hökmdar. Səndə nə var ki, tezliklə sağalıb ayağa duracaqsan.

Şah köksünü ötürdü:

– Taleyimiz böyük Yaradanımızın əlindədi, o nə buyursa, o da olacaqdır. Füzuli yaxşı deyib:

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,

Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Şair doğru buyurubmu, İbrahim mirzə?

– Əlbəttə, əmi,– İbrahim mirzə əyilib şahın əlini öpdü: – Siz hər zaman Allah adamı olmusunuz, Yaradanımız sizi qoruyar, hökmdar.

– Yaxşısını Allah bilir, qaçan da Allahı çağırır, qovan da.

Araya ağır sükut çökdü. Xəstənin bu ağır halında, ölümlə çarpışdığı bir məqamda ona təsəlli vermək çox çətin idi. “Hökmdar, bilirsənmi, ömrünün son gecəsidi. Bu gecə ömrün tükənir. Özünə vəliəhd seçməmisən. Səbəbini özün yaxşı bilirsən. Səndən sonra nələr olacaq, bir Allah bilir”, – deməyə kimsə ürək eləmirdi. Daha doğrusu, şahı son nəfəsdə incitməyə qıymırdılar.

– Bu gecə sarayın keşiyini kimlər çəkir? – gözlənilmədən şah onlardan soruşdu.

Heydər mirzə dərhal cavab verdi:

– Rumlular, əfşarlar, qacarlar, bayatlar, bir də varsaq tayfalarından olan qorçular. – “Yəqin sui-qəsd olacağından ehtiyatlanır”.

– Rəisləri kimdi?

– Hərəmxana yüzbaşısı Vəli bəy Əfşar. – “Üzünü mürdəşir yusun. Alçağın biridi. Üzümə gülür, amma arxada ayağımın altını qazıyır”.

– Sabah kimin növbəsidi?

– Hüseyn bəy Yüzbaşının rəisliyi ilə ustaclı, gürcü qorçularının. “Hüseyn bəy etibarlı kişidi. Ümidim ancaq onadı... Şah görən bu sorğu-sualı nə məqsədlə eləyir? Son nəfəsində də hakimiyyəti əlindən vermək istəmir. Bircə Allah ürəyinə rəhm salaydı, vəsiyyətnamə yazaydı... “

– Özümü yaxşı hiss edirəm. Gedin dincəlin, səhərə az qalıb. Heydər mirzəylə həkim Əbu Nəsir mənim yanımda, Şahnişində qalsınlar. Birdən onlara ehtiyacım olar.

Sultanım bəyim ərini tək qoymaq istəmirdi. Pərixan bəyim isə Heydər mirzənin şahın yanında qalmağından əməlli-başlı dilxor olmuşdu. Ehtiyat edirdi ki, birdən şah vəsiyyətnamə yazıb Heydər mirzəni özünün vəliəhdi seçər. Nə desən, olardı. Hər kəs qəlbindəki niyyətinə görə şahdan ayrılmaq istəmirdi. Şah isə belə ağır çağında da onların qayğısına qalırdı. Onların əzab çəkməsinə, yuxusuz qalmalarına qıymırdı. Şahzadələrin, qızlarının nə yaşları vardı ki... Bütün atalar kimi onun da nəzərində övladları hələ uşaq idilər.

Şahın bir sözünü iki eləmək olmazdı. Hamı otaqdan çıxdı. Sultanım bəyim Əbu Nasirə yanaşdı:

– Həkim, ağlın nə kəsir?!

– Ümid ancaq Allaha qalıb, Sultanım bəyim.

Gövhər bəyim İbrahim mirzənin qolundan yapışıb hönkürdü. Pərixan bəyim yaxın gəlib bacısını qucaqladı. Şahzadələr yerlərində donub qalmışdılar.

İbrahim mirzə dedi:

– Gecdir, gəlin gedək. Bir şey olsa, Heydər mirzə bizi xəbərdar edər.

Bu sözdən sonra Heydər mirzə ilə həkim Əbu Nasirdən başqa hamı öz otağına çəkildi.

 

 

XVIII FƏSİL

 

BİR GÜNÜN ŞAHI

 

Ölüm var ki, həyat qədər dəyərli,

Həyat var ki, ölümdən də zəhərli.

Hüseyn Cavid

 

Gecə keçirdi. Kimsənin gözünə yuxu getmirdi. Gürcü qızı kənizlərdən birini Heydər mirzənin yanına göndərdi ki, ona sözü var. Heydər mirzə anasının yanına gəldi. Qadın həyəcanlıydı.

– Eşidirəm, ana.

Qadın oğlunun əlindən tutdu:

– Nəbadə saraydan kənara çıxasan. O qədər bizi istəməyənlər var ki... Atanın halı getdikcə pisləşir, axır saatlarını yaşayır.

– Allah bilən məsləhətdi.

– Bəli, oğlum, taleyimiz Tanrının əlindədi. Amma biz də ayıq olmalıyıq. Sən atanın varisisən. Atanın səndən böyük oğlanlarının biri Heratda, digəri zindandadır. Padşahımız dünyasını dəyişəndə taxt-tac sənə çatır.

– Ana, sən elə danışırsan ki... “Elə bil atam artıq ölüb”.

– “Bəli, sənin xəbərin yoxdu, oğlum, atan artıq ölüb”. Gec-tez hamımız öləcəyik. Atan son nəfəsini alıb həyatdan köçərkən vaxt itirmə, tacını başına qoy, qılıncını belinə bağla, möhür üzüyünü barmağına tax, sonra Çehelsütun eyvanına qalx, hökmdarlıq xalçası üzərinə çıxıb cülus et.

– Ana...

– Nə deyirəm, ona qulaq as. İşdi, sənin cülusuna qarşı çıxıb qiyam qaldıranlar olarsa, xəzinənin, cəbbəxananın açarları səndədi. On dörd ildi atan qorçuların məvacibini verməyib, aç xəzinəni, qorçuları, yüzbaşıları, mühafizəçiləri ələ al. Al bunu, atanın adından kənizlərdən birisinə vəsiyyətnamə yazdırmışam. Atanın barmağından möhür üzüyünü çıxaranda möhürlərsən. Bax, unutma dediklərimi.

– Sonra bu yalan ortaya çıxsa...

– Sən şah olandan sonra çox yalanlar həqiqət olacaq. Durma, tərpən. Atan dünyasını dəyişən kimi Pərixanımı otaq dustağı elə. Sənin eşikdə olan tərəfdarların gəlib çıxmayana qədər Pərixan dişarı çıxmamalıdır. Eşitdinmi? “Sən hakimiyyətə gəlsən gürcülər də ağ günə çıxar. Axı sən mənim döşümdən süd əmmisən”.

– Eşitdim, ana. “Səni mən heç belə bilməzdim. Elə bilirdim ki, mütinin, fağırın birisən”.

– Haydı, get atanın yanına. Allah sənə yar olsun.

Heydər mirzə atasının yanına tələsdi. Şahın nəfəsi artıq boğazındaydı, xırıldayırdı. Həkim mütəkkəyə söykənib yuxuya getmişdi.

Can verən adamın yanında oturub onun ölüm anını müşahidə etmək Heydər mirzə üçün çox ağır idi. Amma başqa yolu yox idi, taxt-tac sahibi olmaq istəyirsənsə, zəhmət çək döz!

Anasının yazdırdığı vəsiyyətnaməni ürəyində oxudu. Anasının diktəsi ilə yazılmış bu vəsiyyətnaməyə görə, o, Səfəvilər xanədanın vəliəhdi idi. Şahlıq sözsüz ona çatırdı.

Şamdandakı şamlar əriyib tükənmişdi. Son şölələri titrəşirdi. Artıq səhər açılırdı. Boz sərçələr ağacların budaqlarına doluşub civildəşirdilər. Hardasa axan suyun şırıltısı gəlirdi.

Heydər mirzə yaxınlaşıb Əbu Nasiri oyatdı:

– Bax gör hökmdarın vəziyyəti necədi?

Əbu Nasir xəstəyə yaxınlaşıb nəbzini tutdu:

– Son nəfəsidi... “Heydər mirzə deyəsən tələsir”.

– “Bu da şah atamın sonu”. – Durub geniş eyvana çıxdı. Şərqdə üfüq qızarmağa başlamışdı. Tala-tala ağ buludlar açıq-çəhrayı rəng alırdı. Nəhayət günəş üfüqdən boylandı.

Bir azdan hamı yuxudan oyanacaqdı. Bircə qarovul vaxtı çatsaydı, tərəfdarları saraya toplaşardı. Səhərin təmiz havasını ciyərlərinə çəkib gərnəşdi. Əlləri ilə qabarıq sinəsinə döyəcləyib xəstənin yanına qayıtdı. O içəri girəndə şah bərkdən ufuldadı: “Vay canım”.

Heydər mirzə əlini xəstənin alnına qoydu.

– Ata...

– Hava nə soyuqdu... İndicə atamı yuxuda gördüm. Məni aparmağa gəlib. Deyir, darıxıram sənin üçün. Vay canım...

Həkimlə Heydər mirzənin baxışları toqquşdu.

Şah dərindən bir ah çəkdi. Bu onun son nəfəsiydi. Hər kəsin ömrünün sonunda çəkəcəyi ah. “Necə ah eyləməyim, ah, yanıbdır ciyərim”.

Həkim tələsmədən cibindən balaca bir güzgü çıxarıb şahın dodaqlarına yaxınlaşdırdı. Sonra güzgüyə baxıb dedi:

– Allah rəhmət eləsin.

Heydər mirzə içini çəkdi. Dolmuşdu. Fəryad qoparmaq, ağlamaq istəyirdi, amma bacarmırdı. Daxilindəki bu ikilikdən baş açammadı. Şah olmaq hara, fəryad hara? Anasının verdiyi məsləhətlər yadına düşdü, tələsdi.

– Həkim, məni qınama.

– Səni nə üçün qınayıram, Heydər bəy?

Heydər mirzə cavab vermədi, əyilib atasının o uşaq olanda daim başına sığal çəkən əlini əllərinin içinə aldı, bu əl hələ də istiydi. Heydər mirzə atasının üstü tüklü əllərini dodaqlarına aparıb öpdü: “Bağışla, ata, məni bağışla, başqa yolum yoxdur”.

Möhür üzüyü ustufca şahın barmağından çıxarıb öz barmağına taxdı və ayağa qalxdı. Vəsiyyətnamayə möhür basıb şahın qılıncını belinə bağladı, tacını başına qoydu.

Həkim Əbu Nəsir dizi üstə çöküb hələ hakimiyyət xalçası üstünə çıxıb cülus eləməmiş cavan şahın ətəyindən öpdü.

– Taxtında qayım-qədim olasan, hökmdar.

– Çox sağ ol. Saraydakılara xəbər elə. Qorçular, o Vəli bəy Əfşardı, nədi, hələ onlar şahın öldüyünü bilməsinlər.

Həkim Əbu Nəsir otaqdan çıxdı və çıxdığı ilə də sarayda aləm bir-birinə dəydi. Şahın arvadları, kənizləri, sarayda olan qızları qapqara geyimdə gəlib şahın meyitini “mühasirəyə” aldılar və hönkürə-hönkürə ağlamağa başladılar. Heydər mirzənin ikiyaşlı qızının heyrətdən gözləri böyümüşdü. Bir an özünə havadar axtardı və qəflətən atasını görüb yanına qaçdı. Qadınlar başına şahlıq tacını qoymuş Heydər mirzəni bu qiyafədə ilk dəfə idi görürdülər. Heydər mirzənin anasından başqa hamı birdən içini çəkdi: “Boy....”. Göz yaşları yanaqlarda qurudu. Pərixan bəyimin qanı sifətinə vurdu və ancaq qadına yaraşan bir hərəkətlə çölə atıldı. Heydər mirzə dərhal onun ardınca çıxıb qarşısını kəsdi, heç bir söz demədən, bir göz qırpımında onu yaxınlıqdakı boş otağa salıb qapını qıfılladı.

Əlli üç il altı ay iyirmi altı gün Səfəvilər dövlətinin taxtında oturmuş I Şah Təhmasibin meyiti ortalıqda qalmışdı. Ətrafda baş verənlərdən xəbərsiz halda üzü qibləyə uzanmışdı. Üstünə ağ yelənli qara kəlağayı salınmışdı. “Şah, Allah! Şah, Allah!” sədaları daha eşidilmirdi.

Qadınların şaxsey-vaxseyi otaqdan dişarıya çıxaraq ətrafa yayılırdı. Şahın ölüm xəbərini heç olmasa bircə gün gizli saxlaya bilmədilər. Hökmdarın ölüm xəbəri qanadlanıb saraydan uçdu. Qara xəbər çatar-çatmaz tərəflər hərəkətə keçdilər. Bu işdə marağı olan hər kəs tələsirdi. Heydər mirzə tərəfdarları Hüseyn bəy Yüzbaşının, İsmayıl mirzənin heyranları isə Hüseynqulu Xüləfanın evinə toplaşdılar.

Şahzadə Heydər mirzə şahın vəsiyyətnaməsini çalmasının bir küncünə qoyub Çehelsütun eyvanına çıxdı. Ora toplaşan yüzbaşıların, qorçuların, saray xidmətçilərinin qarşısında çalmasının küncündən vəsiyyətnaməni çıxarıb təntənə ilə avazla oxudu. “Şah” vəsiyyətnamədə bütün şahzadələrin, əmirlərin, sufilərin Heydər mirzəyə itaət etmələrini əmr etmişdi. Beləcə, Heydər mirzə hökmdar xalçasının üstə çıxıb cülus etdi.

Çehelsütun eyvanına toplaşıb Heydər mirzənin hakimiyyət xalçasının üstünə çıxıb cülus etməsini seyr edənlərin içini şübhə əqrəbləri gəmirməkdə idi.

“Vəsiyyətnamə”ni özü yazdırıb, özü də möhürləyib”.

“Sən bir buna bax, atasının meyiti ortalıqda qalıb, şahlıq tacını qoyub başına”.

“Əşi, bizim üçün nə fərqi var. Cavan şahzadədi. Özü də mehriban oğlandı. Ondan ədalətli şah olar”.

“O şah olsa, gürcülər sarayda at oynadacaq!”

Heydər mirzə ilk olaraq hərəmxana yüzbaşısı Vəli bəy Əfşarı yanına çağırtdırdı. Vəli bəy şahzadənin hüzuruna gəlib baş əydi. Heydər mirzə onu sınayıcı nəzərlərlə süzüb dedi:

– Vəli bəy, səni Kirmana hakim, həm də qoçubaşı təyin edəcəm. Get sarayı mühafizə edən qorçulara söylə ki, qapıları açıb, mənim mülazimlərimi içəri buraxsınlar.

Vəli bəy Əfşar baş əyib getdi. Az sonra qayıdıb Heydər mirzəyə dedi ki, qorçular qapını açmırlar.

– Niyə? Əmr elə, getsinlər.

– Əmrimi eşitmirlər.

– Bu nə cürətdi?

– Qorçular deyirlər ki, (əslində özü deyirdi) padşahımız rəhmətə gedib, qızılbaş tayfaları da iki firqəyə bölünüblər. Biz heç bir firqəyə qoşulmuruq. Biz son nəfəsimizə qədər dövlətxananı, padşahın namusu olan hərəmxananı qoruyacağıq.

Qəzəbdən ağbəniz Heydər mirzənin sifəti bir az da ağardı. “Axı siz kimsiniz? Haranın itisiniz” demək istədi, amma bunu söyləmək indi ziyanına olacağını düşünüb sözünü dəyişdi:

– Vəli bəy, axı onlar kimdilər ki, səni eşitmirlər?

– Padşahın qorçularıdırlar, “hökmdar”, mən atanız mərhum şahın sadiq qullarına zor göstərib hökm edə bilmərəm. Biz hər iki tərəfin arasında birlik, barışıq yaranmayınca heç kimin dövlətxanaya girib-çıxmasına icazə verməyəcəyik!

Gürcü qızı pərdə arxasından oğlu ilə hərəmxana yüzbaşısı Vəli bəy Əfşarın söhbətinə qulaq asırdı. Ürəyində qardaşı Əlixan bəy Gürcünün ünvanına söyüb-söylənirdi: “Hansı cəhənnəmdə itib qalmısan, Əlixan. Sən doğulan günə daş yağaydı, bəs hanı sənin adamların?”

Heydər mirzə qarşısında yalançı itaətkarlıqla dayanmış Vəli bəy Əfşarı gizli bir ikrahla süzməkdəydi. O, bütün çılpaqlığı ilə başa düşdü ki, bütün bu söhbətlərin arxasında çox məkrli bir oyun gizlənib. Fikirləşdi ki, sarayda qalmaqla – şahın tacını tez-tələsik başına qoyub, qılıncını belinə bağlasa da, əmri eşidilməyən köməksiz, arxasız adicə bir Allah bəndəsinə çevrilib. Əslində özü də bilmədən – işin sonunu düşünmədən saray adlı “qəfəsə” girmişdi. Başa düşdü ki, yalnız başa tac, belə qılınc bağlamaqla hakimiyyətə sahib olmaq olmaz, necə ki, olmamışdı. Vəli bəy Əfşarla söhbətdən anladı ki, hökmü keçmir... Tərəfdarlarından da bir xəbər yoxdu. Onların bayırda nə iş gördüklərindən, nə kimi tədbir tökdüklərindən tam xəbərsiz idi. Ona görə də qəfəsə salınmış şir kimi çırpınırdı. Sonuncu dəfə qarşısında durmuş Vəli bəy Əfşara əmr etdi:

– Gedin qorçulara deyin qapıları açsınlar!

– Hökmdar, qapılar açılmayacaq!

Heydər mirzə qılıncını siyirdi! Vəli by Əfşar bu an siyrilmiş qılıncın bir zərbəsi ilə başının tağından qopub şahzadənin ayaqları altına necə dığırlandığını “gördü”. Çünki ömrü boyu şahı eşitməyənin kəlləsini qopar mışdılar. Amma belə olmadı, Heydər mirzə qılıncını öz qarnına soxmaq istədi.

– Bir halda ki, sözüm keçmir, ölsəm yaxşıdı!

– Dayan! – Anası pərdə arxasından çıxıb oğlunun ayaqlarını qucaqladı. – Özünə qıyma, oğlum, səbr elə.

– Şərəfsiz yaşamaqdansa, ölmək yaxşıdı.

– Sən heç bir şərəfsiz iş tutmamısan, Heydər. Amma heyif ki, şərəfsizlərin əhatəsindəsən.

Bu sözləri eşidən Vəli bəy Əfşar onları tərk edib qorçuların yanına getdi.

 

lll

 

Heydər mirzənin tərəfdarları arasında da təlaş yaşanırdı. Hüseyn bəy Yüzbaşı hamıdan çox narahat idi. O, üzünü şahzadə Mustafa mirzəyə (Şah sağalandan bir müddət sonra onu Mustafa mirzənin lələsi seçmişdi), Məsum bəy Səfəvinin oğlu Sədrəddin xana, Heydər mirzənin dayısı Əlixan bəy Gürcüyə, Allahqulu sultan Aycəkoğluna, eşikağası, şahın kürəkəni İbrahim mirzəyə, Seyid bəy Kəmunəyə tutub dedi:

– Biz tələsməliyik.

Sədrəddin xan qapqara saqqalına sığal çəkib:

– Hüseyn bəy, məsəldi, deyərlər, tələsən təndirə düşər. Gəlin səbr eləyək. Bu gecə keşik növbəsi ustaclılarındır. Axşamı gözləyək.

Allahqulu sultan Aycəkoğlu:

– Axşamı gözləmək olmaz! Bir də ki, bizim yaraq qurşayaraq şahın dövlətxanası üzərinə getməyimiz sufilikdən, mərhum padşahımıza sədaqətdən uzaqdı.

İbrahim mirzə soruşdu:

– Bəs təklifin nədi?

– Təklifim budur ki, nə qədər ki, Hüseynqulu Xüləfanın bütün tərəfdarları başına toplaşmayıb onun üstünə gedək. Onun ətrafında olanları oradan perik salaq. Biz onları yerlərində oturtsaq dövlətxananın qapıları üzümüzə açılacaq.

Yoldaşları Aycəkoğlunun bu təklifi ilə razılaşmadılar. Aycəkoğlunun dediyi kimi olsaydı... Şeytana papış tikən, ağıllı, hiyləgər Hüseynqulu Xüləfanın də ən çox qorxduğu, ehtiyat elədiyi elə bu qəfil “hücum” məsələsiydi. Elə bil Aycəkoğlunun, ondan çox-çox uzaq məsafədə yaşayan Hüseyn bəy Yüzbaşının evində indicə söylədiklərini özcə kasası tüklü qulaqlarıyla eşitmişdi. Ovunun üstünə atılmağa hazır olan pələng kimi yerindən sıçradı. O, Heydər mirzə tərəfdarları yekun bir qərara gəlməmiş Hüseyn bəy Yüzbaşının evinə elçi göndərdi. Elçi söylədi ki, Hüseynqulu Xüləfa belə məsləhət bilir ki, ikitirəlikdən əl çəkək, əvvəlcə əynimizə qəm libasını geyinək, şahımızın mübarək cəsədini yuyub kəfənə tutaq, hökmdarın yas mərasimini verək, sonra oturaq məsləhətləşək. Gəlin bu işə dinimizin və səltənətimizin mənafeyindən yanaşaq. Dinin və dövlətin mühafizəsini bu iki şahzadədən – Heydər mirzə ilə İsmayıl mirzədən hansı yaxşı qoruyarsa, hansı layiqdirsə onu da özümüzə şah seçərik.

Elçini Hüseynqulu Xüləfanın yanına bir “torba” həqarət dolu sözlərlə yola saldılar. Hüseynqulu Xüləfa təklifinin qəbul edilməyəcəyini əvvəlcədən bilirdi. Sadəcə bu cür tədbirlərlə vaxt qazanmaq istəyirdi. O, elçisini təlimatlandırıb Hüseyn bəy Yüzbaşının evinə göndərəndə, onun tapşırığı ilə başqa bir atlı da qan-tər içində özünü şəhərə çatdırıb gur səslə deyirdi:

– Ay camaat, gözünüz aydın olsun, İsmayıl mirzə Qəhqəhə qalasından çıxıb, yəqin axşam paytaxta çatacaq.

Bu xəbərdən sonra böyük bir kütlə Hüseynqulu Xüləfanın evinə doğru axışdı. Bir saatdan sonra onun evinin qarşısında böyük bir qələbəlik vardı.

 

(Ardı gələn şənbə sayımızda)

 

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2011.- 15 oktyabr.- S.28-29.